23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonu 15 il əvvəl – 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb. Yeni inzibati ərazinin təşkil edilməsində məqsəd idarəçilikdə təkmilləşmənin, koordinasiyanın mərkəzləşdirilməsi funksiyasını daşısa da, bu rayonun yaradılması həm də müstəqilliyimizin Naxçıvana qazandırdığı töhfənin bir nümunəsi kimi diqqəti çəkir. Hansı ki müstəqilliyimizin bərpasına gedən tarixi yolun ilk cığırları məhz muxtar respublikamızda atılmış, muxtariyyətimizin bugünkü parlaq səhifələrinin ilk sətirləri burada  yazılmışdır. 

 Bu tarixi proses bir daha onu göstərdi ki, qurub-yaratmaq əzmində olan xalqımız üçün müstəqillik hər şeydən qiymətlidir. Əgər bunu əldə edə bilməsəydik, bu gün qürurla ölkəmizin, muxtar respublikamızın hərtərəfli inkişafından, vətəndaşlarımızın rahat və firavan həyatından danışa bilməzdik. Müstəqillik bizə layiq olduğumuzu və edə biləcəklərimizi həyata keçirmək üçün yeni ruh verdi. Haqqında söhbət açacağımız Kəngərli rayonu da müstəqil Azərbaycanın müstəqil qərarları ilə həyata vəsiqə qazanmış və sürətlə inkişaf edən bir bölgəsidir. 

Bu il yaradılmasının 15 illiyi tamam olan Kəngərli rayonu həm də Naxçıvanın dövlət idarəçiliyi tarixində böyük bir nəslin – kəngərlilərin haqqını tarix qarşısında tanımaq və gələcək nəsillərə tanıtmaq kimi milli iradənin təzahürüdür.
Yeni bir rayon yaratmaq, bu rayonu lazımi infrastrukturla təmin etmək yalnız tikinti-quruculuq tədbirləri ilə yekunlaşmır. Çünki rayon statuslu inzibati ərazi vahidlərinin təşkili idarəçilik mexanizmlərinin yaradılması və formalaşdırılmasına əsaslanmaqla uzun illərin sərf olunduğu bir prosesdir. Ötən dövr onu göstərdi ki, Heydər Əliyev siyasi yolunun layiqincə davam etdirilməsi muxtar respublikada istənilən layihənin həyata keçirilməsinə imkan verir. Bu fikrin təsdiqini biz bu gün Kəngərli rayonunun simasında bir daha görürük. Çünki Kəngərli rayonu müstəqillik dövründə muxtariyyət tariximizin ən böyük layihəsidir.
Geriyə baxdıqda, tarix üçün çox qısa bir dövr olsa da, 15 ildə rayonda nə işlər görülməyib ki? Yuxarıda qeyd etdiyimiz qanuna əsasən əvvəlcə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Şahtaxtı, Qabıllı, Yurdçu və Yeni Kərki kənd inzibati ərazi dairələrini əhatə edən ərazilər yeni yaradılmış rayona daxil edildi. Qanunun digər bəndinə görə isə Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrildi. Bu həmin dövr idi ki, dövlət başçısı cənab İlham Əliyev ölkəmizə rəhbərliyə yeni başlamışdı. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı (2004-2008-ci illər) yenicə imzalanmışdı. Qarşıda ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafı üçün mühüm layihələr həyata keçiriləcək və gənc Kəngərli rayonu da bu inkişafdan öz payını alaraq gözəl bir rayona çevriləcəkdi. Bu tarixi qərarın verilməsindən iki il sonra – 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Ötən 15 ildə Kəngərli rayonunun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatması olmuşdur. Bundan başqa, rayonda sənaye məhsulu 16, kənd təsərrüfatı məhsulu 7, investisiya qoyuluşu 50, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artmışdır. Bütün bunlar rayonun inkişafının göstəriciləridir. Rayonun yaradılmasının 15-ci ildönümündə isə sakinlərlə görüşündə Ali Məclisin Sədri rayonun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq demişdir: “Ötən dövrdə rayonun ictimai-­siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-qurucu­luq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır”.
Ali Məclisin Sədri çıxışında rayonun formalaşmasında hər bir sakininin də əməyi olduğunu, dövlət qayğısı və birgə fəaliyyətin rayonun inkişafını təmin etdiyini vurğulamışdır.
Ali Məclis Sədrinin hər iki çıxışında diqqəti cəlb edəcək bir məqam var. Əgər ilk çıxışda Kəngərli rayonunun qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacağı vurğulanırsa, növbəti çıxışda bölgənin Azərbaycanın qabaqcıl rayonları sırasında öz layiqli yerini tutacağına böyük əminlik ifadə olunur. Bu onun göstəricisidir ki, Kəngərlidə görülən hər bir iş məqsəd­yönlü xarakter daşıyır və rayonda inkişafın davamlılığı bundan sonra da təmin ediləcəkdir.
Bir qəsəbə və 10 kəndi özündə birləşdirən Kəngərli rayonunda indiyədək həyata keçirilən infrastruktur tədbirlərini bir yazıya sığdırmaq çətin olsa da, görülmüş işlərdən yalnız ümumi bəhs etmək mümkündür. Belə ki, ötən dövrdə rayon mərkəzi olan Qıvraq qəsəbəsində dövlət qurumları üçün bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, yaşayış binası, mədəniyyət evi və digər obyektlər tikilib istifadəyə verilib. Eyni zamanda rayon mərkəzi ilə bütün yaşayış məntəqələri arasında avtomobil yolları yenidən qurulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq yenidən qurulan yol, yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verib. Uzunluğu 39 kilometr olan və 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırıb. Eyni zamanda Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonundan keçən hissəsi 2010-cu ildə istifadəyə verilib. Bundan əlavə, rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq və abadlıq işləri aparılıb, bütövlükdə, 79,9 kilometr yeni yol salınıb, 6 körpü, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, tarixi abidələrə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib. Ümumilikdə, indiyədək rayonda 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Rayon ərazisində 5 su nasos stansiyasının, eləcə də 1140 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması, Böyükdüz kəndində toxumçuluq təsərrüfatının yaradılması yüzlərlə hektar əkilməyən torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Rayonda yeni sənaye müəssisələrinin qurulması da diqqət mərkəzində saxlanılıb. Belə ki, son illərin quruculuq ünvanları olan müasir sənaye kompleksi, sement zavodu və daş məhsulları müəssisəsi muxtar respublikanın ən mühüm sənaye obyektləri sırasındadır. Həm sənaye müəssisələrində, həm də son illər Kəngərli rayonunda qurulan onlarla kiçik istehsal və xidmət sahələrində yüzlərlə iş yeri açılıb.
Bir neçə gün bundan əvvəl isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunmuş, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Ali Məclisin Sədri ­demişdir: “Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq, Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir. Binanın ilk sakinləri Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslərdir. Bu da mühüm əhəmiyyət daşıyır. Çünki dövlət qayğısı ilə tikil­miş binanın ilk sakinləri dövlət qarşısında xidməti borclarını ləyaqətlə yerinə yetirmiş insanlardır”.
Qeyd edək ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil vardır. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 93 və 78, ikiotaqlı mənzillərin ümumi sahəsi 59 və 62 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunmuş, hər birinə daimi su xətti çəkilərək zirzəmidə 2 ədəd 8 tonluq su çənləri qoyulmuş, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılmışdır. Zirzəmidə mühəndis-texniki tələblərə uyğun inşa olunmuş mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı yerləşir. Həmçinin burada xidmət mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, çəkməçi dükanları vardır. Burada 6 sakin işlə təmin edilmişdir. Bundan əlavə, binanın həyətində abadlıq işləri aparılmış, istirahət guşəsi yaradılmış, 1500 metr uzunluğunda yeni avtomobil yolu salınmış, 1510 metr su xətti çəkilmiş, 250 kilovoltluq transformator yarım­stansiyası, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur. Yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının su­verenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunmuşdur. Eyni zamanda yeni mənzillə təmin olunanlara xalça hədiyyə edilmişdir. Həmin gün Ali Məclisin Sədri Kəngərli Rayon Dövlət Sığorta Agent­liyinin yeni binasında yaradılan şəraitlə də tanış olmuşdur.

Bəli, bu gün Kəngərli rayonu muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Hazırda Kəngərlinin ən ucqar kəndlərində belə, müasir infrastruktur yaradılıb, bütün ünvanlar telefonlaşdırılıb, sürətli internet şəbəkəsi qurulub. Yaşayış məntəqələrində ən müasir məktəblər, mədəniyyət və tibb müəssisələri tikilərək istifadəyə verilib. Qeyd edilənlər müstəqilliyimizin bizə töhfəsi olmaqla yanaşı, həm də hərtərəfli inkişaf edən müasir Naxçıvanımızın bir bölgənin simasında təntənəsidir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006507
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
741
4717
13997
88889
4006507

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter