24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ötən ayın nəticələri də belə deməyə əsas verir

Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində yaratdığı özünəməxsus inkişaf modelinin baza əsaslarının, eləcə də inkişaf konsepsiyasının formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ötən müddətdə elmin, təhsilin, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə real­laşdırılmasına yönəlmiş fəaliyyət, aparılan islahatlar, həyata keçirilən dövlət proqramları muxtar respublikanın inkişafının daha sürətli mərhələyə qədəm qoymasına rəvac verib. Məhz bütün bunların nəticəsində, mövcud çətinliklər aradan qaldırılaraq, dünyada ikinci bir nümunəsi olmayan blokada vəziyyətində dayanıqlı və sabit iqtisadi sistem formalaşıb, iqtisadi potensialın daha da artmasına şərait yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, vaxtilə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, artıq bu gün 372 növdə məhsul istehsal olunur. Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb.
Bu gün muxtar respublikamız dünyaya daha bir nümunə göstərir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasətin uğurla davam etdirilərək ekoloji tarazlığın, ətraf mühitin qorunmasına daim diqqət göstərilməsi, iməciliklər yolu ilə yeni yaşıllıq zolaqlarının salınmasıdır. Kəskin kontinental iqlimə malik muxtar respublikada insandan böyük zəhmət və səbir tələb edən bu iş mütəşəkkilliklə həyata keçirilir. Nəticə etibarilə, Naxçıvan özünün yaşıl örtüyü, ətraf mühitinin təmizliyi ilə bura yolu düşənlərin diqqətini bu gün də cəlb edir. Qədim diyar indi zəngin tarixi keçmişi və mədəniyyəti ilə yanaşı, həm də ekoloji təhlükəsizliyin ciddi qorunduğu region kimi tanınır. Digər tərəfdən, bu tədbirlərin həyata keçirilməsində inzibati metodlardan istifadəyə yer verilmir. Muxtar respublika rəhbəri­nin ağac əkini kampaniyalarında şəxsi nümunə göstərməsi, ekoloji tədbirlərdə yaxından iştirak etməsi bu tədbiri ümumxalq işinə çevirməklə yanaşı, regionda ekoloji mədəniyyətin formalaşmasına da mühüm təsir göstərib. Həmin tədbirlərin davamı olaraq martın 3-də Uzunoba Su Anbarının kənarında iməcilik keçirilib, 2 hektar ərazidə 1500 meyvə tingi əkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.
Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının iqtisadi-­ticarət və humanitar sahələrdə xarici əlaqələri genişlənir. Hazırda muxtar respublikanın dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Elm və təhsil sahəsində də qarşılıqlı təcrübə mübadiləsinə əsaslanan münasibətlər hər il daha da inkişaf edir. Bu çərçivədə Koreya Respublikasının müxtəlif təhsil qurumları ilə Naxçıvan Dövlət Universitetinin qarşılıqlı əməkdaşlığı daha çox diqqəti cəlb edir.
Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb, xüsusilə təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetində Koreya dilinin tədris olunduğunu və koreyalı tələbələrin təhsil aldığını qeyd edən Ali Məclisin Sədri bütün bunların mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Koreyanın “KOİCA” şirkəti tərəfindən quraşdırılan yeni texnologiyalar hesabına bu il Naxçıvan Dövlət Universitetində distant təhsil mərkəzinin yaradıldığını diqqətə çatdıran Ali Məclisin Sədri əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda qadınlar tarixin bütün dövrlərində öz fədakarlıqları və vətənpərvərlikləri ilə seçiliblər. Bu gün muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar.
Bu faktlar martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edən Ali Məclisin Sədri bu gün muxtar respublikamızın inkişafında əməyi olan bütün qadınlara muxtar respublikanın Ali Məclisi və hökuməti adından təşəkkürünü bildirib, qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ­çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.
Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub. Ali Məclisin Sədri təltiflərin vəsiqə və döş nişanlarını təqdim edib.
Bu gün muxtar respublikamızda kənd təsərrüfatı sahəsində transformasiya yönümlü dəyişikliklər başa çatıb, əsas növ ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi yüksəldilib, məhsul istehsalının artımı təmin edilib, kənd təsərrüfatı istehsalının strukturunda köklü dəyişikliklər baş verib. İnkişaf proseslərində davamlılığın təmin edilməsi üçün maddi-texniki resursların həcminin artırılması və bu sahəyə əlavə kapital qoyuluşunun həyata keçirilməsi, elm və texnologiyanın son nailiyyətlərindən istifadə olunması, torpaqların münbitliyinin yüksəldilməsi hesabına məhsul istehsalının artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.
Görülən kompleks işlərin davamı olaraq bu il Kəngərli rayonu ərazisində, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. Həmçinin Kəngərli rayonunun Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaqdır. Ümumilikdə, tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaqdır.
Martın 13-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasının payız əkin dövrünə qədər başa çatdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar verib.
Kənd təsərrüfatının inkişafında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızda bu istiqamətdə də ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə muxtar respublikaya 2213 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 1808-i sahibkarlara satılıb. Bu il 6 taxılsəpən, 15 kotan, 8 ot­biçən, 4 çizel, 8 gübrəsəpən, 10 otdoğrayan maşın, 6 suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla, 59 texnika alınıb. Yeni texnika və avadanlıqlar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir. Lizinqə götürüləcək kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdən sonra dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları yüksək keyfiyyət göstəricilərinə malikdir.
Martın 17-də Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına, daha sonra isə cəmiyyətin bitkiçilik və heyvandarlıq aptekinə, eləcə də ehtiyat hissələri və gübrə anbarlarına baxıb.
Ali Məclisin Sədri sahibkarların tələbatına və sifarişinə uyğun texnika və gübrələrin alınıb gətirilməsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında texnikaların ehtiyat hissələrinin, arıçılıq ləvazimatlarının və dərmanların satışının həyata keçirilməsi, kənd təsərrüfatında mütərəqqi metodlardan və texnikalardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.
Aprelin 11-də ölkəmizin ictimai-siyasi həyatında növbəti mühüm hadisə olacaq, Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir. Seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının müasir inzibati binalarla təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin mövcudluğu muxtar respublikada seçkilərin qanunvericiliyə uyğun olaraq yüksək səviyyədə ke­çirilməsinə geniş imkanlar açır. Seçkilər zamanı müşahidəçilərin müşahidə aparmaları üçün hər cür şərait yaradılıb.
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb.
Ali Məclisin Sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırıb, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən Ali Məclisin Sədri qonaqlara fəaliyyətlərində uğurlar arzulayıb.
Muxtar respublikamızda Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur. Martın 19-da Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
Ali Məclisin Sədri Novruz bayramı və Od çərşənbəsi münasibətilə muxtar respublikanın əhalisini, hərbi hissələrin şəxsi heyətlərini və tədbir iştirakçılarını təbrik edib. Muxtar respublikanın 2017-ci ildə əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdıran Ali Məclisin Sədri deyib: “Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Bu il muxtar respublikada mədəni­-kütləvi tədbirlərin əhatə dairəsi genişlənəcək, gənclər siyasəti ilə bağlı ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda quruculuq işləri də davam etdiriləcək, sosial-iqtisadi islahatlar diqqətdə saxlanacaqdır. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi hər il olduğu kimi, bu il də ölkəmizi inkişafa qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.
Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib, bayram tonqalını yandırıb.
Ali Məclisin Sədri ictimai iaşə xidmətinin təşkili ilə maraqlanıb.
Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir, qorunub-yaşadılan ənənələrindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır.
Martın 24-də Naxçıvan Muxtar Respublikasında Novruz iməciliyi keçirilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində “Gənclər bağı” salınıb.
Ali Məclisin Sədri Naxçıvan-­Şərur-Sədərək magistral avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri meyvə bağlarına və yaşıllıq zolaqlarına düzgün aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar verib.
Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Ali Məclisin Sədri abidə önünə gül qoyub, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Ali Məclisin Sədri cənab Vasif Talıbov tədbirdəki çıxışında deyib: “Tarix ona görə yad olunur ki, ondan nəticə çıxarılsın. Ötən iki əsr ərzində xalqımızın məruz qaldığı qanlı faciələrin və soyqırımların təkrar olunmaması, itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması naminə hər gün səylə çalışmalıyıq. Güclü xalq – güclü dövlət prinsipini əldə rəhbər tutaraq, gənclərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edərək müstəqil Azərbaycanımızı daha da möhkəmləndirməliyik”.
Bu gün muxtar respublikamız məhz bu prinsiplərlə yaşayır, görülən bütün işlər bu müqəddəs amallara xidmət edir. Naxçıvanda Azərbaycançılıq məfkurəsi, dövlətçilik, milli dəyərlər, tarixi köklərimizə bağlılıq hər şeydən üstün tutulur. İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xətti uğurla davam etdirilir. Bütün bunların mərkəzində isə insan amili dayanır. Görülən işlər muxtar respublika sakinlərinin rifahının yaxşılaşdırılmasına, gələcəyimizin etibarlı şəkildə qurulmasına, enerji və ərzaq təhlükəsizliyimizin təmin edilməsinə, intellektual potensialın güclənməsinə, innovasiyayönümlü inkişafın davamlı xarakter almasına xidmət edir.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058490
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1423
4261
1423
109821
3058490

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter