20 Sentyabr 2020, Bazar

Şərur rayonu

Fevralın 26-da Şərur rayonunda Azərbaycanın yaxın tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir iştirakçıları “Bahar” kinoteatrının foyesində Xocalı faciəsini əks etdirən pannonun önünə tər qərənfillər düzüblər, faciə qurbanlarının xatirəsini yad ediblər.
Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib. Görkəmli dövlət xadimi hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər həyata keçirib. Görülən tədbirlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikada, istərsə də onun hüdudlarından kənarda qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Erməni silahlı birləşmələrinin, eləcə də onlara açıq-aşkar havadarlıq edənlərin bu soyqırımını törətməkdə məqsədi Azərbaycan xalqının mübarizə əzmini qırmaq və onu bütünlüklə məhv etmək idi. Lakin ötən müddətdə baş verən proseslər bir daha təsdiq etdi ki, düşmən niyyətinə çata bilmədi. Azərbaycan xalqı düşmənə nifrətlə silahlandı, dövlətimiz və dövlətçiliyimiz möhkəmləndi, iqtisadiyyatımız dirçəldi, qüdrətli və sarsılmaz milli ordumuz yaradıldı. Bu gün xalqımız tam əmindir ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, məkrli düşmən öz layiqli cəzasını alacaqdır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonun Günnüt kəndinin, strateji yüksəkliklərin, ümumilikdə, 11 min hektar ərazinin düşməndən azad edilməsi bunu bir daha təsdiq edir.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımından bəhs olunan sənədli filmə baxıblar.

Babək rayonu

Babək rayonunun ictimaiyyəti də Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. Tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “Azərbaycanlıların soyqırımı” filminə baxıblar.
Ermənilərin azərbaycanlılara qarşı 200 il ərzində apardığı soyqırımı siyasətinin davamı olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədildi. Erməni hərbi birləşmələri qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi. Öz amansızlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Son illər Xocalı həqiqətlərinin dünyaya çatdırılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər nümayiş etdirilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətinin artması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır.

Ordubad rayonu

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bu illər ərzində həmvətənlərimiz tarixi dədə-baba torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar erməni millətçiləri tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımın nəticələri daha ağlasığmaz və dəhşətli olub. Bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdəndir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının tanıdılması istiqamətində bu gün də ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdikləri insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, bu qanlı cinayət müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib.
Xocalı soyqırımından 27 il ötür. Hər il olduğu kimi, bu il fevralın 26-da Xocalı faciəsi yad edilib, Ordubad rayon ictimaiyyətinin nümayəndələri Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana fəryadı” portretinin önünə tər qərənfillər qoyublar.
Daha sonra “Azərbaycanlıların soyqırımı” filminə baxış keçirilib. Xatirə Muzeyi tərəfindən Ordubad rayonunun ümumtəhsil məktəbləri ilə interaktiv əlaqə yaradılıb və keçilən dərs zamanı Xocalı faciəsi barədə şagirdlərə ətraflı məlumat verilib.

Culfa rayonu

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım tədbirində rayon ictimaiyyəti faciə qurbanlarının xatirəsinə hazırlanmış pannonun önünə tər qərənfillər düzüb, Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. 

Keçirilən tədbirdə Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Allahverdiyevanın “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, çox zəngin təbii sərvətləri, strateji mövqeyi Azərbaycanı əsrlər boyu yadelli işğalçılar tərəfindən təcavüzə məruz qoyub. Zaman-zaman qanlı müharibələr meydanına dönüb bu torpaq. XX əsrin əvvəllərindən isə nankor qonşumuz olan ermənilər öz sərsəm xülyalarını həyata keçirmək məqsədilə gizlin, yaxud da aşkar şəkildə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.
Bu gün 27-ci ildönümünü qeyd etdiyimiz Xocalı faciəsi bu mənfur siyasətin növbəti və ən dəhşətli səhifələrindəndir. Tarixi faktlar, bu faciənin planlı, düşünülmüş olduğunu bir daha təsdiq edir.
Sonra Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları məktəblilərin hazırladıqları Xocalı soyqırımından bəhs edən bədii hissəyə baxıblar.

Kəngərli rayonu

Fevralın 26-da Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycanın yaxın tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasim iştirakçıları Mədəniyyət Sarayının foyesində təşkil olunmuş Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən pannonun önünə tər çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” sənədli filminə baxıblar.
Erməni faşizminin mənfur xislətini ifşa edən Xocalı soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı terror siyasətinin təzahürü olmaqla, bütövlükdə, bəşəriyyət və insanlıq əleyhinə qarşı törədilən qəddar cinayətdir. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan bu faciə, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı qəddarlığı idi.
1992-ci ilin fevral ayında erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum edərək, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdilər. Həmin dəhşətli gecədə insanlar amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb, yaxud şikəst ediliblər.
Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi həm də Azərbaycan xalqına məxsus olan buradakı mühüm əhəmiyyətli tarixi abidələri məhv etmək, onları yer üzündən silmək idi. Çünki məhz həmin abidələr bu yurdun azərbaycanlılara məxsus olduğunu təsdiq edirdi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan qədim Xocalı nekropolu xüsusi texnika ilə darmadağın edildi. Ermənilər Qarabağda tarixi və mədəni irsimizi özündə yaşadan və Xocalı şəhərinin ətrafında yerləşən abidələri də hədəf seçdilər, o abidələri də dağıntılara məruz qoydular.
Hər il Xocalı soyqırımı ərəfəsində bu faciənin ildönümü dünyanın əksər ölkələrində geniş şəkildə qeyd olunur. Xalqımız əmindir ki, aparılan düzgün və obyektiv siyasət nəticəsində ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə tamamilə ifşa olunacaq, Xocalı faciəsinin təqsirkarları cəzalarına çatacaqlar.

Şahbuz rayonu

Dünən Şahbuz rayonunda da xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı qurbanlarının anım mərasimi olub.
Faciənin 27-ci ildönümü ilə əlaqədar ictimaiyyət nümayəndələri Şahbuz şəhərindəki mədəniyyət sarayında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər.
XX əsrdə mənfur ermənilər öz bədxah niyyətlərinə çatmaq üçün dəfələrlə Azərbaycan torpaqlarında böyük qırğınlar törədib, öz işğalçılıq planlarını həyata keçirməyə çalışıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldur dəstələrinin və onların havadarlarının Xocalıda törətdiyi soyqırımı isə tarixdə bənzəri olmayan bir vəhşilik idi. Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən erməni terrorçuları bir gecədə yüzlərlə dinc sakini qətlə yetirib, evlərinə od vurub yandırıblar. Təpədən-dırnağa kimi silahlanmış erməni quldur dəstələrinin qarşısına əliyalın çıxaraq son damla qanlarına kimi mübarizə aparan qəhrəman Xocalı şəhidlərinin xatirəsini xalqımız həmişə uca tutur.
Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” şüarı altında həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində Xocalı soyqırımı dünyanın bir çox ölkələrində tanınıb.
Faciənin ildönümü ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər keçirilir, sərgilər təşkil edilir, şəhidlərin xatirəsi yad olunur. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bütün Azərbaycan xalqının iradəsini əks etdirir.
Tədbirin sonunda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş filmə tamaşa ediblər.

Sədərək rayonu

Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə sərhəd bölgəsi olan Sədərək rayonunda Rayon Mədəniyyət Sarayının foyesində anım mərasimi keçirilib.
Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi. Dünya da gördü ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Dağlıq Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum edib. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların və ümumilikdə, ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Sədərəkdə daim uca tutulur.
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunan film nümayiş olunub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR