18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yay ilə qış arasında körpü olan qızılı payızın sərin nəfəsinin duyulduğu günlərin birində yolumuz abad kəndlərimiz sırasına qoşulan Şərur rayonunun Yengicə kəndinədir. Rayon mərkəzindən 2-3 kilometr aralıda yerləşən kəndə doğru irəlilədikcə təzəcə səngimiş yağışın Günəşin qızılı şüaları altında min bir rəngə çalan damcıları ağacların yarpaqları üzərində daha əsrarəngiz görünür. Təbiətin bu mənzərəsini seyr edə-edə kənd mərkəzinə çatdıq. 

Yengicə Şərur rayonunun orta əsrlərə aid edilən yaşayış məskənlərindən biridir. Kənddəki köhnə hamam, üstüörtülü çarşı, buzxana və karvansaray o dövrdə tikilib. Vaxtilə burada sənətkarlara məxsus xüsusi məhəllə də olub. Onlardan biri xalq arasında “Çölməkçilər küçəsi” adı ilə hələ də qalmaqdadır. Uzun illər boyu burada binaların tikintisində tağbənd və günbəzlərdən geniş istifadə olunub.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında mühüm mərkəzlərdən biri və qəza inzibati-ərazi bölgüsünün mərkəzi kimi tanınıb. Mənbələrdə “Yenicə” (Yengicə) adına bir neçə nahiyədə rast gəlinir, o cümlədən Naxçıvan nahiyəsində “Yenicə” adlı kəndin mövcud olması ilə bağlı məlumatlar vardır. Şərur rayonundakı kənd adı isə 1728-ci ilə aid mənbədə qeydə alınıb və kəndin başqa adının “Qazançılı” olduğu göstərilib. Həmin dövrdə Qışlağat nahiyəsində də eyni­adlı kənd olub.

“Yengicə” sözü Azərbaycan dilində “yenicə”, “az əvvəl”, türk dillərində “təzə”, “yeni” anlamlarında işlənir və “oturaq kənddən bir qrup ailənin (yaxud bir nəslin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə” nəzərdə tutulur. Demək, “Yengicə” “yeni salınmış kənd”, “icma torpağında yaranmış məntəqə” mənasındadır.
Bu yaşayış məntəqəsində gördüklərim müasir Azərbaycan kəndinin yeni modelini xatırladır. Muxtar respublikamızda aparılan qurucu­luq işlərindən öz payını alan bu kənd tamamilə yenidən qurulub. Yolboyunca aparılan yaşıllaşdırma işləri, palçıq hasarların daş divarlarla əvəzlənməsi, müasir işıqlandırma xətləri insanda xoş təəssürat yaradır.
2010-cu ildə kənddə 568 şagird yerlik, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan orta məktəb binası inşa edilərək istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı təhsil ocağının açılış mərasimində iştirak edib, görülən işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirərək deyib: “Bu məktəb, əslində, kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş və işıqlı bir məktəbdir”.
Müasir layihə əsasında inşa olunan yeni təhsil ocağında şagirdlərin ixtiyarına 32 sinif otağı ilə bərabər, kitabxana, idman zalı da verilib. Müasir informasiya texnologiyalarına yiyələnmək üçün məktəbdə kompüter mərkəzi yaradılıb. Buradakı sinif otaqları, fənn kabinələri və laboratoriyalar lazımi avadanlıqlarla, mebel dəstləri ilə təmin olunub. Müəllimlərlə söhbət zamanı öyrəndik ki, Naxçıvanda ilk təhsil ocağı 1882-ci ildə burada açılıb. Bu xeyirxah işin təşəbbüskarı və təşkilatçısı dövrün maarifpərvər ziyalılarından olan Mirzə Ələkbər Süleymanov məktəb açılan il kənddə 11 uşağı təhsilə cəlb edib. 1884-cü ildə isə məktəb üçün ikisinifli bina inşa edilərək daha artıq uşağın təhsil almasına şərait yaradılıb. Qori Müəllimlər Seminariyasının məzunu olan bu ziyalı məktəbi yaratmaqla rayon əhalisinin maariflənməsinə kömək edib. Yengicə kənd orta məktəbi sovet dövründə də öz uğurları ilə tanınıb. Məktəbin məzunları sırasında dövlət, elm və mədəniyyət xadimləri, hüquqşünaslar, həkimlər, sənət adamları vardır. Azərbaycan elminin görkəmli nümayəndələri sayılan Asəf Nadirov, Həsən Şirəliyev, Yusif Seyidov kimi alimlər bir vaxtlar təhsillərini bu məktəbdə alıblar. Sosialist Əməyi Qəhrəmanı Tamam Əliyeva da bu təhsil ocağının məzunudur.
Yaşayış məntəqəsində yeni inşa edilən obyektlərdən biri də kənd mərkəzidir. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində poçt bölməsi, elektrontipli 480 yerlik ATS, baytar məntəqəsi, kənd kitabxanası, ikinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi təşkilatı yerləşir. 70 yerlik iclas zalı da buradakı qurumların ixtiyarına verilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsinə böyük ehtiramın nümunəsi kimi kənd mərkəzinin qarşısında “Heç kim unudulmur” adlı abidə kompleksi yaradılıb. Ağdərə kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli ­Qəhrəmanı Siyavuş Həsənovun büstü də burada ucaldılıb.
Öz görünüşü ilə bu yaşayış məntəqəsinə müasir görkəm verən ikimərtəbəli həkim ambulatoriyası kəndin mərkəzində yerləşir. Əvvəlki illərdə kənd sakinləri müayinə üçün rayon mərkəzinə üz tuturdularsa, artıq buna ehtiyac qalmayıb. Həkim ambulatoriyası yenitipli avadanlıqlarla təchiz olunub, 2 çarpayılıq palata xəstələrin ixtiyarına verilib. Həkim ambulatoriyasında 2 həkim, 4 tibb işçisi kənd sakinlərinə tibbi yardım göstərir. Bütün bunlarla yanaşı, kənddə ticarət obyektinin və məişət evinin inşası sakinlərin ürəyincədir.
İnzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Şahin Əhmədovdan öyrənirik ki, kənddə 4600-dən çox sakin yaşayır və onlar 987 təsərrüfatda birləşiblər. Aqrar islahatlar zamanı sakinlərin istifadəsinə 407 hektar torpaq sahəsi verilib, 200 hektar torpaq bələdiyyə, 10 hektar torpaq dövlət mülkiyyətində saxlanılıb. Kənd adamları həmin torpaqlardan lazımi qaydada istifadə edir, məhsul bolluğu yaradırlar. Şahin Əhmədov onu da deyir ki, taxıl əkini sahələrini ilbəil genişləndiririk. Həm özümüzün çörəyə olan tələbatını ödəyir, həm də mal-qara üçün bol yem bazası yaradırıq. Tonlarla kartofumuz, sarımsaq və tərəvəzimiz olur. Əkin sahələrimizi üzvi gübrələrlə münbitləşdiririk. Suvarma suyuna ehtiyac isə kənd ərazisindəki 17 subartezian quyusundan və Arpaçaydan gətirilən suvarma kanalları vasitəsi ilə ödənilir.
Bu yaxınlarda isə Yengicə kəndində daha iki obyektin istifadəyə verilməsi kənd sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb.
Yengicə kəndinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2018-ci ilin fevral ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə müxtəlifdiametrli plastik borularla 30,9 kilometr içməli su xətti çəkilib, 894 evə su verilərək sayğac quraşdırılıb, 4638 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsinin üzərində 4 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlifdiamertli 130 siyirtmə və 3 su­boşaldıcı quraşdırılıb. “Şərur şəhər və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi üzrə işlərin uğurla davam etdirilməsi nəticəsində Yengicədə içməli su şəbəkəsi qurulub, kənddə 30 kilometrdən artıq içməli su xətləri çəkilib, 900-ə yaxın su birləşməsi həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Yengicə kəndində içməli su şəbəkəsinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində deyib: “Bu gün Yengicə kəndinin 4 min 600-dən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunub. Yaşayış məntəqələrinin içməli su təminatı mühüm məsələdir. Ona görə ki, su həyatdır, təmizlikdir, sağlamlıqdır. Əgər hansı yaşayış məntəqəsi təmiz içməli su ilə təmin olunursa, orada insanların sağlamlığı da qorunmuş olur”.
Yaşı yetmişi ötmüş Yengicə kənd sakini İlyas Kazımovla həmsöhbət olduq. O dedi ki, bu gün ulu öndərin siyasi xəttinə sədaqətin nəticəsində muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, Şərur rayonu da gündən-günə inkişaf edir, çiçəklənir. Hər il Şərurun müxtəlif kəndlərində yeni məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilir, rahat yollar, körpülər salınır. Rayonun böyük və qədim yaşayış məntəqəsi Yengicə kəndi də bu diqqət və qayğıdan kənarda qalmayıb. Ötən günlərdə kəndin yeni su şəbəkəsinin istifadəyə verilməsi, bütün evlərin ekoloji cəhətdən təmiz, saf su ilə təmin edilməsi dövlət qayğısının növbəti təzahürüdür. Həmkəndlilərim dövlətimizin bu qayğısını hər zaman dərin minnətdarlıqla xatırlayacaqlar.
Digər bir obyekt isə bərpa olunmuş kənd hamamıdır. On səkkizinci əsrdə tikilən Yengicə hamamının quruluşu səkkizguşəli formadadır, 2 iriölçülü günbəzi var. Qapı və bacaları bir qayda olaraq yuxarıda günbəzvarı formada tamamlanır. Giriş qapısı cənubdan olan hamam dörd salondan ibarətdir. Bu hamam iyirminci əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Vaxtilə biganəlik və laqeydlik üzündən, baxımsızlıq səbəbindən muxtar respublikamızın digər tarixi abidələri kimi, bu qədim hamam da dağılıb məhv olmaq təhlükəsi qarşısında idi.
Milli dəyərlərimizə, qədim tariximizə böyük qayğı və həssaslıqla yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2017-ci ilin mart ayından etibarən burada bərpa işlərinə başlanılıb və Yengicə hamamı öz tarixi görkəmi qorunub saxlanılmaqla həyata yeni vəsiqə alıb.
Hamamın ümumi sahəsi 420 kvadratmetrdir. Tarixi binada 7 sahə üzrə xidmət təşkil olunub. Burada 2 dərzi, qadın və kişi bərbəri, fotoqraf, papaqçı, çəkməçi və musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin edilib. Bu tarixi abidə Ali Məclis Sədrinin tapşırığına əsasən “Muzey günləri” qrafikinə salınmaqla muxtar respublika ictimaiyyətinin ziyarət edəcəyi yeni maraqlı ünvanlardan birinə çevrilib.
Yengicə hamamının müasir görü­nüşü göz oxşayır. Burada olarkən kənd sakini, təqaüddə olan tarix müəllimi Vahid Məmmədovla görü­şürük. O qeyd edir ki, Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən başlanan genişmiqyaslı abadlıq və quruculuq işləri sırasında tarix-mədəniyyət abidələrinə, ümumiyyətlə, keçmiş irsə diqqət və qayğı xüsusi yer tutur. Görülən məqsədyönlü və sistemli tədbirlər Şərur rayonunu da əhatə edib. Kənd ağsaqqalı vurğulayır ki, Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan memarlığının gözəl nümunələrindən biri – Yengicə hamamı ilə bağlı elmi tədqiqatların aparılması və bu tarixi abidənin elmi əsaslarla bərpa olunması milli tarixi köklərə bağlılıq nümunəsidir. O, Yengicə hamamının əsaslı təmirdən və ­yenidənqurmadan sonra istifadəyə verilməsinin, üstəlik də, burada müxtəlif xidmət sahələri ilə məşğul olan sənətkarların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmasının hamının sevincinə səbəb olduğunu deyir və sakinlər adından minnətdarlığını bildirir.
Muxtar respublikamızın digər bölgələri kimi, Yengicə kəndi də dövlətimizin diqqət və qayğısı sayəsində müasir Azərbaycan kəndinə çevrilib. Yaşayış məntəqəsində yaradılmış gözəlliklər kənd adamlarını yurd yerinə qəlbən bağlayıb.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2035
3637
24956
71833
3287187

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter