23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Gözəl bir yaz səhəri doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən igid oğullarımızdan birinin – şanlı Aprel zəfərinin şəhidi Qabil Orucəliyevin ölümsüzlüyə qovuşduğu günün üçüncü ildönümündə onun məzarı başında dayanmışıq. Qabil lal-dinməz baxışları ilə ziyarətçilərini seyr edir. Şəhidin gənc üzünə, gülən gözlərinə baxdıqca dərin bir kədər bürüsə də məni, tezliklə bu kədər qürurla əvəz olunur və deyirəm ki, şəhidim, canından keçdiyin o yerlərdə bilirsənmi indi nələr var. Getdim, gördüm, Azərbaycan əsgəri keşik çəkir, Vətənin üçrəngli bayrağı dalğalanır o dağlarda. Artıq üç ildir ki, illərlə həsrət qaldıqları torpaqları əkib-becərir, gecələri isə rahat yatır o yerlərin sakinləri.

Aprel zəfərinə kimi hər gün mərmi səslərindən diksinən Tapqaraqoyunlunun, orada qoyub gəldiyin insanların bu günü sakit, sabahları nurludur. Artıq orada xoş günlər yaşanır. Düşmən gülləsindən uzaq yaşayış yerləri gülüstana çevrilib, üç ildir ki, bayram tonqalı qalanır Talışda, Cocuq Mərcanlıda. Kəndin sakinləri hər gün bu gözəl sabahları onlara bəxş edən şəhidlərimizə Tanrıdan rəhmət diləyirlər.
Hələ bu harasıdır? Sənə bir müjdəm də var! Aprel döyüşlərindən sonra, ötən ilin may ayının sonlarında Əlahiddə Ümumqoşun Ordunun birləşmələri 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklər qazandı. Bu qələbə hərbi-strateji əhəmiyyətinə görə qüdrətli ordumuzun Aprel döyüşlərindən sonrakı ən böyük zəfəri idi. Günnütlülərin 26 illik torpaq həsrətinə son qoyuldu. 26 il sonra Günnüt kəndindən murdar erməninin izi birdəfəlik silindi, kənddə müqəddəs “Quran” səsi eşidildi, ən uca zirvəyə – Qızılqaya yüksəkliyinə Azərbaycan bayrağı sancıldı. Həmin qələbə zəfərini yaşamağımız xalqımızın bir an belə düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan sənin kimi igid oğullarımızın davamçılarının sayəsində oldu.

Şəhidim, Vətənə əmanət etdiyin ailən göz bəbəyi kimi qorunur, himayə edilir, onlar sarıdan heç nigaran olma, gözün arxada qalmasın. Hər dəfə Nuriyyə ananı görəndə o səndən qürurla danışır: “Oğlum məni şəhid anası kimi yüksək mərtəbəyə layiq gördü. Görün, necə də müqəddəs səslənir bu ad. İndi mən bütün azərbaycanlı oğullarının anasıyam. Fəxr duyuram ki, oğlum torpaq uğrunda şəhid olub. Onun adı ölümsüzlər siya­hısına yazılıb”, – deyir. Rahat uyu, şəhidim, sənin kimi igid oğulların ailələrinə böyük qayğı ilə yanaşan muxtar respublika rəhbəri ailəni köməksiz qoymur, nə lazımdırsa, edilir. Ailən hər cür şəraitə malik yeni mənzillə də təmin olunub. Hər dəfə sizə qonaq olanda adaşın qapıya gəlir, şirin dili ilə: kimdir? – deyə soruşduqdan sonra qapını açır. O səliqəli, hər cür şəraitə malik mənzilin divarlarında rəsmlərin asılıb, evin hansı küncünə baxsan, igid ­Qabili görürsən. Nuriyyə xala deyir ki, bu rəsmlərdən birini Azərbaycanın uzaq rayonlarında yaşayan bir rəssam çəkib göndərib. Görürsənmi, sən təkcə naxçıvanlıların qəlbində özünə taxt qurmamısan.
Daha nə deyim sənə, şəhidim. Vətən üçün min canı olsa, verə biləcək şəhidim.Vətən həmişə şəhidləri ilə var olur. Sən heç nəyi düşünmədən sipər etdin öz canını düşmənlərə. Və bu gün başımızın üzərində dalğalanan bu bayraq sənin kimi oğulların canı bahasına ucalır. Hər bir gəncimiz üçün məzarlarınız and yerinə çevrilib, onlar bu məzarlara müqəddəs ziyarətgah kimi baxır, məzarın önündə torpaqlarımızı azad etməyə and içirlər.
Qəhrəmanın məzarı başından ayrılanda baxışlarında sanki bir nigarançılıq, bir narahatlıq görürəm. Bəlkə də, bu, hələ də düşmən işğalı altında olan Qarabağın gələcək taleyinin nigarançılığıdır. Öz-özümə: “Nigaran olma, elimin igid oğlu”, – deyirəm, rahat uyu, igidlər yurdunun mərd əsgəri, uğrunda canını verdiyin o Vətən torpağının üzərində artıq Azərbaycan əsgəri keşik çəkir. Qarabağın azad olunması yolunda Cocuq Mərcanlıdan, Talış yüksəkliyindən başlayıb Qızılqaya zirvəsinə doğru yol alan zəfər yürüşümüz torpaqlarımız azad edilənə kimi davam edəcək. Çünki Aprel döyüşlərində Azərbaycan Ordusu öz qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər kəs gördü ki, bu xalqın, bu millətin hər bir övladı istənilən anda düşmənə qalib gəlməyə qadirdir. Gün gələcək, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şəhidimizin qisası alınacaq. Və düşmən bir daha anlayacaq ki, şəhid qanı ilə sulanan bu torpağın bir qarışı belə, güzəştə gedilməyəcək. Sənin kimi qəhrəmanlar yetirən Vətən heç vaxt məğlub ola bilməz.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885009
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2075
4106
6181
75400
3885009

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter