Bakıda görkəmli fırça ustası İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçiriləcəyini eşitdiyimdə, sözün düzü, həyəcanlandım. Bu günlərdə qiyabi təhsilimlə əlaqədar paytaxt şəhərimizdə olduğum üçün bu konfransda iştirak etməyi özümə borc bildim. Naxçıvandan kənarda diyarımıza məxsus hər hansısa bir xoşagəlim hadisə insanın qəlbini fərəh və qürur hissi ilə bürüyür. Naxçıvan rəssamlıq məktəbini ölkə hüdudlarından kənarda tanıdan İbrahim Səfi də bizə fəxarət hissləri bəxş edən görkəmli şəxsiyyətlərimizdən biridir. Odur ki, 120 illik yubileyi qeyd olunan görkəmli fırça ustasının zəngin irsinin təbliği məqsədi daşıyan bu konfransda iştirak etmək üçün paytaxtdakı Atatürk Mərkəzinə üz tutdum. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Oxu Akademiyası və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransda ölkəmizin tanınmış elm və incəsənət nümayəndələri iştirak edirdi.

Konfrans iştirakçıları ilə birlikdə görkəmli rəssamın əsərlərindən ibarət sərgiyə baxdıq. 15-dən çox əsərin nümayiş etdirildiyi sərgidə məxsusi bir gözəllik aurası var idi. Bu əsərlərə baxdıqca düşünürsən ki, həyatın, təbiətin, insanların gözəlliyini tərənnüm edən rəssam qarşısına qoyduğu məqsədə nail olmaq üçün sənətinin ən təsirli ifadə vasitələrindən istifadə edib. Eyni zamanda fransız impressionistlərinin mütərəqqi cəhətlərinə də biganə qalmayıb. “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir, mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram”, – deyən rəssamın, həqiqətən, bunu ustalıqla bacardığının şahidi olursan. Yaratdığı əsərlərin ruhu, rəng koloriti, dinamizmi tamaşaçıya təsirsiz ötüşmür. Bəlkə də, buna görədir ki, sənətşünas ­Süleyman Arisoyun da yazdığı kimi: “İbrahim Səfinin əsərlərini seyr edənlər lirik və ya romantik hisslərə qapılır, həyəcan keçirirlər...”. Və bütün bu nümayiş etdirilən əsərlərə baxdıqca, tədbirdə də səsləndirilən “Bu gün Türkiyənin ən görkəmli şəxsiyyətlərində və kolleksiyonerlərində İbrahim Səfinin əsərinin olması prestij sayılmaqdadır” fikrinin bir daha əbəs yerə deyilmədiyinin şahidi oluram.

Sərgidə bir daha əmin oldum ki, həqiqətən, İbrahim Səfi özündən sonraya zəngin və dəyərli bir irs qoyub gedib. Bu irsin təəssüratları da zəngin oldu. Elə bunun nəticəsidir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İbrahim Səfinin yaradıcılığının Azərbaycan ictimaiyyətinə təqdim edilməsini təqdirəlayiq addım kimi qiymətləndirdi.
Akademiklə söhbətimiz zamanı qeyd etdi ki, qədim Naxçıvan hər zaman özünün ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə sayılıb-seçilib. Mədəniyyətdən incəsənətə, ədəbiyyatdan tarixə, təbabətdən hərb elminədək öz sözünü demiş həmyerlilərimiz təkcə ölkəmizdə deyil, onun hüdudlarından da çox-çox uzaqlarda tanınıblar. Anadan olmasının 120 illik yubileyi geniş şəkildə qeyd olunan görkəmli rəssam İbrahim Səfi də məhz yaradıcılığı ilə bütün Türk dünyasını fəth edən, yaratdığı əsərlərlə təkcə Türkiyədə deyil, Avropanın bir çox ölkələrində sənətinə böyük maraq oyadan incəsənət ustadlarımızdandır.
Qəlbində hər zaman Vətən sevgisini daşıyan, bu sevgini məhəbbətlə sənət əsərinə çevirən böyük ustadın həyat və yaradıcılığına yenidən işıq salan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfi­yevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 ok­tyabr tarixli Sərəncamı isə, sözün həqiqi mənasında, bu böyük şəxsiyyətin sənət dünyasına verilən ən böyük dəyərdir. Sərəncamın icrası istiqamətində bu günədək müxtəlif tədbirlər keçirilib, rəssamın əsərlərindən ibarət sərgisi təşkil olunub. Növbəti belə tədbir də böyük fəxarət hissi ilə qatıldığımız bugünkü konfrans və sərgi oldu.
İsa Həbibbəyli tədbirin Atatürk Mərkəzində keçirilməsinin də təsadüfi olmadığını vurğuladı. Çünki İbrahim Səfi həyatının böyük bir hissəsini Türkiyədə yaşayıb-yaradıb. Elə sərgidə ən çox diqqətimizi çəkən Atatürkün portretini yada salmaq yerinə düşər. İbrahim Səfi Atatürkün portretini naturadan işləyən ilk rəssam olub. Bu mənada, Atatürk Mərkəzində keçirilən tədbir həm də rəmzi xarakter daşıyır.
Akademik İsa Həbibbəyli İbrahim Səfinin Türkiyədə təsviri sənəti Avropa rəssamlığı səviyyəsinə qaldıran görkəmli rəssam kimi xidmətlərini yüksək qiymətləndirdi və onu türk rəssamlıq sənətində ­impressionizm cərəyanının əsas yaradıcılarından biri adlandırdı. Akademik həm də İbrahim Səfinin Naxçıvanda – Şərurda köklü nəsillərdən birinin nümayəndəsi olduğunu bildirdi. Məlum oldu ki, Şərurda yaşayıb fəaliyyət göstərmiş Səfibəyovlardan Sovet hakimiyyətinə qədər Cəlil bəy Səfiyev Moskva Universitetinin Hüquq, Hüseynqulu bəy Səfiyev Tibb fakültələrini bitirmişlər. Tağı bəy Səfiyev isə Cəlilkənd məktəbində Cəlil Məmmədquluzadənin şagirdi olmuş, İrəvan Müəllimlər Seminariyasını bitirərək Nehrəm kəndində Mirzə Cəlillə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla söhbətimiz zamanı doğma Naxçıvanımızla və onun tarix boyunca yetirdiyi görkəmli şəxsiyyətləri ilə bir daha öyündüm. Akademik xüsusi olaraq bildirdi ki, Naxçıvan hər zaman böyük şəxsiyyətləri ilə tanınıb. İbrahim Səfi isə həm Azərbaycan, həm də Türkiyə üçün böyük sənətkar­lardandır. Onun yüzlərlə əsəri bu gün də Türkiyədə və digər Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. Nizami Cəfərov onu da qeyd etdi ki, Atatürkün dünyanın tanınmış rəssamları tərəfindən çəkilmiş çoxlu rəsmləri var, ancaq İbrahim Səfinin çəkdiyi əsər bizim üçün doğmadır. Hesab edirəm ki, biz İbrahim Səfi kimi sənətin zirvəsini fəth etmiş bir şəxsiyyəti ictimaiyyətə daha yaxından tanıtmalıyıq.
İndiyədək bir çox sənətkarların yaradıcılığını tədqiq edən sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin fikirləri də çox maraqlıdır. Çünki sənəti və sənətkarı sənətşünasın fikirlərindən öyrənmək onun yaradıcılığına daha dərin bələd olmaq üçün bir fürsət idi. Bu fürsəti əldən verməmək üçün sənətşünas-alimə yaxınlaşıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdim. O, söhbətə belə başladı: – İbrahim Səfi taleyin amansız hökmü ilə Vətəndən uzaqda ömür sürməyə məcbur olmuş məşhur rəssamlarımızdandır. Müstəqillik illərində mətbuatda bu rəssam haqqında bəzi yazılar çap edilsə də, geniş ictimaiyyət onun varlığından xəbərsiz olub. Sevindirici haldır ki, bu gün İbrahim Səfiyev haqqında tədqiqatlar aparılır, 120 illik yubileyi geniş şəkildə qeyd olunur. Yeri gəlmişkən bugünkü tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəssamın əsərlərindən ibarət sərginin keçirilməsi də görkəmli sənətkarın özünəməxsus irsinin təqdimatı və təbliği baxımından olduqca təqdirəlayiqdir.
Sənətşünas bildirdi ki, İbrahim Səfinin irsi çox zəngindir. O, rəngkar­lığın ən müxtəlif janrlarında əsərlər işləyib. Azərbaycan, rus və dünya boyakarlığının bədii ənənələrinə yaxından bələd olduğunu rəssamın əsərlərindən də aydın duymaq mümkündür. Çəkdiyi tablo­larda təbiətdəki gözəllik qaynaqlarını üzə çıxarmaq, görünənləri incə bədii tutumda təqdim etmək istəyi qabarıq duyulmaqdadır. Bununla bərabər, rəssamın portret janrında işlədiyi əsərlərdə insan psixologiyasına dərindən bələdliyi də hiss olunur. Unudulmaz rəssamla bağlı çox şey demək olar. Ancaq onu qeyd etmək istərdim ki, İbrahim Səfi, həqiqətən, böyük sənətkardır və onun yaradıcılığı ilə bağlı elmi konfransın keçirilməsi də ­ölkəmiz üçün məxsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, İbrahim Səfi irsinin tədqiqatçısı Ülviyyə Həmzəyeva bizimlə söhbətində bu gün ölkəmizdə milli mədəniyyətimizə, incəsənətimizə böyük qayğı göstərilməsinə diqqət çəkdi. Ali Məclis Sədrinin məlum sərəncamını İbrahim Səfi yaradıcılığına göstərilən ən böyük dəyər kimi qiymətləndirən müsahibimiz dedi ki, türk rəssamlığına yeni bir meyil gətirən, sənətdə öz prinsipləri, mükəmməl işləmə tərzi olan rəssamın yaradıcı­lığı çoxşaxəlidir. Bundan irəli gəlir ki, İbrahim Səfinin 10 mindən artıq əsəri var və Türkiyədə ən çox əsəri olan və satılan rəssam kimi tanınır. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən rəssamın əsərlərinin 53 reproduksiyasının Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunmasını diqqətə çatdıran Ülviyyə xanım sərəncamın icrası istiqamətində görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin himayəsi və qayğısı ilə bu yaxınlarda albom-kataloqun nəşr olunacağı xəbərini də verdi.
Konfransda İbrahim Səfi irsi haqqında maraqlı çıxışı ilə diqqətimi cəlb edən Xalq rəssamı Ağəli İbrahimovun fikirlərini də öyrəndim. O, İbrahim Səfinin rəssamlıqda öz dəst-xəttini yaratmış ustadlarımızdan olduğunu bildirərək dedi ki, bu gün keçirilən elmi konfransda onun yaradıcılığı haqqında çox yüksək fikir­lər söylənildi. Mən isə əlavə olaraq onu qeyd edim ki, İbrahim Səfinin yaradıcılığı çox geniş və məzmunludur. O, dünya rəssamlığında özünü təsdiq etmiş bir şəxsiyyətdir. Bizim üzərimizə düşən vəzifə ondan ibarətdir ki, İbrahim Səfinin yaradıcılığını daha dərindən öyrənək, onu gənc nəslə, xüsusilə gənc rəssamlarımıza yaxından tanıdaq.
Yeri gəlmişkən bir məqamı da nəzərə çatdırım ki, tədbirdə çıxış edən Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov İbrahim Səfi haqqında sənədli film çəkəcəkləri ilə bağlı məlumat verdi. İbrahim Səfinin ailəsi adından tədbirdə iştirak edən qardaşı nəvəsi Elşad Səfiyev isə fikirlərini belə ifadə etdi: – Hər şeydən əvvəl bildirmək istəyirəm ki, İbrahim Səfiyevlə bağlı belə bir əhatəli elmi-praktik konfransın keçirilməsi bizim üçün qürurverici hadisədir. Bildiyiniz kimi, babamın qardaşı İbrahim Səfiyevin həyatı, demək olar ki, Türkiyə ilə bağlı olub. O, burada təhsil alıb, işləyib, fəaliyyət göstərib. Zəngin yaradıcılığına göstərilən böyük marağın nəticəsidir ki, Türkiyədə əsərləri geniş tamaşaçı auditoriyası qazanıb, çoxsaylı fərdi sərgiləri təşkil olunub. Ancaq bütün bunlara baxmayaraq, hər zaman qəlbi Vətən eşqi ilə döyünüb, doğulduğu Naxçıvan torpağının xiffətini çəkib. Şükürlər olsun ki, bu gün ölkəmiz öz müstəqilliyini bərpa edib, Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərən tanınmış insanlarla bağlı tədqiqatlar aparmaq, onlar haqqında məlumatlar almaq imkanları əlçatan olub. Mən Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbova da ailəmiz adından dərin minnətdarlığımı bildirirəm ki, görkəmli rəssamın 120 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu onu göstərir ki, Vətən üçün çalışanlar, yaşadığı ölkəni təbliğ edənlər heç zaman unudulmurlar. Əlavə olaraq Atatürk Mərkəzində keçirilən tədbirin təşkilatçılarına da minnətdarlığımı bildirirəm.
Bir sözlə, Azərbaycan Atatürk Mərkəzində keçirilən elmi-praktik konfrans bir çox əhəmiyyətli tərəfləri ilə yadda qaldı. İbrahim Səfinin həyatı, rəngarəng və zəngin yaradıcılıq yolu çıxışlarda geniş şəkildə öz əksini tapdı. Çıxış edənlər rəssamın yaradıcılığının ictimaiyyət tərəfindən geniş şəkildə tanıdılmasının zəruriliyini vurğuladılar. Nəzərə çatdırıldı ki, rəssamın yaradıcılığının öyrənilməsinə və təbliğ olunmasına böyük tələbat var. Eyni zamanda İbrahim Səfi Türkiyə və Azərbaycanın ortaq dəyəridir. Ümid edirik ki, Türk dünyasının böyük rəssamının yaradıcılığı ilə yaxından tanışlıq gənc rəssamlarımızın da inkişafına öz töhfəsini verəcək, onları yeni-yeni uğurlara səsləyəcəkdir.

 Gülcamal TAHİROVA
Naxçıvan-Bakı