22 Sentyabr 2020, Çərşənbə axşamı

Fevralın 19-da Naxçıvan şəhərində bədən tərbiyəsinin inkişafı, idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında mühüm rol oynayan bədən tərbiyəsinin və idmanın inkişafı Ali Məclisin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Naxçıvan şəhərində də uşaq və gənc­lərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. Hazırda şəhərdə 1 Olimpiya-İdman Kompleksi, 1 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Atıcılıq Mərkəzi, 2 Uşaq-gənclər idman məktəbi, Muxtar Respublika Stadionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, tamaşaçı tutumu 1500-dək olan 3 stadion, 14 süni örtüklü mini-futbol meydançası, 29 idman, 1 güləş, 11 trenajor zalları və 297 sadətipli idman avadanlığı vardır. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikamızın paytaxtı beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ötən il Naxçıvan şəhərində 3 beynəlxalq festival və turnir, 53 muxtar respublika, 62 şəhər çempionatı, turnir və birincilik keçirilib. İdmançılardan 137 nəfər beynəlxalq və Azərbaycan, 371 nəfər muxtar respublika birinciliklərində iştirak edərək müvafiq yerlərə layiq görülüblər.

İcra başçısı vurğulayıb ki, Naxçıvan şəhərində idmanla 9 min 875 uşaq və gənc məşğul olur. Onların 7 min 15-i oğlan, 2 min 860-ı isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənc­lərdən də 97-si idmanla məşğul olur.
Qeyd olunub ki, muxtar respublikamızda müasir idman infrastrukturunun yaradılması sağlam gənc­liyin yetişməsinə xidmət etməklə bərabər, gənclərin zərərli vərdişlərdən uzaq olmasına da imkanlar yaradır. Buna görə də bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılanlardan bütün vətəndaşlar və gənclər səmərəli istifadə etməlidirlər.
“2019-cu ildə bədən tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar hər bir ­aidiyyəti qurum 2018-ci il 10 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun verdiyi tapşırıqları rəhbər tutaraq, üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk etməli, bu sahənin inkişafına yüksək səviyyədə nail olmalıdır”, – deyən Mirsənani Seyidov qeyd edib ki, Gənclər və İdman İdarəsi Naxçıvan şəhərində gənclərin idmana cəlbi, müxtəlif idman növləri üzrə şəhərdaxili yarışların keçirilməsi istiqamətində federasiyalarla əlaqəsini genişləndirməli, Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birlikdə məhdud fiziki imkanlı yeniyetmə və gənclərin müxtəlif idman növlərinə cəlb olunmasına daha ciddi yanaşmalı, Təhsil Şöbəsi böyüməkdə olan gənc nəslin əqli və fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalı, ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin ixtisaslı müəllimlər tərəfindən tədrisinə nəzarəti artırmalı, Uşaq-gənclər idman məktəbi fəaliyyət göstərdiyi bölmələr üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılmasına nail olmalı, onların il ərzində muxtar respublika və Azərbaycan birinciliklərində iştirakını təmin etməli, yaradılan idman infra­strukturunun, o cümlədən idman obyekt və qurğularının qorunmasına gündəlik nəzarəti artırmalı, onlardan istifadəyə şərait yaratmalıdır.
Müşavirədə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov qeyd edib ki, Naxçıvan şəhərində 12 idman federasiyası, həmçinin oğlan və qızlardan ibarət stolüstü tennis bölmələri, qızlardan ibarət “Xatun” bədii gimnastika klubu və həndbol qrupları fəaliyyət göstərir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi 2018-ci il ərzində iş və idman-təqvim planlarına uyğun olaraq aidiyyəti qurumlarla və idman federasiyaları ilə birlikdə kütləvi bədən tərbiyəsi və idman sahəsində bir sıra tədbirlər keçirib. Bununla yanaşı, hərbi-vətənpərvərlik sahəsində keçirilən “Şahin” və “Sərhəd” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublika zona birinciliyində komandalarımız muxtar respublika üzrə I və II yerlərin qalibi olub, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışında muxtar respublika birinciliyinin qalibi olan komandamız isə Azərbaycan birinciliyinin final mərhələsində də bütün rəqiblərini geridə qoyaraq 1106 xalla ölkə birincisi adını qazanıb. 2018-ci il ərzində idmançılarımızın 137 nəfəri beynəlxalq və Azərbaycan birinciliklərində, 371 nəfəri isə muxtar respublika birinciliklərində müvafiq yerlərə layiq görülüblər.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov vurğulayıb ki, ötən il kompleks iki beynəlxalq turnirə, 26 muxtar respublika birinciliyinə və 19 şəhər birinciliyinə ev sahibliyi edib. Kompleksin Üzgüçülük Mərkəzində 2 oğlan və 2 qız qruplarında, ümumilikdə, 200 idmançı bu növün sirlərini öyrənir. Həmçinin mərkəzin ikinci mərtəbəsində oğlan və qızlardan ibarət stolüstü tennis bölmələri fəaliyyət göstərir. Ümumilikdə, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 1277 nəfər idmanla məşğul olur.
Sonra ötən il fərqlənən idmançılar mükafatlandırılıb.
Müşavirəyə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR