17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə güclü, peşəkar və yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərimizin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun liderinə, dünyanın isə qabaqcıl ordularından birinə çevrilib.

 

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid ­Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil təhsil ocağı fəaliyyət göstərməyə başladı. Beləliklə də, görkəmli dövlət xadiminin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan onun doğma yurdunda yaratdığı hərbi lisey oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev liseydə olarkən deyib: “Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin”.
Heydər Əliyev adına Hərbi Lisey 2004-cü ildən müstəqil fəaliyyət göstərərək ümummilli liderimizin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atır. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Ali Məclisin Sədri hərbi təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Hər bir ölkənin müstəqilliyini və dövlətçiliyini təsdiq edən əsas amillərdən biri də onun ordusudur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Silahlı Qüvvələrimiz həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Müasir dövrdə ordu quruculuğu sahəsində həyata ke­çirilən tədbirlərin mühüm bir istiqamətini ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. O ordu güclüdür ki, onun sıralarında peşəkar zabit heyəti var. Zabit heyəti isə öz-özünə formalaşmır. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Silahlı Qüvvələrimiz üçün zabit korpusunun formalaşması işinə ulu öndərimizin adını daşıyan hərbi lisey də öz töhfəsini verir. Ötən dövrlərdə hərbi liseydə möhkəm maddi-texniki baza və nümunəvi hərbi tədris sistemi yaradılmışdır. Bu gün liseyin mindən çox məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında zabit kimi xidmətlərini davam etdirirlər”.
Vətəninə, dövlətinə və xalqına sədaqətli, vətənpərvər, tam orta təhsil üzrə yüksək biliklərə malik, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirmək kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları ötən illər ərzində xeyli genişləndirilib. Gələcəyin peşəkar zabitlərini yetişdirmək kimi şərəfli missiyanı üzərinə götürən liseydə 1 nəfər elmlər doktoru, 2 nəfər müxtəlif sahələr üzrə fəlsəfə doktoru, 1 nəfər Azərbaycan Respublikasının, 3 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfər “Tərəqqi” medalı, 2 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş müəllimlər uğurla fəaliyyət göstərirlər.
Burada kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımi şərait yaradılıb. Liseydə geniş sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitab­xana vardır. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur.
Liseydə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Burada ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin hərbi liseyə səfərlərini əks etdirən fotoşəkillər, ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunmuş taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər nümayiş etdirilir. Təbii ki, bütün bunlar da kursantların hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Hərbi təhsil ocağında gənclərin fiziki hazırlıqları diqqət mərkəzində saxlanılır. Burada müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, futbol meydançası mövcuddur. Kursantlar təşkil olunan idman yarışlarında, Naxçıvan şəhər və muxtar respublika səviyyəli müxtəlif idman birinciliklərində həmişə ön sıralarda yer alıblar. Bundan əlavə, onlar bilik yarışlarında, bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələrində, fənn olimpiadalarında fəal iştirak edərək nailiyyətlər qazanırlar. Ümumilikdə, respublika fənn olimpiadalarında 2015-2017-ci illər ərzin­də 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanılıb. Kursantların meyil və maraqlarını, bədii və texniki yaradıcılıq istedadlarını üzə çıxararaq inkişaf etdirmək məqsədilə təhsil, idman, mədəni sahələr üzrə liseydə 31 adda dərnək fəaliyyət göstərir.
Hərbi liseyin zabit-müəllim kollektivi və kursantları Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fəal iştirak edirlər. Ötən il oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyi münasibətilə keçirilmiş hərbi paradda Heydər Əliyev adına Hərbi Liseyin zabit və kursantları da iştirak edərək, tribuna önündən təntənəli keçid ediblər. Həmçinin kursantların dünyagörüşünün, mədəni-maarif tərbiyəsinin gücləndirilməsi üçün müxtəlif mövzularda tematik gecələr keçirilir, tarixi-mədəni yerlərə, muzeylərə gəzintilər təşkil olunur.
Hərbi təhsil ocağında atəş hazır­lığı sinfi kursantların silahla davranış qaydalarını, hədəfi ilk atəşlə məhv etməyi öyrənmələri baxımından mühüm əhəmiyyətə malikdir. Burada müasir avadanlıqlar, kompüterlər və atış monitorları quraşdırılıb. Monitorlarda real şəraitə uyğun olaraq hədəflərin yaxın və uzaqlığını, müxtəlif hava, məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr monitorda əks olunur və kursantların nişanalma bacarıqları haqqında məlumat verilir.
Rahat yataq dəstləri ilə təmin edilən yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılıb. Onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə istirahət zalında təbiət və idman guşələri mövcuddur. Kursantlar gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.
Kursantların sağlamlığı və qidalanması həmişə diqqət mərkəzində saxlanılır. Hərbi liseyin tibb məntəqəsində şəxsi heyətin sağlamlığı hərbi həkim heyəti tərəfindən tez-tez yoxlanılır, qabaqlayıcı tədbirlər görülür. Həmçinin liseydə hamam-camaşırxana, çay evi, bərbərxana da var. Heydər Əliyev adına Hərbi Liseydə kursantlar yemək saatlarında nizam-intizamla yeməkxanaya daxil olur, qida rasionunda nəzərdə tutulan yüksək­kalorili ərzaqlarla qidalanırlar.
Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırıb. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 600-ə yaxın kursant təhsil alır. Onlardan 168 nəfəri Azərbaycan Respublikasının digər bölgələrindən gəlib burada təhsil alan yeniyetmələrdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gələcək zabitlərinin vətənpərvər, bilikli və sağlam bir gənc kimi yetişməsi üçün liseydə yaradılan müasir tədris və məişət şəraiti, bütövlükdə, Azərbaycan gənc­liyinə və Azərbaycan Ordusuna göstərilən diqqətin ifadəsidir. Hər bir kursant Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığına görə fəxr hissi ilə özünü əsl Vətən müdafiəçisi hesab edir. Bütün bunlar da liseyin təhsil sahəsində qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən xəbər verir. Hərbi liseyin kursantları Naxçıvan torpağının yetirmələri olan generalların layiqli davamçıları kimi yetişirlər.
Ötən dövr ərzində məzun olan 2 mindən çox kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 10 nəfəri Türkiyə Respublikasının, 24 nəfəri Rusiya Federasiyasının Hərbi akademiyalarında, digərləri isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təyinatlı ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər.
Heydər Əliyev adına Hərbi Liseydə əsas məqsəd gənclərimizi Vətənimizin müdafiəsinə hazırlamaq, onlara hərb işinə dair bilik və bacarıqları mənimsətməkdən ibarətdir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğat işinin gücləndirilməsi vacib əhəmiyyət kəsb etdiyindən kursantlar hərbi liseyə daxil olan ilk gündən onlarda Vətənə məhəbbət hissinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər. Şanlı Aprel döyüşlərində, eləcə də ondan əvvəl və sonrakı dövrlərdə düşmən təxribatlarının qarşısını alarkən Heydər Əliyev adına Hərbi Liseyin məzunları da qarşı tərəfə layiqli cavab veriblər. Hərbi liseyin 8 məzunu Vətənimizin müdafiəsində şücaət göstərərək qəhrəmancasına şəhid olub.
Ümummilli liderimiz Heydər Əliyevin “Dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir” sözləri kursantların hərbi­-vətənpərvərlik tərbiyəsində əsas istiqamətdir. Əcdadlarının şanlı hərb ənənələrini şərəflə davam etdirmək kimi düzgün hədəfə istiqamətlənərək gələcək nəsillərə örnək ola biləcək şərəfli zabit həyatı yaşamaq arzusu hər bir kursantın həyat amalına çevrilib.

Nəriman NƏCƏFOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
723
4297
9424
63806
3149259

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter