21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2014-cü il 19 sentyabr tarixli Fərmanına əsasən isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir.

Rabitə və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırmışdır. Son illər muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir tele­kommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələdən ibarət layihə artıq başa çatdırılmışdır. Belə ki, 4-cü nəsil telekommunikasiya xidmətlərindən yararlanmağa imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, telekommunikasiya şəbəkəsi üzrə sabit telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda istifadə olunan avtomat telefon stansiyalarının 86 faizini yeni nəsil texnologiyalar təşkil edir.

Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Ötən müddət ərzində muxtar respublikanın tele­kommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənmişdir. 2013-2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Naxçıvan-Babək-Culfa-Ordubad arası əsas və alternativ fiber-optik kabel xətləri üzərində hər biri 10 Gigabit/saniyə tutumlu IP MPLS şəbəkəsi qurulmuş, Naxçıvan-Şərur arasında da eyni əsaslı və tutumlu avadanlıq qurularaq istifadəyə verilmişdir.
Muxtar respublika üzrə fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1570 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Muxtar respublikada rabitə sahəsindəki sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır.
Hazırda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bir mərkəzi, yeddi filial və 169 poçt bölməsi ilə muxtar respublikada müasir poçt xidmətləri təqdim edir. Poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, bütün növ xidmət haqlarının yığılması da təmin edilmişdir. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smart sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qurulmuş, Naxçıvan şəhərindəki poçt bölmələri yeni kompüter və kart oxuyucular ilə təmin edilmişdir. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq dağ kəndlərindəki poçt məntəqələrində pensiyaçıların istəklərinə uyğun olaraq pensiyaların ödənişinə başlanmışdır.
“Naxçıvanpoçt”un kommunal ödəniş sisteminin proqram təminatı daha müasir məlumat bazası əsasında qurularaq serverdə yerləşdirilmişdir. Məlumatların itkisinin qarşısının alınması məqsədilə gündə­lik arxivləmə sistemi yaradılmış, ödəniş və müxtəlif qeydiyyat əməliyyatlarının aparılması üçün veb texnologiyası üzərində işləyən proqram təminatı qurulmuşdur.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsi təşkil edilmişdir. Bundan əlavə, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlamışdır. “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” üçün “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında xüsusi bölmə yaradılmış, 225 qaynar xətti istifadəyə verilmişdir.
Ötən dövrdə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınmışdır. Həmçinin İP ünvanların çatışmazlığı aradan qaldırılmış, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmış və Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmişdir. Hazırda muxtar respublikaya daxil olan internet kanalının həcmi 8 Gigabit/saniyədir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə və internet xidmətləri, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür. “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 90-dan artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətlərinin Elektron Qeydiyyatı və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istismara verilmişdir. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulmuş, mərkəzi server avadanlıqları alınmış və müvafiq proqram təminatı hazırlanaraq 96 təşkilatın sistemə qoşulması təmin edilmişdir.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” internet səhifəsi hazırlanaraq imp.nakhchivan.az domen adı verilməklə qlobal şəbəkəyə inteqrasiya olunmuşdur. Bundan əlavə, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” beynəlxalq tədbirinə həsr edilmiş yüz min marka, yüz min zərf və yüz ədəd buklet sifarişlə hazırlanıb, Naxçıvana gətirilmiş və tədavülə buraxılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infra­strukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmişdir. Təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulması təmin edilir. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanmışdır. Muxtar respublikanın təhsil müəssisələri və 18 muzey distant təhsil sisteminə qoşulmuşdur. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də Distant Tədris Mərkəzi yaradılmış, elektron kitabxana və “258” telefon xid­məti üzərindən fəaliyyət göstərən audiokitabxana yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmişdir. Ötən dövrdə “Naxçıvan” Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılmış, Naxçıvan Dövlət Universitetində daxili telekommunikasiya şəbəkəsi, simsiz internet sistemi, universitet televiziyası və radiosunun montaj-tənzimləmə işləri, təlim üçün avtomat telefon stansiyası, Texniki Kollecdə isə kompüter şəbəkəsi və 5 tədris sinfi qurulmuş, Naxçıvan Dövlət Texniki Kolleci və Şərur rayonundakı Fizika-Riyaziyyat Təmayüllü Liseyin hər birində bir ədəd interaktiv rəqəmsal lövhə quraşdırılmışdır. Hər il Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III və IV kurs tələbələrinin və Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan tələbələrinin nazirlikdə istehsalat təcrübəsi keçmələri təmin olunur.
Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmiş ixtisasları üzrə təhsil alan tələbələrinin Çinin “Huawei” şirkətinin Şenjen şəhərindəki Yay Təlim Mərkəzində istehsalat təcrübəsində iştirakı təmin edilmişdir. 2016-cı ildə 6, 2017-ci ildə isə 12 tələbə Çinə istehsalat təcrübəsinə göndərilmişdir. Növbəti illərdə də tələbələrin İKT biliklərinin artırılması üçün müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində DVB-T standartlı rəqəmli radio-televiziya yayımının təşkilinə də zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmli televiziya yayımına keçid təmin edilir. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya və 10 radionun rəqəmli yayımı həyata keçirilir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Naxçıvan Dövlət Tele­viziyasının yüksəkkeyfiyyətli HD formatda efirə çıxışı təmin edilmişdir.
Naxçıvanda rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin davamı olaraq 2016-cı il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir. Artıq ötən qısa müddət ərzində NAXTEL abunəçilərinin sayı 30 mini ötmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli poçt-rabitə xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875860
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
787
3976
24250
66251
3875860

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter