24 May 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında qazanılan uğurlar qədim diyarımızda çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edib. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində görülən bütün işlərin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri əlamətdar hadisələrlə yadda qaldı.

 İnkişafın, yüksəlişin göstəricisi – yeni və möhtəşəm quruculuq ünvanları

Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin işğaldan, labüd təhlükələrdən xilas edərək müasir inkişaf yoluna çıxardığı Naxçıvan bu gün böyük quruculuq proqramlarının əzmlə həyata keçirildiyi diyara çevrilib. Muxtar respublikanın sürətli və hərtərəfli yüksəlişi müstəqil Azərbaycan dövlətinin tarixi nailiyyətlərindən biri, müasir inkişafın real təzahürüdür. Çünki 28 illik ağır blokadanın hökm sürdüyü bir vaxtda bu şəkildə tərəqqiyə nail olmaq təcrübəsinə indiyədək dünyanın heç bir yerində rast gəlinməyib. Bütün bunları reallaşdırmaq üçün gərək insanlarda yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda bağlılıq, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri olsun. Naxçıvanda məhz bu var.

Bu gün Naxçıvan öz qədimliyini və tarixiliyini qorumaqla sürətlə inkişaf edir. Ötən müddətdə inkişaf proseslərinin ardıcıl xarakter alması nəticəsində sənaye məhsulunun həcmi 34,4, əsas kapitala yönəldilmiş investisiyalar 15,9, tikinti-quraşdırma işləri isə 15,2 dəfə artıb, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilib, elektrik stansiyaları istismara verilib, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilib, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilib, yeni yollar çəkilib, istehsal müəssisələri yaradılıb, 72 mindən çox yeni iş yeri açılıb.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.
Görülən işlərin məntiqi nəticəsi və davamı olaraq dövlətimizin başçısının mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı növbəti ictimai əhəmiyyətli obyektlərin – “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin açılışları oldu.
Naxçıvan Müəllimlər İnstitutunun yeni binası ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı zamanı muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, qədim diyarın sürətli inkişafı barədə danışaraq deyib: “Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.
Naxçıvanda insan amili həmişə ön planda olub. Muxtar respublikada abadlıq-quruculuq işlərinin sürətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən kompleks işlərin məqsədi də insanların rahat yaşayışının tam təmin olunması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Bu baxımdan “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin həyata keçirilməsi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mühüm əhəmiyyətə malik sosial layihələr kimi diqqəti cəlb edir. Belə ki, muxtar respublikanın ən böyük bölgəsində reallaşdırılan layihə nəticəsində Şərur şəhərində, Mahmudkənddə və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək. Naxçıvan şəhərində kompleksin istifadəyə verilməsi isə 121 min istifadəçiyə birbaşa fayda verəcək və 500 hektar torpağın suvarılmasına şərait yaradacaqdır.
Qədim diyarda parlaq gələcəyin qarantı olan təhsilin inkişafı da diqqətdə saxlanılır. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir, maarifçilik hərəkatının inkişaf etdirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm nailiyyətlər qazanılır. Dövlət başçısının muxtar respublikaya səfərlərinin, demək olar ki, hamısında elm və təhsillə əlaqədar yeni obyektlərin açılışları olub. Naxçıvan Müəllimlər İnstitutunun, 6 nömrəli tam orta məktəbin yeni binalarının açılışı da maddi dəyərlərin insan kapitalına çevrilməsi istiqamətinə atılan növbəti önəmli bir addım kimi diqqəti cəlb edir.

Təhlükəsizliyi tam təmin edilən Naxçıvan bu gün düşmənlərimizin kabusuna çevrilib

Qədim Naxçıvan Azərbaycan və ümumilikdə, Türk dünyası üçün çox böyük geostarteji əhəmiyyətə malik mühüm bir məkandır. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına xüsusi diqqət və qayğı göstərib. Dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də alınmaz qalamız olan Naxçıvanda ordu quruculuğuna xüsusi diqqət yetirir. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.
Muxtar respublikamızda ordu quruculuğunun əsas ünvanlarından biri olan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası da dövlətimizin qayğısı ilə əhatə olunub. Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Əlahiddə Sərhəd Diviziyasının fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Diviziyanın maddi-texniki bazası daha da gücləndirilib, zastavalarda müasir şərait yaradılıb. Muxtar respublikada havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülüb. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir. Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində də ən müasir tələblərə cavab verən şəraitin yaradılması görülən işlərin tərkib hissəsini təşkil edir. Mayın 16-da dövlətimizin başçısı Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.
Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır, müdafiə sistemi təkmilləşdirilir, hərbi birliklərin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır. Əlahiddə Ümumqoşun Ordunun əməliyyat işləri üzrə hazırlığının daha gücləndirilməsi məqsədi ilə xeyli sayda təlimlər keçirilib. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilib. Məhz bunun nəticəsində Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. Bunu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad da ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Son illərdə Əlahiddə Ümumqoşun Ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində görülən tədbirlər daha geniş miqyasda davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır. Mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə gələn ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla tanış olub. Onlardan “ORBİTER-3B” pilotsuz uçuş aparatı, qarnizonun arsenalına yeni qəbul olunmuş 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti, 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti, “Su-25” hücum təyyarəsi, “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşını, “SAND CAT” zirehli avtomobili, 152 millimetrlik “QİASİNT-B” topu, müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor, “TOS-1A” ağır odatan yaylım atəş sistemi, “XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi Əlahiddə Ümumqoşun Ordunun silah arsenalının günbəgün genişləndirildiyini, maddi-texniki bazasının daha da gücləndirildiyini göstərir.
Prezident cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında da iştirak edib, Təlim-Tədris Mərkəzi ilə tanış olub.
Dövlətimizin başçısı Naxçıvanın təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm tədbirlərin həyata keçirildiyini bildirib: “Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

Növbəti qayğının təzahürü

Tarix baxımından çox qısa bir dövr ərzində muxtar respublikada yuxarıda sadalanan bu qədər nəhəng işlərin görülməsi, qədim diyarın başdan-başa abadlaşdırılması həm də Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin vaxtında reallaşdırılması nəticəsində mümkün olub. Muxtar respublikamıza hər səfərində ölkə rəhbəri burada aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olur, qarşıda duran vəzifələri müəyyənləşdirir, lazımi tövsiyələrini verir.
Muxtar respublikaya növbəti səfərindən sonra Prezident cənab İlham Əliyevin mayın 16-da “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında”, “Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamları imzalaması da ölkə rəhbərinin qədim diyara böyük diqqət və qayğısının növbəti təzahürü idi. Həmin sərəncamlarla sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə, yol infrastrukturunun gücləndirilməsinə, enerji təminatı mənbələrinin şaxələndirilməsinə, kənd təsərrüfatı sahəsinin inkişafının daha da sürətləndirilməsi üçün mütərəqqi meliorasiya tədbirlərinin reallaşdırılmasına, ümumilikdə, 55 milyon manat ayrılıb ki, bu da həmin sahələrdə görülən işlərin sona çatdırılmasına şərait yaradacaqdır. Bu, qədim diyarda gerçəkləşdirilmiş böyük yeniləşmələrə verilən əhəmiyyətin ifadəsidir.
İnamla deyə bilərik ki, dövlətimizin başçısının mühüm əhəmiyyətə malik olan bu səfəri Naxçıvan Muxtar Respublikasının inkişafında davamlı ənənələrin, irəliləyişin və müasirləşmənin yeni bir səviyyəsini bir daha nümayiş etdirdi. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin arzuladığı kimi Naxçıvanın uğurlu və hərtərəfli sosial-iqtisadi inkişafının nəticəsində mümkün olub. Məhz bunun sayəsində bu gün Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı, həmçinin ölkəmizin Gənclər Paytaxtı kimi mühüm statusları daşıyır. Məqaləni Prezident cənab İlham Əliyevin dediyi fikirlərlə tamamlamaq istərdim. Dövlətimizin başçısı deyib “Bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir.
Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2466883
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4439
7192
26505
162711
2466883

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter