26 Yanvar 2020, Bazar

Şərur rayonu

İnsan ömrü boyu üzləşdiyi bir çox məqamları unuda bilər, ancaq xalqına, Vətəninə qarşı gördüyü qəddarlığı heç zaman unuda bilməz. 20 Yanvar hadisələri də yaddaşlardan silinməyəcək qəddarlıq nümunəsi oldu. Üstəlik, bu vəhşilik bir nəfərə və ya bir neçə insana qarşı deyil, bütöv xalqa qarşı törədilmişdi. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “20 Yanvar hadisələrinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu, bütöv bir xalqın taleyidir”. Həmin gün azərbaycanlılar müstəqillik uğrunda mücadilə tarixinin ən şərəfli səhifəsini yazdılar. Elə buna görə 20 Yanvar hər il təkcə Ümumxalq Hüzn Günü kimi deyil, qəhrəmanlıq, milli qürur, məğrurluq günü kimi də qeyd olunur.

1990-cı ilin Qanlı Yanvar hadisələrinin səbəbi, faciəyə aparan yolları, nəticələri, qurbanları və cinayətkarları barədə çox yazılıb. Baxmayaraq ki, o vaxt respublikaya rəhbərlik edənlər bütün dünyanın nəzərini cəlb edən bu faciə ilə bağlı əvvəlcə heç bir açıqlama vermək istəmədilər, hətta ölənlərin də az qala “öz əcəllərinin qurbanı olduqlarını” qələmə verməyə çalışdılar. Lakin tez bir zamanda bütün dünya olanlardan xəbər tuta bildi. Məlum oldu ki, bir gecədə imperiyanın törətdiyi qanlı cinayətlər nəticəsində neçə-neçə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Həmin gün Şərur rayonunda da ilk şəhid məzarları qazıldı. Bu məzarlarda yanvarın 19-da Sədərək kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə yüksəlmiş Şərur şəhər sakini, polis kapitanı, sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Məhərrəm Seyidov, Oğlanqala kənd sakini Mirhəşim Seyidov muxtar respublikanın bütün bölgələrindən gəlmiş insanların iştirakı ilə dəfn edildilər.
O kədərli, nisgilli günlərimizdə ilk dəfə Bakıda və ətraf rayonlarda baş verən hadisələri dünyaya bəyan edən, etiraz səsini ucaldan isə ürəyi daim öz xalqı, Vətəni ilə birgə döyünən ulu öndər Heydər Əliyev oldu. Bu böyük şəxsiyyət faciənin ertəsi günü Kremlin beş addımlığında yerləşən Azərbaycanın Mos­kvadakı Daimi Nümayəndəliyinə gələrək əsl vətənpərvərliklə, hər addımının izlənməsinə baxmayaraq, yalnız özünəməxsus olan qətiyyət və cəsarət nümayiş etdirməklə hadisələrə kəskin etirazını bildirdi, səbəbkarların cinayətkar əməllərini ifşa etdi.
Göründüyü kimi, 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib, bu faciə həm də xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsi kimi yaddaşlara köçüb.
Dahi rəhbərin şəxsi təşəbbüsü ilə görülən tədbirlər nəticəsində bu gün şəhid məzarları müqəddəs ziyarətgahlara çevrilib, onların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirilib, imzaladığı xüsusi fərmanla “20 Yanvar şəhidi” fəxri adı təsis edilib, hər bir şəhid ailəsi dövlət qayğısı ilə tam əhatə olunub.
Dahi şəxsiyyətin uzaqgörən siyasətini ardıcıllıqla və qətiyyətlə davam etdirən respublika Prezidenti cənab İlham Əliyev də torpaqlarımızın toxunulmazlığı və müstəqilliyimiz uğrunda canlarından keçən Vətən övladlarının ailələrinə həmişə diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, müstəqil ölkəmizdə şəhidlərin xatirəsi daim uca tutulur, dövlətimiz həmişə şəhid ailələrinin yanındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ­ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanın imzalanması bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Fərmana əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsinə başlanılıb. Ötən ilin sonlarında Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzillərin təqdim olunması, 1 Çernobıl əlilinə isə “NAZ Lifan 320” markalı minik avtomobili verilməsi bir daha onu göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
…Qanlı Yanvar hadisələrindən 29 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş günləri daim xatırlayır, bu vəhşiliklərin təşkilatçılarına və onu törədənlərə öz dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanlarını ziyarət edir, Vətənin azadlığı və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad olunur.
Bu il də yanvar ayının əvvəllərindən başlayaraq Şərur rayonunun idarə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər Qanlı Yanvara gedən yola bir daha nəzər salıb, bu hadisələrin təşkilatçıları və törənmə səbəbləri barədə danışıb, ədəbi kompozisiyalar nümayiş etdirilib. Yanvarın 18-də ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.
Yanvarın 20-də isə rayon ictimaiy­yəti Qanlı Yanvar hadisələrində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib, şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, Vətən övladlarının məzarlarına tər qərənfillər düzüb.
Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib.

Babək rayonu

20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qürur günü kimi yazılıb. Ölkəmizin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları 29 il bundan əvvəl öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Ürəkləri daim Vətən sevgisi ilə döyünən bu qəhrəman oğullarımızın qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar məzmunca terror aksiyası, qanlı faciə, bəşəriyyət qarşısında cinayət olsa da, xarakter etibarilə xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz idi. Törədilmiş faciə nə qədər ağır olsa da, bu, azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Azərbaycan xalqının milli oyanışını, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizliyini sındırmaq məqsədi daşıyan bu mənfur planın həyata keçirilməsi imperiyanın iç üzünü açdı. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsində xalqımız müstəqillik uğrunda mübarizliyini bir daha nümayiş etdirdi. Bu hadisə nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mücadilə əzmini qıra bilmədi. Həmin gecə şəhid olan övladlarımız tariximizə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
20 Yanvar hadisələrinə ümummilli liderimizin təşəbbüsü ilə siyasi qiymət verilməsi, bu hadisələrin rəsmi şəkildə pislənilməsi məsələsi ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qaldırıldı. “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar layihəsini şəxsən ulu öndərin özü işləyib hazırladı və Ali Məclisin Sədri kimi müzakirəyə təqdim etdi. Ali Məclisin yekdilliklə qəbul etdiyi həmin tarixi sənəddə deyilirdi: “Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində ­görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır…”
Ümummilli liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra faciənin səbəbləri respublika miqyasında geniş araşdırıldı və ölkə başçısının 20 Yanvar faciəsinin 4-cü ildönümü münasibətilə 1994-cü il 5 yanvar tarixdə imzaladığı Fərmanla hadisələrə hüquqi­-siyasi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisin 1994-cü il mart ayının 29-da qəbul etdiyi Qərarla hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bu gün 20 Yanvar faciəsi şərəf və qürur, qeyrət və qəhrəmanlıq tariximizdir. Aradan 29 il keçməsinə baxmayaraq, xalqımız həmin tarixi böyük qürur hissi ilə xatırlayır.
Yanvarın 20-də muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Babək rayon ictimaiyyətinin nümayəndələri də rayon mərkəzi Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə gül-çiçək düzüblər.
Onu da qeyd edək ki, müstəqilliyimizin, suverenliyimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 45 babəkli şəhid olub. Bu qəhrəman Vətən övladlarının xatirəsi hər zaman dövlətimiz tərəfindən uca tutulur, şəhid ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.

Ordubad rayonu

20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini şərəflə ucaltdığı, torpaq bütövlüyü, öz suverenliyi uğrunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəf tarixidir. Qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsi sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı, ümumilikdə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Azadlıq, müstəqillik amalı ilə mübarizəyə qalxan insanlara divan tutulması, yüzlərlə günahsızın qətlə yetirilməsi sovet rejiminin imperialist və cinayətkar siyasətini bir daha bütün dünyaya açıb göstərdi.

Həmin müdhiş günlərdə ulu öndər Heydər Əliyev Bakıda olmasa da, xalqımızın səsinə hər kəsdən əvvəl səs verən də elə o dahi şəxsiyyət oldu. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn görkəmli dövlət xadimi xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını ittiham və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin baş verməməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini pisləyən ümummilli liderimiz bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bu çıxış təkcə SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək deyildi, bu, sözün əsl mənasında, böyük hünər və cəsarət idi. Ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını bildirdi, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etdi.
20 Yanvar hadisəsi zamanı Ordubad rayon sakini Rahim Vaqif oğlu Babayev də qəhrəmanlıqla şəhid olub. O zaman Bakı şəhərində təhsil alan Rahim minlərlə həmyerlimiz kimi meydanlara öz etiraz səsini ucaltmağa gəlmişdi. Düşmən gülləsi ondan da yan keçmədi, o, şəhidlik zirvəsinə ucaldı. 19 yaşı yenicə tamam olan bu vətənpərvər gəncin günahı isə ölkədə aparılan yarıtmaz siyasətə etiraz etməsi idi.
Ordubad rayonu Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda 46 şəhid verib. Uzun illər keçsə də, rayon sakinləri qəhrəman Vətən övladlarını unutmur, onların xatirəsini il ərzində keçirilən müxtəlif tədbirlərlə yad edirlər.
Yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, Ordubad şəhərindəki Şəhidlər xiyabanında da faciənin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Şəhidlər xiyabanına gələrək, həzin musiqi sədaları altında şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Culfa rayonu

20 Yanvar Vətən yolunda, millət yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olanların xatirə günüdür. Onların xatirəsinə Bakıda ucaldılmış “Əbədi məşəl” xatirə kompleksi, bölgələrdə yaradılmış Şəhidlər xiyabanları, Şəhidlər abidə kompleksləri xalqımızın ziyarətgahlarına, ən müqəddəs and yerlərinə çevrilib.
20 Yanvara aparan yol 1988-ci ilin milli azadlıq hərəkatından başlanır. Ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün xalqımız mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımızla bağlı əsassız iddialar irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəkləməsinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi ölkəmizdə, xüsusən onun mərkəzi olan Bakıda misligörünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi.
Torpaqlarımızın, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizələrdə 29 culfalı da şəhidlik zirvəsinə ucalıb. Hər il olduğu kimi, bu il Culfa rayonunda da Vətən və xalq yolunda həlak olanların xatirəsi ehtiramla yad edilib.
Yanvarın 20-də rayon ictimaiy­yətinin nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün rayon mərkəzindəki Şəhidlər abidə kompleksinin yerləşdiyi yerə gəlib, abidənin önünə tər qərənfillər qoymaqla ehtiramlarını bildiriblər.
Culfa şəhər sakini Rafiq Şahmərdanov o dövrdə baş verənləri xatırlayaraq dedi:
– Süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi 1990-cı il 20 Yanvar qətliamı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 29 il öncə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar olunmasını tələb edən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi. Xalqımız sovet qoşunlarının ölkəmizdə törətdiyi o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə dərin nifrətini bildirir.
Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Məsmə Əliyeva qeyd etdi ki, 20 Yanvar hadisələri zamanı ölkəmizin 147 vətəndaşı şəhid oldu. 744 nəfər yaralandı, itkin düşənlər də az olmadı. 20 Yanvar xalqımızın tarixində qürur, şərəf mənbəyi olmaqla, həm də heç vaxt unudulmayacaq gün, ağrısı səngiməyəcək, qanı qurumayacaq yaradır. 20 Yanvar ürəyi azadlıq odu-atəşi ilə yanan, əliyalın bir xalqın ən müasir silahlarla ­silahlanmış güclü bir ordunun üzərində qələbə çaldığı gündür.

Kəngərli rayonu 

20 Yanvar faciəsinin 29-cu ildönümü Kəngərli rayonunda da qeyd olunub. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı naminə canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon sakinlərindən Elşən Süleymanovla abidəni ziyarətdən sonra həmsöhbət olduq. Bildirdi ki, həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. 20 Yanvar tariximizə qanla yazılmış səhifə olsa da, bu həm də milli qürur günümüzdür. Çünki həmin gün vətənpərvər övladlarımız xalqımızın azadlığı, müstəqilliyi uğrunda şəhid olublar. Bu tarix öz müstəqilliyindən keçməyən bir xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi bir gündür.
Digər rayon sakini, Şahtaxtı kənd tam orta məktəbinin müəllimi Xudayar Nağıyev isə dedi: – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz azadlığını tələb edən Azərbaycan xalqının iradəsini qırmaq idi. Lakin qəlbimizdəki müstəqillik, azadlıq arzularının qarşısını heç kəs ala bilmədi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Buna görə də Qanlı Yanvar faciəsi Azərbaycan tarixinə qəhrəmanlıq günü kimi yazıldı.
Azadlığımız və ərazi bütövlüyümüz uğrunda gedən mücadilədə Kəngərli rayonundan olan oğullar da qəhrəmanlıq və şücaət göstəriblər. Belə ki, rayonun 36 igid oğlu şəhidlik zirvəsinə ucalıb. Nə qədər ki xalqımız və müstəqilliyimiz var, şəhidlərimiz də hər birimizin qəlbində yaşayacaq.

Şahbuz rayonu

Xalqımızın şan və şərəf günü olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Şahbuz rayonunda da anılıb. Şahbuz şəhərindəki Şəhidlər abidə kompleksinə gələn rayon sakinləri kompleksin önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar. Qeyd edək ki, müstəqillik, ərazi bütövlüyü kimi yüksək amallar uğrunda Şahbuzun 19 vətənpərvər övladı şəhid olub.
Bu bölgəmiz muxtar respublikanın işğalçı dövlətlə sərhəd rayonlarından biridir. Bu gün qüdrətli ordumuz tərəfindən etibarlı şəkildə qorunan Şahbuzda həmin dövrdə də mənfur erməni daşnaklarına qarşı layiqli cavab verilib. Şahbuzun igid oğullarından Mehman Orucov, Müşfiq Həsənov Naxçıvanın sərhəd bölgəsi olan Sədərəyə hücumların qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Rayonun Keçili kəndindən olan və o dövrdə Bakı şəhərində ali təhsil alan Teymur Alməmmədov isə 20 Yanvar şəhididir.
Tədbirdə iştirak edən Şahbuz rayon sakinləri şəhidlərlə qürur duyduqlarını, onların xatirəsini uca tutduqlarını bildirdilər. Şahbuz şəhər sakini İltifat Mədətova düşüncələrini bizimlə bölüşərək dedi ki, 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının davamı idi. Qan yaddaşımıza böyük faciə, həm də qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ölkəmizə qarşı ermənilərlə birgə apardıqları mənfur siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Adları yaddaşımızdan heç vaxt silinməyəcək şəhidlərimiz azadlıq yolunda canlarından keçməklə əbədiyyətə qovuşublar. Ona görə də bu gün, eyni zamanda xalqımızın mübarizlik, əyilməzlik və məğrurluq günü kimi fəxrlə anılır.

Sədərək rayonu 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib.
Həmin dövr Sədərək sakinləri üçün də asan olmayıb. O günlərdə bütün Naxçıvanın ürəyi Sədərəklə döyünürdü, nigaran baxışlar oraya dikilmişdi. Əli silah tutan hər kəsin Sədərəyə yollandığı həmin vaxtlarda hamının arzusu, duası bir idi: Cəbhəyə gedənlərin sağ-salamat qayıtması və torpaqlarımızın, yenicə qazandığımız, hələ təzəcə daddığımız müstəqilliyimizin qorunması.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə Sədərəyə hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kənd­ləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi.
Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.
20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR