27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Aprel ayının 8-9-da İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, istehsal, təhsil, səhiyyə və mədəniyyət müəssisələri ilə yaxından tanış olub.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edən İndoneziyanın səfiri Heydər Əliyev Muzeyinin eksponatlarına baxıb.
Sonra Naxçıvan Avtomobil Zavoduna gələn qonağa məlumat verilib ki, burada tələbata uyğun, eləcə də sifariş əsasında 15 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Ötən il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri də yaradılıb.
“Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, hazırda fabrikdə 14 çeşiddə filtrli siqaret istehsal olunur.
Səfir Hüsnan Bəy Fanani “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodunda da olub. Bildirilib ki, “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Burada bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə uyğun qurulub.
Diplomat “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərində də olub, burada ona bu müəssisələrin istehsal gücü, istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat verilib.
Naxçıvan Biznes Mərkəzinə gələn səfir burada sərgilənən məhsullarla yaxından tanış olub. Məlumat verilib ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
İndoneziya Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani səfər təəssüratlarını bizimlə bölüşərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat və turizm sahəsində böyük potensiala malik bir diyardır.
“Muxtar respublikaya səfərimin məqsədi Naxçıvanla İndoneziya arasında əlaqələrin formalaşdırılması və daha da genişləndirilməsindən, gələcəkdə hansı sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu öyrənmək və inkişaf etdirməkdən ibarətdir”, – deyən səfir onu da qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İndoneziya arasında əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Diplomat bildirib ki, ölkəmizin, eləcə də qədim diyarımızın görkəmli şəxsiyyətlərini İndoneziyada tanıtmaq arzusundadır.
Hüsnan Bəy Fanani deyib: “Naxçıvanda turizmin inkişafı üçün bütün şərait yaradılıb. Həm də Naxçıvan tarixi, mədəni və dini abidələrlə zəngindir, bunlardan Nuh Peyğəmbərin türbəsi və “Əshabi-Kəhf ­Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini qeyd etmək yerinə düşər. Naxçıvan İslam dünyası üçün çox əhəmiyyətli bir məkandır. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib”.
Naxçıvanda təhsil, səhiyyə və mədəniyyət sahələrində də böyük uğurların əldə edildiyini vurğulayan diplomat qeyd edib ki, muxtar respublikada müasir standartlara cavab verən ali təhsil ocaqları, səhiyyə və mədəniyyət müəssisələri mövcuddur. Qədim diyarda yüksək intellektual səviyyəyə malik gənclər yetişir.

Tural AĞAYEV