26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Muxtar respublika qadınları hərtərəfli qayğı ilə əhatə olunub

8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təntənəli şəkildə qeyd olunur.

 Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz mərdliyi, saflığı və sədaqəti ilə seçilmiş, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Azərbaycan qadınlarının dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qrumunun yaradılması, Azərbaycan Qadınlarının Birinci Qurultayının keçirilməsi qadınların hüquqlarının qorunmasında, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasında, xüsusilə dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasında yeni mərhələ açmışdır. Həmçinin bu sahədə möhkəm hüquqi baza yaradılmış, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Dahi şəxsiyyət deyirdi: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.

Bu gün dövlət qadın siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev ictimai-siyasi və iqtisadi-mədəni həyatda qadınların təmsilçiliyinin genişlənməsinə mühüm diqqət yetirir. Qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Azərbaycan qadınları bütün sahələrdə kişilərlə birlikdə çalışır, öz qabiliyyət və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri vardır. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”.

Muxtar respublikada da qadınlar hərtərəfli qayğı ilə əhatə olunub. Onların sağlamlıqlarının qorunması, məşğulluqlarının təmin olunması, dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır. Göstərilən qayğının nəticəsidir ki, muxtar respublika qadınları yaradılmış imkanlardan istifadə edərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verirlər. Belə ki, muxtar respublikada müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrdə fəaliyyət göstərirlər. Muxtar respublikada 228 min 354 qadın yaşayır ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Təhsil sahəsində işləyənlərin 9841-i, yaxud 66 faizi, səhiyyə və sosial xidmət sahəsində işləyənlərin 4446-sı, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2683-ü, yaxud 69 faizi, dövlət qulluğunda işləyənlərin 515-i, yaxud 20,5 faizi qadınlardır. Naxçıvan qadınlarının 1-i Azərbaycan Respublikasının Milli Məclisinin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputat­ıdır. Muxtar respublikada bələdiyyə üzvlərinin 267-si, icra başçılarının müavinlərinin 6-sı qadındır. Hazırda muxtar respublikada 13 qadın bələdiyyə sədri, 76 qadın təhsil, 27 qadın mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır. Həmçinin nazir, komitə sədri, eyni zamanda hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Bu gün muxtar respublikada 9 minə yaxın qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında 24 mindən artıq qadın təmsil olunur. Həmçinin muxtar respublikada 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Qadınların uğurları elm və təhsil sahəsində də müşahidə olunur. Belə ki, muxtar respublikada onlarla qadın fəlsəfə doktoru və elmlər doktoru elmi adı almışdır. 2017-2018-ci tədris ilində orta ixtisas təhsil müəssisələrinə qəbul olanların 56 faizi, ali təhsil müəssisələrinə qəbul olanların 42,11 faizi qızlar olmuşdur. Həmçinin 500-700 arası bal toplayan abituriyentlərin 57,4 faizini qızlar təşkil etmişdir.

Qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqların inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sairə peşə kursları təşkil olunur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud qadınlar, eləcə də aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur, məşğulluq problemləri aradan qaldırılır.

Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında, həm də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində böyük rolu olan ailə təsərrüfatlarının qurulması da muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Keçirilən festivallarda ailə təsərrüfatlarının, o cümlədən qadın əməyi ilə ərsəyə gətirilmiş təsərrüfat məhsullarının sərgisi və satışı təşkil olunur. Bundan başqa qadınların istedad və bacarıqlarının aşkar edilməsi, ailə dəyərlərimizi, mili dəyərlərimizi, adət- ənənələrimizi gənclərə aşılamaq məqsədilə istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir.

Muxtar respublikada yaşayan bütün kateqoriyadan olan qadınlar diqqət mərkəzindədir. Sağlamlıq imkanları məhdud qadınların cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlər görülür, sosial vəziyyətləri yaxşılaşdırılır, tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvü olan qadınlara həssaslıqla yanaşılır, onların problemləri həll edilir. Sahibkarlıqla məşğul olan qadınlara da dəstək göstərilir. Qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində müasir Doğum Mərkəzinin, rayon mərkəzlərində və kəndlərdə xəstəxana və həkim ambulatoriyalarının istifadəyə verilməsi, qadınların sağlamlığına diqqətin artırılması bunu bir daha təsdiq edir. Həmçinin  rayonlarda və kəndlərdə maarifləndirici tədbirlərin keçirilməsi də bu işə öz töhfəsini verir.

Bu gün muxtar respublika qadınları bütün bu qeyd edilənlərlə yanaşı, həm də vətənə layiqli övlad böyüdən, onu düzgün tərbiyə edən, eyni zamanda ailənin möhkəmliyini və bütövlüyünü qoruyan məsuliyyətli xanım, qayğıkeş anadırlar. Ötən 95 il ərzində muxtar respublika qadınları bütün sahələrdə uğurlar əldə etmiş, səmərəli fəaliyyət göstərən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülmüşlər. İkinci Dünya Müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak etmiş, döyüş orden və medalları ilə təltif olunmuşlar. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunmuş, qadınlarımızdan 11-i Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 151-i Azərbaycan Respublikasının, 156-sı isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 116 qadın orden, medal və nişanlarla təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuşdur və gələcəkdə də olacaqdır”.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792513
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
351
2548
2899
56830
3792513

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter