26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. Universitetin Tibb fakültəsinin korpusunda təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Məruzədə tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyaların qurulmasından, mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən, müasir texnologiyalardan istifadəyə yaradılan şəraitdən bəhs olunub.
Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS+ layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+­ NİZAMİ VƏ ERASMUS+PETRA, Key Action layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir. Saleh Məhərrəmov ali təhsil ocağının Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyi istiqamətində işləri uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin 2018-ci ildə təhsil, elm və tərbiyə sahəsində yerinə yetirdiyi işlər və qarşıda duran vəzifələr barədə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov məlumat verərək bildirib ki, universitetdə hazırda 5351 bakalavr, 326 magistrant və 150 doktorant təhsil alır. Ötən il 1133 bakalavr, 100 nəfər isə magistrant təhsilini başa vurub. 2018-ci ildə bu ali təhsil ocağına bakalavr təhsil pilləsinə 1049, magistratura üzrə isə 157 nəfər qəbul olunub.
Çıxışda 2018-2019-cu tədris ilində universitetin bakalavr və magistr təhsil səviyyələri üzrə yeni ixtisaslara tələbə qəbulu aparılması haqqında da məlumat verilib. Prorektor bildirib ki, ötən il müxtəlif elm sahələri üzrə uğurlu tədqiqat işləri aparılıb. Universitet müəllimlərinin 15 monoqrafiyası, 90-a yaxın dərsliyi, dərs və tədris vəsaitləri, 558 elmi məqaləsi və 29 tezisi çap olunub. Hesabat dövrü ərzində 9 nəfər fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktorluğu alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, mühüm elmi konfranslar keçirilib.
“Universitetin beynəlxalq əlaqələri” mövzusunda çıxışında Beynəlxalq əlaqələr bölməsinin müdiri Müşərrəf Məmmədova vurğulayıb ki, ötən il universitetlərarası əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Bildirilib ki, hazırda universitetdə 486 xarici tələbə təhsil alır. Tələbələrdən 254 nəfəri hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Əcnəbi tələbələr Türkiyə, İran, Nigeriya, Qana və Gürcüstandandır.
Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Kərim Nəcəfov “Universitetin ictimai həyatında tələbələrin rolu” adlı çıxışında tələbələrə göstərilən yüksək dövlət qayğısından, tələbə gənclərin ötənilki uğurlarından danışıb.

*  *  *

“Naxçıvan” Universitetində keçirilən yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Ali Məclis Sədrinin beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı məruzəsində də qeyd olunduğu kimi, muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Göstərilən dövlət qayğısı nəticəsində ötən il ali təhsildə də əhəmiyyətli uğurlar qazanılıb. Naxçıvanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri kimi, “Naxçıvan” Universiteti də 2018-ci ildə öz işini dövlətçilik və sosialyönümlü prinsiplər əsasında qurub və hesabat ilində bir sıra müvəffəqiyyətlərə nail olunub. Belə ki, 2018-2019-cu tədris ilində universitetə tələbə qəbulu ötən illə müqayisədə 30 faiz artıb. Ötən tədris ilində ali təhsil ocağında bakalavr təhsil səviyyəsində 15 ixtisas üzrə 1034 tələbə təhsil alıb.
Rektor vurğulayıb ki, universitetdə kadr hazırlığı ilə 88 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 3-ü elmlər doktoru, professor, 20-si fəlsəfə doktoru, dosent, 65-i isə baş müəllim və ixtisaslı müəllimlərdir.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr baxımından da universitet üçün uğurlu olub. Cari ildə ali təhsil ocağı beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə təmsil olunub, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb. Hesabat ilində Pakistanın Superior Universiteti, Banqla­deşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin “Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurulub. Mövcud müqavilələrə uyğun olaraq Əhməd Yasəvi Universitetinin müəllimi Aktolkin Abubəkirova 2018-2019-cu tədris ilinin birinci yarısında bir ay müddətində Turizm və otelçilik ixtisasında iki fəndən məşğələ aparıb. Bundan başqa, ötən ilin fevral ayında universitet Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində, oktyabr ayında isə “Akare” təhsil sərgisində iştirak edib.
Rektor elm və təhsilin inkişafı, ixtisaslı mütəxəssis hazırlığı istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib, pedaqoji kollektivin bundan sonra da əzmkarlıq və səylə çalışacağına əminliyini bildirib.

*  *  *

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Kollegiyada fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev məruzə ilə çıxış edərək bildirib ki, 2018-ci ildə nazirliyin aparatı və struktur qurumları muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşıya qoyulmuş vəzifələri, əsasən, yerinə yetirib. Struktur qurumlarında xilasetmə bölmələrinin “Daimi hazırlıq” mərhələsində olmaları, şəxsi heyətlə gündüz və gecə məşğələləri, təlimlər və əməli məşğələlər keçirilib. Nazirliyin balansında olan Mİ-17-1V markalı vertolyotun əsaslı təmirdən sonra Naxçıvan şəhərinə gətirilməsi təmin edilib. Yaşayış və qeyri-yaşayış yerlərində təmir işləri aparılıb, nazirliyin balansında olan xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin, Mİ-17-1V markalı vertolyotun mövsümi istismar şəraitinə keçidi təmin olunub. Xilasedicilərin pe­şəkarlığının artırılması məqsədilə bir qrup əməkdaş ölkə və beynəlxalq səviyyəli təlimlərdə iştirak edib, bilik və təcrübəsini artırıb. Xilasedici dalğıcların peşə hazırlığı Uzunoba Su Anbarında keçirilən taktiki-xüsusi təlimdə təkmilləşdirilib.
Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasında fövqəladə hallarda fəaliyyəti zəruri olan müəssisə və təşkilatların fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb, Naxçıvan şəhər çimərliyində xilasedici dalğıcların sutkalıq növbətçiliyi təşkil edilib, suda boğulma və digər xoşagəlməz hadisələrin qarşısı vaxtında alınıb.
Diqqətə çatdırılıb ki, il ərzində istismara verilmiş 8 təhlükə potensiallı obyekt, 116 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyatdan keçirilib, 20 texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi verilib. 37 müəssisədə 235 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 30 kran və 101 lift texniki müayinədən, 7 müəssisədə maşın və mexanizmlər, avadanlıq və qurğular ekspertizadan keçirilib, 1 xüsusi təyinatlı avtomobilə təhlükəli yüklərin daşınması üçün şəhadətnamə verilib. 98 obyektdə əməli yoxlama aparılıb. 37 obyektdə ayda bir dəfə mühafizə işinin təşkili yoxlanılıb.
Qeyd edilib ki, mülki müdafiə işinin təşkili ilə bağlı 7 təlim və əməli məşğələ, 2 konfrans, 318 obyektdə yoxlama aparılıb, 12 tibb müəssisəsində həkim yardım briqadalarının hazırlığı təmin edilib, 402 maarifləndirici tədbir, 20 ümumtəhsil məktəbində nümunəvi dərslər keçilib.
Yanğın təhlükəsizliyi orqanları tərəfindən 1769 obyektdə, 6385 mənzildə yanğın-texniki müayinələr aparılıb, 74 min 855 nəfər yanğına qarşı təlimatlandırılıb, 203 obyektdə 8144 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Bildirilib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı 749 qazanxanada təhlükəsizlik tədbirləri həyata keçirilib, mövsümi qazanxana işçiləri təlimatlandırılıb, müvafiq peşə ixtisası üzrə şəhadətnaməsi olmayan 323 işçinin ocaqçı-maşinist kurslarına cəlb olunması təmin edilib. 124 ticarət obyektində yoxlamalar keçirilərək Azərbaycan dilində müvafiq işlətmə təlimatı olmayan və sənaye üsulu ilə hazırlanmayan qazqızdırıcı cihazlarının muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. İctimai yaşayış binalarında tüstü bacalarına baxış keçirilib, 801 obyektin yanğından icbari sığorta olunması təmin edilib.
Tikintidə təhlükəsizlik sahəsində işlər davam etdirilərək 48 obyektin ərazisində mühəndis-geoloji işlər aparılıb, laboratoriya şəraitində inşaat materiallarından götürülmüş 196 nümunənin sınağı keçirilib. Səyyar üsulla tikinti obyektlərində 176 dəfə dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik göstəricisi yoxlanılıb, 63 obyektin işçi və layihə sənədlərinin ekspertizası keçirilib, tikintisi başa çatdırılmış 37 obyekt dövlət komissiyası tərkibində istismara qəbul edilib.
Şamı Abdullayev vurğulayıb ki, il ərzində nazirliyin struktur qurumları muxtar respublika ərazisində baş vermiş fövqəladə hadisələrin, yol-nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılmasına, yanğınların söndürülməsinə cəld və çevik reaksiya verib. Əldə olunan nailiyyətlər rəhbərlik tərəfindən yüksək qiymətləndirilib, 2 zabit və 1 dövlət qulluqçusu dövlət mükafatına layiq görülüb, 10 əməkdaş “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

 

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncağı giriş sözü ilə müəssisənin direktoru Bəhruz Əzimov açaraq məruzə edib.
Qeyd olunub ki, 2018-ci ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən 31 min 124,8 ton A-92 avtobenzini, 119 min 992,4 ton dizel yanacağı, 11 min 708,7 ton bitum, 10 min 982,0 ton mazut, 430,7 ton müxtəlif növ yağlar, 2746 ton maye qaz gətirilib.
Alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikası və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Ötən il Gürcüstan-Türkiyə yolu ilə 23 min 279,6 ton dizel yanacağı və 1956,7 ton A-92 markalı avtobenzin olmaqla, ümumilikdə, 25 min 236,3 ton neft məhsulları daşınıb. İran İslam Respublikasından keçməklə 96 min 936,6 ton dizel yanacağı, 29 min 135,3 ton A-92, 11 min 708,7 ton bitum, 10 min 982 ton mazut, 2746 ton maye qaz, 430,7 ton müxtəlif növ yağ olmaqla, ümumilikdə, 151 min 839,3 ton neft məhsulları gətirilib.
Bildirilib ki, müəssisə 2018-ci ildə ümumi dövriyyəsi 118 milyon 115 min manat olan 179 min 992,6 ton müxtəlif növ neft məhsulları satıb ki, bunun da 31 min 404,2 tonu avtobenzin, 122 min 593,9 tonu dizel yanacağı, 11 min 708,7 tonu bitum, 11 min 80,4 tonu mazut, 2774,6 tonu maye qaz, 430,7 tonu müxtəlif növ yağlar olub. 2018-ci ildə müəssisə satışdan 1 milyon 53 min manat mənfəət əldə edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə, mədəniyyət və turizm müəssisələrinə 2018-2019-cu illərin payız-qış mövsümü üçün tələb olunan 159 min 810 litr dizel yanacağı yerlərdə təhvil verilib.
Qeyd olunub ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilib və bu istiqamətdə lazımi tədbirlər görülüb, yanacaq ehtiyatı yaradılıb. 1 yanvar 2019-cu il tarixə müəssisənin anbarlarında 1937,6 ton A-92 benzini, 2781,3 ton dizel yanacağı, 866,9 ton mazut ehtiyatı vardır.
Müəssisənin direktoru 2019-cu ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Sonra məruzə ətrafında müzakirələr olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132703
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
732
4775
9863
96303
4132703

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter