Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilib.
Test imtahanında 7 iyun 2018-ci il tarixdə keçirilən müsabiqədə keçid balını (50 bal) toplaya bilməmiş, habelə sosial məzuniyyətdən qayıtmış 6 dövlət qulluqçusu iştirak edib, namizədlərdən 5-i müvafiq keçid balını toplayıb.
İmtahanda iştirakçılara qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Test imtahanında tələb olunan balı toplayan şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar. İkinci mərhələdə esse yazılmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcəkdir.
İmtahan başlanmazdan əvvəl iştirakçılar slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumatlandırılıblar. Sualları cavablandırmaq üçün iştirakçılara 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.
Test imtahanının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti