25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası giriş sözü ilə açan direktor Mənşur Gülməmmədli bildirib ki, 2018-ci il ərzində hava limanında bir sıra layihələr həyata keçirilib. Bu layihələr hava nəqliyyatı sektorunun bütün sahələrini əhatə edib. Belə ki, köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması və tikinti işlərinə başlanılıb. 0 №-li təyyarə dayanacağının və sürmə yolunun yenidən qurulması işləri yekunlaşdırılaraq ötən ilin ikinci yarısında istismara verilib. Bu, ağırtutumlu təyyarələrin hər cür manevrlə dayanacaqda qarşılanıb yola salınmasına imkan verib. Yanğından mühafizə komandasının binasında aparılan yenidən­qurma işləri və inşa edilən müşahidə qülləsi uçuşların təhlükəsizliyinin tam təmin olunmasına yönləndirilib.
Vurğulanıb ki, hava limanının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalın fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter alıb. Aerovağzal kompleksinə 2 yeni ehtiyat TRANE markalı hava soyutmalı ÇILLER avadanlığı alınıb quraşdırılıb. Hava gəmilərinə texniki xidmət sahəsinin maddi-texniki bazası möhkəmləndirilib, müxtəliftipli təyyarələr üçün qoşqular, şassi dəyişdirilməsi üçün hidravlik qaldırıcı, azot xidməti arabası kimi texniki avadanlıqlar alınaraq istismara verilib.

Diqqətə çatdırılıb ki, hava gəmilərinə xidmətin səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində xüsusi avtonəqliyyat xidmətinə ən müasir və modern maşın-mexanizmlərinin alınması prosesi 2018-ci ildə də davam etdirilib. Ümumilikdə, 12 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb istifadəyə verilib.
Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin də maddi-texniki bazası möhkəmləndirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində aerovağzal kompleksi binasının giriş-çıxış bölümünə müasir tələblərə cavab verən “üztanıma” videokameraları quraşdırılıb. Hava limanı ərazisində yerləşən inzibati və yardımçı binalarda xidməti yanğın siqnal sistemi modern və ağıllı sistem ilə əvəz edilərək tam yenidən qurulub. Xidmətlərarası radioəlaqənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 67 ədəd motorollatipli yeni radiostansiya alınaraq texniki istismar qaydalarına uyğun xidmətlərə təhvil verilib.
Sonra görülmüş işlərlə bağlı hava limanının xidmət rəislərinin hesabatları dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası arxiv orqanlarının 2018-ci ildə gördükləri işlərin yekunları ilə bağlı keçirilən kollegiya iclasında Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək bildirib ki, ötən il arxiv işinin günün tələbləri səviyyəsində qurulması istiqamətində bir sıra tədbirlər görülüb, peşə biliklərinin, o cümlədən nəzəri və praktik bacarıqlarının artırılması məqsədilə rayon dövlət arxivlərinin müdirləri üçün seminarlar keçirilib, rayon dövlət arxivləri əməkdaşlarına metodik köməklik göstərilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2018-ci il illik iş planında kağız sənədlər 6 min 120 vərəqə bərpa olunaraq illik plan 102 faiz yerinə yetirilib. Həmçinin bərpaya ehtiyacı olan 250 fotoşəkil bərpa edilərək qutulara yığılıb. Sənədlərin tikilməsi və cildlənməsi sahəsi üzrə illik plan 103 faiz yerinə yetirilib. Bununla yanaşı, 8 min 500 saxlama vahidi karton qutulara yığılaraq illik plana 170 faiz əməl olunub. Kağız əsaslı sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması maddəsi üzrə 177 min 60 saxlama vahidinin, 15 min fotosənədin və 720 kinolentin mövcudluğu yoxlanılıb və yoxlamaya dair müvafiq aktlar tərtib edilib. 21 min vərəqə elektron daşıyıcılara köçürülüb. 761 tematik kart tərtib edilərək, illik plan 127 faiz yerinə yetirilib.
İdarə rəisi bildirib ki, hesabat ilində elmi-tədqiqat işlərində də arxiv sənədlərindən istifadə olunub, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə müraciət edən 11 tədqiqatçıya işləməsi üçün lazımi şərait yaradılıb, kitabxanaya daxil olmuş 106 kitab qeydiyyata alınıb, dövri mətbuat sistemləşdirilib, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq davam etdirilib.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən iclasda 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə institutun rektoru, dosent Elbrus İsayev məruzə ilə çıxış edib. O bildirib ki, ötən il Prezident cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun açılışında da iştirak etməsi pedaqoji kollektiv üçün əlamətdar olub.
Naxçıvan Muxtar Respublikasında bakalavr səviyyəsində ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət ixtisasları, magistratura səviyyəsində isə yuxarıda göstərilən üç ixtisas üzrə kadr hazırlığı yalnız bu ali məktəbdə aparılır. İnstitut muxtar respublikadakı 3 ali məktəb arasında əlavə təhsilin bütün istiqamətləri üzrə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Burada hazırda bakalavr səviyyəsi üzrə əyani şöbədə 1099, qiyabi şöbədə 81, ümumilikdə, 1180 tələbə, magistratura səviyyəsində 58 tələbə təhsil alır. Onların təhsili ilə 94 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 7-si elmlər doktoru, 40-ı isə fəlsəfə doktorudur. Hesabat ili ərzində institut əməkdaşlarının 223 elmi əsəri, o cümlədən 3 monoqrafiyası, 3 dərs vəsaiti, 51 metodik vəsaiti və fənn proqramı, 133 elmi-metodik məqaləsi və 33 tezisi çap olunub.
Qeyd edilib ki, Naxçıvan Müəllimlər İnstitutunda İxtisasartırma və yenidənhazırlanma sahəsində işin səmərəliliyini yüksəltmək məqsədilə 2018-2019-cu tədris ilinin əvvəlində ixtisasartırma sahəsi üzrə tədris-təqvim planı hazırlanıb, elmi şurada müzakirə edilərək əmrləşdirilib. Bu plana əsasən 2018-ci ilin ikinci yarımili, 2019-cu ilin isə birinci yarımili üçün ayrı-ayrı strukturlar qarşısında vəzifələr kompleksi müəyyənləşdirilib. İxtisasartırma təhsilinin plan və proqramlarının yenidən nəzərdən keçirilməsi, müəllimlərin yeni təlim metodları ilə işləmələri qarşıya məqsəd qoyulub. Tədris ili üçün təqvim planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli yerinə yetirilməsi, institutdan və ayrı-ayrı elm və təhsil müəssisələrindən mühazirəçilərin seçilməsi məsələsində onların peşəkarlığına diqqətin artırılması, ixtisasartırma təhsilinin optimal dislokasiyasının və keçirilməsinin mütəşəkkil təşkil edilməsi məsələləri geniş müzakirə olunub.
Bildirilib ki, 2018-ci ildə institutun yeni tədris korpusuna köçməsi ilə əlaqədar olaraq hər cür texniki və elektronik avadınlıqlarla təchiz edilmiş müasirtipli kitabxana yaradılıb. Hazırda 6158-i latın qrafikası ilə nəşr olunmuş 8576 kitab fonduna malik kitabxana son illərdə çıxan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilməkdə və kitabxananın kataloq sistemi elektronlaşdırılmaq­dadır. Burada 3500 adda dərslik, dərs vəsaiti və müha­­zirə materiallarının elektron versiyası hazırlanıb.
Rektor qarşıda duran vəzifələrdən də danışıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

*   *   *

Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə edərək bildirib ki, Şərur rayonunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin açılması, müasir infrastrukturların yaradılması 2018-ci ildə də davam etdirilib. Ötən il may ayının 16-da ölkə Prezidentinin Şərur şəhərinin və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsinin açılışında iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirməsi rayonun sosial-iqtisadi inkişafına yeni stimul verib.
Qeyd olunub ki, Şərur rayonunda 2018-ci ildə də ­tikinti-quruculuq işləri geniş vüsət alıb, yeni sosial obyektlərin inşası, yaxud yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Ərəbyengicə, İbadulla və Kosacan kəndlərində orta məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, Ələkli kəndində asfalt-beton zavodu, İbadulla kəndində radio-televiziya ötürücü stansiyası üçün inzibati bina tikilib. Şərur şəhərini və ətraf kəndləri əhatə edən içməli su şəbəkəsinin və kanalizasiya sisteminin ikinci hissəsi istismara verilib. Yengicə kəndindəki Şərq hamamı bərpa olunub, Şərur şəhərinin Heydər Əliyev prospektindəki 60 mənzilli və Kapitan Seyidov küçəsindəki 40 mənzilli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli ­Cəmiyyətinin texniki servis mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunub.
Vurğulanıb ki, ötən ilin sonlarında Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzillər təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ-Lifan 320” markalı minik avtomobili verilib.
Bildirilib ki, rayonda aqrar sahənin davamlı inkişafı təmin olunub, 17 min 115 hektar sahədə əkin aparılıb, 130 milyon 798 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 2019-cu ilin məhsulu üçün ötən ilin payızında 4 min 13 hektar sahədə taxıl əkini həyata keçirilib.
Qeyd olunub ki, iməciliklər yolu ilə rayonda 15,6 hektar sahədə yeni meyvə bağı salınıb, 26 hektar meyvə bağında bərpa işləri aparılıb. Rayonda 2018-ci ilin yazında və payızında rayonda 6 hektar yeni üzüm bağı salınıb. 11,8 hektar sahədə tütün yetişdirilib, 7 min 230 kiloqram quru tütün istehsal olunub.
Şərurda arıçılıq təsərrüfatlarının davamlı inkişaf etdirilməsi nəticəsində hazırda rayondakı 443 təsərrüfatda 8 min 409 arı ailəsi vardır.
Diqqətə çatdırılıb ki, rayonda sənaye sahəsinin inkişafı istiqamətində də işlər davam etdirilib, 2018-ci ildə 86 milyon manatlıq, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsalı qeydə alınıb.
Vurğulanıb ki, hesabat dövrü Şərurun mədəniyyət kollektivləri üçün əlamətdar olub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.
Sonra məruzə ətrafında müzakirələr olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3791981
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2367
1728
2367
56298
3791981

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter