13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Qədim diyarımızın son 20 ildən bir qədər artıq zaman kəsiyində keçdiyi inkişaf yoluna nəzər salanda qürur hissi keçirirsən. Bu inkişaf bu torpaqda yaşayan insanların gözü önündə baş verib.
Ötən əsrin səksəninci, eləcə də müstəqilliyimizin ilk illərində yaşanmış çətinlikləri xatırlayanda bugünkü inkişafa təəccüblənməmək olmur. Və bir naxçıvanlı kimi doğma diyarımızın bu tərəqqisi mənim də qəlbimi fərəh hissləri ilə doldurur. Dayanmadan sürətlə gözəlləşən, müasirləşən Naxçıvan... Bu gözəlləşmə, müasirləşmə elə-belə başa gəlməyib. Yollar axtarılıb, insanın layiq olduğu səviyyədə yaşamasını təmin etmək üçün çətinliklərə sinə gərilib. Sərhəd və ən ucqar dağ kəndlərindən başlanılan quruculuq tədbirləri öz bəhrələrini verib. Bu işlərə başlanılan ilk dövrlərdə bir il ərzində 4-5 yeni obyekt istifadəyə verilirdisə, bir qədər sonra hər hansı bir yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri aparılmağa başlanıldı. Bu ənənə artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Muxtar respublikanın bütün bölgələrini əhatə edən yeniləşmə, müasirləşmə tədbirləri diyarımızın ən böyük bölgələrindən biri olan Şəruru da əhatə edib.

Hər il bu rayonun müxtəlif ünvanlarında məktəblər, mədəniyyət, səhiyyə, rabitə müəssisələri üçün yeni binalar inşa olunur, kənd və xidmət mərkəzləri salınır, yollar abadlaşdırılır, körpülər tikilir. Bütün bunları görəndə ümummilli lider Heydər Əliyevin sözlərini xatırlayırıq: “Şərur rayonu həm ərazisinə, həm iqtisadi potensialına, həm də əhalinin sayına görə Naxçıvan Muxtar Respublikasının ən böyük rayonudur, həmişə Naxçıvan Muxtar Respublikasında özünün bu qabaqcıl rolunu göstəribdir və bu gün də göstərir. Mən arzu edirəm ki, siz gələcəkdə də öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanları, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”. Ulu öndərin tövsiyələrinə böyük ehtiramla əməl olunan bölgə bu gün ən müasir Azərbaycan rayonuna çevrilib.
Cari ilin ötən dövründə Şərurda quruculuq prosesləri uğurla davam etdirilib, Ərəbyengicə, İbadullah kəndlərində bir sıra obyektlərin açılışı olub, su və kanalizasiya sistemləri yeniləşdirilib. Yengicə kəndində Şərq hamamı yenidən qurularaq istifadəyə verilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yenidən qurulması başa çatdırılıb, Kərimbəyli kəndində tikinti işləri davam etdirilir.
Noyabr ayının üçüncü ongünlüyündə rayonun Kosacan kəndi də müasirliyə qovuşaraq Şərurun gözəlliyinə yeni çalarlar gətirib. Bu yurd yerində əsl bayram sevinci yaşanıb. Kənddə olaraq biz də kosacanlıların sevincinə qoşulduq.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Samir Cəfərov deyir ki, kosacanlılar 2018-ci ili onlar üçün ən düşərli il sayırlar. Belə ki, noyabr ayının 21-də kənddə bir neçə obyektin açılışı olub. Burada yeni məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində 4 otaqdan ibarət feldşer-mama məntəqəsi istifadəyə verilib, 5,7 kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, 6500 metr kənddaxili yol təmir olunub. Yolun üzərində 76 su keçidi və 19 suötürücü qoyulub. 1524 metr beton kanal çəkilib. Kosacanda 2219 metr yeraltı və 8718 metr hava rabitə xəttinin, 8156 metr izolyasiyalı hava elektrik xəttinin çəkilməsi, 2 transformator yarımstansiyasının qurulması bu sahədə olan çətinlikləri aradan qaldırıb. Yaşayış məntəqəsi sakinlərinin qazdan və sudan istifadəsini yaxşılaşdırmaq üçün 3011 metrlik qaz xəttinin təmir-bərpa işləri aparılıb, 1340 metr içməli su xətti yenilənib, mövcud sub­artezian quyusu əsaslı təmir olunub. Bütün bunlar 1532 sakini olan Kosacana böyük dövlət qayğısının ifadəsi kimi dəyərləndirilib. 234 şagird yerlik məktəbdə 2 elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, müəllimlər, psixoloq, şahmat otaqları, kitabxana və idman zalı vardır. Məktəbin müəllim və şagirdlərinin istifadəsinə zəngin fondu olan kitabxana verilib.
Yeni təhsil ocağında müəllimlərlə həmsöhbət oluruq. Müəllim Jalə Xəlilovanın dediklərindən: – Kosacan kəndində əvvəlki illərdə mövcud olan məktəb binası dövrün tələblərinə cavab verməsə də, şagirdlərin yaxşı oxuması, biliklərə yiyələnməsi üçün müəllimlər üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıblar. Məktəbdə tədrisin yüksək səviyyədə qurulmasının nəticəsidir ki, ötən dərs ilində məktəbin 8 məzunundan 7-si ali məktəbə qəbul olunub, onlardan biri 560 bal toplayıb. İlboyu məktəbdə müxtəlif tədbirlər keçirilib, təhsil ocağının şagirdləri rayonda və muxtar respublikada keçirilən yarışlara qatılıblar. Bu gün məktəbin pedaqoji kollektivi çalışır ki, dövlətimizə və dövlətçiliyimizə sadiq vətənpərvər gənclər yetişdirməklə bərabər, bu məktəbdə yaradılmış ənənələri davam etdirsinlər.
Məktəbin müəllimi Aydın Yusifov da sevincini bizimlə bölüşür: – Sevinirik ki, məktəbimiz rayon mərkəzlərində, Naxçıvan şəhərində istifadəyə verilən məktəblərlə bir sırada durur. Tədris ocağında təhsilin səviyyəsini daha da yüksəltmək üçün hərtərəfli şərait yaradılıb, maddi-texniki baza gücləndirilib, müasir ­informasiya-kommunikasiya avadanlıqları ilə təchiz olunub. Bu, məsuliyyətimizi daha da artırıb. Binanın istifadəyə verildiyi gün Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın 224 məktəbi arasında keçilən distant dərsi izlədi, şagirdlərin iştirakı ilə muzeylərdə açıq dərslərin keçilməsini ­tapşırdı. Çalışacağıq ki, bizə göstərilən etimadı öz işimizlə doğruldaq. Göstərilən qayğıya ­təhsildə qazandığımız yüksək nailiyyətlərlə cavab verək.
Həmin gün istifadəyə verilən obyektlərdən biri yeni kənd mərkəzidir. Binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, feldşer-mama məntəqəsi, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal fəaliyyət göstərir. Kənddə müasir rabitə sistemi yaradılıb, 2 min metr fiber-optik xətt çəkilib, 384 yerlik ATS quraşdırılıb və poçt bölməsi fəaliyyətə başlayıb. Kənddə 44 internet istifadəçisi var.
Samir Cəfərovla binadakı iş otaqlarını gəzirik. Mərkəzdə feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Məntəqə müdiri Nəzakət Bayramova deyir ki, Kosacanda bu səhiyyə müəssisəsinin istifadəyə verilməsi kənd ­camaatına göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Məntəqənin kollektivi bu şəraitdən səmərəli istifadə etməyə səy göstərir.
Son illər muxtar respublikanın kənd və qəsəbə yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində xidmət mərkəzləri də inşa olunur. Məqsəd isə ondan ibarətdir ki, yaşayış məntəqələrinin sakinləri tələbatlarını ödəmək üçün digər yerlərə üz tutmasınlar. Noyabr ayının 21-də Kosacanda da xidmət mərkəzi istifadəyə verilib. Burada 6 nəfər işlə təmin olunub.
Kənd sakinləri xidmət mərkəzinin fəaliyyətindən razılıq edirlər. Onlardan Məmməd Cəfərov, Əbülfəz Həsənov dedilər ki, Kosacan muxtar respublikanın əkinçilik və heyvandarlıqla məşğul olan yaşayış məntəqələrindən biridir. Onların özlərinin müxtəlif kənd təsərrüfatı texnikaları, məhsuldar əkin sahələri var. Bu sahələrdə taxılçılığı, əkinçiliyin müxtəlif sahələrini, maldarlıq və heyvandarlığı, meyvəçiliyi inkişaf etdirirlər. Bunun üçün dövlətimiz torpaq mülkiyyətçilərinə güzəştli kreditlər verir, onların texnika, qiymətli toxum sortları ilə təminatına köməklik göstərir. Bütün bunlar isə kənd adamlarını torpağa daha sıx tellərlə bağlayır. Bu gün Kosacanda istifadəyə verilən yeni obyektlər kənd adamına daha bir qayğının ifadəsidir.
El ağsaqqalı Cəlal Həsənov Kosacana göstərilən bu qayğını yüksək dəyərləndirir, belə xeyirxah tədbirləri həyata keçirənlərə uzun ömür, cansağlığı arzulayır. Kənddə bu işlərin görülməsi o deməkdir ki, muxtar respublika sakinləri, o cümlədən kosacanlılar hərtərəfli qayğı əhatəsindədirlər. Ölkəmiz iqtisadi cəhətdən gündən-günə inkişaf edir. Bu da kənd­lərimizin simasını dəyişdirməyə, müasirləşdirməyə imkan verir. Kənd camaatına o qalır ki, qurulub-yaradılanları qorusunlar, gələcək nəsillərə ərməğan etsinlər.
Bəli, bu bir həqiqətdir ki, bugünkü Naxçıvan ümummilli liderimizin bir vaxtlar arzuladığı Naxçıvandır. O arzular Kosacanda da gerçəkləşib.

Elman MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397776
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
5770
17606
56943
3397776

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter