23 Yanvar 2020, Cümə axşamı

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, dövlət proqramlarının reallaşdırılması nəticəsində iqtisadi inkişaf ötən il də artan templə davam edib. Cəmiyyətdə ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli-mənəvi və ideoloji dəyərlərimizin yaşadılması, məsələlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin aparılması yeni-yeni uğurlara yol açıb, sosial-siyasi və mədəni həyatda mühüm nailiyyətlər əldə olunub. Ötən il həm də Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını ­daşımasının qürurunu yaşadıq. Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması isə sevincimizə sevinc qatdı. 

 2018-ci ilin əhəmiyyətli hadisələrindən biri də yanvarın 23-də Heydər Əliyev Muzeyində muxtar respublikanın 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbirin keçirilməsi olub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ölkəmizin və muxtar respublikamızın sürətlə inkişaf etdiyini, inkişafın mərkəzində isə insan amilinin dayandığını vurğulayıb.

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümündə Naxçıvan Biznes Mərkəzində Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı davamlı iqtisadi yüksəlişə töhfə verən sahibkarlığın inkişafını şərtləndirən mühüm istiqamətləri qeyd edib. Bunlar vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətlərinin dəstəklənməsi və digər mühüm məsələlərdir. Həmin tədbirdə Ali Məclis Sədrinin yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etməsi isə bu sahənin inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiq edib.
İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr gündən-günə genişlənir. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əlaqələrin inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması isə bir sıra sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə zəmanət verir. Ötən il aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan əhəmiyyətlidir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, söhbət zamanı qarşılıqlı maraq­doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə və muxtar respublikamızda ilin ən mühüm ictimai-­siyasi hadisələrindən biri də aprelin 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Müstəqil respublikamızda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verib. Aprelin 11-də muxtar respublikamızda 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində keçirilən seçkilərdə həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak edib.
Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib. Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
2018-ci il həm də ulu öndərimiz Heydər Əliyevin 95 illiyinin qeyd olunması ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən muxtar respublikamızda silsilə tədbirlər keçirilib.
Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Həmin gün Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş rəsm sərgisinə baxıb.
Ötən il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də ilin ən əlamətdar hadisəsi kimi yadda qalıb. Həmin gün dövlətimizin başçısı bir sıra mühüm əhəmiyyətə malik obyektlərin, eyni zamanda “Şərur şəhər və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.
Prezident cənab İlham Əliyev muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Qürurla deyə bilərik ki, böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Bu sırada beynəlxalq rəsm festivalları özünəməxsus yerə malikdir. Ötən il 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Ali Məclisin Sədri sərginin açılışında iştirak edib.
Ötən il mayın 28-də Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri cümhuriyyətin xalqımızın istiqlal tarixinin şanlı səhifəsi olduğunu, milli hökumətimizin keçdiyi şərəfli yolun gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratdığını vurğulayıb.
Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Doğma diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açıb. Ötən il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan edib.
Ötən ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun ön xəttin dövlət sərhədi boyu 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi və nəticədə, düşmənin yaşayış məntəqələrinə və mühüm strateji yollara tam nəzarəti ələ alması onun qüdrətinin növbəti göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu mühüm hadisəni “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb.
Ötən il iyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb. Muxtar respublika rəhbəri mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı 2018-ci ilin birinci yarısında da davam edib. Məhz bunun nəticəsidir ki, birinci yarımildə ümumi daxili məhsul istehsalı 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxınının qeyri­-dövlət sektorunun payına düşməsi sahibkarlığa göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Ötən ilin altı ayı ərzində 1364 yeni iş yerinin açılması, bunun da 98,3 faizinin daimi iş yerlərinin olması əhalinin məşğulluğunun artırılması və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar 2018-ci il iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında da qeyd olunub.
Kəskin kontinental iqlimə malik olan Naxçıvanda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Ötən il avqustun 4-də Naxçıvan Muxtar Respub­likasında 2018-2019-cu illərin ­payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasının nəticəsidir ki, soyuq qış günlərində də Naxçıvanın bütün yaşayış məntəqələri fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchiz edilir.
Bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublikamız özünün sosial-iqtisadi inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Multikultural dəyərlərin yaşadıldığı Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişafında mühüm körpüyə çevrilir. Ötən ilin sentyabrında Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanda “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün də əhəmiyyətini bir daha ortaya qoyub.
Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.
Muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili davamlı xarakter alıb. Bunlardan ötən il oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən üçüncü “Arıçılıq məhsulları – bal festivalı” və noyabrın 10-da “Ailə təsərrüfatı məhsulları” festivalı böyük maraqla qarşılanıb. Ali Məclisin Sədri hər iki festivalda iştirak edib, arıçılığın və ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub. Oktyabrın 22-də Babək Rayon Mədəniyyət Evində rayonun 40 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Ali Məclisin Sədri həmin tədbirdə iştirak edib.
Qədim sivilizasiyanın məkanı olan, bu gün bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan 2018-ci il noyabrın 26-da daha bir ilkə imza atıb – həmin gün Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Forumun açılışında iştirak edən Ali Məclisin Sədri 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, noyabrın 26-da isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsinin mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırdığını vurğulayıb.
Muxtar respublikada müasir idman infrastrukturunun mövcudluğu gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənc­lərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı günü-gündən artmaqdadır. Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə də uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qalıb.
Ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Bununla qədim diyarımız İslam mədəniyyətinə, həmçinin bəşər sivilizasiyasına yeni töhfələr bəxş etdi. Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilib.
Muxtar respublikamızda diqqət və qayğı ilə əhatə olunmuş müharibə əlilləri, şəhid ailələri mənzillə təmin edilir, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzilin təqdim olunması, 1 Çernobıl əlilinə isə “NAZ Lifan 320” markalı minik avtomobilinin verilməsi də bunun bariz nümunəsidir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən il də inkişaf və sabitlik ünvanına çevrilən, Naxçıvanın sosial-iqtisadi və ictimai­-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb. Naxçıvanda bütün sahələrdə inkişaf təmin olunub. Təsadüfi deyil ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq 2 milyard 422 milyon manata yaxın olub. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir.
Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində bu faktları qeyd edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət başçı­sının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur”.

Bəli, muxtar respublikamız bütün bu uğurlara Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi sayəsində nail olub. Yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsi isə həm də Vətən sevgisi, elə-obaya sıx bağlılıq, yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyüdür. Muxtar respublikada sabitliyin, əmin-amanlığın, birliyin təmin edilməsi, milli inkişaf potensialının hərəkətə gətirilməsi, bu potensialdan səmərəli istifadə olunması nəticəsində ötən 24 il Naxçıvanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixdə 2018-ci ilin xüsusi yeri vardır.

 Rauf KƏNGƏRLİ

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR