19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Bəşəriyyət tarixinin ən qanlı hadisəsi və XX əsrin böyük faciəsi olan Xocalı soyqırımının törədilməsindən 26 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmişdir. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindəndir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min­illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmışdır. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu.
Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malı­bəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Hər gün ağır texnikadan atəşə tutulan Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kənd­lərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Əsas qüvvələr isə Xankəndidə və Əsgəran istiqamətində yerləşdirilmişdi. Lakin bütün çətinliklərə, silah-sursat çatışmazlığına, canlı qüvvənin azlığına baxmayaraq, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparırdılar. Şəhərlə avtomobil əlaqəsi tamamilə kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Bura sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və nəticədə, 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən isə şəhərə elektrik enerjisi verilmirdi. Xocalı yalnız əhalinin və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayır, müdafiə olunurdu. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişdilər. Bu kütləvi qırğın nəticəsində 613 əliyalın dinc sakin öldürülmüşdü ki, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 1275 dinc sakin isə əsir götürülmüşdü. Onların 150-nin taleyindən hələ də heç bir xəbər yoxdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırmışlar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: “...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin – ­qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkirdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar”. İngiltərəli jurnalist Rori Patriks isə qeyd edir ki, “Xocalıdakı faciənin miqyasını dünya ictimaiyyətinə anlatmaq çox çətindir. Biz jurnalistlər helikopterlə çətinliklə də olsa, ermənilərin məskunlaşdığı Naxçıvanik kəndinin yaxınlığına gələ bildik. Burada onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalını müdafiə edən döyüşçülər deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi – qatillərin güllələdikləri uşaqlar, qadınlar, qocalar idi”.
Soyqırımının şahidi olmuş rus zabiti, polkovnik V.R.Saveleyev hadisə ilə əlaqədar hazırladığı arayışda yazırdı: “İnsanların güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Yazdığımız məxfi arayışı Kremlə və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə göndərdim və “oxuyun, görün biz rus zabitlərinin şərəfi necə ləkələndi”, – dedim”.
Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bu məlumat Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin açıqlamasında da öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər nümayiş etdirilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır.
Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Həmçinin dünyanın 15 aparıcı ölkəsinin parlamentləri Xocalı soyqırımını tanımış, Amerika Birləşmiş Ştatlarının 22 ştatının qanunverici orqanı Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışdır.
Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli və sülh yolu ilə həll olunması üçün bütün imkanlarını səfərbər edib. Artıq müstəqil dövlətimiz elə bir səviyyəyə gəlib çatıb ki, Azərbaycanla Ermənistanı heç bir sahədə müqayisə etmək mümkün deyil. Xüsusilə ordu quruculuğu sahəsində atılmış böyük addımlar ölkəmizin hərbi qüdrətini dəfələrlə artırıb. Silahlı Qüvvələrimiz uğrunda qan tökülmüş torpaqlarımızın işğaldan azad edilməsinə, bu tarixi ədalətsizliyin bərpasına hər zaman hazır və qadirdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması Xocalı şəhidlərinə, eləcə də torpaq uğrunda canını fəda etmiş bütün Vətən övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704894
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
257
2795
3052
45986
3704894

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter