17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

İnkişaf və yüksəliş əsri olan 21-ci əsr həm də informasiya və kommunikasiya texnologiyalarının günbəgün müasirləşməsi ilə yadda qalır. Xüsusilə gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovasiyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə Azərbaycanda da ardıcıl tədbirlər həyata keçirilir, dövlət-gənclər siyasətinin məğz və mahiyyəti gənclərin sağlam, intellektli, vətənpərvər, yeni dövrün çağırışlarına cavab verən şəkildə formalaşması ilə uzlaşdırılır. Artıq gənclərimiz dünya elm-təhsil məkanına inteqrasiya edir, yeni texnologiyaları yaxından mənimsəyir, səmərəli ideya, layihə və təşəbbüslər – startaplar ətrafında birləşirlər.

Bəs startaplar nədir və onlar müasir dövrümüzdə necə başa düşülür?
Startap dedikdə, ilk növbədə, mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman startap dedikdə yalnız informasiya texnologiyaları sahəsi ilə əlaqədar təşəbbüslər nəzərdə tutulur. Amma unutmaq lazım deyil ki, startaplar iqtisadiyyatın bütün sahələrinə, o cümlədən tibb, turizm, təhsil kimi mühüm əhəmiyyətli sahələrə də aid ola bilər. Bu gün geniş yayılan layihələr sırasında sosial startaplar da vardır. Mütəxəssislərin sözləri ilə desək, təqdim edilən layihələrin son məqsədi isə real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Yəni hər bir layihə daha effektiv innovasiyalara istiqamətlənməlidir.

Ötən əsrin əvvəllərində ilk dəfə Amerika Birləşmiş Ştatlarında meydana gələn startap anlayışı informasiya texnologiyalarının böyük inkişaf yolu keçdiyi müasir dövrdə innovativ inkişafın əsas meyarı kimi qəbul olunur. “Startap” sözü ingilis dilindən başlanğıc, təşəbbüs kimi tərcümə olunur. Bu gün dünyanın ən uğurlu startap layihələri texnologiya nəhəngi “HP”, “Facebook”, “YouTube”, “Instagram” kimi sosial şəbəkələr, eyni zamanda “Wikipedia” açıq internet ensiklopediyasıdır.
Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində yeni texnoloji avadanlıq olan smart saatlar, müxtəlif onlayn bank sistemləri, istənilən ünvana qida məhsullarının və geyim əşyalarının dərhal, ödənişsiz və təhlükəsiz çatdırılması kimi ideyalar da startap nümunəsidir. Gənclər tərəfindən həyata keçirilən startaplara adını çəkmədiyimiz bir sıra əlavə layihələr də daxildir. Onlardan ən çoxu innovasiya və texnologiyalar sahəsində tətbiq olunur.
Gəlin gənclər tərəfindən həyata keçirilən bir neçə layihə ilə tanış olaq.
2001-ci ilin yanvar ayında istifadəyə verilən “Wikipedia” – açıq dünya ensiklopediyası dünyanın ən geniş informasiya mənbələrindən biridir. 2018-ci ilin sentyabr ayında “Wikipedia” dünyanın 5-ci məşhur və zəngin saytları sırasında yer alıb. Belə ki, “Wikipedia” saytına 1 ay ərzində yalnız Amerika Birləşmiş Ştatlarından 117 milyon baxış olub.
2004-cü ilin fevral ayında istifadəyə verilən “Facebook” bu gün dünyanın ən böyük sosial şəbəkəsi hesab olunur. Bu sayt amerikalı texnologiya sahibkarı gənc Mark Zukerberq və onun otaq yoldaşı Eduar­do Saverin tərəfindən tələbəlik illərində yaradılıb. Bu startap layihəsi və özünün mükəmməl ideyası ilə tanınan Mark Zukerberq bu gün dünyanın ən zəngin insanlarından biri sayılır.
Videomaterialların ən böyük bazası hesab edilən “Youtube” videopaylaşım kanalı 2005-ci ilin fevral ayında istifadəyə verilib. Əvvəllər internet üzərindən onlayn ödəmə sistemində işləyən Çad Hörli, Stiv Çen və Ceyvid Karim tərəfindən yaradılıb. “Youtube” kanalına ilk videonun yüklənməsi Ceyvid Karim tərəfindən həyata keçirilib. Elə bunun nəticəsidir ki, Ceyvid Karim hazırda San-Fransiskoda fəaliyyət göstərən “Airbnb” şirkətinin ən zəngin investorlarından biridir.
Şəkil və qısa videoların paylaşıldığı ən böyük sosial şəbəkə olan “Instagram” ilk dəfə 2010-cu ilin oktyabr ayında 27 yaşlı gənc kompüter proqramçısı Kevin Sistrom tərəfindən yaradılıb. Kevin Sistrom 2016-cı ildə dünyanın ən zəngin sahibkarları sırasına daxil edilib. Bu sosial şəbəkə istifadəyə verildiyi zaman şirkətin cəmi 13 işçisi var idi. Lakin hazırda şirkət 15 mindən artıq işçi ilə fəaliyyət göstərir. Bu gün “Instagram” sosial şəbəkəsinin 1,1 milyard izləyicisi vardır.
Ağıllı telefonlarda – smartfonlarda ani mesajlaşmada mətn mesajlarını, təsvirləri, videoları və audiosəsləri göndərmək üçün nəzərdə tutulan “Whatsapp” sosial şəbəkəsi 2009-cu ildə Brian Akton tərəfindən yaradılıb. Hazırda geniş izləyici kütləsinə ­sahibdir.
Daha bir uğurlu startap layihəsi olan “Starlinq bank” Böyük Britaniyada fəaliyyət göstərən onlayn bank xidmətinə görə fərqlənir. Bütün ənənəvi bankların funksiyalarını həyata keçirir. İstifadəçilərə ümumi hesab açmaq imkanı verən bank həmin hesabdan ortaq məqsəd üçün əldə edilmiş vəsaiti 39 müxtəlif ­ölkənin kartlarına təcili şəkildə köçürə bilir.
Gənclərin yaratdığı Selfi dronla isə yüksəkeffektli çəkilişlər həyata keçirilir. Alimlərin araşdırmalarına görə, 2018-ci ilin sonlarında 600 min dron istifadə olunub. Bu gün həmin dronlar vasitəsilə çöllərdə, səhralarda və digər əlçatmaz, ucqar yerlərdə çəkilişlər aparmaq mümkündür. Bu iqtisadi bazara böyük maraq var. Hesablamalar göstərir ki, əldə olunan gəlir 127 milyard dollardan artıqdır. Bu gün həmin dronlar vasitəsilə istənilən məsafədən və dünyanın ən ucqar nöqtələrində də çəkilişlər etmək mümkündür.
Göründüyü kimi, startap layihələrinin uğurlu olmasında əsas şərt ideyanın mükəmməlliyidir. Bu zaman investisiya cəlbi və layihənin reallaşdırılması asan başa gəlir. Əksər vaxt startaplar bir neçə şəxs tərəfindən birgə yaradılır. İlkin mərhələlərdə startapların özünü təsdiq etməsi və gəlir gətirməsi xeyli zaman tələb edə bilir. Ona görə də bu zaman kəsiyində mövcud problemləri düzgün dəyərləndirmək, konkret nəticə çıxarmaq əsas məsələdir.
Son illər ölkəmizdə müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənc­lərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub.
Startap layihələri daha çox aşağıdakı istiqamətlər üzrə reallaşdırılır:
• biznesyönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərini inkişaf etdirmək, onlar üçün maddi baza təmin etmək və biznes vərdişlərini formalaşdırmaq;
• informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların böyüməsinə kömək etmək;
• istedadlı gəncləri müəyyənləşdirmək, fərqli perspektivli ideyaları təkmilləşdirmək və layihələri ölkə sərhədlərindən kənarda da ­tanıtmaq;
• gənclərin biznes savadlılığının artırılmasına nail olmaq;
• gənclərin innovativ potensialı və təşəbbüskarlığını dəstəkləmək;
• gənclərin ölkə iqtisadiyyatında daha səmərəli iştirakını təmin etmək və məşğulluğunu artırmaq.
• startapçılar üçün təlimlər təşkil etmək və investorlarla görüşlər ­keçirmək.
Artıq dünya bir reallığı qəbul edib ki, startap layihələrinin dəstəklənməsi hər bir ölkənin innovasiya potensialının məhv olmasının qarşısının alınmasında yeganə faktor­dur. Ona görə də bu gün dünyanın aparıcı korporasiyaları və şirkətləri öz büdcələrindən startap layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayıraraq gənc startapçıları öz ətrafına yığır, bəzən onların kiçik startapları əsasında böyük biznes layihələrini gerçəkləşdirirlər. Belə böyük biznes subyektləri bu layihələrə milyonlarla dollar vəsait sərf edirlər.
Naxçıvan Muxtar Respublikasında da gənclərin fəaliyyətinin dəstəklənməsi, onlar üçün geniş imkanların yaradılması innovativ inkişaf sahəsində mütərəqqi tədbirlər kimi diqqəti cəlb edir. Son illər elm və təhsilin inkişafı, bu sahənin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, yeni texnologiyaların iqtisadiyyatın və sosial həyatın bütün sahələrində tətbiqi, elektron hökumətə keçid, sürətli internet təminatı, əlverişli biznes və investisiya mühitinin yaradılması innovativ inkişafın ilkin mərhələdə tətbiqinə və uğurlu biznes sahəsinə çevrilməsinə imkan verib.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilib. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işə­götürən arasında tələblərin formalaşmasına xidmət etmiş, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlamışdır.
Naxçıvanda son illər həyata keçirilən elektron sənəd dövriyyəsi layihəsi, teleradioların bölgələrlə əlaqəsini təmin edən intranet şəbəkəsi, elektron kitabxana, elektron sağlamlıq kartları və tibbi-sosial sığorta, elektron universitet, muzeylərlə təhsil müəssisələri arasındakı interaktiv əlaqə və açıq dərslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən distant təhsil, Naxçıvanın ailə təsərrüfatları modeli, qədim diyarda son illər formalaşan festival ənənələri və bu festivallarda brend məhsulların təbliği, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi startap layihələrinə nümunə ola bilər.
Həmçinin ölkəmizdə, eləcə də Naxçıvanda tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsi çərçivəsində təşkil edilən “Startap turları” da gənclərin yeni ideyalar ətrafında birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ötən il Naxçıvanda keçirilən startap turunda tələbə-gənc­lərimizin təqdim etdikləri “Nouhland” və “Compex” layihələri, eləcə də “Naxçıvan məhsullarının onlayn satışı”, “Nads” və “Naxçıvan Book House” layihələri qalib olublar.
Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il aprelin 3-də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncam imzalayıb: Sərəncamda deyilir: “Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək­ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir”.
Sərəncamda da qeyd olunduğu kimi, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olmuşdur.
Ali Məclis Sədrinin həmin sərəncamına əsasən “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib. Bundan başqa, sərəncamda “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri tərəfindən hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi, hami təşkilatlarda layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması, həmin layihələrin – startapların qəbulunun və təqdimatlarının keçirilməsinin təmin edilməsi qərara alınıb. Qarşıya qoyulmuş tələblərə əsasən hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirəcək, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalını yaradacaqdır.
P.S. Əminliklə bildirmək olar ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı, muxtar respublika rəhbərinin iştirakı ilə keçirilən müşavirə və konfranslarda qarşıya qoyulan vəzifələr Naxçıvanda innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsinə, gənclərin startap layihələrinin dəstəklənməsinə və yeni şirkətlərin formalaşmasına mühüm töhfə verəcəkdir.

Sahil TAHİRLİ
“Nuhçıxan” İnformasiya Agentliyi
14 aprel 2019-cu il

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11666
19453
66570
119088
4455047

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter