25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Yeni istifadəyə verilmiş əsgəri-məişət komplekslərindən reportaj

Ordumuzun muxtar respublikadakı hərbi hissələrinin bir çoxunda olmuşam. Belə ünvanlarda yaradılan şəraiti görəndə istər-istəməz dönüb geriyə baxır, ötən əsrin səksəninci illərinin sonunda başlayan məlum hadisələrdən sonra hərbi hissələri bürümüş özbaşınalığın, xaosun gətirdiyi problemləri xatırlayıram. Yaxşı ki o dövrün ömrü uzun olmadı. Ulu öndər Heydər Əliyev həmin problemlərin qarşısını məharətlə ala bildi. Nizami ordu formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ordumuzun döyüş qabiliyyəti xeyli artıb. Qürur duyuruq ki, ordumuz Cənubi Qafqazda ən güclü ordudur və verilən ən çətin tapşırığı belə, yerinə yetirməyə hazır və qadirdir.

Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğunun bəhrələrini qədim diyarımız Naxçıvanda bütün çalarları ilə görmək mümkündür. Bu, xüsusi qeyd olunmalıdır ki, diyarımızda hərbi hissələr hərtərəfli dövlət qayğısı əhatəsindədir. Hər il istifadəyə verilən yeni əsgəri-məişət kompleksləri, onların müasir silah və sursatla, keyfiyyətli və yüksək kalorili ərzaq məhsulları ilə təchizatına ciddi önəm verilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər isə xidməti borcunu yerinə yetirən hərbçilərimizdə yüksək döyüş əzmi yaradıb.

Ötən ilin son günündə – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissə üçün yeni əsgəri-məişət kompleksinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan Ordusunun, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir”.
Həmin gün həm də Buzqov kəndində açılışı olan əsgəri-məişət kompleksi hər iki hərbi hissədə qulluq edən zabitlərdə və Vətənə borcunu yerinə yetirən əsgərlərdə əsl bayram sevinci yaşadıb. Bu günlərdə biz də həmin hissələrdə olduq, əsgər və zabitlərlə görüşdük, yaradılmış şəraitin onlarda yüksək ovqat bəxş etdiyini gördük.
Gərməçataq kəndindəki hərbi hissə üçün inşa olunan ikimərtəbəli əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, əsgərlər üçün ləvazimatların satışı mağazası, hamam­­-camaşırxana və qazanxana yerləşir. Hərbi hissənin həyətində sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı inşa olunub. Şəxsi heyətin asudə vaxtının səmərəli təşkilini təmin etmək üçün istirahət guşəsi yaradılıb. Belə şərait hissə qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə imkan verib.
Bunu həmsöhbət olduğumuz zabit və əsgərlər də təsdiq edirlər. Zabit Pərviz Mövsümzadə deyir ki, muxtar respublikamızda ən çətin dağlıq şəraitdə belə, hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. Yaxşı şərait isə yaxşı xidmətə yol açır. Bunu ötən il bir daha gördük. Belə ki, Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Ordumuzun gücünün artmasında birlik və həmrəylik başlıca şərtdir. Hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Bizim hissəyə də belə qayğıdan pay düşüb. Bu, əsgər və zabitlərin böyük sevincinə səbəb olub. Belə qayğıya görə şəxsi heyət adından dövlətimizə minnətdarlığımızı bildirir, söz veririk ki, bundan sonra da xidmətimizi layiqincə yerinə ­yetirəcəyik.
Göyçay rayonunun Alapout kəndindən gəlmiş Sübhan İslamov: – Hissəmiz üçün tikilən əsgəri-məişət kompleksində hər şey yüksək səviyyədədir. Burada hərbi biliyimizi, fiziki hazırlığımızı artırmaq üçün əlverişli şərait yaradılıb. Biz əsgərlər bu şəraitdən səmərəli istifadə edir, fiziki cəhətdən güclü olmağa çalışırıq. Çünki əsgərin döyüş meydanında qalib gəlməsində fiziki gücünün də yetərli olması başlıca şərtlərdən biridir. Ona görə də hissəmizdə əsgərlərin sağlamlığı qeydinə qalınır, fiziki hazırlıq məşğələlərinin keçirilməsinə ciddi önəm verilir.
Tovuz rayonunun Xatınlı kəndindən olan əsgər Samir Qurbanov da söhbətə qoşulur:
– İctimai-siyasi, döyüş və atəş hazırlıqları sayəsində döyüş vərdişlərimizi təkmilləşdirir, fiziki cəhətdən daha güclü, dözümlü, iradəli, sağlam olmağa çalışırıq. Döyüş əmri ilə erməni qəsbkarlarından qisasımızı almağa hər an hazırıq. Bu gün mənim kimi hər bir azərbaycanlı əsgər bunu səbirsizliklə gözləyir. Yeni əsgəri-məişət kompleksində gördüyünüz şərait bizi böyük qələbəyə aparmaq üçündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da açılış mərasimində bizə öz tövsiyələrini verdi. Ali Məclis­­ Sədrinə bizə belə şərait yaratdığına görə minnətdarlığımızı bildirməklə demək istəyirəm ki, onun tövsiyələri bizi daha yaxşı xidmət etməyə ruhlandırıb.
Mingəçevir şəhərindən olan əsgər Hikmət Məmmədov, Şəkinin Kiş kəndindən Bəhrəm Qeybullayev, naxçıvanlı Heydər Həsənov və başqaları söhbətə qoşularaq əsgərlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün yaradılan şəraitdən razılıqla danışdılar. Bildirdilər ki, əsgər yataqxanasında təşkil olunmuş bərbərxana, onların istifadələrinə verilmiş məişət avadanlıqları, kompleksdə fəaliyyət göstərən tibb məntəqəsi hər bir əsgərə böyük dövlət qayğısının ifadəsidir.
Əsgər və zabitlərlə görüşüb onlardan ayrılır, Buzqov kəndində istifadəyə verilmiş əsgəri-məişət kompleksinə üz tuturuq.
Yeni salınmış asfalt yol bir qədər keçmiş bizi Aşağı Buzqov kəndinə çatdırır. Məlumat üçün qeyd edək ki, bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri çərçivəsində inşa edilmiş məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası ötən ilin oktyabr ayında istifadəyə verilib, kənddaxili yollar abadlaşdırılıb...
Bu da yeni əsgəri-məişət kompleksi. Muxtar respublikamızda təmin olunmuş sabitliyin, sosial-­iqtisadi inkişafın daha bir ifadəsi. Hərbi xidmətini bu hissədə yerinə yetirən eloğullarımıza qayğının yeni təzahürü...
Əslən Laçın rayonunun Hoçaz kəndindən olan Habil Mehrəliyev 6 aydır ki, ordu sıralarındadır. Deyir ki, valideynlərimdən, böyüklərimizdən bölgəmizdə gedən müharibə haqqında çox eşitmişəm. O vaxt eloğullarımız döyüşə könüllü gediblər. Amma nizami ordu, peşəkar kadrlar olmadığı üçün itkilərimiz çox olub. Torpaqlarımızın bir hissəsi işğal edilib. İndi mən nizami bir ordunun əsgəriyəm və bununla fəxr edirəm. Xidmət etdiyim hissədə hərtərəfli təminatımız, müasir silah və texnikalarımız var. Bu gün düşmən yaxşı bilir ki, onun qarşısında güclü Azərbaycan Ordusu dayanıb. Onun gücü və qüdrəti gündən-günə artır. Çünki hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Düşmən bunu da yaxşı bilir və dərindən dərk edir ki, ordumuz Ali Baş Komandanımızın əmri ilə tarixi torpaqlarımızı azad etməyə tam hazırdır və o gün uzaqda deyil. Çox arzu edərdim ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında mən də iştirak edim.
Ondan xidmət etdiyi hissədə yaradılmış şərait barədə soruşuram. Gülümsəyərək cavab verir: – Özünüz buradakı şəraiti görürsünüz. Bu şərait bizi yaxşı xidmət göstərməyə sövq edib.
Bakı şəhərindən gəlmiş İbrahim Mustafayevin də deməyə sözü çoxdur. O, burada yaradılmış mənəvi-psixoloji iqlimin əsgərlərin öz xidməti vəzifələrini layiqincə yerinə yetirmələrində başlıca şərtlərdən biri olduğunu vurğulayır. Belə hərbi hissədə xidmət etməkdən qürur duyduğunu dilə gətirir: – Naxçıvanda xidmət edəcəyimi eşidəndə xeyli sevindim. Çünki bu diyarda hərbçilər üçün yaradılmış şərait barədə qohum­­-qonşularımdan çox eşitmişdim. Qəzetiniz vasitəsilə valideynlərimə bildirmək istəyirəm ki, məndən qəti narahat olmasınlar. Burada özümü evimizdəki kimi hiss edirəm. Hissəyə tez-tez valideynlər gəlir. Onlar ölkə­mizin digər bölgələrindən gəlib burada xidmət edən əsgərlərə öz övladları kimi baxırlar. Bayramlarda əsgər yoldaşlarımız bizi öz evlərinə aparırlar. Mən əsgər yoldaşlarım adından bizim qayğımıza qalan, yaxşı hərbi xidmət keçməyimiz üçün yüksək şərait yaradılmış belə əsgəri­-məişət kompleksini istifadəmizə verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.
... Əsgər və zabitlərlə söhbətlərdən gəldiyimiz qənaət belə oldu ki, ordumuzun muxtar respublikadakı hissələrinə göstərilən qayğı yüksək səviyyədədir. Belə qayğı hərbçilərimizi işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasına ruhlandıran başlıca amildir. Onlar bu taleyüklü məsələnin həllinə hazırdırlar.
Artıq hərbi hissədən ayrılmağın vaxtı çatıb. Buradan aldığımız yüksək təəssüratlarla əsgər və zabitlərlə sağollaşıb yola düşür, hələ Gərməçataqda olarkən Şərur rayonunun Alışar kəndindən burada hərbi xidmət keçən övladını görməyə gəlmiş Rafiq Əliyevin söhbətini bir daha xatırlayıram:
– İllər öncə öz övladını hərbi xidmətə göndərməyə tərəddüd edən valideynləri yaxşı xatırlayıram. Öz qohum-əqrəbamızda da belə valideynlər var idi və onların tərəddüdlərini başa düşmək də çətin deyildi. Əsgərlərin xidməti üçün minimum şəraitin olmaması, orduda peşəkarlığın çatmaması, digər amillərin valideynləri narahat etməsi kimi hallar baş alıb gedirdi. Şükürlər olsun ki, o günlər artıq acı xatirələrə dönüb. Bu gün ordumuzda yaradılan şərait çox yüksək səviyyədədir. Atalar sözüdür: “Görünən dağa bələdçi lazım deyil”. Elə götürək bu hissəni. Əsgər üçün burada nələr yoxdur? Televizor var, kitabxana, bərbərxana var. Səhiyyə məntəqəsi lazım olan dərmanlarla təchiz edilib. Suyu, istiliyi, işığı da öz yerində. Qalır ki, burada xidmət edən əsgər ona yaradılan belə şəraitin qədrini bilməklə özünü Böyük Qələbəyə hazırlaya bilsin. İdeoloji kabinədə keçirilən məşğələlər, əsgərlərin siyasi hazırlığı belə deməyə əsas verir ki, hərbçilər qələbəyə hazırdırlar, onlarda yüksək döyüş əzmi formalaşdırılıb.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3791981
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2367
1728
2367
56298
3791981

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter