18 Avqust 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq qədim diyarımıza yeni ab-havanın qədəm qoyduğunu o dövrü yaşayanlar yaxşı xatırlayırlar. Bu ab-havada diqqətçəkən məqamlardan biri muxtar respublikada tikinti-quruculuq işlərinə start verilməsi idi. İlk vaxtlarda ayrı-ayrı yaşayış məntəqələrində daha vacib olan tikintilərə başlanıldı. Bir qədər sonra isə inşaat işləri kompleks quruculuq tədbirləri ilə davam etdirildi və bu proses bu gün muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilib.

O da xüsusi vurğulanmalıdır ki, belə tədbirlərə ilk olaraq ucqar dağ və sərhəd yaşayış məntəqələrindən başlanılması insanlar tərəfindən yüksək dəyərləndirilirdi. Getdikcə quruculuq tədbirlərinin həm istiqaməti, həm də həcmi genişləndirilir, yurd yerlərimizin müasirliyə qovuşması üçün böyük fədakarlıqlar göstərilirdi. Muxtar respublikamızın ən ucqar yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunun Ağbulaq kəndinin sakinləri də bir gün yuxudan durub doğma yurd yerlərində texnikaların səsini eşitdilər, kəndə qurub-yaratmağa gələn insanlarla görüşdülər, sakinlərin bir çoxu da onlara qoşuldu. Yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə başlanılması kəndə əsl bayram sevinci gətirdi.

... Etiraf edim ki, rayonun belə yaşayış məntəqələrinin çoxunda olmuşam. Ancaq onlardan hansına üstünlük vermək barədə düşünəndə seçim qarşısında qalıram. Ulu Tanrının bu ünvanlara bəxş etdiyi təbii gözəlliklər insan qəlbinə bir təravət bəxş edir. Çoxlarına inanılmaz görünə bilər: göylərə boyverən dağlarının başından qar əriməmiş yamacları qırmızı lalələrlə dolu olur. Uzaqdan baxanda deyirsən, bəlkə, dağ yamacına xalı səriblər... Bu təbii gözəlliklərə insan zəkasının qüdrəti və doğma yurd yerinə cavab­dehlik hissilə 2013-cü ilin dekabr ayında yeni gözəlliklər əlavə olundu. Quruculuq tədbirləri çərçivəsində yollar müasir standartlar səviyyəsində işləndi. Bu, yadımıza “Mədəniyyət yoldan başlayır” deyimini salır və istər-istəməz onu da düşünürsən ki, bu ucqar kəndə dağ ətəklərindən və yamaclardan keçən belə yollar çəkilməsi böyük zəhmət və vəsait tələb edir. Ancaq insan amilinin öndə dayandığı muxtar respublikamızda bu çətinliklər çoxdan dəf edilib. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə Ağbulaqda yeni məktəb binası, xidmət və kənd mərkəzləri, Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilib. Üç mərtəbədən ibarət olan 120 şagird yerlik məktəb binasında tədrisin səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Burada 31 şagird təhsil alır. Məktəbdə müasir sinif otaqları, fənn kabinələri, kitabxana, kompüter sinfi, hərbi kabinə, fənn laboratoriyaları, elektron lövhəli siniflər müəllim və şagirdlərin istifadəsinə verilib.
Tədris olunan humanitar və dəqiq elmlər arasında əlaqələrin təmin edilməsi, keçilən dərslərin məzmununun təkmilləşdirilməsi, interaktiv təlim üsullarının tətbiq olunması, elektron dərsliklərdən geniş istifadə edilməsi tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məktəbin idman zalında mini-futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıb.
Məktəbin direktoru, astronomiya üzrə fəlsəfə doktoru Mirhəsən Tahirov deyir ki, indiyə qədər Ağbulaq kəndində məktəb adına tikilmiş bina olmayıb. Dərslər uyğunlaşdırılmış binada keçilib.
Mirhəsən müəllim diqqətimizə çatdırır ki, məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsi, dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda formalaşdırılması böyük önəm verilən məsələlərdən biridir. Bu gün Ağbulaq məktəbi bu təhsil ocağının məzunu olmuş şəhid Afət Hüseynovun adını daşıyır. Onun keçdiyi şərəfli və qısa ömür yolu bugünkü Ağbulaq məktəbliləri üçün bir örnəkdir. Onu da qeyd edək ki, 110 təsərrüfatdan ibarət olan bu kənddə elmə, təhsilə həmişə yüksək önəm verilib. Bunun bariz ifadəsidir ki, kənd tam orta məktəbini bitirmiş Əyyub Quliyev AMEA-nın müxbir üzvüdür, Hicran Tahirova coğrafiya, Rasim Hüseynov filologiya elmləri üzrə fəlsəfə doktorlarıdır. Bu gün Ağbulaq məktəbi belə məzunları ilə fəxr edir, pedaqoji kollektiv onların ardıcıllarının yetişdirilməsi üçün yaradılmış şəraitdən maksimum bəhrələnməyə çalışır.
Məktəblə bir sırada bu yaşayış məntəqəsinə yaraşıq verən kənd və xidmət mərkəzləri tikilib. Bu ünvanlara da baş çəkirik. Öyrənirik ki, kənd mərkəzində rabitə evi, Ağbulaq və Gömür kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, arxiv və zal yerləşir. Rabitə evində quraşdırılan avtomat telefon stansiyası abonentlərə yüksək səviyyədə xidmət göstərir. Burada poçt bölməsi də yaradılıb, əhaliyə dayanıqlı rabitə xidmətini təmin etmək üçün digər zəruri tədbirlər həyata keçirilib, “Naxtel”in baza stansiyası quraşdırılıb. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi yerləşir. Üç iş otağı ayrılmış məntəqədə müasir iş şəraiti yaradılıb.
Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları kənd sakinlərinin istifadəsindədir. Mağazalarda muxtar respublikada istehsal olunmuş yerli məhsulların satışına üstünlük verilir.
Onu da əlavə edək ki, Ağbulaq kəndinə fiber-optik kabel çəkilib, genişzolaqlı internetdən və digər rabitə xidmətlərindən istifadə imkanı yaradılıb.
İndi isə yolumuz Ağbulaq İstirahət Mərkəzinədir. Bu mərkəz muxtar respublikamızda turizmin bir çox növlərinin inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir. Məlumat üçün bildirək ki, 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Kompleksin ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkilib, həyətdə futbol meydançası yaradılıb, uşaq əyləncə qurğuları quraşdırılıb. ...Ötən günlərin birində eşitdik ki, yüksək turizm potensialına malik olan bu yaşayış məntəqəsində yenidənqurma işlərinə başlanılıb. Üz tutduq Ağbulağa.

Rayon mərkəzindən bizə yol yoldaşlığı edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Məmmədovun kəndin tarixi barədə söhbəti elə maraqlı oldu ki, yaşayış məntəqəsinə nə vaxt çatdığımızın fərqinə varmadıq: Ağbulağın qədim tarixi var. Bu tarixi sübut edən faktlar çoxdur. Məsələn, ərazidə 1990-cı ildə Antik dövrə aid yaşayış yeri qeydə alınıb. Buradan gil qab qırıqları, iki küp və sümük qalıqları əldə olunub. Tapıntılara əsasən abidənin eramızdan əvvəl I və eramızın I-II əsrlərinə aid olması ehtimal edilir.
Ağbulaq nekropolu da Antik dövrə aid arxeoloji abidədir. İri küplərdən ibarət olan qəbirlər dağılmış, iri küp qırıqları ətrafa səpələnmiş şəkildə tapılıb. Qazıntılar zamanı iki qəbir tədqiq edilib. Qəbirlərdə əqiq və şüşə muncuqlar, gil qab qırıqları və sair aşkar edilib.
Mətləb Məmmədovun bu məlumatları kəndin qədim tarixi haqqında ilk bilgilərimiz olur. Adətləri ilə maraqlanırıq. Həmsöhbətim deyir ki, bu barədə kəndin yaşlı sakinlərindən biri olan Əhruz anadan daha ətraflı məlumat almaq olar. Evləri də uzaqda deyil. İcra nümayəndəsi ilə üz tuturuq Əhruz anagilə. Yolboyu diqqətimi çəkən kəndin təmizliyi olur. İcra nümayəndəsi deyir ki, rayonun kənd yaşayış məntəqələrinin təmiz saxlanılması ilə bağlı aparılan reydlərin nəticələrinə görə iki il əvvəl Ağbulaq kəndi birinci yerə çıxıb. Kənd adamları öz yurd yerlərini təmiz saxlamağı sevirlər. Necə deyərlər, kəndimiz öz evimiz, öz həyətimizdir. Onu təmiz saxlamaq hər birimizin borcudur. Həm də təmizlik imandan gəlir, təmizlik sağlamlıqdır...
Budur, Əhruz anagilin qapısına çatırıq. Həyətə keçirik. Təmiz, səliqəli, yaşıllığa bürünmüş kənd evi. Meyvə ağaclarında nubar məhsullar gözə dəyir. Əhruz ana bizi çoxdanın tanışı kimi səmimiyyətlə qarşılayır. Burada kənd adamlarına məxsus qonaqpərvərlik görürük. Düşünürəm ki, bu, kənddə milli-mənəvi dəyərlərin qorunmasının bir göstəricisidir. Mətləb müəllim gəlişimizin məqsədini bildirir. El ağbirçəyinin üzünə təbəssüm qonur. Evdəkilərə səslənərək çay hazırlamağı tapşırır, söhbətə başlayır. Deyir ki, bu kəndin sakinləri qədim adət-ənənələri saxlamağı bacarırlar. Çünki kənddə ağsaqqal nəsihəti, ağbirçək məsləhəti yazılmamış qanundur. Adətlərimizin qorunmasında onlar öndə gedirlər. Ondan indi də əməl edilən toy adətlərimiz barədə soruşuruq: “İvit yığma” adəti indi də toylarımızın bəzəyidir. Bu mərasim qız evində icra olunur. Qohum-əqraba yeni ailə quran gəlinə öz imkanları dairəsində hədiyyələr gətirirlər. Kimisi şirniyyat, kimisi parça qismi, kimisi ətriyyat, kimisi qab-qacaq hədiyyə edir. Hədiyyələr bir nəfər tərəfindən toy həyətində musiqi sədaları altında elan olunur. Musiqinin səsi isə Üçqardaş, Papaqlı, Şiştəpə dağlarını lərzəyə salır. Əhruz ana onu da əlavə edir ki, neçə illər əvvəl bu adətə muxtar respublikanın bir neçə kəndində rast gəlib. Təəssüf ki, indi həmin adət unudulub.
O, mətbəximiz barədə də danışaraq bildirir ki, süfrələrimiz həmişə milli yeməklərlə zəngin olub. Ancaq hər şey qədərində. Sonra əlavə edir: – Əgər Ağbulaqda Qızlar bulağı, Qoşabulaq, Salvartı bulağı, Soyuqbulaq kimi təbii, suyu dişgöynədən bulaqlar, Ağbulaq və Şəfa kimi müalicəvi bulaqlar varsa, onda nə üçün ağbulaqlı öz ailə büdcəsindən kəsib toy mərasiminə insan orqanizminə heç bir xeyir verməyən, başqa ölkədən gətirilən su almalıdır? Heç bir ağbulaqlı öz xeyir və şər məclisində başqa yerdən ət almaz. Buna ehtiyac yoxdur. Çünki hər bir kənd adamının qapısından hər gün örüşə onlarla iribuynuzlu və xırdabuynuzlu heyvan çıxır. Kənd sakinləri toyuq-cücəsinin heç sayını bilmir. Kəndin təmiz havası və suyu ekoloji sağlam ət məhsullarının istehsalında başlıca amildir. Ağbulağın balının ətri uzaqdan adamı bihuş edir. Kənddə 300-dən artıq arı ailəsi saxlanılır. Camaat həm də meyvəçiliklə məşğul olur. Hər bir həyətdə növ-növ ərik, alma, cəviz, alça, gavalı yetişdirilir. Kənddə, ümumilikdə, 11 hektar meyvə bağı var.
Kənddə aparılan yenidənqurma işləri ilə tanış oluruq. Evlərin çardaq hissələri yeniləşdirilir, həyət hasarları təmir olunur, heyvandarlığın inkişafı məqsədilə zəruri tikinti tədbirləri həyata keçirilir. Belə tədbirlərdə inşaatçılarla yanaşı, kənd sakinləri də yaxından iştirak edirlər. Çünki görülən bütün bu işlərin onların yaxşı yaşaması, Ağbulağın daha da gözəlləşməsi, bir turizm məkanı kimi buraya gələnlərdə daha xoş təəssüratlar yaradılması üçün olduğunu dərindən dərk edirlər. Dövlətimizin onlara göstərdiyi növbəti qayğıdan da razılıqla danışırlar.
Kənddə olduğumuz qısa müddətdə Ağbulaq bizdə zəngin təəssüratlar yaratdı. Bir vaxtlar ucqar dağ kəndlərinin belə mənzərəsini xəyalımıza da gətirə bilməzdik. Ancaq bu da var ki, insan amili öndə duran yerdə xəyallar da həqiqətə çevrilə bilər. Bu həqiqəti muxtar respublikamızın istənilən bölgəsində görmək mümkündür. Bizim gördüyümüz Ağbulaq kimi.
Bir azdan bu gözəl yaşayış məntəqəsi yenidən qapılarını öz qonaqlarının üzünə açacaq. Buraya gələnlər isə doğma diyarımızın ən ucqar yaşayış məntəqələrinin müasirliyə qovuşduğunu görəcək, təəccüblərini gizlətməyəcəklər.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2888840
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
732
4386
22529
75534
2888840

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter