10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində Naxçıvanda paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Hesabat dövrü ərzində federasiya tərəfindən bir sıra tədbirlər keçirilib.
Vüqar Məmmədov qeyd edib ki, muxtar respublikada boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə federasiyanın dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya dəvət edilib, təlim-məşqlər olub. Hazırda federasiyanın Naxçıvan şəhərində qolbol bölməsi, Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında stolüstü tennis, Naxçıvan şəhərində və bütün rayonlarda boccia bölmələri fəaliyyət göstərir.

Vurğulanıb ki, adıçəkilən müşavirədə federasiyalara bir sıra tapşırıqlar verilib. Tapşırıqların icrası diqqət mərkəzində saxlanılacaq və müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən Paralimpiya Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
“2006-cı ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırıb”, – deyən Məcid Seyidov nəzərə çatdırıb ki, 2018-ci il ərzində şəhər və rayonları əhatə etməklə 361 idmançı 14 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib, həmçinin həmyerlimiz, milli komandanın üzvü, respublika çempionatının mükafatçısı Qafqaz Hüseynov federasiyanın boccia bölmələrində təlim-məşqlər aparıb.
Sonra Naxçıvan şəhər tennis bölməsinin məşqçi-müəllimi Novruz Novruzovun çıxışı dinlənilib.
Sonda federasiyanın sədr müavini Vüqar Məmmədov qarşıya qoyulan vəzifələri, göstəriş və tapşırıqları rəhbər tutaraq muxtar respublika idmanına öz töhfələrini verəcəklərinə əminliyini bildirib, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkür edib.

 Ceyhun MƏMMƏDOV

*  *  *

Ordubad rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, rayonda ayrı-ayrı idman növləri üzrə 10 federasiya bölməsi fəaliyyət göstərir.
Mövcud infrastruktur və göstərilən dövlət qayğısı nəticəsində 2018-ci ildə gənc idmançılarımız idmanın müxtəlif növləri üzrə keçirilən yarış və çempionatlarda fəal iştirak edib, həm şəxsi birincilik, həm də komanda hesabı ilə müxtəlif növlər üzrə qalib olublar.
Diqqətə çatdırılıb ki, ötən il kütləvi bədən tərbiyəsi və idman sahəsində keçirilmiş 40 tədbirdə 1683 nəfərdən çox yeniyetmə və gənc iştirak edib. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 6688 nəfərdir ki, onların 2451 nəfərini qızlar təşkil edir.
Rayon idmançılarından Naxçıvan Muxtar Respublika yarışlarında fərdi qaydada 16 idmançı birinci, 4 komanda ikinci yerə layiq görülüblər. Ölkə üzrə yarışlarda idmançılarımızdan fərdi qaydada 2 nəfər birinci, 2 nəfər isə ikinci yerə layiq görülüb. İdmançılarımızdan muxtar respublikanın yığma komandalarının tərkibində beynəlxalq səviyyəli yarışlarda 1 nəfər boks üzrə birinci yerə, 1 nəfər şahmat festivalında “C” qrupunda 10 yaşlı qızlar arasında ikinci yerə çıxıb.
Ötən dövr ərzində sağlamlıq imkanları məhdud olan uşaqlar da idmana cəlb olunub, həmin kateqoriyadan olan 18 yaşınadək 12, 18 yaşından yuxarı 2 idmançımız muxtar respublika səviyyəli idman yarışlarında iştirak edib.
Qeyd olunub ki, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Hüseyn Seyid son 4 ildə ardıcıl olaraq şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb. 2018-ci ildə Naxçıvanda keçirilən şahmat çempionatında I yeri tutub və 25 yanvar-4 fevral tarixlərində rayonun 5 nəfər istedadlı şahmatçısı Mingəçevir şəhərində Azərbaycan çempionatının seçmə turnirində iştirak edib, Hüseyn Seyid 11 yaşlılar arasında II yerə çıxıb.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika yığma idman komandasının üzvü Əmrah Nağıyev 2018-ci ildə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası birinciliklərində qalib gəlib. Həmin komandanın üzvü Xatun Orucova qızlar arasında Naxçıvan Muxtar Respublikasının qalibi olub, Azərbaycan Respublikası birinciliyində birinci yeri tutub.
Gülnur Abdullayeva karate-do idman növü üzrə dəfələrlə rayon birinciliklərində, Naxçıvan Muxtar Respublika birincilik, turnir və yoldaşlıq görüşlərində qələbə qazanıb.
Qeyd olunub ki, 2018-ci ildə Kənan İbrahimov İran İslam Respublikasında keçirilən Boks üzrə Beynəlxalq turnirdə I yerin qalibi olub.
“Vətəni müdafiəyə hazıram”, “Sərhəd” və “Şahin” hərbi idman oyunu üzrə muxtar respublika mərhələsində rayonun qalib komandalarının iştirakı təmin edilib.
İcra başçısı Elşad Məmmədov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, rayon Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Mövcud idman infrastrukturundan səmərəli istifadə edilməli, idman obyekt və qurğularının qorunması, sağlamlıq imkanları məhdud olanların idmana cəlbi diqqət mərkəzində saxlanılmalıdır. Rayon Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi ilə birlikdə idmanın kütləviliyini təmin etmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər. Digər aid təşkilatlar, həmçinin federasiya bölmələrinin rəhbərləri gənc və perspektivli idmançıların yetişdirilməsi üçün səylərini artırmalıdırlar. Ona nail olmaq lazımdır ki, idmançılarımız daha nüfuzlu yarışlarda böyük nəticələr əldə etsinlər.
“Ordubad rayonunda 2019-cu il ərzində gənclər və idman sahəsində görüləcək işlərin planı”na daxil edilmiş tədbirlər vaxtında həyata keçirilməli və bütün öhdəliklər yerinə yetirilməlidir.
Müşavirədə Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov, Şahmat Məktəbinin direktoru İsrafil Məmmədov və Paralimpiya Federasiyasının Ordubad rayon bölməsinin sədri Niyazi ­Quliyev çıxış ediblər.
Sonda ötən il ərzində fərqlənən idmançılar mükafatlandırılıblar.

Abbas SEYİD

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR