26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanəti, mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verir. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə daim böyük ehtiramla yanaşıb. Azərbaycanda, o cümlədən muxtar respublikamızda qadın əməyinə yüksək qiymət verilir, onların müxtəlif sahələrdə uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır.

Bu gün həmin qadınların yüzlərlə davamçısı olan zərif cinsin möhkəm iradəli nümayəndələri ictimai-siyasi həyatda öz bilik və bacarıqlarını əsirgəmir, ölkəmizin, eləcə də muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələr verirlər. Eyni zamanda çətin və məsuliyyətli peşələrdə öz işinin öhdəsindən layiqincə gələn, hüquq-mühafizə orqanlarında çalışan qadınlarımız da az deyil.

Fəaliyyəti dövründə polis kapitanı rütbəsinə qədər yüksələn Səadət İskəndərli 1991-ci ildə Culfa rayonunun Camaldın kəndində anadan olub. Onu bu peşəyə uşaqlıqdan bəri polis olmaq arzusu gətirib. Səadət İskəndərli hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəis əvəzi vəzifəsində çalışır. Olduqca çətin və məsuliyyətli işinin öhdəsindən layiqincə gələn ­Səadət xanım deyir ki, bu gün görkəmli dövlət xadimi Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə, eləcə də muxtar respublikamızda ictimai asayiş təmin olunub, polisin fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizdə polis akademiyası fəaliyyət göstərir və burada ixtisaslı kadrlar yetişdirilir. Həmçinin polis orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılıb. Bununla yanaşı, qadın polislərin fəaliyyəti üçün geniş imkanlar açılıb. Əvvəllər qadınların polis işçisi kimi fəaliyyət göstərməsi elə də asan məsələ deyildi. Bu gün nəinki polis orqanlarında, eləcə də digər sahələrdə qadınların ən böyük dəstəkçisi dövlətdir. Qadınlarımız hər cür diqqət və qayğı ilə əhatə olunublar. Bütün sahələrdə çalışan qadınların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, onlar müxtəlif mükafatlara layiq görülürlər. Bu isə bizi daha əzmlə çalışmağa ruhlandırır. Buna görə də dövlətimizə minnətdarıq və çalışacağıq ki, bundan sonra da ölkəmizin, muxtar respublikamızın inkişafı üçün əlimizdən gələni əsirgəməyək.
Polis kapitanı Fatma Rzayeva isə 2012-ci ildən Daxili İşlər Nazirliyinin Maliyyə-plan şöbəsinin baş inspektoru vəzifəsində çalışır. Onun dediklərindən: “Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün qadınlarımız ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Polis orqanlarında çalışmaq isə hər bir Azərbaycan qadını üçün şərəf və qürurvericidir. Azərbaycan polisi ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında, sabitliyin təmin olunmasında hər zaman ön sırada olub. Doğrusunu desəm, mənim də uşaq yaşlarından polis olmaq arzusu ürəyimdən keçib və artıq buna nail olmuşam. Bu arzumun təməlində isə insanların hüquqlarını qorumaq, onlara çətin vəziyyətlərdə kömək etmək istəyi dayanıb. Bu sahədə çalışdıqdan sonra görmüşəm ki, həqiqətən, polisin işi çətin, məsuliyyətli, eyni zamanda şərəflidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə həyata keçirilən məqsəd­yönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikamız neçə illərdir, cinayətsiz region kimi tanınır. Təbii ki, bu tədbirlərin həyata keçirilməsində polisin rolu danılmazdır. Buna görə də fəxr edirik ki, muxtar respublikamızda sabitliyin qorunmasında biz polis orqanlarında çalışan qadınların da əməyi vardır. Qürur hissi keçiririk ki, Azərbaycan qadını digər sahələrdə olduğu kimi, polis orqanlarının işinə də öz töhfələrini verir.
Gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova 15 ildir ki, bu orqanda çalışır. İki övlad anasıdır. Hələ orta məktəb illərindən gömrük orqanlarında işləmək arzusunda olduğundan ali məktəbə qəbul imtahanlarında bu ixtisası seçdiyini bildirir. Naxçıvan Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisasını bitirib. Gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışan, biliyi, bacarığı, işgüzarlığı ilə seçilən gömrükçü xanım komitənin İnzibati idarəetmənin təşkili bölməsinin rəisi vəzifəsini icra edir.
O bildirir ki, muxtar respublikamızın hərtərəfli inkişaf tempinə uyğun olaraq gömrük orqanları da yeniləşir, müasirləşir. Gömrük nəzarəti və rəsmiləşdirilməsi tamamilə avtomatlaşdırılıb. İndi gömrük əməliyyatları kağızsız texnologiya əsasında həyata keçirilir. Gömrük işinin təşkili üçün yaradılan nümunəvi şərait işimizi daha yaxşı qurmağa ruhlandırır. Naxçıvan gömrük sisteminin başdan-başa yeni­lənməsi, müasir infrastruktura və möhkəm maddi-texniki bazaya qovuşdurulması dövlətimizin bu sahəyə qayğısının nəticəsidir. Gömrük əməkdaşları da, öz növbəsində, çalışırlar ki, göstərilən qayğıya, etimada əməli işləri ilə cavab versinlər.
Sevindirici haldır ki, gömrük sahəsində çalışanların da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Minayə xanım da belə gömrük əməkdaşlarındandır. O, bu il ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Minayə xanım göstərilən qayğıya, əməyinin qiymətləndirilməsinə görə dövlətimizə minnətdarlıq edərək deyir: “Bu gün Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının tərəqqisi üçün biz gömrükçülər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və ölkəmizin milli rifahı üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik”.
Culfa gömrük postunun inspektoru, gömrük xidməti kapitanı Səidə Əsgərova hazırda bu gömrük sərhəd-buraxılış məntəqəsindən keçən vətəndaşların yoxlanılması, gömrük qanunvericiliyinə zidd halların aşkarlanıb aradan qaldırılması istiqamətində çalışır. Ötən il gömrük sahəsində hüquqpozmalara qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif olunub.
Söhbət zamanı vurğulayır ki, bu il 190 yaşı tamam olan Culfa gömrük sərhəd-buraxılış məntəqəsi Azərbaycanın üç ən qədim gömrük məntəqəsindən biridir. Muxtar respublikamızın xarici ticarət dövriyyəsində, tranzitin artmasında mühüm rol oynayır. Bundan başqa, Azərbaycanın digər bölgələrinə və əks-istiqamətdə yüklərin daşınması, minik maşınlarının və avtobus reyslərinin hərəkəti bu gömrük orqanı vasitəsilə həyata keçirilir. Çalışırıq ki, gömrük sərhəd-buraxılış məntəqəsindən istifadə edən vətəndaşlarımıza, turistlərə, biznes subyektlərinə nümunəvi xidmət göstərək.
“Culfa gömrük sərhəd-buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərir, gecə növbəsi sizi yormur ki?” sualımıza Səidə xanım belə cavab verir: – Mən öz peşəmi sevib, seçib bu sahəyə gəlmişəm. İstəyirəm, gələcəkdə övladım da bu ixtisasa yiyələnsin. İşimizin məsuliyyətini dərk edirik, ölkəmizin, muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunması, daxili bazarın qorunması, qaçaqmalçılığa qarşı mübarizə sahəsində üzərimizə düşən vəzifələri səylə yerinə yetirməyə çalışırıq. Bu mənada, biz də bu xalqın əsgərləriyik. Vətənə, dövlətə, millətə xidmətin gecəsi, gündüzü olmaz.
Vətəninə, el-obasına, torpağına sıx tellərlə bağlı igid qızlarımız hər zaman olub, bu gün də var və daim olacaq. Seçdikləri peşəni özünə şərəf yolu bilən, xalqına və dövlətinə sədaqətlə xidmət edən qadınlarımız da bundan sonrakı fəaliyyətlərində qarşıya qoyulan tapşı­rıqları layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaq, ictimai asayişin təmin olunmasına öz töhfələrini verəcək, bu məsuliyyətli peşənin öhdəsindən layiqincə gələcəklər. İnanırıq ki, üzərlərindəki sosial yükün ağırlığına baxmayaraq, dövlət işlərində, xüsusilə də hüquq-mühafizə orqanlarımızın sıralarında uğurla fəaliyyət göstərən xanımlarımız bundan sonra da ölkəmizin, o cümlədən doğma Naxçıvanımızın inkişafına, qüdrətlənməsinə, həmçinin ailə dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına öz töhfələrini verəcəklər.

 Gülcamal TAHİROVA
 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792517
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
355
2548
2903
56834
3792517

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter