Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında artıq 6 tur geridə qalıb. Festivalda iştirak edən zəka sahiblərinin fikirlərini öyrəndik.
Qulami Mehdi Orimi – İran: – İlk dəfədir ki, Naxçıvanda keçirilən beynəlxalq turnirdə iştirak edirəm. Digər yarışlarda iranlı şahmatçılar mübarizə aparıb və bu barədə onlardan məlumat almışam. Təşkilatçılıq baxımından bizim rahatlığımız üçün hər cür şərait yaradılıb.
Naxçıvana atamla gəlmişəm. Bura mənə çox doğma gəldi. İnsanların bizə qarşı rəftarı, münasibəti, qonaqpərvərliyi sevindiricidir. Hələ şəhərin gözəlliyi bir başqadır, axşamlar sakit və təmiz şəhərdə gəzmək çox xoşdur. Boş vaxtlarımda atamla şəhəri gəzirik. Ötən günlərdə universitetlərdə olduq, tələbələrlə söhbət etdik. Ora getməyimizin səbəbi isə təhsillə maraqlanmağımızdır. Çünki mənim bacım hazırda İranda tibb üzrə təhsil alır və atam istəyir ki, rezidentura təhsilini burada alsın.

Mithil Aygaonkar – hindistanlı FİDE ustası: – Naxçıvanda keçirilən turnirə Hindistanın Munbay şəhərindən qatılıram. Turnir çox yüksək səviyyədə təşkil olunub. Mənimlə yanaşı, daha 3 hindistanlı şahmatçı beynəlxalq festivalda iştirak edir. Əsas hədəfim reytinq xalımı düzəltmək və mükafatçılar sırasında yer almaqdır. Hazırda keçirilən 6 turdan sonra 1,5 xal toplamışam. Qarşıda hələ 3 oyunum var və maksimum nəticə qazanmağa çalışacağam.
Şəhərinizin gözəl və təmiz olması bizi heyrətləndirdi. Təşkilatçılara bizə göstərdiyi dəstəyə, köməyə görə minnətdaram.
Esat Bağlan – türkiyəli FİDE ustası: – Naxçıvanda ilk dəfədir, oluram. Burada keçirilən festival Azərbaycanın ən böyük iki turnirindən biridir. Dünyanın bir çox zəka sahibləri burada mübarizə aparır. Artıq 6 tur geridə qalıb və aktivimdə 2,5 xal var. Hələ turnirin başa çatmasına 3 tur qalır və daha çox xal qazanacağıma inanıram. Bəzi görüşlər oldu ki, qələbə qazana bilərdim, lakin kiçik səhvlər etdim və nəticəsi ağır oldu. Naxçıvana gəlincə, bura çox sakit və təmiz şəhərdir. İnsanların bizə münasibəti isə tam fərqlidir. Düşünürəm ki, bu, bizim bir millət iki dövlət olmağımızdan irəli gəlir.
Xəyalə Abdulla – azərbaycanlı qrossmeyster: – “Naxçıvan-2019” Azərbaycanda keçirilən ənənəvi iki turnirdən biridir. Şadam ki, bu festival öz gücünü qoruyub saxlayır və ildən-ilə daha da güclənir. Digər tərəfdən, ilk dəfə burada iştirak edərkən cəmi iki naxçıvanlı şahmatçı mübarizə aparırdı. İndi isə artıq burada qrossmeyster, beynəlxalq usta, FİDE ustası var. Eyni zamanda festival çərçivəsində blits-turnirin keçirilməsi biz şahmatçılar üçün xoş oldu, çünki istirahət etdik. Turnirin hələ yarısında olmasına baxmayaraq, artıq şahmatçılarda yorğunluq var, bu da festivalın nə qədər gərgin mübarizə şəraitində keçdiyinin göstəricisidir. Lakin Naxçıvanın öz sakitliyi, təbiəti bizə imkan verir ki, bu yorğunluğu üzərimizdən ataq. Gərgin keçən turnirdə kimin qalib gələcəyini indidən demək çətindir, ancaq layiq olan qələbə qazansın.

Ceyhun MƏMMƏDOV