18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan ölkə daxilində virtual səsvermə yolu ilə Gənclər Paytaxtı seçilib. Artıq bir çoxumuza məlumdur ki, bu müsabiqə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirilir və Naxçıvan şəhəri bu il səslərin 30 faizini toplayaraq bu adı qazanıb.
Qeyd edək ki, son illərdə dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin sosial həyatdakı fəallığına da təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gənc­liyi 2016-2020-ci illərdə” Dövlət Pro­qramı hazırlanıb. Hazırda bu proqramın icrası məqsədilə mühüm tədbirlər həyata keçirilir və ölkəmizin şəhər və rayonlarının səsvermə yolu ilə Gənclər Paytaxtı seçilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu layihənin əsasnaməsində qeyd olunur ki, Gənc­lər Paytaxtının seçilməsi gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi daşıyır. Bir il müddətinə Gənclər Paytaxtı seçilmiş şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına xidmət edəcək yeni ideya və layihələrin həyata keçirilməsinə dəstək verir.

2018-ci ildə Naxçıvan həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtı kimi iki məsuliyyətli təmsilçiliyi öz üzərinə götürüb. Status etibarilə birinci tədbir beynəlxalq əhəmiyyətli, ikinci tədbir isə ölkə əhəmiyyətli hesab olunur. Ancaq hər iki layihənin muxtar respublikamız, eləcə də onun paytaxt şəhəri üçün uğurlu olacağı şübhəsizdir. Naxçıvan şəhərinin bu il üçün İslam Mədəniyyətinin Paytaxtı olması haqqında indiyədək çox danışılıb, əhəmiyyətindən kifayət qədər bəhs edilib. Bu qədim Azərbaycan şəhərinin Gənclər Paytaxtı seçilməsi də Naxçıvanın nüfuzu və bu sahədə əldə etdiyi uğurlu nəticənin təzahürüdür.
Təbii ki, Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi il ərzində muxtar respublika gənclərinin müxtəlif sahələr üzrə fəaliyyətini əks etdirən tədbirlərlə müşayiət olunacaq. Ancaq bu tədbirlərin mahiyyətində əsas hədəf gənclər olsa da, düşünürük ki, gənclərlə bağlı iş yalnız Gənclər və İdman Nazirliyinin və gənclərlə iş üzrə digər təşkilatların bu istiqamətdəki fəaliyyəti ilə məhdudlaşmamalıdır. Çünki gənclərlə bağlı iş cəmiyyətin gələcək perspektivini müəyyənləşdirən bir istiqamət olduğundan burada hər kəsin üzərinə məsuliyyət düşür.
Məlumdur ki, bu gün muxtar respublikamızda gənclərə hərtərəfli dövlət qayğısı göstərilir, onlar müxtəlif dövlət qurumlarında təmsil olunurlar. Gənclərin üzərinə düşən ən böyük vəzifə isə vətəndaşı olduğu ölkəni, doğulub boya-başa çatdığı bölgəni layiqincə təmsil etmək, onu olduğu kimi tanıtmaqdır. Bu gün elə bir dövrdə yaşayırıq ki, həyata keçirdiyimiz istənilən tədbir düzgün təbliğata çevrilməlidir. İndi dünyanın hansı ölkəsində mühüm bir tədbir keçirilirsə, bu, paralel olaraq həmin ölkənin və ya şəhərin tanınmasına və yaxud təbliğinə çevrilir. Yəni insanlar keçirilən tədbirin mahiyyəti ilə yanaşı, həmin ölkə və yaxud bölgə ilə də istər-istəməz tanış olurlar. Burada diqqət edilməli məqamlar isə bundan ibarətdir ki, müasir təbliğat vasitələri bəsitliyi sevmir, bir bölgənin tanıdılması təkcə lokal miqyasda deyil, həm də qlobal maraqlar baxımından dəyərləndirilməli və həyata keçirilməlidir.
Bu gün dünyada gözəl təbiət mənzərələri – dağları, çay və dənizləri, tarixi tikililəri olan çox ölkələr vardır. Ancaq biz onlardan yalnız müəyyən statusa malik olanları və ya haqqında geniş təbliğat halqası qurulanları yaxşı tanıyırıq. Məsələn, bəzən Avropa şəhərlərində yaşı 150-200-dək olan restoranların indiyədək fəaliyyət göstərdiyini eşidəndə təəccüblənirik. Ancaq avropalıların Naxçıvanda yaşı minilliklərlə ölçülən və indi də davam etdirilən duz hasilatı haqqında məlumatları, yəqin ki, yoxdur. Dünya mediasında bəzən rast gəlirik ki, filan ölkənin filan bölgəsində avtomobillərin hərəkəti son 50 ildə məhdudlaşdırılıb, səbəb odur ki, həmin ərazi milli qoruq olaraq qorunur. Lakin dünyada çox nadir hallarda rast gəlinər ki, bir bölgənin ümumi ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət əraziləri olsun. Bu siyahıya dünyanın ən qədim yaşayış məskənlərindən olan Gəmiqaya abidəsini, Ordubad rayonu ərazisində ilin dörd fəslini eyni tabloda “təqdim edən” Göygölü və adını sadalamadığımız onlarla obyekti göstərmək olar, hansı ki bunları Naxçıvandan başqa, digər yerlərdə görmək mümkün deyil. Bütün bunları düzgün təbliğ etmədikcə Naxçıvanı yetərincə tanıda bilməyəcəyik. Bu misalları çəkməkdə məqsədimiz odur ki, Naxçıvanın bu il üçün Gənc­lər Paytaxtı seçilməsi gənclərimiz üçün mühüm təbliğat vasitəsidir. Bu mənada, gənclərə hər bir dövlət qurumu, ictimai birliklər, sahibkarlar, bir sözlə, hamı dəstək olmalı, Naxçıvanın bütün sahələrdə nümunəvi olmağını ön plana çıxarmalıyıq. Bu il şəhərimizdə reklamın “danışan dili” gənclər olmalıdır. Xüsusilə yerli məhsul istehsal edən sahibkarlar gənc­lərə yönəlik müxtəlif kampaniyalar təşkil edə, öz məhsullarının tanıdılmasında gənc­lərdən yararlana bilərlər. Və yaxud müvafiq qurumlar müxtəlif sosial layihələr həyata keçirərək Naxçıvanın ekoloji təmizliyini, şəhərin tarix və mədəniyyətini, turistlər üçün təhlükəsiz bir ünvan olduğunu gəncliyin siması ilə təqdim edə bilərlər. Eyni zamanda bu layihələri vətənpərvərlik, milli kökə bağlı­lıq, böyük-kiçiyə hörmət, təhsilə bağlı­lıq, idmana sevgi və sair istiqamətlər üzrə də etmək mümkündür. Əsas odur ki, gənclik Naxçıvanın Gənclər Paytaxtı kimi gənc və dinamik üzünü göstərə bilsin. İnanırıq ki, mövcud potensial qədim və müasir şəhəri bu cür nümunəvi şəkildə tanıtmağa və təqdim etməyə imkan verir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866321
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3836
4264
14711
56712
3866321

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter