10 Avqust 2020, Bazar ertəsi

2018-ci il ərzində muxtar respublika üzrə nümunəvi sərnişin­daşıma xidməti göstərən sürücülərə Naxçıvan Avtobus Parkında qiymətli hədiyyələr təqdim edilib.
Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaradıb. Ötən müddət ərzində Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.

Beynəlxalq sərnişindaşıma xidmətinin də diqqət mərkəzində saxlanıldığını qeyd edən Əli Hüseyn­əliyev İran İslam və Türkiyə respublikalarının şirkətləri ilə bağlanmış müqavilələrin, həmçinin Naxçıvan-Bakı-Naxçıvan marşrutunun əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri də təşkil edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən ötən il noyabr ayının 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziyaların verilməsinə başlanılıb. Ötən müddət ərzində 600-dən artıq sahibkar lisenziya ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kənd­lərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi köməklik göstərilir.
Sonra 2018-ci il ərzində əhaliyə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə qiymətli hədiyyələr təqdim edilib.
Babək rayonu, Gərməçataq kənd marşrutunun sürücüsü Qurban Behbu­d­ov yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından dövlətimizə minnətdarlıq edib.
Sonda tədbir iştirakçıları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyini ziyarət edib, buradakı eksponatlarla tanış olublar.

 Nail ƏSGƏROV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR