28 May 2020, Cümə axşamı

XXI əsrin on səkkizinci ili yeni uğurlar ili kimi muxtar respublikanın tarixinə yazıldı. Tarix üçün çox da böyük müddət olmayan bir ilin də necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız genişmiqyaslı qurucu­luq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr, əlamətdar hadisələr bizimlə qalır.

2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfər etməsidir. Bu səfər Naxçıvanda bir çox sahələrdə müasir infra­strukturun yaradılması ilə əlamətdar olub. Səfər çərçivəsində dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı 2018-ci il mayın 16-da Ordubad Su Elektrik Stansiyasının tikintisi, muxtar respublika ərazisində meliorativ tədbirlərin görülməsi, Culfa-Ordubad magistral yolunun tikintisi və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 4 Sərəncam imzalayıb, ümumilikdə, bu işlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasına 55 milyon manat vəsait ayrılıb.
Müasir tarixə yazılan mühüm hadisələrdən biri də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıdır. Həmçinin 2018-ci ildə Naxçıvan şəhəri ölkə­mizin Gənclər Paytaxtı seçilib. Sentyabrın 23-də isə muxtar respublika paytaxtında Avropa Günlərinin açılışı olub. Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi də qədim diyarın tarixən formalaşmış mərkəz kimi əhəmiyyətini xeyli artırıb.
İlin ən yaddaqalan hadisələrindən biri kimi ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən növbəti prezident seçkilərində naxçıvanlıların böyük fəallığını xüsusi qeyd etmək lazımdır. Sevincimizə səbəb olan daha bir əlamətdar hadisə ordumuzun uğurlu Günnüt əməliyyatıdır. Bu əməliyyatdan sonra ordumuz 11 min hektar torpağa tam nəzarət edir.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması bütün sahələrdə nailiyyətlərin qazanılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2018-ci ildə ölkəmizin iqtisadi region­ları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir.
Bu il 2018-ci ili məhz böyük uğurları, həyatımıza gətirdiyi yenilikləri ilə xatırlamağa tam haqqımız var. Çünki yola saldığımız il hər birimizin həyatına ayrı-ayrı izlər salıb. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılmasının müsbət nəticələri 2018-ci ildə bir qədər də artıb.
Qeyd etmək yerinə düşər ki, regionda sistemli və davamlı xarakter alan quruculuq tədbirləri muxtar respublikamızın sosial-­iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. Bu da, son nəticədə, insanların rahat, firavan yaşamasına səbəb olub. Odur ki, bu işlərin bəhrələri yaşadıqca 2018-ci il də ömür kitablarımızda yaşayacaq, tariximizdə vərəqlənəcək, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər.
Bunun səbəbini geniş izah etməyə bir o qədər də ehtiyac yoxdur. Çünki 2018-ci ildə də xalqımızın minilliklər boyu yaratdığı dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi miras qoymaq üçün möhtəşəm tədbirlər həyata keçirildi. Belə tədbirlər diyarımızın tarixinə bir sıra yeniliklər yazdı. Bu yeniliklərə blokada şəraitində nail olmağı təsəvvür etmək belə inanılmazdır. Ancaq muxtar respublika sakinləri 2018-ci ildə də bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər. Bunun təməlində isə ulu keçmişə ehtiram, sabaha cavabdehlik hissləri, düzgün seçilib müəyyənləşdirilmiş yol dayanır.
Gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən muxtar respublikada bərqərar olunmuş ictimai-siyasi sabitlik insanların həyata baxışlarını kökündən dəyişdirib. Naxçıvanlıların qədim diyarımızda həyata keçirilən proseslərdə fəallığını yurdumuzu daha gözəl, daha füsunkar, iqtisadiyyatını güclənən bir diyar kimi görmək istəyinin ifadəsi kimi qiymətləndirmək olar. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlılığın, yurd­sevərliyin ən gözəl təcəssümüdür. Bütün bunları düşünərkən yadıma ümummilli ­liderimizin sözləri düşür: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. Bu arzuların yerinə yetməsi isə inkişafın möcüzə təsiri bağışlayan ifadəsi, bu günün reallığıdır.
2019-cu ilin ilk günlərini yaşayırıq. Necə qarşıladıq növbəti ili? Dükan-bazarlarımızda bolluq, çöhrələrdə təbəssüm, qəlblərimizdə sevinc, diləklərimizdə yurdumuzda belə günlərin əbədi olması istəyi ilə. Bu əbədiliyə bütün varlığımızla inanırıq. Çünki min illərdir, hər açılan sabah həyatın davamı olub. Bu həyat, bu yaşam möhkəm özüllər üzərində qurulubsa, onun gələcəyi gözlənildiyindən də yaxşı olacaq. Bu mənada, 2018-ci ilin uğurları 2019-cu ilin daha yüksəliş ili olacağına möhkəm inam yaradıb. Hər şeydən əvvəl, ulu öndərin ideyalarının dönmədən həyata keçirildiyi qədim diyarımızda nail olduqlarımızın təməlində məhz bu amil ­dayanır: dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətə, xalqımızın böyük oğlunun bizə irs qoyduğu yola sədaqət və ehtiram. Qarşıladığımız ildə də ümummilli liderimiz Heydər Əliyevin ideyaları yolumuzu işıqlandıracaq. Bu yol əbədi yoldur.

 Muxtar MƏMMƏDOV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR