22 Fevral 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub. Bu dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla, büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin edilib. Büdcə gəlirlərinin 84,3 faizi və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi, 10,8 faizi və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılıb, 4,3 faizi və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına icra olunub.

Qeyd edilib ki, iqtisadi təsnifata uyğun olaraq ötən il muxtar respublika dövlət büdcəsi xərclərinin 34 faizi və ya 169 milyon 88 min manatı əməyin ödənişinə, 9,8 faizi və ya 48 milyon 567 min manatı malların, işlərin və xidmətlərin satın alınmasına, 3 faizi və ya 14 milyon 804 min manatı subsidiyalar və cari transferlərə, 0,2 faizi və ya 750 min manatı ipoteka kreditlərinin ayrılmasına, 3,5 faizi və ya 17 milyon 645 min manatı təqaüdlər və sosial müavinət xərclərinə, 27,2 faizi və ya 135 milyon 244 min manatı icarə və muzdlu xidmətlərə, mənzil fondunun, müxtəlif təyinatlı obyektlərin, yolların əsaslı təmirinə və digər xərclərə, 22,3 faizi və ya 110 milyon 911 min manatı isə qeyri-maliyyə aktivlərinin alınmasına sərf edilib. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin icrasında sosialyönümlü – əməyin ödənilməsi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinə 2017-ci illə müqayisədə 4 milyon ­697 min manat, yaxud 2,4 faiz çox olmaqla, 197 milyon 304 min manat vəsait xərclənib ki, bu da 2018-ci il büdcə xərclərinin 39,7 faizini təşkil edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların satın aldığı mal-material və avadanlıqların real dəyəri ilə realizə edilməsinə, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət həyata keçirilməklə ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb. Bundan başqa, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, ayrılan vəsaitlərin təyinatına uyğun istifadə olunmaması, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, müəyyən olunmuş smetadan kənara çıxılması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi halları aşkarlanaraq rəsmiləşdirilib, qanunamüvafiq qaydada intizam tənbehi, cərimələr və digər tədbirlər tətbiq edilib. Əsassız xərc, cərimə və dəymiş zərərə görə 371 min manat məbləğində vəsait dövlət büdcəsinə geri qaytarılıb.
Vurğulanıb ki, ötən il Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum – Maliyyə Tədris Mərkəzi və Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb. Qeyd olunan bütün dəyişikliklər maliyyə sistemi iştirakçılarının vəzifə öhdəliklərini artırır və onların işə daha məsuliyyətli yanaşmasını tələb edir. Cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün maliyyə orqanları büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə dövlət nəzarətini daha da gücləndirməli, maliyyə sistemi əməkdaşları qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün yüksək səy göstərməli, dövlət büdcəsinin icrası istiqamətində bütün zəruri tədbirləri həyata keçirməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, nazirliyin cari il üçün iş planı təsdiq olunub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində keçirilən müşavirəni giriş sözü ilə xidmətin rəisi Əli Hüseynəliyev açıb.
Bildirib ki, muxtar respublikada avtomobil nəqliyyatı sahəsində idarə­etmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradılıb, strukturu təsdiq edilib. Xidmət əməkdaşları ötən dövr ərzində qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylə çalışıblar.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən ötən il noyabr ayının 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziya ­verilməsinə başlanılıb. Ötən ilin iki ayı ərzində 33 sahibkar ­lisenziya ilə təmin olunub.
Bildirilib ki, hesabat dövründə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların fasiləsiz fəaliyyət göstərməsi təmin edilib. İl ərzində Naxçıvandan Bakıya 14 min 693, Bakıdan Naxçıvana 15 min 43 sərnişin daşınıb. Həmçinin muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysi fəaliyyətə başlayıb. Bu da sərnişinlər tərəfindən razılıqla qarşılanıb.
Diqqətə çatdırılıb ki, ötən il sentyabr ayından etibarən şəhər­daxili nəqliyyatda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinə başlanılıb, bunun üçün tibbi müayinə otağı yaradılıb, otaq ilkin tibbi yardım ləvazimatları ilə təmin edilib. Həmçinin hesabat dövründə muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 139 marşrut xəttində 399 ədəd avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilib.
Sonra çıxışlar dinlənilib, müşavirənin qərar layihəsi oxunub, 2019-cu ildə görüləcək işlərlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

*  *  *

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə edib. Bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC üzrə 2018-ci ildə dəmir yolunun ayrı-ayrı sahələrində təmir işləri aparılıb, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib.

Qeyd olunub ki, ötən il Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 126 min 660 ton müxtəlif təyinatlı yük daşınıb. Həmçinin bəhs edilən dövrdə yük-sərnişin qatarları vasitəsilə 165 min 793 nəfər sərnişin, 191 min 174 kiloqram poçt-baqaj yükü daşınıb.
Bildirilib ki, hesabat dövründə Culfa Lokomotiv Deposunda istismar olunacaq 5 elektrovoza və 5 manevr-magistral teplovozuna texniki baxış keçirilib, hərəkət və dartı hissələri müayinə olunaraq onlarda cari və depo təmirləri aparılıb. Lokomotivlərin normal və fasiləsiz işini təmin etmək məqsədilə Bakı şəhərindən 100 daraqlı əyləc, 200 çuqun tormoz qəlibi, 500 kiloqram qaynaq çubuğu, 15 cüt ox yastığı və 1 ədəd mühərrikin silindr başlığı alınıb. Həmçinin xidməti ərazidə 5861 yararsız ağac şpal təzə ağac şpallarla, 53 yararsız ağac şpal yarımyararlı dəmir-beton şpallarla, 366 yararsız ağac şpal yarımyararlı ağac şpallarla, 200 metr yararsız rels isə yarımyararlı relslərlə əvəzləşdirilib.
Qeyd olunub ki, Ordubad dəmiryol sərnişin vağzalının, yol sahəsinin inzibati və yardımçı, 369-cu kilometrdə yerləşən 4 saylı yol məntəqəsinin binaları yenidən qurulub, stansiyanın yük anbarında, İdarəetmə Mərkəzində, 10 kilovoltluq yarımstansiya binasında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə aparılan kompleks tikinti və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə cəmiyyət üzrə iqtisadi göstəricilərin yerinə yetirilməsi qənaətbəxş olub. Belə ki, yerlərdə qeyri-standart qaz və elektrik qızdırıcılarından istifadənin qarşısı tamamilə alınıb. Bütün növ yanacaqlardan norma daxilində istifadə olunmaqla, zəruri olmayan qızdırıcı və işıqlandırıcıların istifadəsinə son qoyulub.
Vurğulanıb ki, bu istiqamətdə görülən işlər 2019-cu ildə də davam etdiriləcək, materiala, təbii qaza, elektrik enerjisinə, yanacağa, suya və digər göstəricilərə maksimum dərəcədə qənaət olunmasına dair müvafiq tədbirlər həyata keçiriləcək.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR