28 May 2020, Cümə axşamı

Çətin günlər idi... Üç tərəfdən düşmən əhatəsində olan, həmin dövrdə tənha adanı xatırladan Naxçıvan mərkəzi hakimiyyətin biganəliyi, düşmənlərimizin xain hücumları nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. 1990-cı il yanvarın 18-də ermənilər ərazi cəhətdən muxtar respublikanın sərhədindən kənarda, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən Kərki kəndini işğal etdilər, yanvarın 19-na keçən gecə isə Sədərəyə hücuma keçdilər. Həmin günlərdə Kərkini itirsək də, ümidimizi, inamımızı itirmədik. Əksinə, düşmənə qarşı nifrətimiz, onu məhv etmək, yer üzündən silmək arzumuz daha da şiddətləndi. 

Türk tayfası kərkililərin adı ilə bağlı olan Kərki kəndinin ərazisi 960 hektardır. Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” adı ilə qeydə alınıb. “Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qarabağda Kərkicahan şəhəri, Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi qədim türklərin məskunlaşdığı yer olub.

Kərki hadisələri, əslində, 1988-ci ildə başlanıb, 1989-cu ilin dekabr ayının sonlarında vəziyyət daha da gərginləşdi. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. İki il ərzində Kərki dəfələrlə atəşə tutuldu. Köhnə Kərki, O tay, Sənəm zağası, kəndin girəcəyindəki Şırran körpüsü tərəfdən atışmalar daha intensiv xarakter aldı. Ən ağır döyüşlər isə yanvarın 15-i və 16-sı oldu. Bir neçə kənd sakini ağır yaralandı. Artıq quduzlaşmış ermənilərin hücumlarının qarşısını almaq mümkün deyildi. Buna görə də könüllülər kəndi tərk etmək məcburiyyətində qaldılar.
Kərkini ələ keçirən düşmən düşünürdü ki, Sədərəyi də qısa zamanda işğal edə biləcək. Buna görə də yanvarın 18-dən 19-na keçən gecə Sədərəyi ağır artilleriya atəşinə tutmağa başladılar. Əslində, hədəf təkcə Sədərək deyildi, düşmənin məqsədi muxtar respublikanı işğal etmək idi.
Ermənistandakı keçmiş sovet ordusunun silahları ilə başdan-ayağa silahlandırılmış ermənilərin planına görə, onlar yanvarın 19-da Sədərəkdə müqaviməti qırdıqdan sonra hücumu davam etdirib muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə çatacaq və qədim diyarı işğal etmələri münasibətilə burada bayram şənlikləri keçirəcəkdilər. Lakin şir ürəkli vətənpərvər oğullarımız ermənilərin bu çirkin niyyətlərini ürəklərində qoydular. Sədərəyə hücum xəbəri ildırım sürəti ilə muxtar respublikaya yayıldıqdan qısa vaxt sonra əli silah tutan hər bir muxtar respublika sakini yumruq kimi birləşərək yurdumuzun müdafiəsinə qalxdı. Düşmən Sədərəkdə çox güclü müqavimətə rast gəldi.
On dörd dəfə hücuma məruz qalan Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da, bir addım belə, irəliləyə bilmədilər. Düşmən ardıcıl artilleriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati və sosial obyektləri dağıdaraq, əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə onlara gecə-gündüz lazımi dəstəyi verdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə canlarını qurtarmaq barədə düşünməyə başladılar.
Yurda bağlılıq nümunəsi göstərən sədərəklilər həmin o dəhşətli günləri indi də yaxşı xatırlayırlar. Sədərək kənd sakini İsmayıl İsmayılbəyli qeyd edir ki, yanvarın 18-dən 19-na keçən gecədən etibarən gözləmədiyimiz halda ermənilər Sədərəyi top atəşinə tutmağa başladılar. Əhali müdafiə olunmaq üçün silaha böyük ehtiyac duyurdu. Əlimizdə olan silah isə, əsasən, ov tüfəng­ləri idi. Sədərəklilər əllərinə balta alaraq düşmənə müqavimət göstərməyə hazırlaşırdılar. İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Çox qısa zamanda muxtar respublikanın bütün bölgələrindən onlarla könüllü Sədərəyin müdafiəsinə qoşuldu. İnsanlarımız bir yumruq kimi birləşdilər. Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək buradan güclü top atəşinə tutulurdu. Bizimkilər isə 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin hücumunun qarşısını alırdı.
Sədərək kənd sakini Teymur Quliyev isə o günləri belə xatırlayır: – Silah-sursatımız az olsa da, geri çəkilmək, kəndi tərk etmək fikrimiz yox idi. Hər kəsin ümumi fikri bu idi ki, sona qədər döyüşəcək, ölsək də bir qarış torpağı düşmənə verməyəcəyik. Belə də etdik. Ulu öndərimiz Heydər Əliyev Naxçıvana gələndən sonra artıq tam əmin idik ki, düşmən bizə qalib gələ bilməyəcək. Çünki əhali dahi şəxsiyyətin ətrafında sıx birləşdi, Naxçıvanda ordu quruculuğuna başlanıldı. Onu da deyim ki, ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyuldu. Dahi şəxsiyyətin həyata keçirdiyi bu tədbirlər bizə cəsarət verdi, səngərlərdə daha inamla dayandıq, düşmənə həddini bildirdik. Sədərək məğlubedilməzlik simvoluna çevrildi.
Həmin hadisələr zamanı Ermənistanla sərhəddə yerləşən yüksəkliklərdən Sədərək kəndinə tərəf baxarkən onun tüstü­-duman içində olduğunu deyən Teymur Quliyev bildirir: “Fikirləşirdik ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Ancaq kənddən döyüşçülərə köməyə gələn, çörək, su gətirən könüllülər bunu kənd qadınlarının etdiyini dedilər. Onlar həm ocaqları, həm də təndirləri ona görə qalamışdılar ki, kənd tüstü-­dumana bürünsün və ermənilər mühüm obyektləri, yəni bağçanı, məktəbi, inzibati binaları hədəfə ala bilməsinlər. Bu yolla vətənpərvər qadınlar həmin obyektləri top atəşlərindən qismən də olsa, xilas edə bilmişdilər”.
Şərur rayonunun Kərimbəyli kənd sakini, Sədərək döyüşlərinin iştirakçısı Vidadi Həsənov da deyir ki, şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər sədərəklilərin səngərinə çevrilmişdi. Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər.
Sədərəklilərin güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi. Naxçıvana qayıdan görkəmli dövlət xadiminin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, sakinlərin yanında olması, təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.
Vidadi Həsənovun fikrincə, 1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi.
Bu gün 20 Yanvar faciəsinin səbəbləri haqqında müxtəlif ­fikirlər söylənsə də, qırğının törədilməsindən keçən 29 il ərzində sübut olunub ki, “qırmızı imperiya”nın bu terror aktını törətməkdə digər dəhşətli məqsədi Bakıya qoşun yeridərək diqqəti Naxçıvan cəbhəsindən yayındırmaq idi. Keçmiş sovet rəhbərliyi anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmağa çalışırdı. Lakin tarix sübut etdi ki, birlik, inam, Vətən sevgisi, yurda bağlılıq olan yerdə, hətta güclü düşmənə belə, qalib gəlmək mümkündür. Ötən il Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi Günnüt əməliy­yatı isə bir daha göstərdi ki, bu gün Naxçıvanın təhlükəsizliyi tam təmin olunub və gücü, qüdrəti ilə öyündüyümüz ordumuz muxtar respublikamızın strateji yüksəkliklərindən düşməni tam nəzarətdə saxlayır. Günnüt zəfəri hər birimizdə bir daha əminlik yaratdı ki, ordumuz istənilən vaxt işğal altında olan Kərki kəndini də düşməndən azad etmək qüdrətindədir.

 Rauf KƏNGƏRLİ

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR