21 Fevral 2020, Cümə

Nədəndir deyə bilmərəm, amma onu dəqiq bilirəm ki, adam doğma torpağa ayaq basan kimi sanki iyirmi-otuz il qabaqkı bütün köhnə günləri kino lenti kimi gəlib keçir gözü qarşısından. Hələ bir də gedib uzaq məmləkətlərdə bir çox işlərlə ilgilənib, başı qarışan və ayamda-sayamda doğulduğu kəndə yolu düşən biriləri olsa onda mən inanıram ki, bu insanlar bəzi şeyləri gözünün alışdığı kimi görür və elə də düşünürlər.

Mən giley-güzar adamı deyiləm, amma bir-iki gündür bəzilərinin sanki banklara kredit borcu yğılıb qalmış adamlar kimi birdən-birə ürəyini boşaldaraq etdiyi söhbətləri oxuyanda 80-ci illərin əvvələrində əsgərlikdən təzə gəlmiş bir kəndlimizin indi lətifə olmuş bir əhvalatı yadıma düşür. Deməli, o vaxt hələ kəndlərimizə təbii qaz çəkilmədiyi bir dövrdə kömür sobalarını və təndirləri alışdırmaq üçün camaat nə bilim, odun-filan toplayıb qalaq-qalaq yığar, qışda da bundan istifadə edərdi. Kəndlimiz cavan oglan da əynində o dövrün modalı şalvarı, gözündə də qara eynək məhəlləyə gələndə bu qalaqları görüb əmisindən rus dilində soruşur ki, bəs “bunlar nədir qubba-qubba?” Onu da deyim ki, o vaxt ağsaqqal əmisindən bu sözə görə yağlı bir cavab da almış bu insan, sonralar öz halal zəhməti, torpağa məhəbbəti ilə hamının hörmətini qazandı və yeri düşəndə bu söhbəti özü də xatırlayıb həmişə gülümsəyərdi.

 İndi daha rus dövrü arxada qalıb, Naxçıvan kəndləri də bu dövrdən sonra tam qazlaşdırılıb, təzə yollar çəkilib, hər yer çıraqban olub. Yəni, kəndlərmizin sosial həyatı da cəmiyyət həyatının rusdan ingilisə dəyişdiyi kimi tamamən dəyişib. Məsələn, həmin o vaxtkı qalaqları görmüş gənclərin hisli-pasaqlı kənd çayxanalarında səhərdən axşamadək domino masası arxasında cüt-cüt oturub yekin ağını axtardıqları günləri xatırlayanlar varsa, onlar da deyə bilərlər ki, həmin o adamların bir çoxu heç otuz il də həmin o təkgözlü daşı vaxtında tapa bilməyiblər. Tapsalar da bir şeyə yaramayıb.

 Həmin dövrdən çox keçməsə də indi kəndlərimizdə çox dəyişkiliklər var. Məsələn, indi kəndli gənclər domino yerinə şahmat, yaxud futbol, voleybol oynayır, jiquli yerinə nə bilim şevrolet ya da kia sürür, çayxanalardakı dedi-qodu yerinə gedib evinin təmiri, təsərrüfatının işləri ilə məşğul olur. Təsərrüfat da ki, maşallah! Deyirəm indi bu yerdə, qışın bu günündə hardansa təsadüfən kəndinə gəlib, bu qurulub-yaradılanların əvəzinə “qubba-qubba” bir şeylər axtaranları dəvət edəsən Naxçıvan kəndlərindəki 72 min arı ailəsini bircə-bircə özünə saydırasan, sonra da deyəsən ki, bax, burda hər il istehsal olunan 1500 ton Naxçıvan balının puluynan bu kəndlilərin bir çoxu yaşadığı kəndindəki kimi, Naxçıvan şəhərində də, hələ Bakıda da ev-eşik sahibi olublar. Alıblar ki, universitetdə oxuyan övladları yataqxanada qalmasınlar. Min şükür! Axı bu imkanları onlara yaradan var. Bu camaat işlərindən razıdırlar. Necə deyərlər, vəzndə yüngül, qiymətdə ağır işdir bal işi. Və onu da deyəsən ki, mən sənə bayaqdan baldan danışıram, sən mənə şərabçılıqdan. Bilmirəm, bəlkə Naxçıvandan Rusiyaya birbaşa yol açılıb, şərab aparıb sataq. Yoxsa bizim xəbərimiz yoxdur? Mən kənddəki müasir xidmət mərkəzini göstərirəm, sən hələ oturmusan sarı rəngli qaz borularının üstündə. Mən kənddəki villa evlərdən danışıram sən nə bilim, haralardakı gecəqondudan. Mən sənə təhsildə ölkə birincisi olmuş naxçıvanlı gəncləri sayıram, sən ətəyindən tutduğun beş-on tənbəli. Elə bil, mersedesin yanına moskviç qoyursan. Olmaz axı!

Xülasə, mən də sizi də çox yormayım. İndi haminin işi-gücü var. Ancaq əslində belə adamları da qınamıram. Ola bilər, insandı, hamı hər şeyi ilk baxışda sezə bilməz, yaxud onu bəyənməz. Amma bir məsələni başa düşə bilmirəm ki, görəsən hansı kənar qüvvədir ki, onun gücü ilə adam öz yurduna xaraba desin. Axı deyilənə görə, nədəndirsə hər bir insanın 50 yaşından sonra məhəbbəti daha da artırmış. İndi fikirləşirəm, görəsən bu da məhəbbətin qüdrətindəndir, yoxsa..?

Heç inanmağım gəlmir. 

Əli Cabbarov

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR