24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvanın strateji mövqeyi və təbii sərvətləri hələ qədim dövrlərdən Yaxın Şərq və Cənubi Qafqazda məskunlaşan ulu əcdadlarımızın diqqətini cəlb etmişdi. Əlverişli təbii-coğrafi mövqedə yerləşdiyi üçün Naxçıvan həmişə Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mərkəzində olmuşdur. Rusiyada çar hakimiyyətinin devrilməsi əsarət altına alınmış xalqlar arasında, o cümlədən Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda azadlıq hərəkatını genişləndirmiş, milli istiqlala ümidləri artırmışdı.
Həmin dövrdə Azərbaycanda olduğu kimi, Naxçıvanda da Milli komitələrin yaradılmasına başlanmışdı. Naxçıvan, Culfa və Ordubad şəhərlərində yaradılan bu komitələrin başlıca məqsədi milli hərəkatın əsas istiqamətlərini müəyyənləşdirmək və seçkili yerli idarəetmə orqanları yaratmaq idi. Bununla yanaşı, həmin komitələr bədxah qonşularımızın bəd niyyətlərindən müdafiə olunmaq üçün silahlı dəstələr də formalaşdırmağa çalışırdılar. Bolşeviklərin daxil olmadığı Milli komitələr o vaxtlar Naxçıvanın idarə edilməsində mühüm rol oynayırdı. Erməni Milli Komitəsi Naxçıvan Milli Komitəsinin nüfuzundan qorxduğu üçün hətta onun rəhbərlərini ələ almaq məqsədilə rüşvət də təklif etmişdi. Lakin Milli Komitənin üzvləri ermənilərin göndərdiyi pulu qəbul etməmiş və onu geri qaytarmışdılar.

1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığını əvəz edən Zaqafqaziya Seyminin antiazərbaycan və antitürk siyasəti onun müstəqil dövlətlərə parçalanmasını gücləndirdi və uzun çəkən proseslərdən sonra 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi.
Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır”.
Cümhuriyyətin yarandığı vaxtdan Naxçıvan Milli Komitəsi onunla əlaqə yaratmağa çalışır, qədim diyarın Azərbaycanın tərkibinə daxil olmasını istəyirdi, lakin yaranmış siyasi və beynəlxalq vəziyyət xalqın bu arzusunu həyata keçirməyə imkan verməmişdi. 1918-ci ilin dekabrında Milli Komitənin sədri Mir Hidayət Seyidzadənin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə məruzəsində Zəngəzur qəzasının Ermənistan hökumətinə birləşdirilməsi ilə bağlı onların göndərdikləri bildirişlərdən bəhs edilmiş, Zəngəzur, Şərur, Naxçıvan və Ordubada olan erməni təcavüzlərindən danışılmışdır. Mir Hidayət Seyidzadənin məktubunda Naxçıvanın Azərbaycan hökuməti tərəfindən nəzarətə alınması təkidlə tələb olunurdu.
Həmin çətin günlərdə Türkiyə ordusu Şərur-Dərələyəzi və İrəvan-Culfa dəmir yolunu nəzarətə götürə­rək Naxçıvana doğru irəliləyirdi. Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi türk qoşunları Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti olaraq dayandırdı. Fürsətdən istifadə edən erməni qulduru Andranik Naxçıvanı ələ keçirmək üçün yeni planlar qurmağa başladı. Naxçıvan Milli Komitəsi isə daşnakların bu hərəkətləri qarşısında müvəqqəti gözləmə mövqeyi seçmişdi. Köməksiz qalan xalq torpaqlarımızın müdafiəsinə qalxdı. Nehrəm kəndində bütün qonşu kəndlərin nümayəndələrinin iştirakı ilə xalq qoşunu dəstələrinin müqaviməti yaradıldı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onu darmadağın etdi. Andranik xalq qoşununun təqibindən qorxaraq biabırçılıqla Qarabağa qaçdı. Daşnaklarla döyüşdə qətiyyət göstərməməsi ilk vaxtlar türklərlə Naxçıvan Milli Komitəsi arasında münasibətlərin soyumasına səbəb olmuşdu. Lakin bu, Türkiyə ilə yox, Türkiyəyə hər vasitə ilə təzyiq edərək onları regiondan sıxışdırmaq istəyən müttəfiqlərin siyasətindən irəli gəlirdi. Digər tərəfdən müttəfiqlər, xüsusilə ingilis hökuməti erməni silahlı dəstələrinin yaradılmasına maddi yardım göstərərək onları Türkiyə ərazisində qətliamlar törətməyə təhrik edirdi.
Belə bir dövrdə Naxçıvan Milli Komitəsi Türkiyə ordusu ilə əlaqələrini möhkəmləndirərək silahlı dəstələrini gücləndirməyə başladı. 1918-ci ilin yayında daşnaklar bir tərəfdən Naxçıvanı Ermənistana birləşdirmək üçün hər cür fitnəkarlıqlar törədir, digər tərəfdən isə ingilislərdən yardım alaraq Andranikin başçılığı ilə Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qətlə yetirirdilər. Süst, Çeşməbasar, Tumbul və digər kəndlər tamamilə dağıdılmışdı. Azğınlaşan daşnaklara müttəfiq dövlətlər – İngiltərə və Fransa hərtərəfli yardım göstərirdi. Qafqaza dair fitnəkar planlarını həyata keçirməyə və Türkiyəni bu regiondan sıxışdırmağa çalışan müttəfiqlər daşnak qüvvələrindən vasitə kimi istifadə edirdilər. Daşnaklar isə fürsətdən istifadə edərək “Böyük Ermənistan” planlarını həyata keçirməyə çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həmin dövrdə Ermənistana onun Naxçıvandakı işğalçılıq siyasətini pisləyən nota vermişdi. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə yazdığı məlumatda Ermənistan hökumətinə 77 nömrəli notanın təqdim edilməsindən bəhs etmişdi. Həmin notada Azərbaycan hökuməti ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvana erməni qoşunlarının göndərilməsini pisləmiş, onları mübahisəli məsələlərin sülh yolu ilə həll etməyə çağırmışdı.
Azərbaycanın İrandakı diplomatik nümayəndəsi Adil Xan Ziyadxanov 10 aprel 1919-cu ildə Xarici İşlər Nazirliyinə göndərilmiş raportlarında yazırdı ki, 20 martdan başlayaraq ermənilərin Naxçıvan və Ordubad rayonlarına mütəşəkkil hücumları haqqında teleqram alıram. Adil Xan Ziyadxanov Naxçıvan əhalisinə ərzaqla yardım edilməsi üçün İran hökuməti qarşısında məsələ qaldırmış və bunun reallaşmasına nail olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinə göndərdiyi məlumatlardan aydın olur ki, ermənilər hiylə yolu ilə Şərur-Naxçıvan bölgəsini Ermənistana birləşdirmək istəyirdilər. Başqa bir məlumatda Təkinski Naxçıvan əhalisini silahlanmağa çağırırdı. O yazırdı: “Tərəfimizdən görülmüş tədbirlər nəticəsində artıq Şərur-Naxçıvan və Ordubad Milli Şura şəklində birləşmişdir ki, o da mənimlə müntəzəm əlaqə saxlayır”.
I Dünya müharibəsindəki məğlubiyyətdən sonra Türkiyə ordusu Cənubi Qafqazdan, o cümlədən Naxçıvandan çıxmalı oldu. Mudros barışığının 11-ci maddəsinə əsasən Azərbaycan İngiltərənin nüfuz dairəsinə daxil idi. Azərbaycan hökuməti müqavilənin ölkəmizə aid olan şərtlərinə etiraz etsə də, onu dəyişdirmək iqtidarında deyildi. Bu fürsətdən istifadə edən Britaniya hökuməti 1919-cu ildə Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda qoşun hissələri yerləşdirməyə, bu ərazilərin ingilis hakimiyyət orqanları tərəfindən idarə edilməsinə çalışırdı. O dövrdəki Naxçıvan rəhbərləri bu çətin vəziyyətdə yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etməyə razı olduqlarını bildirmişdilər. Həmin vaxtlar ingilis komandanlığı Naxçıvanın Ermənistana verilməsi üçün Naxçıvan Milli Şurasına və Kalbalı xan Naxçıvanskiyə təzyiq göstərmişdi. Erməni quldur dəstələri isə Naxçıvana hücum edərək qırğınlar törətmişdi. Bununla bağlı olaraq Təkinskinin xarici işlər naziri Məmməd Yusif Cəfərova məktubunda yazılırdı ki, erməni qoşunları Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonlarını, daha sonra isə Culfanı da tutmuşlar. Məktubda Ordubad əhalisinin ermənilərə qarşı mübarizə apardığı göstərilir. Mənbələrdən məlum olur ki, o dövrdə ingilislər asayişi öz üzərlərinə götürmüş, lakin vədlərinə əməl etməmişdilər.
Bu çətin günlərdə AXC hökuməti Naxçıvana birbaşa yardım edə bilməsə də, Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən sonra zabit heyəti göndərərək, hərbi təlimlər təşkil etməklə Naxçıvanın müdafiəsinə köməklik göstərməyə çalışırdı. Bakıda aparılan danışıqlar zamanı Naxçıvanın AXC-nin tərkibinə daxil olunması məsələlərinə də toxunulmuşdu. Lakin beynəlxalq vəziyyət hələlik buna imkan vermirdi.
1919-cu ilin yayında ingilislər tərəfindən ruhlandırılan daşnak dəstələri yenidən Naxçıvana qarşı hücumlara başladılar. Naxçıvan, Şərur və Ordubaddan gələn məlumatlara görə, erməni daşnakları zəbt etdikləri ərazilərdə ictimai fəalları həbs edir, hər addımda axtarışlar aparır, müsəlmanların əmlakını müsadirə edirdilər. Azərbaycan hökuməti ermənilərin Naxçıvandakı bu özbaşınalıqlarının qarşısını almaq üçün müttəfiqlərin Qafqazdakı ali komissarına müraciət etmişdi. Lakin onların laqeydliyi nəticəsində Ermənistanın nizami hissələri Naxçıvan yaxınlığındakı müsəlmanların yaşadıqları Bulqan kəndini atəşə tutmuş, əhali vahimə içərisində evlərini tərk etmişdi. Əlbəttə, Naxçıvan torpağında özlərini əsl qəsbkar kimi aparan ingilislər və daşnaklar hər an xalqın qəzəbinə düçar ola biləcəklərini də unutmurdular. Məhz xalqın intiqamından qorxduqları üçün ingilis nümayəndəsi və daşnak general-­qubernatoru şəhərdə deyil, Naxçıvandan üç kilometrlik məsafədə yerləşən hərbi düşərgədə lövbər salmağı daha məqsədəuyğun hesab etmişdi.
Düşmənin özbaşınalığı ilə barışmayan əhali etiraz və çıxışlara başladı. 1919-cu ilin yazında Ordubad, Zeynəddin, Bulqan, Şahbuz, Qıvraq və digər kəndlərdə ingilislərin müdafiə etdiyi daşnaklara qarşı çıxışlar olmuş, əhali işğalçılardan Naxçıvan torpaqlarını tərk etməyi tələb etmişdi.
Düşmənin özbaşınalığı uzun sürə bilməzdi. Milli azadlıq hərəkatının artmaqda olan dalğaları 1919-cu il iyunun sonu, iyulun əvvəllərində ingilisləri öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur etdi. Onlar getdikdən sonra Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnak dəstələrini əzərək onları Naxçıvan ərazisindən qovub çıxardı.
1919-cu ilin ikinci yarısında Cənubi Qafqazda Paris sülh konfransının əsas təşkilatçılarından biri olan Amerika Birləşmiş Ştatlarının rolu artmağa başladı. ABŞ hökuməti Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xanla apardığı danışıqlarda burada ABŞ-ın general-qubernatorluğunu yaratmaq istədiklərini bildirmişdilər. Bununla bağlı olaraq müttəfiqlərin Qafqazdakı Ali Baş komissarı V.Haskel 20 bənddən ibarət layihə hazırlayaraq Azərbaycan hökumətinin sədri N.Yusifbəyova göndərmişdi. Həmin layihədə müttəfiqlər Vedibasar, Şərur, Dərələyəz və Naxçıvanı neytral zona elan edirdilər. Naxçıvan Milli Komitəsi və Azərbaycan Xalq Cümhuriyyəti bu layihənin bəzi bəndləri ilə razılaşmadılar. Məsələn, layihədə Azərbaycan qoşunlarının neytral zonadan çıxarılması, Vedibasar əhalisinin başqa yerə köçürülməsi, həmçinin ermənilərin açıq-aşkar himayə edilməsi öz əksini tapmışdı ki, Azərbaycan hökuməti bunu qəbul edə bilməzdi. Naxçıvan Milli Komitəsinin və Azərbaycanın etirazlarına cavab olaraq V.Haskel bildirmişdi ki, onların müttəfiqlərə şərt irəli sürmək haqqı yoxdur və deyilənlər mütləq qəbul olunmalıdır.
Naxçıvan Milli Komitəsinin rəhbərləri Cəfərqulu xan və Kalbalı xan ABŞ nümayəndəsi Haskeli inandırmaq istəyirdilər ki, bu şərtlərlə Naxçıvanda general-qubernatorluq yaradılması məqsədəuyğun deyil. AXC hökuməti isə Naxçıvanda Azərbaycanın general-­qubernatorluğunun yaradılmasında israr edirdi. Azərbaycan hökuməti altı min nəfərlik qoşun hissəsini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd etmişdi. AXC-nin xarici işlər naziri V.Haskelə yazdığı məktubunda neytral zonaya daxil edilən ərazilərin Azərbaycanının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayır, bu məsələnin ABŞ prezidenti Vilsonun xalqların hüquqları haqqında prinsiplərinə uyğun şəkildə həll olunacağına ümid etdiyini bildirirdi.
Ermənistanın rəhbərləri istər ingilis, istərsə də amerikalıların hərbi rəhbərləri ilə birbaşa təmasda olduqları üçün M.Təkinskinin qeyd etdiyi kimi, bir çox məsələlər onların xeyrinə həll olunurdu. Öz məqsədinə nail ola bilməyən ABŞ nümayəndəsi daşnakları Naxçıvana qarşı hücuma təhrik etdi. O, bu yolla onları özlərinə tabe etməyə çalışırdı. Lakin döyüş qabiliyyətini çoxdan itirmiş erməni quldur dəstələri heç bir əhəmiyyətli müvəffəqiyyət qazana bilmədi. ABŞ-ın gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin başçısı, müsavatçı Kalbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O həmçinin xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti bərpa etdi. Milli Komitə Naxçıvanda Sovet hakimiyyəti qurulanadək Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini davam etdirdi, daşnak hücumlarına müvəffəqiyyətlə sinə gərdi.
Tarixi faktlar sübut edir ki, müxtəlif ictimai formasiyalarda və tarixi mərhələlərdə Naxçıvanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın tərkibində mövcud olmaqla tərəqqi yolu keçməsində Naxçıvan əhalisinin mübarizliyi, tarixin ən ağır, sərt dövrlərində ­siyasi iradə və qətiyyət nümayiş etdirməsi mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda deyilir: “Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır”.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266012
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
419
5530
5949
133074
2266012

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter