26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün və təhlükəsizliyin təmin olunması kimi mühüm bir missiyanı yerinə yetirir. Bu mənada, dünyaya inteqrasiya kursunu seçən müstəqil Azərbaycan Respublikası qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Azərbaycan 1992-ci il martın 2-də dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – BMT-yə üzv qəbul edilib. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyıb, bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiy­yətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ulu öndər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bəyan edib. Bu müddət ərzində Azərbaycan həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq qurub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO, YUNİSEF və digər qurumlarla sıx əməkdaşlıq edən ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirib.
Azərbaycanın BMT ilə münasibətlərinin təməlində ümummilli ­liderin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Ulu öndərimizin böyük uzaqgörənliklə işləyib hazırladığı xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirərək davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqların ən yüksək səviyyədə qorunmasına, Azərbaycan-BMT əlaqələrinin yeni mərhələdə inkişafına nail olub.
Son 16 ildə ölkə başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilib. İlk dəfə Azərbaycan Respublikasının Baş naziri kimi 2003-cü ilin sen­tyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan edib. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını irəli sürüb. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib.
2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Dövlətimizin başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ölkə rəhbəri Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirib. BMT Baş Assambleyasının 2017-ci il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında Prezident cənab İlham Əliyevin dərin məzmunlu çıxışı xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirib.
2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 dövlətin dəstəyini alması tarixi uğurdur. Ölkəmiz 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bütövlükdə, müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalıb. Bu tarixi hadisə, ilk növbədə, ölkəmizin son dərəcə sabit və uğurlu, eyni zamanda tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
BMT Təhlükəsizlik Şurasının qeyri­­-daimi üzvü kimi ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparıb. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. BMT Təhlükəsizlik Şurasına ilk sədrlik ölkəmiz üçün böyük sınaq olsa da, bütün vəzifələrin öhdəsindən layiqincə gəlinib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına birinci sədrliyi müddətində şura tərəfindən üç qətnamə qəbul edilib. Təhlükəsizlik Şurasına ikinci sədrliyi müddətində şuranın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib. BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı da daim bu beynəlxalq qurumun diqqətində olub. 1997-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Naxçıvana səfər edib, görüşlər keçirilib, muxtar respublikanın blokada şəraiti, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən işlər və digər məsələlər barədə müzakirələr aparılıb. BMT nümayəndələri 2013-cü ilin may ayında muxtar respublikaya növbəti səfər ediblər. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə layihələri icra olunub. 2016-cı il mayın 12-15-də Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı keçirilib. 2017-ci ilin oktyabrında isə Naxçıvan Biznes Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinin iştirakı ilə “Sığınacaqla bağlı müraciətlərin yönləndirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda regional təlim keçirilib.
Ötən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirməsi həm də BMT-nin dünyada sülhün və təhlükəsizliyin təmin olunması işinə töhfə kimi dəyərləndirilir. BMT-nin əsas məramına xidmət edən bütün bu amillərin hər biri 2018-ci ildə Naxçıvan nümunəsi timsalında dünyaya təqdim edildi.
Bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub, BMT-də söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinin nəticəsidir.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792547
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
385
2548
2933
56864
3792547

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter