10 Avqust 2020, Bazar ertəsi

Fevralın 25-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının və tarixi gerçəkliklərin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam imzalayıb.

Qeyd edilib ki, aparılan səmərəli işin nəticəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ildönümləri qeyd olunub, müxtəlif tədbirlər keçirilib, bu soyqırım faktının tanınması üçün qətnamələr qəbul edilib. Türkiyə, Meksika, Pakistan, Kolumbiya, Peru, Panama, Çex Respublikası, Bosniya və Herseqovina və digər ölkələrin parlamentləri Xocalı soyqırımı ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Bu ölkələrin qəbul etdiyi rəsmi sənədlərdə həm də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı pislənilir.
Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov “Xocalı soyqırımı əsrin faciəsidir”, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev “Xocalı faciəsi – xalqın qan yaddaşı” mövzularında çıxış ediblər.
Tədbirin sonunda sərgiyə baxış olub.

Əli Rzayev

* * *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 26 fevral Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şuranın sədri Sucaxan Novruzov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Dağlıq Qarabağda xüsusi strateji əhəmiyyətə malik olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini misligörünməmiş amansızlıqla qətlə yetiriblər. O zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilməyib, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməyib. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi kimi qanlı hadisələrin baş verməsinin qarşısına sipər çəkilib. Ulu öndərimizin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilib. Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl işlər bu gün də davam etdirilir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.

Güntac Şahməmmədli

* * *

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən kapitan Orxan Seyidov Xocalı faciəsinin soyqırımı aktı olduğunu bildirib, bu faciənin beynəlxalq-hüquqi müstəvidə qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov çıxış edərək bildirib ki, erməni millətçiləri tarix boyu xalqımıza qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xocalı faciəsi də bu siyasətin davamıdır.
Şair, yazıçı Əbülfəz Ülvi isə çıxışında ermənilərin törətdikləri Xocalı soyqırımının tanıdılması və unudulmaması üçün qələm sahiblərinin gördükləri işlər barəsində danışıb və faciə qurbanlarının xatirəsinin əbədi yaşayacağını ­vurğulayıb.
Sonra əsgərlər adından Cəmaləddin Yusifovun çıxışı dinlənilib. O bildirib ki, müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı məqsədilə törədilmiş soyqırımı hadisələri heç zaman unudulmayacaq və Azərbaycan əsgərinin şücaəti ilə ərazi bütövlüyümüz təmin olunacaqdır.
Tədbir Xocalı soyqırımı haqqında sənədli filmin nümayişi ilə başa çatıb.

Pərviz Hacılı

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR