20 Fevral 2020, Cümə axşamı

Rayonda yeniləşmə ruhu hakimdir, insanlar sabahlarının bu gündən
daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər

 Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuğun daha bir ünvanı olan Şərur bu gün yüksəlişinin yeni mərhələsindədir. Son illərdə rayonun siması xeyli dəyişib, çoxsaylı sosial obyektlər, xidmət şəbəkələri, irili-xırdalı istehsal və emal müəssisələri fəaliyyətə başlayıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. 

İcrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan və sosial-iqtisadi inkişafı nəzərdə tutan dövlət pro­qramlarının uğurla həyata keçirilməsi nəticəsində bütün bölgələr kimi, Şərurda da yeniləşmə ruhu hakimdir, insanlar böyük həvəslə qurub-­yaratmaq, abadlaşdırmaq istəyirlər, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər. Ümumiyyətlə, muxtar respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, əhalinin məşğulluq səviyyəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu qədim bölgəni də ağuşuna alıb.

Hər il yüzlərlə yeni iş yerləri yaradılır, məhsul istehsalı ilbəil artır, xidmət təşkilatlarının fəaliyyətləri genişləndirilir, bu hesaba da əhalinin həyat səviyyəsi xeyli yüksəlir.
Ötən il rayonda kənd təsərrüfatı, tikinti, ticarət, sənaye, nəqliyyat, poçt və rabitə xidmətləri sahələrindəki göstəricilər əvvəlki ili üstələyir. Dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən sahibkarların da bu sahədə xidmətləri çoxdur. Əhali gəlirlərinin artması ilə əlaqədar çoxsaylı fərdi yaşayış evləri, yardımçı binalar tikilib, rayonda infrastruktur daha da gücləndirilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar açıb, bunun nəticəsi olaraq il ərzində 516 yeni iş yeri yaradılıb ki, bunun da 505-i daimi iş yeridir.
Ötən ilin makroiqtisadi göstəriciləri rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir. Hər şeydən əvvəl, onu qeyd edək ki, son illər rayonda iş üslubu və metodları, təşkilat-idarəetmə məsələləri daha da təkmilləşdirilib, sakinlərlə aparılan iş ön plana çəkilib, əmək və icra intizamı diqqət mərkəzində saxlanılıb, bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Başlıca diqqət qarşıya qoyulan vəzifələrin, verilmiş göstəriş və tövsiyələrin uğurla yerinə yetirilməsinə yönəldilib.
Naxçıvana səfərləri zamanı ölkə başçısının muxtar respublikada görülmüş işlərə verdiyi yüksək qiymət, işlədiyi sahədən asılı olmayaraq, hər bir kəsi daha səylə və fədakarlıqla çalışmağa ruhlandırıb. Bütün bunlar isə öz ifadəsini əldə edilmiş nəticələrdə göstərir.
Sosial obyektlərin tikintisi ötən il də davam etdirilib. Belə ki, Ərəbyengicə, İbadulla və Kosacan kənd­lərində tam orta məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Ələkli kəndində asfalt-beton zavodu, İbadulla Radio-Televiziya Verici Stansiyası üçün inzibati bina tikilib, Şərur şəhərini və ətraf kəndləri əhatə edən içməli su şəbəkəsinin və kanalizasiya sisteminin birinci və ikinci hissələri istismara verilib. Yengicə kəndində Şərq hamamı bərpa olunub, Şərur şəhərinin Heydər Əliyev prospektindəki 60 mənzilli və Kapitan Seyidov küçəsindəki 40 mənzilli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki servis mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunub. Kərimbəyli kəndində aparılan sosial obyektlərin inşası başa çatdırılaraq cari ildə istifadəyə verilib. Hazırda Yeni Havuş və Xətai kənd­ləri üçün nəzərdə tutulmuş tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, Qışlaqabbas və Alışar kənd­lərində kənd və xidmət mərkəzləri tikilir, Şərur şəhərinin Kapitan Seyidov küçəsindəki 9 nömrəli 24 mənzilli yaşayış binasının əsaslı təmiri başa çatdırılmaqdadır. İlin sonlarında rayonda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ Lifan-320” markalı minik avtomobili verilib.
Kənd mərkəzlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyə qurumlarının, mədəniyyət müəssisələrinin, poçt, rabitə və baytarlıq xidmətlərinin, polis sahə müvəkkillərinin fəaliyyət göstərmələri üçün normal şərait yaradılıb. Ərazilərdə abadlıq, yaşıllaşdırma işləri də görülüb, su çəkilib, elektrik və telefon xətləri, transformator yarımstansiyaları təzələnib, yollar əsaslı şəkildə yenidən qurulub. Əhalinin həyat səviyyəsinin yaxşılaşmasının nəticəsidir ki, ötən il ərzində 26 min 757 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Ələkli kəndi ərazisindəki asfalt-beton zavodu, qum-çınqıl karxanası yol təmiri və tikinti işlərinin sürətlənməsinə imkan yaradıb. Bunun nəticəsidir ki, 2018-ci ildə Xanlıqlar-Vərməziyar-İbadulla, Qışlaq­abbas-Ərəbyengicə, Çəmənli-Qarahəsənli, Siyaqut-Kosacan, Axaməd-Kərimbəyli avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.
Ümumiyyətlə, ötən il ərzində 47 müxtəlif təyinatlı obyekt tikilib, 21 obyektin tikintisi, yaxud yenidən qurulması davam etdirilir. Tikinti-quruculuq işlərində istifadə olunan investisiyanın həcmi 74 milyon 561,2 min manat təşkil edib, rayonda istehsal olunan sənaye məhsullarının həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 94 milyon 232,7 min manata çatdırılıb.
Son illər aparılan genişmiqyaslı yaşıllaşdırma tədbirləri rayonun simasını xeyli dəyişib. Ötən il də daxili imkanlar səfərbər edilməklə, yeni yaşıllıqlar və meyvə bağları salınıb. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq iməciliklər yolu ilə 15,6 hektar sahədə yeni meyvə bağları salınıb, 26 hektar sahədə bərpa işləri aparılıb, xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində isə 34,5 hektar meyvə bağı salınıb. Eyni zamanda rayonda üzümçülük ənənələrinin bərpası diqqət mərkəzində saxlanılıb, 6 hektar sahədə yeni üzüm bağı salınıb. Yaşıllaşdırma və bağsalma kampaniyaları çərçivəsində 18 min meyvə tingi, 5 min 600 meşə və bəzək ağacları əkilib.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 11,8 hektar sahədə tütün əkilib, 7 min 230 kiloqram quru tütün istehsal olunub.
Rayonun təbii-iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, təsərrüfatın gəlirli sahəsi olan arıçılıq inkişaf etdirilsin. Hazırda burada 443 təsərrüfatda 8 min 409 arı ailəsi var və ötən il ərzində 186 ton bal istehsal edilib.
2018-ci il xidmət təşkilatlarının, o cümlədən elektrik və qaz təsərrüfatlarının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Qəza vəziyyətində olan elektrik dirəkləri və qaz xətləri təzələnib, itkilərin qarşısının alınması, əhalinin dayanıqlı və fasiləsiz elektrik enerjisi, qazla təmin olunması üçün zəruri tədbirlər görülüb.
Məhsuldar torpaqları olan Şərur muxtar respublikamızın iri kənd təsərrüfatı rayonlarındandır. Burada xeyli münbit torpaq, kifayət qədər suvarma suyu vardır. Hər il rayonun əkinçiləri torpağa çəkdikləri zəhmətin bəhrəsini artıqlaması ilə görürlər. Aqrar bölməyə dövlət qayğısının artması faydalı iş əmsalının daha da yüksəlməsinə səbəb olur. Rayonda bu sahənin inkişafı naminə məqsədyönlü addımlar atılır, torpaq mülkiyyətçilərinə hərtərəfli dəstək göstərilir. Buna görə də rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında ötən il də müsbət irəliləyişlər qeydə alınıb, keyfiyyətli məhsul istehsalı üçün münbit şərait yaradılıb. Əkinçiliklə məşğul olanlara göstərilən dövlət dəstəyi bu sahəyə marağı daha da artırıb, əkin­əyararlı olan 17 min 115 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitki­ləri əkilib-becərilib. Rayon üzrə 13 min 861 ton taxıl, 22 min tona yaxın meyvə, 1559 ton üzüm, 32 min 246 ton tərəvəz, 6 min 589 ton bostan məhsulları, 8 min 997 ton dən qarğıdalı, 16 min 357 ton kartof istehsal olunub.
Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. Son illər mal-qaranın qaba və qüvvəli yemlərlə təmin edilməsi üçün yonca və arpa sahələri genişləndirilib, iribuynuzlu və xırdabuynuzlu heyvanların, quşların baş sayı, həmçinin ət, yun və yumurta istehsalı xeyli artıb. Hazırda rayonda 36 min 387 baş iribuynuzlu mal-qara, 129 min 654 baş xırdabuynuzlu heyvan vardır. Ötən il diri çəkidə 8 min 356,5 ton ət, 28 min 87 ton süd, 22 milyon 40 min ədəd yumurta, 191,9 ton yun istehsal edilib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 1,6 faiz, 1,4 faiz, 1,3 faiz və 1,2 faiz çoxdur.
Qazanılan uğurlarda ailə təsərrüfatlarının da rolu az deyil. Qeyd edək ki, artıq Şərurda 89 belə təsərrüfat mövcuddur və onlar öz məhsulları ilə keçirilən festivallarda iştirak edirlər. Məqsəd böyük biznesə aparan belə kiçik təsərrüfatları inkişaf etdirməkdir.

Şərurda gedən inkişaf prosesləri, əldə edilən uğurlar bu qədim bölgənin sakinlərini sevindirir, gələcəyə inam hissini daha da yüksəldir. Dövlət müstəqilliyimizin bəhrələri Şərurun hər bir guşəsində özünü bariz şəkildə göstərir. Şərur bu gün abad yaşayış məntəqələri, yolları, bağ-bağçaları, bol məhsul verən tarlaları ilə müstəqil Azərbaycan rayonunun canlı nümunəsidir. Bu torpağın hüsnünə tamaşa etdikcə düşünürsən ki, qayğıkeş, zəhmətkeş insanların illərlə davam edən yorulmaz əməyi artıq öz əməli nəticəsini verib. Bunun ifadəsidir ki, insanların düşüncəsinə qurub-­yaratmaq ruhu hakim kəsilib. Bu da, sözsüz ki, Şərurun daha gözəl sabahlarından xəbər verir. Sosial-iqtisadi uğurlar artdıqca, quruculuq, abadlıq işləri çoxaldıqca, sakinlərin həyat şəraiti də əsaslı surətdə yaxşılaşır. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyev ideyalarına sadiqlik dayanır.
Bəli, Şərur rayonu özünün intibah dövrünü yaşayır. Qazanılmış iqtisadi yüksəlişə, nümunəvi sosial həyat tərzinə, firavan dolanışığa görə müdrik, uzaqgörən siyasətçi, XX əsrdə xalqımıza Tanrı payı kimi bəxş olunmuş ümummilli liderimiz Heydər Əliyevi daim minnətdarlıq hissi ilə xatırlayan hər bir şərurlu gələcəyə doğru mətin addımlarla irəliləyir. Mayasında halallıq olan, bir əli torpaqdan, bir əli isə haqdan üzülməyənlərin sabahının daha nurlu olacağı şübhəsizdir.
Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və mütəşəkkil ab-hava mövcuddur. İşlərin gedişi ilə yaxından tanışlıq belə deməyə əsas verir ki, 2019-cu il həyatın bütün sahələrində Şərur rayonu üçün daha böyük inkişaf və irəliləyiş ili olacaqdır. Çünki bölgənin hər günü, hər saatı abadlıq, yaşıllıq, yenidənqurma işləri ilə başa çatır. Elə bir dövrə qədəm qoyulub ki, artıq bu yoldan sakinləri heç nə döndərə bilməz. Bu yolun bir adı var: inkişaf yolu.

Elman MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR