23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılmışdır. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi­-siyasi vəziyyətdir. Muxtariyyət statusunu rəsmiləşdirən isə Moskva müqaviləsidir. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə ­Türkiyə- Rusiya arasında bağlanmışdır.

Həmin dövrdə beynəlxalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Rusiya ilə Türkiyənin yaxınlaşmasına, onlar arasında isti münasibətlərin və son nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin baş tutmasına gətirib çıxardı. Əslində, bir sıra dövlətlər ­Rusiya-Türkiyə yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub edib özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bolşevik hökumətini devirmək, inqilabi Türkiyənin köməyi ilə çevrilişlə Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə yaxınlaşmasına yol verməməyə çalışırdılar.
Bu illərdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında da baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz bir sıra dövlətlərin himayəsindən, yardım və dəstəyindən istifadə edərək Naxçıvan diyarına hərbi basqınlar edir, qırğınlar törədir, şəhər və kəndləri dağıdır, yandırır, ağlasığmaz vəhşiliklər törədirdi.

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra da daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi Nəriman Nərimanova, Serqo Orco­nikidzeyə məktubla müraciət etdi. Müraciətdə deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.
XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ­ayrılmaz tərkib hissəsi hesab etmişdir”.
Rusiya rəhbərlərinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik münasibətlər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə etməyə çalışırdılar. Ermənistan, Azərbaycan və Türkiyənin qarşı­lıqlı münasibətləri məsələlərinin həllində İ.Stalin Rusiyanın mənafelərindən çıxış edərək, həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. 1920-ci il noyabrın 9-da Bakıdakı çıxışında İ.Stalin demişdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu çıxışından 20 gün sonra – noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Bu o demək idi ki, İ.Stalin və Rusiya rəhbərliyi də Zəngəzur və Naxçıvanı Ermənistana vermək istəyirdi. Ermənistan bolşeviklərin nəzarətinə keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Həmin bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi, yəni Zəngəzur və Naxçıvan Ermənistana verilirdi.
Məlum bəyanatdan sonra Naxçıvan bölgəsində daxili vəziyyət xeyli mürəkkəbləşmiş, onun üstündə mübahisə və münaqişələr səngiməkdənsə, xeyli kəskinləşmişdi. Naxçıvan məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan danışıqlarında mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında siyasi manevrlər edərək onların münasibətlərindən və yaranmış şəraitdən istifadə etməyə çalışırdı. Rusiyaya gəldikdə isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini yeritsə də, erməniləri də müdafiə etməsini gizlətmirdi. Ermənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata keçirmək üçün ən çox Rusiyaya ümid bəsləyirdi. Ermənistan 1920-ci il dekabrın 2-də həm Rusiya, həm də Türkiyə ilə müqavilə bağladı. RSFSR ilə sovet Ermənistanı arasında bağlanan hərbi-siyasi sazişə görə keçmiş İrəvan quberniyasının Ermənistanın tərkibinə daxil olmasının sovet hökuməti tərəfindən mübahisəsiz tanınması qəbul edilirdi. Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü (Aleksandropol) müqaviləsi Rusiya və onun təhriki ilə Ermənistan tərəfindən qəbul edilmədi. Lakin bununla belə, bu müqaviləyə görə, Naxçıvan bölgəsinin düşmən əlinə keçməməsi üçün “həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli hökumət yaradılması” qərara alınmışdır. Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər Naxçıvan bölgəsi ilə bağlı razılığa gəlmişdilər ki, Ermənistan Naxçıvanla bağlı əraziyə, daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara qarışmayacaq, indiki ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır. Müqavilənin 12-ci maddəsinə əsasən Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin təminatını öz üzərinə götürdü.
1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyanat ilə çıxış edərək, Naxçıvan əhalisinə öz müqəddəratını azad surətdə təyin etmək hüququ verildiyini bildirdi. Lakin 1921-ci ilin əvvəllərindən başlayaraq heç bir bəyanat verməmiş kimi, yenə də Naxçıvana qarşı haqsız ərazi iddiaları irəli sürdü.
1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi V.İ.Leninə müraciət etdi. Həmin ilin yayından başlayaraq Türkiyə hökuməti Rusiya ilə diplomatik münasibətlər qurmaq və iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəldi. Danışıqlar nəticəsində sovet-türk müqaviləsinin layihəsi hazırlandı. RSFSR Xalq Xarici İşlər komissarı G.Çiçerin danışıqlara Azərbaycanı və Ermənistanı da qatmaq istəyirdi. Burada onun məqsədi bu dövlətlərin xarici ­siyasətini öz əlində cəmləşdirmək və Türkiyəyə qarşı qoymaq, həm də gələcəkdə Güney Qafqazdakı niyyətlərini həyata keçirmək üçün zəmin hazırlamaqdı. Türkiyə bu təkliflə razılaşmadı və bildirdi ki, onların Azərbaycanla heç bir mübahisəli məsələsi yoxdur. Mübahisələr danışıqları dayandırdı.
1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gələrək yeni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən Xalq Xarici İşlər komissarı G.Çiçerin və RSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazov iştirak edirdi. Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət verilmişdi. Türkiyənin bu məsələyə böyük önəm verməsi bölgənin strateji və geosiyasi mövqeyi ilə yanaşı, həm də Naxçıvanın ­Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yerləşməsi idi. Buna görə də Mustafa Kamal paşa Yusif Kamal bəyə Naxçıvanın “Türk qapısı” olduğunu xatırlatmış və buna görə hərəkət edilməsini bildirmişdi. Y.Kamalın xatirələrindən bəlli olur ki, danışıqlarda Naхçıvana dair müzakirələr хeyli uzanmış, İ.Stalin “Naхçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?” sualına da “orası türk qapısıdır, ondan” cavabını almışdı.
Moskva danışıqlarının bəzi iclaslarında Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaхtinski də iştirak etmiş və uğurlu nəticənin əldə edilməsində onun mühüm xidməti olmuşdur. Belə ki, o, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan diyarı ilə bağlı faydalı təkliflər vermişdi. Lenin bunlarla tanış olduqdan sonra onu Siyasi Büroya göndərmişdi. B.Şahtaxtinskinin məktubu martın 16-da Stalinin, Çiçerinin və başqalarının iştirakı ilə baxılmış, təkliflər nəzərə alınmaqla Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunmuşdu.
Bütün bunlar Moskva müqaviləsinə öz təsirini göstərdi. Bir aya yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imza­lanmış “Dostluq və qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində öz əksini tapdı.
Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər danışıqların 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olundu. Türk heyəti Naxçıvanın Türkiyənin himayəsində qalmasını istəyirdi. Onlar belə bir mövqedən çıxış edirdilər ki, Naxçıvan əhalisinin türk qoşunlarını dəvət və qəbul etməsi faktı onun Türkiyənin himayəsi altında olduğunu göstərir. Qeyd edək ki, Gümrü müqaviləsində də Naxçıvanın Türkiyənin hima­yəsi altında olduğu təsbit edilmişdir. Rusiya bunlarla razılaşmırdı. Belə olan təqdirdə türk heyəti bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə razıdır.
Danışıqların martın 12-də keçirilən iclasında əsasən Naxçıvan dairəsi və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında müzakirə aparıldı. Türkiyənin təkidindən sonra Şərur-Dərələyəz dairəsinin Naxçıvana keçməsi və İrəvan dairəsinin mübahisəli hissələrində sərhədin Kömürlü dağ (6930) və Saray Bulaq (8071) dağlarından, Ararat stansiyasından başlaması barədə razılığa gəlindi və bütün bu məsələlərin Azərbaycan, Ermənistan və Türkiyə nümayəndələrindən ibarət qarışıq komissiyanın razılaşdırılmasına verilməsi qərara alındı.
Danışıqların martın 14-də keçirilən iclasında Naxçıvanın statusu tam olaraq müəyyənləşdirildi. Türk nümayəndələri göstərdiyi ciddi səylər nəticəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də olsa, qorunmasına nail ola bildi, Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycanın tərkibində saxlanılması razılaşdırıldı.
Moskva müqaviləsi, əslində, martın 18-də imzalandı. Lakin türk nümayəndə heyətinin təklifi ilə İstanbulun işğalının ildönümü günü olan 16 mart tarixi səbəbindən Rusiyanın da razılığı ilə müqaviləyə 16 mart tarixi qoyuldu.
Müqaviləni Rusiya tərəfindən Georgi Çiçerin və Cəlal Qorxmazov, Türkiyə tərəfindən isə Yusif Kamal, Rza Nur və Əli Fuad Cəbəsoy imzaladılar. 16 maddə və 3 əlavədən ibarət olan “Dostluq və qardaşlıq” haqqında RSFSR-Türkiyə müqaviləsinin üçüncü maddəsində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edildi: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərtilə, Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. “Naxçıvan ərazisi” adlı I (C) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi: “Ararat stansiyası – Saray Bulaq dağı (8071) – Kömürlü dağ (6839) – (6930) – (3080) – Sayat dağ (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8160) – Yüksəklik (8022) – Küküdağ (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.
Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. V.İ.Lenin Türkiyə ilə sülh sazişindən danışarkən demişdi ki, bu “bizi Qafqazdakı daimi müharibələrdən xilas edir”. Lakin bu sözlər özünü doğrultmadı. Nəriman Nərimanov qeyd etmişdir ki, “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olunur. Orda bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”. Yusif Kamal bəy isə yazmışdır ki, “Naxçıvan müsəlmanları bir daha soyqırıma məruz qalacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdir”.
Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə, qədim türk-oğuz yurdu olan Naxçıvana muxtariyyət statusu verilməklə Azərbaycanın himayəsində qaldı. Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu Naxçıvan iddialarından əl çəkməmiş, 90-cı illərin əvvəllərində buraya silahlı basqınlar etmiş, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşmışlar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişlər.
Erməni işğalına məruz qaldığımız, Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində olarkən Moskva və Qars müqavilələrini söhbət mövzusuna çevirmiş, bir sıra məsələləri dərindən açıqlamış və bu müqavilələrin ­xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmişdir.
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırmış olur. Dövlətlərarası münasibətlər baxımından bu növ müqavilələr daimilik xarakterinə malikdir. Mübaliğəsiz demək olar ki, ifrat erməni millətçilərinin Moskva müqaviləsini qüvvədən salmaq üçün dəfələrlə müxtəlif hiylələrə əl atmalarına baxmayaraq, bu tarixi sənəd uzun illərdir ki, Naxçıvanın təhlükəsizliyini şərəflə qoruyur.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006509
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
743
4717
13999
88891
4006509

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter