26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Alman faşizmi üzərində tarixi Qələbənin ildönümü Şərur rayonunda bu il də geniş şəkildə qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Şərur şəhərində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər. 

Şərur Olimpiya-İdman Kompleksində davam etdirilən tədbirdə əvvəlcə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların da göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də fəal iştirak etdiyini faktlarla nəzərə çatdırıb.
Vurğulanıb ki, faşist ordusu 1941-ci il iyun ayının 22-də Sovet İttifaqına qəflətən hücum edib. Bu müharibədə Hitlerin əsas məqsədi qısa müddətdə, daha dəqiqi, 1941-ci il sentyabrın sonunadək Bakını ələ keçirmək, burada çıxarılan və emal olunan nefti alman şirkətlərinin istifadəsinə vermək idi. Lakin onlar bu məqsədlərinə çata bilmədilər. Müharibədə 300 mindən çox azərbaycanlı həlak oldu. Döyüşən orduda iştirak edən ağır hərbi texnika, xüsusilə təyyarələr Bakı nefti ilə işləyirdi. Arxa cəbhədə fədakarlıq göstərən azərbaycanlılar isə ordunu müxtəlif isti paltarlar, ərzaq məhsulları, digər zəruri ləvazimatlarla təmin edirdilər.

Kamal Cəfərov deyib ki, Şərur rayonundan müharibəyə gedən 4 min 7 nəfərin 394-ü həlak olub, 1395 nəfəri itkin düşüb. Müharibədən 2 min 218 nəfər doğma yurduna qayıda bilib. Hazırda rayonda 6 müharibə iştirakçısı, həlak olmuş müharibə veteranlarının 102 nəfər dul arvadı, 133 nəfər isə arxa cəbhə veteranı var. Müxtəlif orden və medal­lara layiq görülmüş Həsənalı Nağıyev, Zeynalabdin Həsənov, Hüseyn Hüseynov, Fərman Sadıqov və Abbas Abbasov bu gün də müharibənin dəhşətlərindən ürəkağrısı ilə danışırlar.
Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bəzi üzdəniraq siyasətçilərin keçmişimizə qara yaxmaq üçün həyata keçirdikləri planın tərkib hissəsi kimi, İkinci Dünya müharibəsi veteranları da diqqətdən kənarda qalmışdı. Lakin tarixi ­Qayıdışdan sonra ulu öndərimiz ­Heydər Əliyev müharibə və arxa cəbhə veteranlarına qayğı göstərdi, onların sağlamlıqlarının qayğısına qalınması, reabilitasiyalarının daim diqqət mərkəzində saxlanılması üçün müvafiq qurumlara tapşırıqlar verdi. Dövlət başçısının sərəncamları ilə Qələbə Günü ərəfəsində müharibə və arxa cəbhə veteranlarına, eləcə də vəfat edənlərin dul arvadlarına birdəfəlik pul yardımı edildi. Bu gün də ümummilli liderimiz tərəfindən əsası qoyulmuş siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamları ilə İkinci Dünya müharibəsi veteranlarına təqaüdlər verilir, onlar minik maşınları ilə pulsuz təmin olunurlar. İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında ölkə başçısı tərəfindən hər il Qələbə Günü ərəfəsində imzalanan sərəncamlar da veteranlara göstərilən diqqət və qayğının təzahürüdür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri Nəsib Quliyev, ağsaqqallar adından isə Vasif Kazımov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra orta məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
“Arpaçay” instrumental ansamblı­nın çıxışı alqışlarla qarşılanıb.
Tədbir çay süfrəsi arxasında davam edib.

Babək rayonu

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü Babək rayonunda da qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.
Əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edilib.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsinə Babək rayonundan 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058 nəfəri qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.
Bildirilib ki, bu gün 73-cü ildönümünü qeyd etdiyimiz qələbənin qazanılmasında iştirak etmiş qəhrə­man veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə diqqət yetirilməyə başlanılıb. Hər il 9 May – Qələbə Günü ölkədə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir.
Vurğulanıb ki, dövlətimiz tərəfindən görülən tədbirlər belə deməyə əsas verir ki, erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımız da tezliklə azad ediləcək, alman faşizmini məğlub etdiyimiz kimi, erməni van­dalizmi üzərində də şanlı qələbə ­çalacağıq.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Babək rayon təşkilatının sədri Həsən Həsənov çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən qayğıya görə ­minnətdarlığını bildirib.
Sonda veteranlara hədiyyələr təqdim olunub.

Ordubad rayonu 

Ordubad rayonunda Qələbənin 73-cü il­dönümünə həsr olunmuş tədbirdən əvvəl 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulub.
Sonra Ordubad şəhərindəki “Emin” şadlıq evində qələbə gününə həsr edilmiş tədbir keçirilib. Çay süfrəsi arxasında keçirilən tədbirin aparıcıları qeyd ediblər ki, İkinci Dünya müharibəsinin iştirakçısı olan həmyerlilərimiz faşizm üzərində Qələbənin qazanılmasında ­qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Onların göstərdikləri igidliklər xalqımızın qəlbinə əbədi həkk olunub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək 1941-1945-ci illər müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edib. Bildirilib ki, Ordubad rayonunun qəhrəman övladları da müharibə illərində həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Ordubad rayonundan cəbhəyə yollanan Nəcəfqulu Rəfiyev 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə, Baronoviçi şəhərinin azad edilməsində şücaət və ­qəhrəmanlıq göstərib, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibə başlanandan Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Onlardan Buhenvaldın əfsanəvi qəhrəmanı Əkbər Ağayev, 4-cü Ukrayna cəbhəsinin döyüşçüsü, Polşa və Fransa ərazilərində partizan hərəkatının fəal iştirakçıları Məmməd Zeynalov, Qərib Quliyev, Dnepropetrovsk və Krivoy-Roq şəhərlərinin azad olunmasında iştirak edən minamyotçu Ələsgər Vəlibəyov, İtaliyada partizan hərəkatının fəal iştirakçıları yazıçı-jurnalist Cəlil Rəfiyev, “Mixaylo” kimi tanıdığımız Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə birlikdə vuruşan “Ave” ləqəbli Əvəz Abdullayev, Həsənqulu Əliyev, Stalinqrad döyüşlərində fəal iştirak edənlərdən Əli İbrahimov, Əşrəf Bayramov, Əli Məmmədov, Nuru İsmayılov, Qafqaz döyüşlərinin iştirakçılarından Əlmərdan Salehov, Ələkbər Cəlilov, həmçinin Səyyad Şəfiyev, Məmməd Babayev, podpolkovnik Əkbər Fəttahov və başqaları Qələbə uğrunda hünər və rəşadət göstəriblər.
Elşad Məmmədov deyib ki, İkinci Dünya müharibəsində şücaət göstərən Vətən övladlarının xidmətləri bu gün dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 1941-1945-ci illər müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad rayon təşkilatının sədri Fərrux Nağızadə, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov çıxış edərək müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edib, o illəri yada salaraq arxa cəbhədə insanların “Hər şey qələbə üçün!” devizi altında göstərdikləri fədakarlıqlardan, həmin dövrün gətirdiyi məhrumiyyətlərdən söz açıblar.
Müharibə veteranı Məhəmmədəli Sultanov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirə Ordubad Rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.
Tədbirin sonunda müharibə veteranlarına hədiyyələr təqdim olunub.

Culfa rayonu 

Alman faşizmi üzərində tarixi Qələbənin 73 illiyi Culfa rayonunda da qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, müharibədə həlak olmuş qəhrəman həmyerlilərimizin xatirəsini ehtiramla yad ediblər. Sonra çay süfrəsi arxasında davam etdirilən tədbirdə qeyd olunub ki, bəşər tarixinin ən dəhşətli müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının övladları da qəhrəmanlıq göstəriblər. Yüz minlərlə azərbaycanlı müxtəlif diviziya və hərbi birləşmələrin tərkibində ön cəbhəyə göndərilib. Xalqımızın fədakarlığı ön cəbhədə olduğu kimi, arxa cəbhədə də müharibənin taleyini həll edib. Bakı döyüşən ordunun yanacağa olan tələbatının 70 faizdən çoxunu verərək Qələbənin qazanılmasında əvəzolunmaz rol oynayıb.
Müharibədə Naxçıvanın da mərd oğul və qızları düşmənə qarşı rəşadətlə vuruşaraq şücaətlər göstəriblər.
İkinci Dünya müharibəsi illərində xalqımızın övladlarının keçdiyi şərəfli döyüş yolu bu gün müstəqil Azərbaycanımızın müdafiəsində mətanətlə duran gənclərimiz üçün parlaq nümunədir.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev müharibə veteranlarını Qələbə Günü münasibəti ilə təbrik edərək vurğulayıb ki, bu Qələbənin qazanılmasında culfalıların da rolu olub. 1941-1945-ci illər müharibəsində, ümumilikdə, Culfa rayonundan 1200-ə qədər insan iştirak edib və yarıdan çoxu həlak olub. Onların böyük əksəriyyəti döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif orden və medallarla təltif edilib.
Müharibə veteranlarına ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən daim diqqət göstərildiyini deyən İcra Hakimiyyətinin başçısı bu diqqət və qayğının ölkə başçısı cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra müharibə veteranlarına hədiyyələr təqdim olunub.
Müharibə veteranları onlara göstərilən böyük ehtirama görə dövlətimizə minnətdarlıqlarını bildirib, tezliklə işğal altında olan torpaqlarımızda da qələbə gününün qeyd edilməsini arzulayıblar.
Tədbir Culfa Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivinin çıxışları ilə davam etdirilib.
Səhhətinə görə tədbirdə iştirak edə bilməyən veteranlara evlərində hədiyyələr təqdim olunub.

Kəngərli rayonu 

Alman faşizmi üzərində tarixi qələbənin 73-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunda keçirilən tədbirin iştirakçıları əvvəlcə Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Tədbir Qıvraq qəsəbəsindəki şadlıq sarayında təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib. Əvvəlcə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək veteranları Qələbə münasibətilə təbrik edib. Bildirib ki, iştirak edən ölkələrin sayına, törədilən qırğınlara və dağıdıcılığına görə bəşər tarixinin ən dəhşətli müharibələrindən sayılan İkinci Dünya müharibəsindəki tarixi Qələbədən 73 il ötür. Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın da əvəzsiz rolu olub.
Kamal Ələkbərov diqqətə çatdırıb ki, İkinci Dünya müharibəsi zamanı Naxçıvan Muxtar Respublikasının əhalisi də döyüşlərdə şücaətlə iştirak edib, cəbhə üçün əllərindən gələni əsirgəməyib. O odlu-alovlu illərdə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Bel­qrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, soydaşlarımızın təxminən yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Bu da qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olublar.
Həmin qanlı-qadalı illərdə müharibəyə Kəngərli rayonundan 800 nəfərdən artıq insan göndərilmişdi. Bu gün Kəngərli rayonunda bir İkinci Dünya müharibəsi veteranı, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş 22 döyüşçü ailəsi və 24 arxa cəbhə veteranı vardır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Qeyd edilib ki, respublikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib, imtiyaz və statusları bərpa olunub.
Vurğulanıb ki, hər il Qələbə Günü ərəfəsində ölkə başçısının imzaladığı sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilir, müharibə iştirakçılarına minik maşınları pulsuz verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 20-də imzaladığı növbəti Sərəncama müvafiq olaraq Kəngərli rayonunda yaşayan müharibə veteranlarının da ailələrinə birdəfəlik maddi yardım verilib.
Tədbirdə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli rayon təşkilatının sədri İsmayıl ­Hüseynquliyev, rayon Ağsaqqallar Şurasının sədri Nahaz Səfərov veteranlara göstərilən diqqət və qayğıdan danışıblar.
Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblının və uşaq musiqi ­məktəbləri kollektivlərinin çıxışları alqışlarla ­qarşılanıb.
Sonra veteranlara hədiyyələr təqdim olunub.

Şahbuz rayonu

Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 73-cü ildönümü münasibətilə Şahbuz şəhərindəki “Yeni Batabat” şadlıq sarayında tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə 1941-45-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər qoyublar.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev veteranları Qələbə Günü münasibətilə təbrik edib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət göstərib, 1941-1945-ci illərin müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandırıb. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışın­dan sonra 9 may respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq Qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu Qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin Qələbəsi idi”.
Rəfael Babayev qeyd edib ki, bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət göstərir, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilir.
Naxçıvan Muxtar Respublikasında da İkinci Dünya müharibəsi iştirakçılarına və arxa cəbhədə fədakarlıq göstərən əmək adamlarına hərtərəfli qayğı göstərilir. Bu qayğıdan rayonun veteranlarına da pay düşüb. Hər il Qələbə Günü münasibətilə müharibə veteranlarının iştirakı ilə bayram tədbirlərinin keçirilməsi, onlara hədiyyələrin verilməsi və maddi köməkliyin göstərilməsi də bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şahbuz rayon təşkilatının sədri Məmməd Bağırov çıxış edərək İkinci Dünya müharibəsi iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov çıxışında vurğulayıb ki, on minlərlə qurban hesabına əldə olunan Qələbəni şahbuzluların da təntənə ilə qeyd etməyə mənəvi haqqı vardır. Çünki qanlı müharibədə minlərlə azərbaycanlının sırasında şahbuzlular da olub. Ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bu gün həmin insanlar və onların ailə üzvləri diqqət və qayğı ilə əhatə ediliblər.
İkinci Dünya müharibəsi veteranı Əli Xəlilov, Məmməd Həsənov da çıxış edərək tarixi Qələbənin qazanılmasında azərbaycanlıların şücaətindən, onların fədakar xidmətlərindən, müharibədə minlərlə şahbuzlunun iştirakından və göstərdikləri qəhrəmanlıqdan söhbət açıblar. Onlar göstərilən dövlət qayğısına görə veteranlar adından minnətdarlıqlarını bildiriblər.
Tədbir rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının maraqlı konsert pro­qramı ilə davam edib.
Sonda İkinci Dünya müharibəsi veteranlarına hədiyyələr təqdim olunub.

Sədərək rayonu 

Çoxlu tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərək rayonunda 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 73-cü ildönümü münasibətilə keçirilən tədbir bu bölgə sakinləri üçün ikiqat əhəmiyyət daşıyırdı. Çünki bu torpaq elə alman faşizminə bərabər olan erməni vandalizminin əsassız torpaq iddiaları ucbatından dəfələrlə hücumlara məruz qalıb. Lakin sədərəklilər mənfur düşmən qarşısında əyilməyib, bu qədim yurd yerinin düşmən tapdağına çevrilməməsi üçün qəhrəmanlıq göstəriblər. O döyüşlərdə çoxlu şəhidlər verilib.
Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada 1941-1945-ci illər və Azərbaycan Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin məzarı üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çay süfrəsi arxasında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub.
Qeyd edilib ki, müharibə veteranlarının mənzillərlə, şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll olunması üçün dövlətimiz tərəfindən bütün tədbirlər həyata keçirilir. Ölkə prezidentinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı onlara göstərilən daha bir qayğının ifadəsidir. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardım şamil olunan şəxslərə çatdırılıb, ayrılan məbləğlər həmin şəxslərin plastik bankomat kartlarına köçürülüb. Müavinət alanlar arasında Sədərək sakinləri də vardır.
Rayon İcra Hakimiyyətinin başçısı müharibə və arxa cəbhə veteranlarını Qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib.
Veteranlara hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Əkbər Kərimov və Böyük Vətən müharibəsi veteranı Ələkbər Cabbarov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov və həmin təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva çıxış ediblər. Çıxışlarda daha bir qələbənin tez bir zamanda düşmən tapdağı altında olan torpaqlarımızda qeyd ediləcəyinə böyük əminlik ifadə olunub.
Veteranlar dövlətimizin onlara göstərdiyi qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət Şöbəsinin “Oğuz eli” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən ­alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476773
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1012
6293
36395
172601
2476773

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter