26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda keçirilmiş kollegiya iclasında nazir Famil Seyidov çıxış edərək bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında muxtar respublikanın sosial-iqtisadi inkişafı, əldə edilmiş nailiyyətlər müzakirə edilib, qarşıya mühüm vəzifələr qoyulub.
Muxtar respublikanın ötənilki iqtisadi uğurlarından bəhs edən nazir qeyd edib ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2018-ci ildə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb, 49 istehsal və xidmət sahəsi istifadəyə verilib. 12 layihənin icrası isə davam etdirilir.
Vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir .
Qeyd olunub ki, 2018-ci ildə 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçılığın və ailə təsərrüfatlarının inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncamların icrası istiqamətində 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi, 210 ailə təsərrüfatının 6 mindən çox tara ilə təmin olunması, ailə təsərrüfatları və arıçılıq məhsulları festivallarının keçirilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir qisminin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaranıb.

Nazir qeyd edib ki, bu istiqamətdə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2018-ci ildə görülən tədbirlər yerli məhsullarımızın daha geniş miqyasda tanıdılmasında mühüm rol oynayıb.
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsinə də toxunan Famil Seyidov bildirib ki, iş adamlarının iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 27 layihənin maliyyələşdirilməsinə 6 milyon 131 min manatdan çox güzəştli kreditlər ayrılıb, bu kreditlərin 5 milyon 420 min manatı sənayenin, 711 min manatdan çox hissəsi isə kənd təsərrüfatının inkişafına yönəldilib. Ümumilikdə, muxtar respublika üzrə 2000-ci ildən ötən müddət ərzində fond tərəfindən 1271 layihənin maliyyələşdirilməsinə 142 milyon 313 min manatdan çox vəsait yönləndirilib.
Qeyd olunub ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olması ilə bağlı verilmiş tapşırıqların icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə 2800 ədəd hədiyyəlik məhsul və sənətkarlar tərəfindən 748 suvenir hazırlanaraq 12 obyektdə satışa çıxarılıb. Ümumilikdə, 2018-ci ildə 722 adda 12 min 905 manat dəyərində əl işi və sənət əsərlərinin sərgisi təşkil edilib, 316 adda 5000 manatdan çox dəyərində əl işlərinin satışı həyata ­keçirilib.
Bildirilib ki, 2018-ci ildə görülən işlər ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini verib. Həmçinin dövlət dəstəyi ilə otən ildə ölkə daxilində və xaricdə keçirilən beynəlxalq tədbirlərdə nazirlik əməkdaşlarının və sahibkarların təmsil olunması, 598 çeşiddə məhsulun 6 ölkədə sərgisinin təşkili ixrac potensialının genişlənməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaradıb. Bütün bunların nəticəsində hazırda muxtar respublikadan 12 ölkəyə məhsul ixrac edilir. Bundan əlavə, 2018-ci ildə “Caspian European Club” tərəfindən “6-cı Beynəlxalq Caspian Energy Forumu”nun muxtar respublikada keçirilməsi ölkədaxili şirkətlərlə sıx əlaqələrin qurulmasına və biznes əməkdaşlığına əlverişli şərait yaradıb.
“Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqində ən yüksək göstəricilərlə Naxçıvan Muxtar Respublikasının iqtisadi rayonlar arasında ikinci dəfə lider olduğunu da diqqətə çatdıran nazir iqtisadi inkişaf üçün yaradılmış münbit şəraitə və geniş imkanlara görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Tədbir nazirlik əməkdaşlarının məruzə ətrafında çıxışları ilə başa çatıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2018-ci ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Ümumilikdə, ötən ölkə­mizin Gənclər Paytaxtı olan Naxçıvanda il ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 585 tədbir keçirilib. Bunlardan 255-i gənclərlə iş, 330-u isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Bu faktları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir 10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, 2018-ci ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Nazirlik tərəfindən 2 fevral – Gənclər Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin mükafatlandırılması məqsədilə tədbirlər keçirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli və Culfa Rayon Mərkəzi stadionları əsaslı təmir olunaraq istifadəyə verilib, məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara isə nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib.
Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla, cəmi 195 medal qazanıblar. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur, o cümlədən nazirlik tərəfindən keçirilən idman təbdirlərində 10 minə yaxın idmançı iştirak edib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 110 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 294 min 723 manat təşkil edib.
Qeyd olunub ki, ötən il iyulun 27-də Ordubad rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin və Ordubad şəhərində yeni tikilən Rabitə Evinin açılışı olub. Layihə çərçivəsində rayon ərazisində ümumi montaj tutumu 11 min 344 nömrə olan 35 ədəd yeni nəsil telefon sistemi qurulub, Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında 10 Gb/s tutumlu İP MPLS adlanan ən müasir çoxprotokollu kommutasiya şəbəkəsi yaradılıb. Naxçıvan və Şərur şəhərlərindəki əsas və ehtiyat idarəetmə mərkəzləri arasında 10 Gb/s tutumlu ikinci DWDM adlanan optik kanalların sıxlaşdırıcı avadanlığı qurulub. Sen­tyabrın 15-də isə İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib.
Vurğulanıb ki, il ərzində 2198 ədəd yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 30 fərdi mənzilə ­fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb.
Diqqətə çatdırılıb ki, ötən il Naxtel mobil operatoru abunəçilərinin sayı 60 mini ötüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə il ərzində 7300-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən 32 dövlət təşkilatının internet səhifələrində mətbuat xidməti bölməsi yaradılıb, “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci ilin mart ayından əmək pensiyalarının poçt məntəqələrində paylanmasına başlanılıb, 1 yanvar 2019-cu il tarixə poçt məntəqələrindən pensiya alanların sayı 330 nəfər olub.
Sonra işdə yol verilmiş nöqsanlara toxunulub, məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Avtomobil Yolları Dövlət Agentliyinin birgə keçirdiyi kollegiya iclasını giriş sözü ilə komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2018-ci ildə komitənin xətti ilə 173 milyon 984 min 900 manatlıq inşaat işləri yerinə yetirilib. Bəhs olunan dövrdə muxtar respublikanın ali, orta ixtisas və orta ümumtəhsil məktəbləri üçün 10 binanın yenidən qurulması və tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Qeyd edilib ki, 2018-ci ildə Şərur rayonunun Ərəbyengicə, İbadulla, Babək rayonunun Aşağı Buzqov kəndlərində səhiyyə məntəqələri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq və Naxçıvan şəhərindəki “N” hərbi hissəsinin xəstəxanaları üçün binaların yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib.
Bildirilib ki, 2018-ci ildə Babək qəsəbəsində 28 mənzilli yaşayış binasının tikintisi, Naxçıvan şəhəri, Nizami küçəsində 34, 36 və 38, Afiyəddin Cəlilov küçəsində 17, Əlincə məhəlləsində 2 və 9A, Zəroş Həmzəyeva küçəsində 1, 3 və 4, Əliqulu Qəmküsar küçəsində 2, Şərur rayonunda 7, Culfa şəhərində 30 və 32, Ordubad rayonunda isə 22 nömrəli yaşayış binalarının tikintisi və yenidən qurulması işləri başa çatdırılıb, digər yaşayış binalarında işlər davam etdirilir.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, ötən il Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması başa çatdırılıb, Naxçıvan-Şərur avtomobil yolunda cari təmir, muxtar respublikanın şəhər, rayon və kənddaxili avtomobil yollarında asfalt-beton, təmir-bərpa işləri görülüb.
Qeyd edilib ki, 2018-ci ildə muxtar respublikada ən böyük zavodun, saatda 240 ton yüksəkkeyfiyyətli asfalt istehsalına malik Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi agentlik tərəfindən daha geniş həcmdə işlərin aparılmasına imkan yaradıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq bildirib ki, muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2018-ci ildə də diqqət mərkəzində saxlanılıb. Dövlət pro­qramına uyğun olaraq ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması üçün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 26 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb.
Qeyd olunub ki, ötən il əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması da diqqətdə saxlanılıb. Torpaqların qida maddələri ilə təminolunma karto­qramlarının hazırlanması işləri davam etdirilib, muxtar respublikanın rayonlarındakı 28 bələdiyyənin yeni kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi aparılıb, topoqrafik element­lərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. Hesabat dövründə muxtar respublika üzrə 20 min 591 daşınmaz əmlak obyekti plana alınıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədi ilə Ağbulaq kəndində planaalma işləri aparılıb, 157 daşınmaz əmlak obyekti plana alınıb. Tikililərin kütləvi inventarizasiyasının aparılması və pasportlaşdırılması üçün ölçmə işləri başa çatdırılıb. Komitənin səyyar xidmət qrupu tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki sənədlərin hazırlanmasına başlanılıb.
Vurğulanıb ki, 2018-ci il ərzində muxtar respublika üzrə 2368 torpaq sahəsi, 48 qeyri-yaşayış binası, 59 qeyri-yaşayış sahəsi, 914 mənzil, 1978 fərdi yaşayış evi, 21 əmlak kompleksi olmaqla, cəmi 5388 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 7,3 faiz artıb. Daxil olmuş müraciətlər əsasında 4056 texniki sənəd hazırlanıb. 5206 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Ümumilikdə, 2018-ci il ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 665 daşınmaz əmlak obyektinə ünvan verilib.
Sonra məruzə ətrafında müzakirələr olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132861
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
890
4775
10021
96461
4132861

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter