28 May 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı qarşılıqlı faydalı əməkdaşlıq gömrük münasibətlərinin inkişafında da özünü göstərir. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri iqtisadi münasibətlərin və ticarət əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli olub.
Səfər çərçivəsində aparılmış müzakirələrdən sonra Poldəşt gömrüyünə müstəqil idarə statusu verilib, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş saatının artırılması qərara alınıb. Yanvar ayının 21-dən Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin gündəlik iş saatı 12 saatdan 16 saata çatdırılıb. Artıq bu gömrük orqanları Bakı vaxtilə səhər saat 0830-dan gecə saat 0030-dək fəaliyyət göstərəcəkdir.

İş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaqdır.

Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsi beynəlxalq statusa malik gömrük orqanlarımızdan biridir. Burada modern gömrük infrastrukturunun yaradılması, möhkəm maddi-texniki bazanın, o cümlədən X-Rey tipli rentgen nəzarət qurğusunun mövcud olması mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətinin çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. Minik, tranzit və yüklü nəqliyyat vasitələrinin, eləcə də Azərbaycanın digər bölgələrinə gedən və əks-istiqamətdə yükdaşıyan nəqliyyat vasitələrinin buraxılışının təmin olunması bu gömrük orqanının muxtar respublikamızın xarici ticarət əlaqələrində rolunu və əhəmiyyətini artırır.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin tikilib istifadəyə verilməsi 190 ilə yaxın tarixi olan bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi tam gücü ilə fəaliyyət göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR