18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə dünya xalqları arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirilir. Bu sırada digərləri ilə yanaşı, ­YUNESKO tərəfindən müdafiə edilən “İslam Mədəniyyətinin Paytaxtı” layihəsini xüsusilə qeyd etmək olar. 

Məlum olduğu kimi, İslam Ölkə­lərinin Elm, Təhsil və Mədəniyyət Təşkilatına – İSESKO-ya üzv olan İslam dövlətlərində də bu gün əhəmiyyətli tədbirlər həyata keçirilir. “İslam Mədəniyyətinin Paytaxtı” layihəsi bunlardan biri və ən əhəmiyyətlisidir. Bu layihə haqqında ilk qərar İSESKO-nun təklifi ilə 2001-ci ilin sonlarında qəbul olunmuşdur. Belə ki, Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam ölkə­lərinin mədəniyyət nazirlərinin III konfransında qərara alınıb ki, İslam Mədəniyyətinin Paytaxtı İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilməlidir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam Mədəniyyəti Paytaxtı elan edilmiş, ölkəmizin paytaxtı Bakı şəhəri isə 2009-cu ildə bu ada layiq görülmüşdür. Həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı konfransı çərçivəsində isə Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması hər birimizə qürur hissi yaşatdı.

Məlumat üçün bildirək ki, 2016-cı il noyabr ayının 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk, 2018-ci ilin iyun ayının 7-də ikinci iclası keçirilmiş, görülmüş və görüləcək işlər müzakirə olunmuşdur. Bundan əlavə, ötən dövrdə muxtar respublikadakı türk-islam mədəniyyəti abidələri bərpa olunmuş, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr edilmişdir. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi və suvenirlər hazırlanmış, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılmışdır.
İyunun 20-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşmüş, Nuh Peyğəmbərin Vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışmışdır.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək gül dəstələri qoymuş və ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxmışlar.
Tədbir başlanmazdan əvvəl fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olmuşdur. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək demişdir: “İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Bu, tarix boyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət­-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.
Belə bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin ­mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
Tədbirdə çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri demişdir: “Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O, öz ölkəsinə və eyni zamanda İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova da çox sağ ol demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır”.
Qürur hissi keçiririk ki, Əbdül­əziz Osman əl-Tuveycri ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə keçirilən tədbirləri çox yüksək dəyərləndirərək demişdir: “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olunmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Həm Naxçıvan, həm də Azərbaycanın digər bölgələrində müsəlman şiə və sünniləri arasında heç bir dini və mədəni ziddiyyət mövcud deyildir və bu birgəyaşama mədəniyyəti dünya üçün bir nümunədir. Naxçıvanda bu sahədə mövcud olan çoxəsrlik tolerant mühit onun İslam mədəniyyəti paytaxtları arasında xüsusi yerini müəyyən edir. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edirik”.
Qeyd olunmalıdır ki, “İslam Mədəniyyətinin Paytaxtı” statusunu qazanmaq üçün həmin şəhər müəyyən şərtlərə cavab verməlidir. Başlıca şərtlərdən birincisi odur ki, paytaxt seçilən şəhər zəngin tarixə malik olmalıdır. Həmin şəhərin elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməsi də əsas tələblər sırasındadır. Digər bir şərt isə paytaxt seçiləcək şəhərin həm İslam, həm də, bütövlükdə, dünya mədəniyyətində yeri olmasıdır. Bu ada layiq şəhərdə elmi mərkəzlərin, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatların fəaliyyət göstərməsi də vacib şərtlərdəndir.
Bu şərtlərə cavab verən həmin sahələr üzrə geniş söhbət açmaq olar. Ölkəmizin bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyətə malikdir. Elə ona görə də Naxçıvan tarixin bütün dönəmlərində qonşu ölkələrin diqqətini özünə çəkib.
Əsrlərboyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm ­iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb, tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx olub. Naxçıvanda hələ İslam dini yayılma­mışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib. Bu inkişaf İslam dininin qəbulundan sonra yeni müstəviyə qədəm qoyub.
Böyük şəxsiyyətlər, elm xadimləri yetirib bu torpaq... Müqəddəs kitabımız “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Baba Nemətullah Naxçıvani İslam dünyasına şan və şöhrət gətirib, bu dinin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan, bu gün də Avropada əsərləri hərtərəfli tədqiq olunan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb.
Tarixi-mədəni abidələri bu gün qədim diyarın dünənindən soraq verir. Bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin məzarüstü abidəsi, İslam Peyğəmbərinin övladlarının uyuduğu imamzadələr, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, Duzdağ mağaraları, Möminə xatın türbəsi məhz beşminillik bu şəhərin adı ilə yanaşı çəkilir. Gəmiqaya abidələri, Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələri, saysız-hesabsız təbiət möcüzələri Naxçıvanın tarix yaddaşıdır. Bütün bunlar dünya xəritəsində həcmcə çox kiçik bir ərazidə böyük bir potensial olduğunun göstəriciləridir.
Ancaq bu da reallıqdır ki, müxtəlif tarixi dövrlərdəki ictimai-siyasi şərait Naxçıvanın öz qiymətini almasına imkan verməyib. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha doğrusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanın yenidən öyrənilməsinə, tədqiq olunmasına başlanılıb.
Son 22 il ərzində Naxçıvanda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilib. 2006-2017-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələrin böyük əksəriyyəti bərpa edilib.
Muxtar respublikada fəaliyyət göstərən 530-dan çox mədəniyyət, incəsənət və turizm müəssisəsi burada insanların mədəni istirahətinin təmin olunmasında mühüm rol oynayır. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında cəmi 13 muzey fəaliyyət göstərirdisə, hazırda Naxçıvanda 30-dan artıq müxtəlifprofilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 115 mindən çox eksponat toplanıb və bunların sayı hər keçən gün daha da artmaqdadır.
Çoxsaylı tarixi abidələrin bərpası, müxtəlif ərazilərdə arxeoloji tədqiqatların aparılması, regionun tarixi, mədəniyyəti, milli dəyərləri ilə bağlı müxtəlif ədəbiyyatların nəşri Naxçıvan haqqında zəngin məlumatları ortaya çıxarmaqla bərabər, ildən-ilə bura axışan turistlərin də sayının artmasında mühüm əhəmiyyət kəsb edir.
“Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı ­sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, tanıdılması ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir.
Naxçıvan artıq İslam Mədəniyyətinin Paytaxtıdır. Muxtar respublikada yaradılan müasir infrastruktur İslam Mədəniyyətinin Paytaxtı üçün vacib olan bütün şərtlərə yüksək səviyyədə cavab verir. İslam Konfransı Təşkilatının tərkibinə daxil olan ölkələrin hər birinin nümayəndəsi bunu Naxçıvana gələndə gördü. Mötəbər tədbirlərin keçirilməsi zamanı dünya mediasının diqqəti qədim diyara yönəldi. Mədəniyyət paytaxtlarına aid saytlarda, beynəlxalq informasiya agentliklərində şəhərimizin tarixi və mədəni irsi təbliğ edildi, keçirilən tədbirlər haqqında ətraflı məlumatlar verildi. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkə­lərində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaratdı. Həyata keçirilmiş tədbirlər və digər mütərəqqi təşəbbüslər sayəsində muxtar respublikamız bütün dünyada həm 28 illik blokadaya baxmayaraq, yüksək sürətlə inkişaf edən, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan bir diyar kimi, həm də qeyri-adi istedadların doğulduğu və inkişaf etdiyi, milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən gözəl bir məkan kimi tanındı.

Burada bir incə məqam da ondan ibarətdir ki, keçiriləcək tədbirlər sırf mədəni xarakter daşımaqla bərabər, Naxçıvanın beynəlxalq müstəvidə siyasi çəkisini də ortaya qoyur. Məlum olduğu kimi, tarixin müxtəlif dövrlərində qədim diyarımıza bir sıra əsassız iddialar irəli sürülüb. Bu iddialar Naxçıvanın tarixinin, coğrafiyasının, mədəniyyətinin, ümumilikdə isə varlığının şübhə altına salınması məqsədi daşıyıb. Lakin indi Naxçıvan ötən əsrin əvvəlləri və sonunda böyük taleyin əsdirdiyi fırtınalarla üz-üzə qalan Naxçıvan deyil. Bu gün artıq Naxçıvanın dünyaya öz iddiaları və tələbləri var. Görülmüş və görüləcək işlər bu iddiaları daha açıq şəkildə ortaya qoyur. Zəngin baza, dinamik inkişaf və mütərəqqi ideyaların formalaşdırıldığı qədim Azərbaycan diyarı Naxçıvanın bəşər sivilizasiyasına bundan sonra da deyəcək çox sözü var.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287174
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2022
3637
24943
71820
3287174

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter