20 Aprel 2019, Şənbə

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Hamıya, hamıya, hamıya

Sərlövhəni belə görüb həyəcanlanmağa ehtiyac yoxdur. İntəhası məqsədimiz odur ki, sözümüzü çoxlarına çatdıraq, həm də deyək ki, yola çıxanda bilsinlər ki, hansı yolla gedəcəklər və bu ətraflarda onları nə kimi mənzərə gözləyir.
Sözümüzün qısası, deməyim odur ki, elə yerdən gedin ki, yollara qoyulmuş kabab manqalları ilə rastlaşmayasınız. Bu söz xəstələrə, qocalara, uşaqlara daha çox aiddir. Onsuz da neçə vaxtdan bəridir ki, yollara qoyulmuş üstü bəzəkli, pırpıralı (içi bir şey olmasa da), cürbəcür konfetləri, şokoladları, peçenyeləri görənlər və onları almağa imkanı olmayanlar o tərəflərdən udquna-udquna keçirlər. O da ola ki, adamı yüz ağaclıqdan vuran kababın iyi. Elə götürək Azadlıq prospektini, köhnə bazara gedən yolu, uşaq şəhərciyində təşkil edilmiş bazarı... Bu başdan o başa gedincə neçə yerdə belə mənzərə ilə rastlaşırsan.

Yolu gedənlər elə ki, iyi hiss edirlər, istər-istəməz yan-yörələrinə baxırlar. Manqallarda cızhacızla qızaran şişləri görəndə kim bilir, ürəklərindən nə keçir.
Körpələr valideynləri ilə bir çək-çevir edir ki, gəl, görəsən. Belə ki gedir, deyəsən, yolüstü “kababxanaların” sayı artacaq. Yol kənarında, yaşıllıqların altında, açıq havada təşkil edilmiş kababxanaların əlindən qız-gəlinlər də yollarını dəyişməli olur. Elə onsuz da Hüseyn Cavid adına kinoteatrın qabaq tərəfindəki çayçıdan və kino­teatrın arxa tərəfindən üzüyuxarı qoyulmuş komisyon köşklərinin əlindən o tərəflərdə hərəkət etmək olmur. Həmişə qadınlara hörmətdən ağızdolusu danışmışıq. Amma bütün yayın cırhacırında yolların ancaq güntutan yerləri ilə addımlayan əli zənbillərlə dolu tər tökən qadınları fikirləşməmişik. Fikirləşməmişik ki, onlar niyə məhz kölgəliklə yox, belə yollarla gedirlər. Başqa cür ola da bilməz. Bayaq dediyimiz kimi, kölgəlik tərəflərdə komisyon mağazalar qoyulub, satıcılar mallarını reklam etdirmək üçün onları yolboyu düzürlər. Eni cəmi iki-üç metr olan səkilərdə bu cür şəraitdən hərəkət etmək olmur. Hələ kefləri gələndə satıcılar dost-tanışları ilə bu ensiz yolda əyləşərək bir nərd də atırlar. Ürəklərini sərinlətmək üçün çay da içirlər. Bir tərəfdən də ki, dediyimiz kimi, açıq havada olan kababxanalar. Di, gəlin görək, necə gedib, necə gələcəksiniz?

“Şərq qapısı”
1994-cü il

Komisyon mağazalardan ticarət mərkəzlərinə, küçələrdən,
səkilərdən market və bazarlara


Bəli, illər öncə muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərindən tutmuş rayonlarımızadək hamısında vəziyyət eyni idi. Komisyon mağazası olan onun qarşısında, olmayan isə küçələrdə, səkilərdə, parklarda, yollarda, harada gəldi satış masasını qurub, əlinə keçəni düzərək istədiyi qiymətə satırdı. Komisyon mağazalar nə üçün içəridə deyil, mağazanın qarşısında satış həyata keçirirdilər? Çünki onlarla yan-yana tikilən bu cür mağazalar o qədər kiçik idi ki, içəriyə ancaq satıcı keçə bilirdi. Axşamçağı mağazalar bağlananda bu maraqlı və gülməli mənzərənin dəfələrlə şahidi olmuşuq ki, satıcılar bayırdakı məhsulları birtəhər – zorla içəriyə yığıb, qapını ancaq bağlayırdılar. Səhəri gün də, təbii ki, onları bayıra çıxarmağa məcbur idilər. 

 Həmin mağaza sahibləri arasında sanki bir rəqabət də var idi – reklam rəqabəti. Kimin mağazasının qarşısı daha zəngindir, məndə olan məhsuldan səndə yoxdur kimi mənəm-mənəmlik prinsipləri ilə belə alverçi və möhtəkirlər ciblərini doldurur, çarəsiz camaat isə onların satdıqlarını almaq məcburiyyətində qalırdı. Səhərdən axşamadək açıq havada – günün, yağışın, tozun-torpağın altında qalan, həşəratlar oylağı olan, mənbəyi məlum olmayan məhsulların qiyməti isə, necə deyərlər, od tutub yanırdı. Mağaza sahibləri eyni məhsulları öz istəklərinə uyğun qiymətləndirib satırdılar. Nə isə almaq üçün məcbur idin ki, bütün ərazini gəzib, qiymətlərlə maraqlanıb, sonra bir qərar verəsən. Belələri insanlara kəndlərimizdə öz zəhmətləri ilə istehsal etdikləri məhsulları da satmağa imkan vermirdilər. Sanki hər tərəf bunlarınmış kimi onları sıxışdırır, məcbur qalan kəndli isə öz məhsulunu dəyərindən dəfələrlə aşağı qiymətə həmin alverçilərə satırdı. Nəticədə isə kəndli itirir, onun əməyi ilə ərsəyə gələn məhsullar isə möhtəkirlər tərəfindən baha qiymətlərə camaata satılırdı. 

O illərdə gündəlik tələbat mallarından biri, müqəddəs nemət olan çörək də sanitar-gigiyenik qaydalara riayət olunmadan, harada necə gəldi satılırdı. Bir rayonda cəmi bir çörək sexi var idisə, 10-15-i evlərdə “fəaliyyət göstərirdi”. Səhər-səhər çörək “istehsalçıları”nın biri maşının arxa oturacağına, biri təmizliyinin nə dərəcədə olduğu məlum olmayan kisələrə və yaxud ərzaq üçün nəzərdə tutulmayan polietilen torbalara yığdıqları məhsulu həmin mağazalara təhvil verirdilər. Mağazalarda çörək hansı şəraitdə saxlanırdı, satılırdı, bunu həmin dövrün adamları yaxşı xatırlayırlar. Və istifadə edənlərin hər biri də bu gün qətiyyən yada salmaq istəmədiyimiz həmin çörəklərin keyfiyyətinin nə dərəcədə olduğuna şahid olublar.
Ət kəsimləri qəssablar tərəfindən evlərinin həyətlərində və yaxud həyətlərinə yaxın, çox halda isə əhalinin ən çox hərəkət etdiyi yerlərdə kəsilirdi ki, üfunət iyindən həmin ərazidən keçmək mümkün olmurdu. Hələ ətin altına hər dəfə yuyulub təmizlənmədən açılan, işlənməkdən parça-parça olan örtüyü, ətin üstünə yığılan həşəratları, qəssabın gigiyenik qaydalara riayət etməməsi, bugünkü ətin satılmayan hissəsini sabahkına qatıb təzə ət adı ilə satanları demirik.

Kənd adamlarının istehsal etdikləri süd, qatıq, xama, kərə, pendir məhsulları da alverçilər tərəfindən necə gəldi qablaşdırılıb satışa çıxarılırdı. Məsələn, süd işlənib atılmalı olan plastik butulkalara yığılırdı. Qatıq 500, 800, 1000 qramlıq bankalara yığılırdı, ağzına da qapaq əvəzi bir qəzet parçası çirkli kəndirlə bağlanırdı. Digər məhsullar da eynilə bu cür – antisanitar qaydada qablaşdırılırdı. Və düzülürdü günün altındakı masaların üzərinə. Biz isə bütün bu sadalanan məhsulların keyfiy­yətinə bələd ola-ola, gözlərimizlə hansı şəraitdə istehsal olunduğunu, qablaşdırıldığını, satıldığını görə-görə onları almağa, istifadə etməyə, sadəcə, məcbur idik. Qidalanmaq və yaşamaq naminə.
Pis günün ömrü az olar, deyiblər. Həmin dövrün bu cür məşəqqətlərinə məruz qalan insanlarını, sən demə, qarşıda təsəvvürlərinə belə gətirə bilmədikləri həyat gözləyirmiş. O həyat ki onu yaşayanlar indi ötən illərlə bu illəri müqayisə edərək gənc nəslə Naxçıvanın dünənindən söhbət açır, bu gününün qədrini bilib qiymətləndirməyi tövsiyə edirlər.
Budur, gündən-günə hüsnünə gözəl naxışlar vurulan müasir Naxçıvanımız göz önündədir. İllər əvvəl ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan quruculuq işləri muxtar respublikamızı bütünlüklə ağuşuna aldı. Bütün sahələr inkişaf mərhələsinə qədəm qoydu. Bir vaxtlar “Şərq qapısı” qəzetinin də münasibət bildirdiyi keçilməz olan küçə və səkilər bu gün tamamilə sakinlərin ixtiyarındadır. Həm də abadlaşdırılmış, müasirləşdirilmiş qaydada. Həmin küçələr, səkilər artıq muxtar respublika sakinlərini o illərdəki komisyon mağazaların yerində ucaldılan onlarla əzəmətli, yaraşıqlı ticarət mərkəzlərinə, marketlərə, bazarlara, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına aparır. İndi Naxçıvan şəhəri Avropanın ən inkişaf etmiş şəhərləri ilə müqayisə olunursa, burada yaşayan insanlar da avropalılar kimi “Cahan”, “Gəmiqaya”, “Danyeri” tək böyük Alış-Veriş mərkəzləri, “Naxçıvan market”, “Sizin market”, “Banu market” və adlarını sadalamadığımız onlarla irili-xırdalı ticarət obyektlərinin yüksək səviyyəli xidmətlərindən istifadə edirlər.
İllər öncə başlanan quruculuq işləri rayon mərkəzlərindən tutmuş ucqar kəndlərimizin də hər birində köklü dəyişikliklərə səbəb olub. Quruculuqdan bəhrələnən yaşayış məntəqələrimizin hamısında ticarət, xidmət mərkəzləri yaradılıb ki, burada ərzaq, təsərrüfat malları, ət satışı mağazaları, hətta gözəllik salonları və bərbərxanalar fəaliyyət göstərirlər. Bu gün həm də torpaqlarının sahibinə çevrilən kəndlilər əkir-biçir, təsərrüfatla, bağçılıqla, heyvandarlıqla məşğul olmaqla istehsal etdiyi məhsullarını muxtar respublika bazarlarına çıxarıb sərbəst şəkildə realizə edə bilirlər. Kəndlinin istehsal etdiyi məhsulu satması üçün indi heç bir problemi yoxdur. Çünki illər öncə onlara göstərilən dövlət qayğısı sayəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur.
Bu gün Naxçıvan məhsulları öz keyfiyyəti ilə seçilir. Naxçıvanda sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısı, verilən güzəştli kredit dəstəyi ilə onlarla istehsal müəssisəsi sağlam, keyfiyyətli, yüksək səviyyədə qablaşdırılmış şəkildə AVM, market və bazarlarımızı bəzəyir. “Bərəkət”in, “Naxçıvan Məhsulları”nın, “Müasir Məkan”ın, “Hilal”ın, “Ləzzət”in, “Cahan”ın və adını çəkmədiyimiz digər müəssisələrin ət və süd məhsulları, kolbasa məmulatları, çayı bütün ölkə bazarlarında əl-əl axtarılan, həmçinin Naxçıvana gələn qonaqların qayıdarkən sevə-sevə alıb apardıqları məhsullardandır.
O illərdə komisyon mağazalarda insan sağlamlığına tamamilə zidd şəkildə ərzaqla bir yerdə satılan təsərrüfat, sənaye və tikinti materialları, trikotaj məhsullarının satışı üçün bu gün muxtar respublikamızın hər yerində ayrıca alış-veriş, ticarət mərkəzləri, mağazalar, bazarlar fəaliyyət göstərir. Hazırda muxtar respublikada 126 növdə 570 çeşiddə ərzaq, 257 növdə qeyri-ərzaq olmaqla, cəmi 383 növdə məhsul istehsal olunur. 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Bu göstəriciləri ölkə Prezidenti cənab İlham Əliyev yüksək dəyərləndirərək ötən il may ayının 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılış mərasimində etdiyi çıxışda demişdir: “...Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Bir zamanlar ərzaq məsələsi böyük bir problem olan, ərzaq təhlükəsizliyindən isə söhbət belə, aça bilmədiyimiz muxtar respublikamızın bu gün pərakəndə ticarət obyektlərində satılan məhsullar arasında yerli istehsal məhsulları üstünlük təşkil edir. İndi muxtar respublikamızda istehsal olunan keyfiyyətli məhsullar əhalinin tələbatını tamamilə ödəyir. Həmçinin daxili bazarlarla yanaşı, qonşu ölkə­lərə də ixrac olunan bu məhsulların alıcılıq qabiliyyəti yüksəkdir. Bütün bunlara isə ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarının icrasının böyük məsuliyyətlə həyata keçirilməsi ilə nail olunur. Qəbul olunan proqram, imzalanan fərman və sərəncamların hər biri muxtar respublika iqtisadiyyatının inkişafında müstəsna rol oynayaraq Naxçıvanın davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması üçün geniş imkanlar açır. Naxçıvanda yaşayan və diyarımızın dünəninə şahid olub, bu gününü görənlər isə burada həyata keçirilən bütün işlərin insanların rifah halına, sağlamlığına, xoşbəxt gələcəyinə xidmət etdiyini yaxşı dərk edirlər.

Mətanət MƏMMƏDOVA
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik
dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3874348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3251
4136
22738
64739
3874348

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter