21 Yanvar 2020, Çərşənbə axşamı

2018-ci il Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də uğurlarla yadda qaldı. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə yanaşı, ölkəmizin Gənclər Paytaxtı seçilməsi gənclərimizin fəaliyyət dairəsini də xeyli genişləndirdi. Həyata keçirilən dövlət gənclər siyasəti, yaradılan şərait, naxçıvanlı gənclərin beynəlxalq arenalarda  uğurlar qazanması bir daha sübut etdi ki, Naxçıvan bu adları daşımağa layiqdir. Təbii ki, gənclər üçün yaradılan müasir infrastruktur da burada əsas rol oynadı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olundu və il ərzində bir çox tədbirlər həyata keçirildi. Təşkil olunan tədbirlərdə ulu öndərimizin siyasi irsinin gənclərə aşılanması, hərbi xidmətdən tərxis olunmuş gənclərlə işi gücləndirmək, onların düzgün maarifləndirilməsi, intellektual oyunların keçirilməsi, sosial şəbəkələrdən gənclərimizin səmərəli istifadəsi prioritet məsələlər oldu. İctimai həyatda fəal olan gənclərimizin bir neçəsindən 2018-ci ilin onlar üçün hansı uğurlarla yadda qaldığını və cari ildən gözləntilərinin nə olduğunu soruşduq.

Fətəli AXUNDZADƏ – ilin gənc musiqiçisi
Fətəli üçün 2019-cu il yeni ümidlərin, arzu və istəklərin yaranması deməkdir: “Sevindirici haldır ki, 2018-ci il istər Azərbaycan, istərsə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün çox uğurlu il oldu. Ötən il mədəni­-kütləvi tədbirlərlə yanaşı, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ilə yadda qaldı. 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla, ümumilikdə, 11 min hektar ərazimizin düşməndən azad edilməsi biz gənclərdə böyük ruh yüksəkliyi yaratdı.
Ötən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə, İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyədə böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə yer aldı. İslam Mədəniyyətinin Paytaxtı adını fəxrlə daşıyan Naxçıvan şəhərinin həmin il həm də ölkəmizin Gənclər Paytaxtı seçilməsi hər birimizi qürurlandırdı. Doğma şəhərimizin belə bir statusa layiq görülməsi muxtar diyarımızın təbliği istiqamətində daha geniş imkanlar açdı.

Naxçıvanda yallı sənətinin inkişafı sahəsində ötən illər ərzində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb, kitab nəşr olunub. Bu sahədə görülən işlərin nəticəsi olaraq ötən il “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi biz sənət adamlarının da hər birinə milli qürur və sevinc hissi yaşatdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncam imzalaması bu xalq yaradıcılığının öyrənilməsi və təbliği istiqamətində mədəniyyət işçilərinin də qarşısında mühüm vəzifələr qoyur.
Gənc musiqiçinin fikrincə, ötən il muxtar respublikanın bütün sahələrində fəaliyyət göstərən gənclər üçün çox məhsuldar il oldu. Çoxsaylı və rəngarəng mədəni-kütləvi, elmi tədbirlərin keçirildiyi bir diyarda gənclərin uğur qazanması təbiidir.
Çalışdığım mədəniyyət sahəsi bir çox böyük mədəni tədbirlərə imza atdı və o tədbirlərin bir qismində mən də iştirak etdim. İstər çalışdığım Naxçıvan Musiqi Kollecində, istərsə də Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə keçirilən tədbirlər yaddaqalan oldu. İnanıram ki, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi kimi əlamətdar hadisəni qeyd edəcəyimiz 2019-cu ildə mədəniyyətimizin də inkişafında mühüm nailiyyətlər əldə olunacaq”.
Aidə İBRAHİMOVA – fəal mədəniyyət işçisi:
– Bu gün muxtar respublikamızda milli dəyərlərin inkişafı ön plandadır. Belə dəyərlər içərisində xalq yaradıcılığı xüsusi yer tutur. Diyarımızda xalq yaradıcılığı günlərinin keçirilməsi, təhsil və mədəniyyət ocaqlarında gələcək nəsillərə milli dəyərlərimizin aşılanması həmin sərvətlərimizin yaşadılmasının göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mədəniyyətimizin inkişafını diqqət mərkəzində saxlayır, bu istiqamətdə dövlət proqramları təsdiq olunur. Bu sırada Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etməsini 2018-ci ilin ən yaddaqalan hadisələrindən biri hesab edirəm. Bu dövlət sənədi biz mədəniyyət işçilərinə fəaliyyətimizdə stimul yaradıb.
Artıq iki ildir ki, mən Naxçıvanı qarış-qarış gəzərək yaşlı insanlardan etnoqrafik materiallar toplayıram. Məqsədim nənə və babalarımızın dilindən süzülüb gələn bütün tarixi faktları mükəmməl mənimsəyib maraqlı işlər ortaya çıxarmaq, topladığım materialları kitab halına gətirərək oxuculara təqdim etməkdir.
Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər” festivalında iştirakım mənim üçün çox xoş təəssüratlarla yadda qaldı. Gördüyüm işlər xalq yaradıcılığının əsas bir hissəsini (milli geyimlər, bədii tikmələr, yallı, folklor və sair) özündə cəmləşdirsə də, yeniliklər etməyi qarşıma məqsəd qoymuşdum. İki ildir, rəhbərlik etdiyim ilk “Pantomimo” dərnəyində uğurlar qazanırıq. Muxtar respublika dram dərnəklərinin müsabiqəsində ilk və son turlarda istedadlı gənclərimizin göstərdiyi nəticələrə görə qalib olduq. Ötən ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən “Fəal mədəniyyət işçisi” adına layiq görülmüşəm. Bu isə məsuliyyət hissimi daha da artırır. Mənə göstərilən etimadı hər zaman doğrultmağa çalışacağıma söz verirəm. Qarşıda həyata keçirmək istədiyim çoxlu layihələr və işlər var. Ümid edirəm ki, öhdəsindən gələcəyəm.
Səkinə TARVERDİYEVA – ilin gənc həkimi
Muxtar respublikada səhiyyəyə göstərilən diqqət və qayğıdan bəhs edən gənc həkim növbəti ildə işində və şəxsi həyatında müsbət nəticələr əldə etmək istəyir: “Geridə qoyduğumuz il muxtar respublikanın bütün sahələrində uğurlu il kimi tarixin yaddaşına həkk olundu. Naxçıvanın istər İslam Mədəniyyətinin Paytaxtı, istərsə də ölkəmizin Gənclər Paytaxtı olması biz gənclərin məsuliyyətini daha da artırdı. Təbii ki, hər zaman diqqətlə əhatə olunan gənclər bunun öhdəsindən layiqincə gəldilər”.
Müsahibimin sözlərinə görə 2018-ci il bütün səhiyyə işçiləri üçün də uğurlu olub. Ən çox yaddaqalan isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında çalışdığı müddətdə xəstəxana binasını yenidən qurularaq istifadəyə verilməsidir. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi bir daha sübut etdi ki, uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması daim diqqət mərkəzindədir. Mən də çalışacağam ki, öz fəaliyyətimlə gələcəyimiz olan uşaqlarımızın sağlamlığı istiqamətində həyata keçirilən tədbirlərə töhfəmi verim.
Rəhim NƏCƏFOV – fəal gənc:
– Yeni ildə hər bir gənc kimi, təbii ki, mənim də arzularım var. Bu arzuların sırasında karyeramla bağlı olanlar da çoxdur. İş həyatımda böyük uğurlar qazanacağıma ümid edirəm. Hər zamankı kimi, bu il də şəxsi inkişaf mənim üçün prioritet məsələ olacaq. Müəyyən pro­qramlar əsasında xarici ölkələrdə ingilis dilində tədris olunan “Avropa­şünaslıq” fənni üzrə kurslar keçmək niyyətindəyəm. Çünki ilk dəfə 2016-cı ildə Polşada və Çexiyada TEMPUS proqramı əsasında ingilis dilində tədris olunan kursda qazandığım uğuru təkrarlamaq istəyirəm. Eyni zamanda təsisçisi olduğum “İDEAL” ingilis dili kursunun əhatə dairəsini genişləndirməyi planlaşdırıram. Bununla yanaşı, çoxlu kitab oxumağı, tədbirlərə qatılmağı və muxtar respublikamız üçün layiqli işlərdə uğur qazanmağı düşünürəm.
Ötən il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda bir sıra dövlət tədbirləri keçirildi. Bu tədbirlərdə biz gənc­lərin fəal iştirakını da xüsusilə qeyd etmək istərdim. Mənim üçün ən yaddaqalan tədbir isə Naxçıvanda keçirilən “Avropa günləri” oldu. “Avropa günləri” qədim və müasir Naxçıvanın dünyada təbliği, muxtar respublikanın Avropaya inteqrasiyası baxımından əhəmiyyətli idi. Naxçıvanın mədəni həyatında xoş xatirə kimi qalan bu tədbirdə bir çox gəncimiz könüllü tərcüməçi kimi iştirak etməklə həm Avropa İttifaqını təşkil edən ayrı-ayrı ölkələrin mədəniyyəti və tarixi haqqında yeni bilgilər qazandı, həm də muxtar respublikamızın şanlı tarixi barədə qonaqlara ətraflı məlumatlar verdilər.
Ümid edirəm ki, Naxçıvan gəncləri bu il muxtariyyətimizin 95 illik yubileyinə öz fəaliyyətləri ilə sanballı töhfələr verəcəklər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR