25 May 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Şərur rayonunda fəaliyyət göstərən şahmat məktəbində şahmat müəllimləri, şahmatçılar və valideynlərlə görüş keçirmişdir.

Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda idmanın inkişafı üçün bütün şərait yaradılıb, idman obyektləri tikilərək istifadəyə verilib. Naxçıvanda digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün tədbirlər görülür. Şəhər və rayonlarda şahmat məktəbləri fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən keçirilən bugünkü görüşün məqsədi fikir və təklifləri dinləmək, rayonda bu idman növünün kütləviliyinə nail olmaqdır. Məlum olduğu kimi, bu gün Şərur rayonunda şahmatın inkişafında bir qədər geriləmə müşahidə olunur.
Sonra federasiyanın sədr müavini Emin Hacıyev Şərur rayonundakı fəal şahmatçılar haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, şahmat məktəbinin bir şagirdi bu il Azərbaycan çempionatının final mər­hələsində iştirak etmək hüququ ­qazanmışdır.
Valideynlər adından çıxış edən Bahəddin Hətamov və Tünzalə Qafqazi vurğulamışlar ki, Şərur rayonunda uşaqların şahmatla məşğul olmaları üçün hər cür şərait yaradılmışdır. Onlar yaradılan bu şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində idmanın bütün sahələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da müasir idman məktəbləri və idman qurğuları tikilmiş, ayrı-ayrı idman növləri üzrə 13 federasiya bölməsi yaradılmış, idmanla məşğul olanların sayı artmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmatın inkişafına göstərdiyi diqqət nəticəsində 2007-ci ildə Şərur rayonunda şahmat məktəbi, yeni inşa olunan ümumtəhsil məktəblərində hər cür təchizatlı şahmat sinifləri şagirdlərin istifadəsinə verilmişdir. Hazırda rayon üzrə 69 sertifikatı olan şahmat müəllimi 8058 şagirdə şahmatın sirlərini öyrədir. Rayonda ayda bir dəfə federasiya bölməsi və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Tempo” yarışı keçirilmiş, qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.
Qeyd olunmuşdur ki, ötən ilin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə federasiya bölmələrinə də tapşırıqlar verilmiş, onların fəaliyyətlərinin gücləndirilməsi istiqamətində qarşıya mühüm vəzifələr qoyulmuş, rayon İcra hakimiyyətlərinin də bu məsələyə diqqətinin artırılması, idman federasiyaları ilə birlikdə rayondaxili və rayonlar­arası idman yarışlarının keçirilməsinin təmin edilməsi xüsusi olaraq vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov fəal idmançılarla söhbət etmiş, onların fikirlərini dinləmişdir.
Daha sonra müəllimlərlə keçirilən görüşdə Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək bildirmişdir ki, nöqsanların aradan qaldırılması, verilən tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün müəllimlərlə mütəmadi olaraq görüşlər keçiriləcək. Federasiyanın sədri Şərur rayonunda şahmatın inkişafına mane olan bəzi nöqsanları qeyd etmişdir. Vurğulanmışdır ki, rayonun böyük olmasına baxmayaraq, şahmat məktəbində idmançıların sayı azlıq təşkil edir. Eyni zamanda rayondaxili və kəndlərarası yarışlar təşkil olunmur. “Tempo” turnirlər, çoxsaylı yarışların təşkili diqqətdə saxlanılmalı, kəndlərdəki istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Bununla yanaşı, uşaqların idmana cəlbi üçün valideynlərlə görüşlər keçirilməli, təbliğat işi və maarifləndirmə aparılmalıdır. İstedadlı uşaqlar üzə çıxarılmalı, onlar rayon şahmat məktəblərinə cəlb olunmalıdırlar. Şahmat məktəbləri ilin sonunda verilən tapşı­rıqlarla bağlı federasiyaya hesabat verəcəklər.
Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev qeyd etmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndində də şahmat dərsləri tədris olunur. Məqsəd isə həm də istedadlı, gələcək vəd edən şahmatçıları aşkara çıxarıb şahmat məktəblərinə cəlb etməkdir. Şərur rayonunda şahmatın inkişafı ilə bağlı müəyyən problemlər var və onların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb. Eyni zamanda federasiya tərəfindən məşqçi Hüseyn Əliyev rayona təhkim olunub. Federasiya rayon İcra Hakimiyyəti Gənclər və İdman Nazirliyi ilə birgə cari il ərzində bir çox yarışlar, turnirlər təşkil edəcək.
Sonra müəllimlərdən Məhərrəm Rəhimov, Şahbaz Bağırov və Səbinə Quliyeva çıxış edərək mövcud vəziyyət haqqında Şahmat Federasiyasının sədrinə məlumat vermişlər. Görüşdə müəllimlərin fikir və təklifləri dinlənilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diqqətə çatdırmışdır ki, Ali Məclisin Sədri idmançılara daim diqqət və qayğı ilə yanaşır. Son müşavirədə uğur qazanan idmançıların, məşqçi-müəllimlərin mükafatlandırılması da bunun əyani sübutudur. Odur ki, yaradılan şəraitdən maksimum istifadə etməklə yeni-yeni nəticələrin əldə olunmasına çalışmalıyıq.
Sonda Şahmat Federasiyasının sədri Seymur Talıbov irad və tapşırıqlarını bildirərək vurğulamışdır ki, muxtar respublika rəhbəri tərəfindən qarşımıza qoyulan vəzifələrin öhdəsindən daha da layiqincə gəlmək üçün səylər artırılmalı, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisinə nəzarət gücləndirilməli, fəaliyyətimizdə dönüş yaradaraq yetişməkdə olan gənc nəslin şahmatın sirlərinə daha da dərindən yiyələnməsi, bu idman növünün inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi yaxşılaşdırmalıyıq. Bu il federasiya işini Ali Məclis Sədrinin tövsiyə və tapşırıqları əsasında quracaqdır. İl ərzində hər ay mütəmadi olaraq rayon şahmat məktəblərində görüşlərimiz olacaq, şahmatçılar və müəllimlərin fikirləri müzakirə ediləcəkdir.
Görüşdən sonra federasiya sədri şahmat məktəbində şahmatçılar üçün yaradılan şəraitlə tanış olmuşdur.
Qeyd edək ki, Şahmat Federasiyasının növbəti yığıncağı fevral ayında Culfa rayonunda keçiriləcəkdir.

“Şərq qapısı”

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR