24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəl­xalq Şahmat Festivalında artıq 3 tur geridə qalıb. Festivalda iştirak edən zəka sahiblərinin fikir­lərini öyrəndik.
Timur Qarayev – ABŞ-lı qrossmeyster: – Bu, mənim Naxçıvana ilk səfərimdir. Açığı, turnir barədə məlumatlı idim, sadəcə, bəzi məsələlərə görə indiyə kimi iştirak etməmişəm. Ümumiyyətlə, Azərbaycan mənə çox doğmadır, burada mənim dostlarım yaşayır. Amerikada yaşamağıma baxmayaraq, Özbəkistanda doğulub böyümüşəm və şahmatı da məhz orada öyrənmişəm. İlk dəfə olaraq babam mənə 6 yaşımda şahmatın sirlərini öyrətməyə başladı. Atam isə təfəkkür və oyun vərdişinin sevinci, hansı mövqedə necə oynamağı öyrətdi. Deyə bilərəm ki, mənim ilk müəllimlərim onlardır. Atamın və babamın mənə öyrətdiyi ən vacib şey oyunu necə sevməyimdir. Böyüdükcə şahmatın sirli, gözəl bir mühitinə sahib oldum. Şahmat mənim üçün bir zövqdür, burada mən bütün problemlərə meydan oxuyuram.
Beynəlxalq Şahmat Festivalına gəlincə, təşkilatçılıq baxımından yalnız bir söz deyə bilərəm – möhtəşəmdir. Burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq mənim üçün qürurvericidir. Naxçıvan şəhəri isə öz gözəlliyi və sakitliyi ilə məni valeh etdi. Eyni zamanda mədəniyyətlərimiz bir-birinə çox oxşayır. Deyə bilərəm ki, insanların isti münasibəti, qonaqpərvərliyi və davranışını gördükcə, özümü ölkəmdə hiss edirəm. Digər tərəfdən, hər hansı bir ölkənin dilini öyrənməyi çox sevirəm. Son bir neçə il ərzində bütün səyahətlərimdə həmişə yerli əhali ilə danışmaq üçün səy göstərirəm. Elə Naxçıvanda da bunu edirəm. İnanıram ki, uğurlu başladığım festivalı elə uğurlu nəticə ilə də başa vuracağam.
Türkan Məmmədyarova – azərbaycanlı qrossmeyster: – Naxçıvan mənim üçün doğma bir diyardır. Artıq 9-cu dəfədir ki, Beynəl­xalq Şahmat Festivalında çıxış edirəm. İlk dəfə 2011-ci ildə keçirilən festivalda qadınlar arasında qalib adını qazanmışam. Turnirdə iştirak edənlərin sayı hər il artdıqca, rəqabət də yüksək olur. Cari turnirə heç də yaxşı başlamamışam. Buna baxmayaraq, sonadək mübarizə aparacağam. Bura hər dəfə gəldikdə özümü daha rahat hiss edirəm. Çünki Naxçıvanda insanların səmimiliyini, şəhərin gözəl, təmiz və sakit olmasını sevirəm. Təşkilatçılığa gəlincə, hər şey mükəmməl hazırlanıb və şahmatçıların rahatlığı üçün hər bir şərait yaradılıb. Fürsətdən istifadə edib təşkilatçılara minnətdarlığımı bildirirəm.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3188
5670
14359
133196
4301838

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter