24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Şahbuz rayonu muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir. Əzəmətli dağların qoynuna sığınan bu kiçik rayon ölkəmizdə Batabat yaylağı ilə və bir də Məmməd Araz yurdu kimi hər kəs tərəfindən tanınır. Rayon mərkəzi olan Şahbuz şəhəri 88 yaşlı bu bölgənin 11 yaşlı “gənc” şəhəridir. “Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayonunun Şahbuz Qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2007-ci il 27 dekabr tarixdə Sərəncam imzalayıb. 2013-cü il fevralın 22-də isə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı və 2013-cü il mart ayının 15-də ölkə Prezidentinin imzaladığı Sərəncamla sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8, Daylaqlı kəndinin isə 274,8 hektar sahəsi Şahbuz şəhərinə verilib. Bundan sonra rayon mərkəzi olan Şahbuzun ərazisi 2826,6 hektaradək genişlənib. Şəhər elə bir ərazidə yerləşir ki, buradan rayonun bütün yaşayış məntəqələrinə yollar uzanır. Sanki bir ana kimi qollarını övladlarına açır.

Quruculuq prosesinin ağuşuna aldığı muxtar respublikamızın hər bir bölgəsi, rayonu, qəsəbəsi, kəndi kimi Şahbuz şəhəri də müasir dövrün tələblərinə uyğun həyata keçirilən kompleks yeniləşmə, abadlıq tədbirləri ilə sovet dövründəki köhnə, miskin simasını tərk edib. Burada ildən-ilə ucaldılan, əsaslı təmir olunan yaraşıqlı inzibati və ictimai yaşayış binaları, salınan parklar, bağlar, abadlaşdırılan yol və küçələr kiçik şəhərə böyük dövlət qayğısının göstəricisidir. Bu şəhərdə böyüyüb yaşadığım üçün onun dünəni ilə bu gününün canlı şahidi olmuşam. Onilliklər öncə ilə bugünkü şəhərin bütün görüntülərini xatırlayıram.

O vaxtlar Şahbuz qəsəbə idi. Amma, əslində, kəndlərdən tək inzibati binaların burada yerləşməsi ilə fərqlənirdi. Xatırlayanlar olar, həmin binaların fasad hissəsinin suvaqları sökülüb tökülmüş, hörgü daşları üzə çıxmışdı. Pəncərələrin qırılan şüşələrinin yerinə, qışda istilik sisteminin olmaması səbəbindən də polietilen örtük vurulur, onlar da yağışdan-qardan, yayda istidən parça­-parça olur, külək əsəndə yellənir, xoşagəlməz görüntü yaradırdı. Binaların içərisində də heç bir şərait yox idi. İnventarlar köhnəlib elə bir vəziyyətə düşmüşdü ki, işçilər normal bir stul tapıb əyləşə bilmirdilər. Köhnəlmiş stol-stullar adamın paltarlarını da sıradan çıxarırdı.
İctimai yaşayış binalarında vəziyyət tamamilə bərbad idi. Evlərdə nə su, nə də kanalizasiya xətləri var idi. Sakinlər uzaq məsafələrdən vedrələrlə evlərə su daşıyır, istifadə olunmuş çirkli su isə yaşayış binalarının həyətlərinə axıdılırdı. Yağış yağan zaman köhnəlmiş dam örtüklərindən su tamamilə evlərə süzülür, həyətlərdəki çala-çuxurlar keçilməz gölməçələrə çevrilirdi. Binaların qarşısında sakinlər tərəfindən saymaqla bitməyən “sanitar qovşaqlar” tikilmişdi, daha doğrusu, müxtəlif tikinti materiallarının parçalarından necə gəldi, düzəldilmişdi. Toyuq-cücə saxlanılan hinlərin isə sayı-hesabı yox idi. Həyətlərdə hər kəs istədiyi yeri çəpərləyib özü üçün dirrik də düzəltmişdi. Bütün bunlar isə antisanitariya vəziyyətini son həddə çatdırmışdı. Burada quruculuq işləri, ilk növbədə, yuxarıda sadalanan həmin yöndəmsiz “tikinti”lərdən başlanıldı, ərazilər onlardan təmizləndi, antisanitariya vəziyyəti aradan qaldırıldı.
Onsuz da “çılpaq” dağlarla əhatə olunmuş qəsəbənin bərbad, keçilməz tozlu-palçıqlı yolları, hektarlarla boş sahələri, bir də ki, bərbad binaların köhnə vəziyyəti sıxıcı bir görüntü yaratmışdı. Sanki burada hər yer boz rəngə bürünmüşdü. Köhnəlikdən, baxımsızlıqdan yaranan boz rəngə.
İllərdən bəri aparılan quruculuq işlərindən Şahbuz şəhəri çox bəhrələnib, bu gün burada hər kəsin qürur duyduğu gözəlliyə və rahatlığa nail olunub. Şəhərdə 2003-cü ildə Polis Şöbəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq İdarəsi, 2004-cü ildə rayon məhkəməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Kapital Bankın rayon şöbələri, 2005-ci ildə qaz istismar idarəsi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və uşaq kitabxanası, 2006-cı ildə rayon prokurorluğu, Təhsil şöbəsi və Şahmat məktəbi, 2007-ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Ahıllar evi, Gənclik mərkəzinin binalarının müasir memarlıq üslubuna uyğun şəkildə tikilib istifadəyə verilməsi ilə Şahbuz qəsəbəsinin yeni növrağı başlandı. Sovet dövlətinin ucqarlardan xəbərsizliyini, bəlkə də, həmin ərazilərin bilərəkdən inkişaf etdirilməməsi üçün həyata keçirdiyi siyasəti müstəqillik dövrünün quruculuq prosesinin məhz ucqarlardan başlanması alt-üst etdi. Ucqar dağlıq ərazidə yerləşən Şahbuz qəsəbəsi inkişaf və tərəqqinin ən yüksək mərhələsinə çatdı. Və elə bu mərhələdə şəhər statusu aldı.
Şahbuz şəhərinin sakinlərini illərdir, muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri ruhlandırıb, onlar bu kiçik şəhərin yeniləşməsi üçün abadlıq işlərində fəallıq göstəriblər. Son illər iməciliklər yolu ilə hektarlarla boş sahələrdə meyvə bağları və yaşıllıqlar yaradılıb. Minlərlə meyvə və meşə ağacları tingi əkilib. İndi həmin ting­lər qollu-budaqlı ağaclara çevriliblər. Şəhərin hər yerində yayda, payızda yolboyu istədiyin meyvədən dərib dadına baxa bilərsən. İllər əvvəl əkilən çinarlar yol kənarlarında, parklarda, xiyabanlarda bir-birilə qol-boyun olub şəhərə yaşıllıq, sərinlik və gözəllik bəxş edirlər. “Çılpaq” dağların fonunda bütün bu yaşıllıqları seyr edərkən adama elə gəlir ki, burada yaşayan insanlar illərlə yaratdıqları yaşıl aləmlə dağlara meydan oxuyub, “el bir olsa, dağ oynadar yerindən” deyirlər.
Zaman ötdükcə hər il aparılan böyük dəyişikliklər dağlar qoynunda yerləşən ucqar yaşayış məskəninin hüsnünə gözəllik, yenilik, müasirlik qatıb. 2015-ci ildə Şahbuz şəhərinin giriş hissəsində möhtəşəm Bayraq Meydanının yaradılması ilə indi şəhərin hər yerindən yüksəklərdə dalğalanan bayrağımızı görmək sakinlərə qürur hissi bəxş edir. Elə həmin ildə 242 yerlik şəhər uşaq bağçasının istifadəyə verilməsi isə gələcəyimiz olan uşaqlara dövlət qayğısının nümunəsidir. Müasir avadanlıqlarla təchiz olunmuş üçmərtəbəli binada uşaqların sağlam böyümələri, hərtərəfli dünyagörüşə malik olmaları üçün lazımi şərait yaradılıb.
Şahbuz şəhərində iki məktəb fəaliyyət göstərir. İllərdən bəri nəm çəkmiş, uçub-sökülmüş, uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olan məktəblərin hər ikisi ən müasir standartlara uyğun şəkildə yenidən tikilib, kompüter, elektron lövhəli siniflər, zəngin kitabxana, laboratoriyalar, geniş və işıqlı idman zalları ilə təchiz olunub. 630 şagird yerlik şəhər 1 nömrəli tam orta məktəb 2007-ci ildə, 216 şagird yerlik 2 nömrəli tam orta məktəb isə 2014-cü ildə məktəb kollektivlərinin istifadəsinə verilib. 636 şagirdin təhsil aldığı məktəblərin hər ikisi rayonun digər təhsil ocaqları arasında özünəməxsus ənənələri ilə seçilir. Bu gün həmin məktəblərin yetirmələri arasında respublikamızın tanınan, sayılıb-seçilən, muxtar respublikanın, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərən ziyalılar çoxdur. 1 nömrəli məktəb 2010-2011-ci, 2 nömrəli məktəb isə 2013-2014-cü tədris illərində keçirilmiş müsabiqələrdə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1 nömrəli məktəbi 2010-cu ildə bitirən Sirac Sultanlı Prezident təqaüdçüsü olub. Ötən dərs ili də hər iki məktəb üçün uğurlu nəticələrlə yadda qalıb. Məktəbləri bitirən 31 məzundan 24-ü ali, 4-ü isə orta ixtisas məktəblərinə qəbul olunub.
Şəhərdə yeni səhiyyə ocağı da tikilib, 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2 şöbə, 6 bölmədən ibarət ən müasir tibbi avadanlıqlarla təchiz olunan üçmərtəbəli mərkəzi xəstəxanada indi bütün rayon sakinlərinə tibbi xidmət göstərilir. İllərlə rentgen, USM, EKQ müayinələri, fizioterapiya müalicəsi üçün Naxçıvan şəhərinə üz tutan sakinlər heç bir nəqliyyat xərci çəkmədən və vaxt itirmədən burada müayinə və müalicə olunurlar. Böyrək çatışmazlığından əziyyət çəkən xəstə­lər də əvvəllər dializ üçün Naxçıvan şəhərinə gedirdilərsə, 2015-ci ildən xəstəxanada fəaliyyətə başlayan Hemodializ şöbəsində müalicə ­olunurlar.
Mərkəzi, şəhər, uşaq kitabxanaları, Tarix-diyarşünaslıq muzeyi, “Araz” kinoteatrı, şəhər mədəniyyət klubu kimi müəssisələr şəhər sakinlərinin asudə vaxtlarında üz tutduqları ünvanlardandır. 2010-cu ildə şəhərdə müasir arxitektura qaydalarına cavab verən 362 yerlik uşaq musiqi məktəbinin istifadəyə verilməsi burada musiqi təhsilinin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradıb. Hazırda şəhərin gündən­-günə yeniləşən Heydər Əliyev prospektində Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi üçün yeni inzibati bina tikilir. Yaxın gələcəkdə yeni bina prospektə daha bir müasir görüntü bəxş edəcəkdir.
Digər infrastruktur sahələr də diqqətdə saxlanılıb. Şəhərdaxili və şəhərkənarı yollardan tutmuş parklaradək, inzibati və ictimai yaşayış binalarının ətrafınadək şaxələnən bütün yollar, səkilər abadlaşdırılıb, asfaltlanıb, dekorativ daşlar düzülüb. 70 il sovet dönəmində saf sular məkanı olan Şahbuzun dağlarındakı şəfalı bulaqlardan rayon mərkəzinə su xətti çəkilmədiyi halda, quruculuq illərinin ən yaddaqalan hadisələrindən biri də şəhərə uzaq məsafələrdən neçə-neçə şəfalı bulaqların suyunun çəkilib gətirilməsi, müxtəlif yerlərdə bulaq-abidələrin qurulması olub. 2016-cı ildə Şahbuz şəhərində içməli su və kanalizasiya sisteminin istifadəyə verilməsi isə illərlə həyata keçirilən quruculuq işlərini sanki tamamlayıb.
Bəli, illərin quruculuq töhfələri muxtar respublikamızın digər bölgələri kimi, Şahbuz şəhərinin də sosial mənzərəsinə daha gözəl, yadda­qalan naxışlar vurub. Bu gözəllik şəhər sakinlərinin rahat yaşamasına xidmət edir. Çalışdıqları inzibati binaların, yaşadıqları ictimai binaların, hər gün dəfələrlə keçdikləri küçə və yolların, park və səkilərin abadlaşması, tozanaq, çirkab mənbəyi olan hektarlarla boş sahələrdə yeni binaların ucaldılması, bağların salınması, uşaqların təhsili üçün müasirtipli məktəblərin, hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi, Batabat, Salvartı və digər təbiət gözəli olan bölgələrdən çəkilib gətirilən saf suların evlərindən, həyətlərindən axması şəhər sakinlərinə illərlə həsrətində olduqları, xəyallarında canlandırdıqları hərtərəfli, rahat həyat tərzini bəxş edib. Bu gün Şahbuz şəhərinə gələn qonaqlar yaradılan yenilikdən böyük zövq alır, əvvəllər burada yaşayan insanlar isə gözlərinə inanmırlar ki, bu şəhər onların qoyub getdikləri həmin şəhərdir. Hər kəsin isə ümumi fikri budur: Məhz indi dağlara sığınan Şahbuz şəhərinin gözəl təbiəti ilə xarici görünüşü bir-birini tamamlayır.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266039
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
446
5530
5976
133101
2266039

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter