20 Fevral 2020, Cümə axşamı

Fevralın 21-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Avtomobil Zavodunda olan qonağa məlumat verilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 15 modeldə avtomobil istehsal olunur.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq qonaqlarda ­maraq doğurub.

* * *

Fevralın 21-də Ordubad rayonunun Azadkənd kəndinin su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsinin imzalanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, 50 minə yaxın əhalisi olan Ordubad rayonunda 1 şəhər, 3 qəsəbə və 43 kənd vardır. Əhalinin əsas məşğuliyyəti meyvəçilik, tərəvəzçilik, əkinçilik, heyvandarlıq və arıçılıqdır.
Elşad Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Ordubad rayonunun hərtərəfli inkişafı təmin edilib. İmzalanacaq yeni müqavilənin və əməkdaşlığın əhəmiyyətini vurğulayan icra başçısı bu münasibətlə səfirə minnətdarlığını bildirib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxışında qeyd edib ki, bu layihə Azərbaycan hökumətinin Yaponiya ilə diplomatik əlaqələrinin qurulmasından etibarən Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı pro­qramı çərçivəsində reallaşdırılır. Bu layihələrin həyata keçirilməsi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Bundan əvvəl də Naxçıvanda su təchizatı sistemlərinə aid birgə layihələr reallaşdırılıb. Bu, sayca üçüncü layihə olacaqdır.

“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.
Sonra Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

* * *

Həmin gün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz iqtisadi inkişafını təmin edən bir diyardır

Ordubad rayonunun Azadkənd kəndində həyata keçirilməsi planlaşdırılan layihə su və suvarma sistemlərinin təchizatı layihəsidir. Altı ay ərzində başa çatdırılması nəzərdə tutulan belə layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori deyib.
“Naxçıvan iqtisadi baxımdan azad və öz iqtisadi inkişafını təmin edən bir diyardır. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malikdir”, – deyən səfir vurğulayıb ki, biz bu sahələrin inkişaf etdirilməsi istiqamətində dəstək göstərməyə həmişə hazırıq.
Naxçıvan haqqında təəssüratlarını bizimlə bölüşən səfir deyib:
– Naxçıvanın təmiz havası, gözəl təbiəti vardır. Bu diyarın dağlarla əhatə olunması ona xüsusi gözəllik verir. Bu da Naxçıvanda turizmin inkişafına təkan verə biləcək mühüm amillərdəndir.


 Nail ƏSGƏROV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR