22 Mart 2019, Cümə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Müsahibim qədim diyarımızın dövlətçilik tarixi ilə bağlı sanballı elmi tədqiqatların müəllifi,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir

– İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabınızın elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi Naxçıvan elmi mühitində bayram əhval-ruhiyyəsi yaradıb. Kitab həm də muxtariyyətimizin 95 illik yubileyinə dəyərli töhfədir. Bu münasibətlə sizi redaksiyamızın kollektivi adından təbrik edirəm.
– Çox sağ olun. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm ki, kitaba bu qədər yüksək dəyər vermişdir. Bu, ümumilikdə, muxtar respublikada hər bir elm adamına verilən qiymətdir. Qeyd etmək istəyirəm ki, Naxçıvanda elmi mühitin formalaşması Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından sonra canlanmışdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyev belə bir bölmənin yaradılmasına böyük siyasi uzaqgörənliklə yanaşaraq Sərəncam vermişdi. Ulu öndərimiz AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqində Naxçıvan tarixinin zəif öyrənilməsi məsələsindən bəhs edərkən demişdir ki, Naxçıvanın qədim və zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycan tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvan tarixi haqqında, Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür. Göründüyü kimi, ulu öndər Naxçıvan tarixi ilə bağlı bölmə qarşısında çox ciddi vəzifə qoymuşdu. Fəaliyyətimiz dövründə bu vəzifəni yerinə yetirməyə çalışmış, Naxçıvan tarixi ilə bağlı ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr yazılmış, elmi konfranslar keçirilmişdir. Ən ciddi fundamental əsər çoxcildli Naxçıvan tarixidir. Mükafata layiq görülmüş kitab Naxçıvanın Azərbaycan dövlətçilik tarixində tutduğu yer və oynadığı rolla bağlıdır.

– 8 fəsil, 27 yarımfəsil, nəticə və biblioqrafiyadan ibarət olan kitabınızda Naxçıvan tarixinin ayrı-ayrı dövrlərini tədqiq etmisiniz. Sizcə, muxtariyyətin Naxçıvanın tarixi-siyasi müqəddəratında rolu nədən ibarətdir?
– Naxçıvan qədim Azərbaycan ərazisidir və bu ərazidə yaşayanlar köklü azərbaycanlılardır. Hansı imperiyanın tərkibində olmasından asılı olmayaraq, əhali öz milli kimliyini qoruyub saxlamışdır. Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra Azərbaycan torpaqlarına, eləcə də Naxçıvan ərazisinə məqsədli olaraq ermənilər köçürülmüşdür. Əsas məqsəd Azərbaycan ərazisində erməni dövləti yaratmaq idi. Çünki vaxtilə Osmanlı dövləti ərazisində belə bir dövlət yaratmaq istəmiş, lakin buna nail ola bilməmişlər. İrəvan ətrafında məskunlaşdırılan ermənilər üçün 1918-ci ilin may ayında Ararat Respublikası yaradıldı və İrəvan şəhəri ona paytaxt kimi hədiyyə verildi. Elə bu vaxtdan ermənilər ərazilərini genişləndirmək üçün fəaliyyətə keçdilər. Qarabağ, Zəngəzur və Naxçıvana yiyələnmək üçün silahlı mübarizəyə başladılar. Onlara ABŞ, İngiltərə və Rusiya hər cür köməklik edirdi. “Şərursuz və Naxçıvansız Ermənistan yaşaya bilməz” fikrini ortaya atmaqla Naxçıvana, Şərura silahlı qüvvələr yeritdilər, qırğınlar törətdilər, yerli azərbaycanlıları ərazidən qovmağa çalışdılar. Belə bir fakt məlumdur ki, 1918-1920-ci illərdə Naxçıvan bölgəsinin əhalisi 38 faiz azalmışdı. Həmin dövrdə Naxçıvandakı ictimai-siyasi proseslər bu hadisələrin təsiri altında cərəyan edirdi.
Naxçıvanın muxtariyyət statusunun bu diyarın tarixi-siyasi həyatında müstəsna rolu olmuşdur. Əgər muxtariyyət statusu qazanılmasaydı, ərazini qoruyub saxlamaq mümkün olmayacaqdı. Ermənilər çalışırdılar ki, Naxçıvanı Azərbaycandan ayırsınlar. Yalnız bu halda onu işğal edə bilərdilər. Təsadüfi deyildir ki, 1920-ci il dekabrın 28-də Ermənistan Naxçıvanın müstəqilliyini (Azərbaycanın tərkibində yox) tanımaq haqqında bəyanat verdi. Naxçıvanlılar inadlı mübarizə aparır və bəyan edirdilər ki, Naxçıvan mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, ancaq Azərbaycandan ayrılmaz.
– 95 il əvvəl Naxçıvan Muxtar Respublikasına muxtariyyət verilməsəydi, Naxçıvanın aqibəti necə olardı?
– Sizin də qeyd etdiyiniz kimi, 95 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası yaranmışdır. Yəni 1924-cü il 9 fevralda Azərbaycan MİK-in Rəyasət Heyətinin dekreti ilə Naxçıvan MSSR yaradılmışdır. Muxtariyyətin əldə edilməsindən isə 98 il keçir. 1921-ci il yanvarın əvvəlində Naxçıvanda ümumxalq səsverməsi keçirilmiş və əhalinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs vermişdir.
Naxçıvanın muxtariyyəti məsələsi Zəngəzurun 1919-cu ilin noyabr ayında erməni qoşunları tərəfindən tutulmasından və 1920-ci il Gümrü müqaviləsi ilə Rusiyanın Zəngəzuru Ermənistan ərazisi kimi tanımasından sonra ortaya çıxdı. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşdü, onunla heç bir sərhəd xətti olmadı. Bu halda Naxçıvan rayon, qəza hüququnda Azərbaycanın tərkibində qala bilməzdi. Bu məsələdən bəhs edən ulu öndərimiz Heydər Əliyev demişdir: “...əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Naxçıvanın muxtariyyət statusu məsələsi həm RK(b)P Mərkəzi Komitəsində, həm də Rusiya-Türkiyə danışıqlarında müzakirə edilmişdi. MK-nın qərarında da, Moskva müqaviləsində (16 mart 1921-ci il) də Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdi. Moskva müqaviləsinin üçüncü maddəsində yazılmışdır ki, Naxçıvan vilayətinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilmə­məsi şərtilə muxtar ərazi təşkil etməsinə razıdırlar. Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsində (13 oktyabr 1921-ci il) Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu.
Naxçıvanın muxtariyyət əldə etməsində Behbud ağa Şahtaxtinskinin Leninə yazdığı məktubların da mühüm əhəmiyyəti olmuşdu. Naxçıvan milli-mədəni muxtariyyətə yox, inzibati-ərazi muxtariyyətinə nail oldu və bu da Naxçıvanı qoruyub saxladı.
– Naxçıvan muxtariyyət illərində... Naxçıvan blokada illərində... Düşünürəm ki, muxtariyyətimiz nə qədər qürurvericidirsə, bir qərinəyədək dövrü əhatə edən blokada şəraitində Naxçıvanın üzləşdiyi çətinliklər, bu çətinliklərə sinə gərməsi, blokada və tərəqqini bir arada yaşaya bilməsi də bir o qədər qürurvericidir.
– Naxçıvan muxtariyyət illərində çətinliklərlə, haqsızlıqlarla qarşılaşsa da, bu illəri şərəflə yaşayıb, qarşıya çıxan çətinlikləri uğurla aradan qaldırıb. Muxtar respublikanın yaranmasının 8 dəfə qeyd olunması dediklərimizi təsdiq edir.
Naxçıvanın, bütövlükdə, Azərbaycanın qarşılaşdığı ən çətin dövr keçən əsrin 90-cı illəri olmuşdur. Sovet rəhbərlərinin ikiüzlü siyasətləri, milli qarşıdurmalara rəvac vermələri vəziyyəti çətinləşdirmişdi. Xalq hərəkatını boğmaq üçün ermənilərdən bir vasitə kimi istifadə edilməsi tarixi faktdır. Həmin dövrdə Naxçıvanın SSRİ-nin tərkibindən çıxması ən böyük etiraz aktı idi. Ulu öndər Heydər Əliyevin Naxçıvanda olması Tanrının işi idi, o, Naxçıvanda olmasaydı, Naxçıvanı daha dəhşətli bəlalar gözləyərdi. Blokada vəziyyətindən əhalinin yollar araması, Naxçıvanın böyük rəhbərinin qonşu dövlətlərlə yaratdığı əlaqələr həm bu diyarın təhlükəsizliyini təmin etmiş, həm də tərəqqiyə yol açmışdı.
“Blokadadan bir bəhanə kimi istifadə olunmamalıdır” çağırışı ötən dövrdə əhalinin fəal həyat mövqeyi tutmasına səbəb oldu. Naxçıvanlılar blokadanın yaratdığı çətinliklərə sinə gərdilər, tərəqqiyə nail oldular. Naxçıvan rəhbərinin işgüzarlığı, qətiyyətli mövqeyi, idarə­etmə bacarığı həlli müşkül olan məsələləri də real­lığa çevirdi.
– 95 ilin son 25 ilə yaxın dövrü isə tariximizin ən şanlı səhifələrini təşkil edir.
– XX əsrin 70-80-ci illərində Naxçıvan inkişafın yeni mərhələsinə qədəm qoydu. Azərbaycanda rəhbərliyə gələn görkəmli dövlət xadimi ölkə­mizin, eləcə də Naxçıvanın hərtərəfli inkişafına çalışırdı. Muxtar respublikada yeni sənaye müəssisələri, sosial və inzibati binalar, mikrorayonlar, təhsil, səhiyyə müəssisələri tikilirdi...
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 25 ilə yaxın bir dövrdə baş verən dəyişikliklər, inkişaf Naxçıvanda heç vaxt bu səviyyədə olmamışdır.
Tariximizin ən şanlı səhifələri bu dövrə təsadüf edir. Naxçıvanın hərtərəfli və dinamik inkişafı ilbəil artır. Naxçıvan üçün xarakterik olmayan sənaye müəssisələri istifadəyə verilmiş, yüz faiz qazlaşdırma həyata keçirilmiş, güclü iqtisadi potensial yaradılmışdır. Qibtəediləcək səviyyədə səliqə-sahman, quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri, işə məsuliyyətli münasibət kimi inkişaf və keyfiyyətlər yaradılmışdır. İnkişafdan intibaha doğru inamla irəliləyiş özünü qabarıq göstərir. Naxçıvan Muxtar Respublikası cənnət bir məkana çevrilir.
– Muxtariyyət və müstəqillik illərində elmin inkişafı tempini necə qiymətləndirirsiniz?
– Naxçıvanda tarixən elm inkişaf edib, tanınmış elm adamları formalaşıb. Təbii ki, hər cür müqayisə zərərli olsa da, müqayisəsiz də keçinmək olmur. Müstəqillik həyatın bütün sahələrində olduğu kimi, elmin inkişafına da öz müsbət və həlledici təsirini göstərir. Naxçıvan Muxtar Respublikasının muxtariyyət və müstəqillik illəri arasında həm də ciddi sədd çəkmək düzgün olmaz. Çünki müstəqillik illərinin özü də muxtariyyət daxilindədir. Ümumiyyətlə isə 1991-ci ildən – ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra hər sahənin sahibi özümüzük. Düzdür, müstəqilliyin ilk illəri “itirilmiş illər” kimi xarakterizə olunur. Çünki səriştəsiz rəhbərlər Azərbaycanı idarə edə bilmədilər, torpaqlarımızla birlikdə çox şeyləri də itirdik. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə vəziyyət, tədricən, sabitləşdirildi, sonra isə hərtərəfli inkişafa rəvac verildi. Eynilə bu, elmin inkişaf tempinə də aiddir. Müstəqillik illərində həm cəmiyyətimiz elmi prinsiplər əsasında idarə edilməyə başlanıldı, həm də elmin tempi artırıldı, elmi müəssisələr yaradıldı, elmi işlə məşğul olan kadr potensialı artdı. Əvvəllər elmi kadrlar, əsasən, Bakıda – akademiyada və ali təhsil müəssisələrində hazırlanırdısa, 1995-ci ildən sonra artıq muxtar respublikamızın özündə bu işə başlanıldı. Yüzlərlə elmi dərəcəli kadrlar hazırlandı, Müdafiə şuraları yaradıldı, çoxsaylı əsərlər yazıldı və sair. Bir sözlə, elmi kadrların sayı artdığı kimi, elmin tempi də artdı.
– AMEA Naxçıvan Bölməsi muxtar respublikamızın intellekt bazasıdır. Ötən illər bu bazaya hansı uğurları əlavə edib?
– AMEA Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılıb. Buna qədər də Naxçıvanda bir neçə elmi qurum var idi. Onlar müxtəlif nazirliklərin və elmi mərkəzlərin tabeliyində az sayda elmi dərəcəli alimlərlə və zəif maddi-texniki baza ilə fəaliyyət göstərirdilər. Sərəncamdan sonra bu elmi qurumlar Naxçıvan Bölməsində cəmləşdirildi. Bu zaman cəmi 13 nəfər fəlsəfə doktoru var idi. Naxçıvan Bölməsinin inkişafı üçün həm ölkə, həm də muxtar respublika rəhbərliyi səviyyəsində hər cür qayğı göstərildi, maddi-texniki baza gücləndirildi. Kadr potensialının artırılması qayğısına qalındı. Təbii ki, ziyalı, xüsusilə alim öz intellekti ilə seçilir, söhbət həqiqi alimdən, elmi işçidən gedir. Hər il intellekt bazasına yeni intellektlər daxil olur. Alimlər təkcə elmi dərəcə və elmi adla seçilmirlər, düzdür, bu da inkar olunmur. Alim öz elmi səviyyəsi, nəzəri hazırlığı ilə, apardığı tədqiqatlarla, elmə verdiyi töhfələrlə, yetirdiyi kadrlarla, cəmiyyətdə tutduğu rol və mövqeyi ilə seçilir, intellekt sahibinə çevrilir. Akademiyanın Naxçıvan Bölməsinin intellekt sahibləri – alimləri intellekt bazasına yeni uğurlar gətiriblər. Elmi dərəcəli, elmi titullu, elmi adlı alimlərimizin sayı xeyli artıb. Onların həm kəmiyyətində, həm də keyfiyyətində ciddi dəyişikliklər baş verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər cür diqqət və qayğısı hesabına akademik, müxbir üzv və elmlər doktorlarının sayı artıb. AMEA Naxçıvan Bölməsindən əvvəl muxtar respublikada cəmi 4-5 nəfər elmlər doktoru çalışırdı, akademik və müxbir üzvlər isə təsəvvürə belə, gətirilmirdi.
– Muxtar respublikamızın nüfuzlu elm adamı kimi sizin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabınız muxtariyyətimizin 95 illik yubileyinə ən böyük töhfə oldu. Bəs yubiley ilinə AMEA Naxçıvan Bölməsindən daha nə kimi hədiyyələr gözlənilir?
– 2019-cu ilin elə ilk aylarında nəşr olunan iki mühüm əsəri yubiley ilinə Naxçıvan Bölməsindən hədiyyə kimi qəbul etmək olar. Bunlardan biri AMEA Coğrafiya İnstitutu ilə birgə hazırladığımız ikicildlik “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” monoqrafiyası, ikincisi isə böyük İslam alimi Nemətullah Naxçıvaninin “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi” kitabının birinci cildinin dilimizə tərcüməsidir. Əsərin II və III cildləri də bu il işıq üzü görəcəkdir. Bu günlərdə Nemətullah Naxçıvanidən bəhs edən “Nemətullah Naxçıvani: taleyi və sənəti” toplusu da oxuculara təqdim edilib. Naxçıvaninin başqa bir əsərinin də nəşri nəzərdə tutulur. “Naxçıvan Duzdağı”, “Naxçıvan tarixi mənbələrdə”, “Araz-Türk Respublikası” və digər onlarla kitab və monoqrafiyalar, yüzlərlə elmi məqalələr hazır­lanır. Qeyd edim ki, hər il akademiyanın Naxçıvan Bölməsinin elmi əməkdaşlarının 30-50 kitab və monoqrafiyası, 750-800 elmi məqaləsi nəşr olunur. Naxçıvan Muxtar Respublikasının bu yubiley ilinə elmi işçilərimiz də əsərləri ilə öz töhfələrini verəcəklər.
– İsmayıl müəllim, son olaraq fikirlərinizi öyrənmək istəyirəm. Sizcə, tarixin bütün dönəmlərində cəmiyyətin inkişafını elmsiz təsəvvür etmək olarmı?
– Təbii ki, yox. Ən qədim insanlar belə, müəyyən biliklərə malik olmuş və yaşayışında həmin biliklərdən istifadə etmişlər. İnsan cəmiyyətinin ilk dövrlərində elmin nə olduğunu bilmək zərurəti yox idi, lakin cəmiyyət inkişaf etdikcə təbiət hadisələrinə maraq, öyrənmək həvəsi artmış və nəticədə, biliklərə istinad olmuş və biliklər məcmusu formalaşmışdır ki, biz bunu elm adlandırırıq. Cəmiyyətin inkişafına uyğun elm yaranır. Orta əsrlər elmi qədim dünyada olmadığı kimi, müasir elm də yeni dövrdə ola bilməzdi. Tarixin bütün dönəmlərində cəmiyyətin inkişafı elmi də inkişaf etdirir. Elm inkişaf etməsə, cəmiyyət də lazımi səviyyədə inkişaf edə bilməz. Elm və texnologiya cəmiyyətin məhsuludur. Həm də cəmiyyət elmə əsaslanırsa, inkişaf asanlaşır, qarşıya qoyulan məqsədə nail olunur. Bir sözlə, istənilən cəmiyyətin inkişafını elmsiz təsəvvür etmək olmaz. Həyatın qanunu budur ki, əvvəl bilib sonra iş görmək daha məqsədəuyğundur. Cəmiyyət kortəbii inkişaf etmək istəmirsə, elmə, biliyə əsaslanmalıdır.
– Maraqlı müsahibə üçün sağ olun.

 Mətanət MƏMMƏDOVA
Bu müsahibə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3785095
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
338
1300
7645
49412
3785095

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter