17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Bu il cümhuriyyətimizin 100 yaşı tamam olur. Bu böyük tarixi hadisəni qeyd etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müvafiq Tədbirlər Planı təsdiq edib. Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yola bu yüzilliyin işığında nəzər salmaq məqsədilə Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanovla görüşüb söhbət etdik.

– Elçin müəllim, bu il tariximizin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın şərəf və ləyaqət səhifəsidir, milli kimliyimizin təsdiqidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb”.

– Bəli, hər birimiz müsəlman Şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda yaradılması ilə fəxr edirik, etməliyik də. 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Cümhuriyyət ili” elan olunması, cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı tarixi varisliyin bərpası, modern dövlətçilik dəyərlərinə, dünyəvi dövlət başçısı kimi liberal demokratik prinsiplərə ehtiramın və sədaqətin göstəricisidir. Möhtərəm Prezidentimizin bu sərəncamı tariximizin ən qiymətli və qürurverici mərhələsinə demokratik modern dünyanın diqqətini cəlb etməklə böyük inkişaf yolu keçmiş qərb dünyasının elmi-mədəni dairələrində xalqımız haqqında liberal demokratik və dünyəvi dəyərlərə bağlı bir millət kimi fikir formalaşdırmış olur. Eyni zamanda xarici araşdırmaçıların da diqqəti dünyəvi və müasir idarəçilik metodlarının ilk yaradıcısı kimi XX yüzilliyin başlanğıcından fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-demokratik düşüncəli ziyalı liderlərə yönəldilir.
– “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər”, – deyən ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini hər zaman yüksək dəyərləndirmiş, cümhuriyyət qurucularının adlarını hörmətlə xatırlamışdır.
– Bəli, ümummilli liderimiz Heydər Əliyev nəinki Azərbaycan Xalq Cümhuriyyətinin, xalqımızın çox­əsrlik tarixinin hər bir səhifəsinin hərtərəfli tədqiqi, tarixi hadisələrin məhz həqiqət prizmasından qiymətləndirilməsinin misilsiz əhəmiyyətini vurğulayaraq deyirdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır; tarixi təhrif də etmək olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.
Ulu öndər 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. Birinci Dünya müharibəsi və onun nəticələri bölgəyə ağır təsir göstərmişdir. Xüsusilə erməni-daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar ağır faciələr kimi yadda qalmışdır. Böyük şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyətini yüksək qiymətləndirirdi: “Bu respublikanın yaranması və az müddətdə də olsa, yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır”.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət verərək deyirdi: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.
– Elçin müəllim, tarixin bütün dönəmlərində düşmənə gözdağı olan Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycandan qoparmaq qara qüvvələrin başlıca məqsədi olmuşdur. O zaman Naxçıvanda vəziyyət necə idi?
– Azərbaycanın Versal Sülh konfransında olan nümayəndələri də Ermənistan hökumətinin qədim Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəzi özünə birləşdirmək niyyətlərinə, daşnakların bu ərazilərdə törətdikləri zorakılıq aktlarına qarşı mübarizə aparırdılar. Bu barədə Əlimərdan bəy Topçubaşov avqust ayının 19-da Sülh konfransının sədrinə xüsusi etiraz notası təqdim etmişdi. Notada göstərilirdi ki, Azərbaycan nümayəndə heyəti respublikanın müstəqilliyini tanımaq barədə Sülh konfransı qarşısında çıxış edəcəyi günü səbirsizliklə gözlədiyi halda, bizim ölkəmizdə mühüm hadisələr baş verir, Sülh konfransının səlahiyyətinə aid olan məsələlərə müdaxilə edilir, Qafqaz Azərbaycanı­nın ərazisi zor gücünə dəyişdirilir, əhalisi öz yurdlarından didərgin salınır. Beynəlxalq durumun belə ağır olmasına baxmayaraq, Türkiyə Azərbaycanın, xüsusilə də Naxçıvanın tarixi taleyinə biganə qalmadı. Naxçıvan öz coğrafi əhəmiyyətinə görə daim Türkiyənin xarici siyasətində önəmli yer tutmuşdur. Dörd ölkənin qovuşuğunda yerləşən Naxçıvan çox böyük strateji və siyasi əhəmiyyət kəsb etmişdir. Naxçıvan və Zəngəzurun strateji əhəmiyyətini nəzərə alan Qərb dövlətləri, ilk növbədə isə Böyük Britaniya və ABŞ həmin bölgələrdə nüfuza malik olmağa çalışırdılar. Ermənilər də bu böyük güclərin dəstəyinə arxalanaraq Naxçıvan və çevrəsini işğal etməyə can atırdılar. Ermənilərin bu iddiaları 1918-1920-ci illər arasında 70 mindən artıq naxçıvanlının soyqırıma məruz qalmasına və Azərbaycan diplomatlarının insanı heyrətləndirəcək miqyasda mübarizə estafetinə keçməsinə səbəb oldu. Naxçıvan uğrunda diplomatiyamız ağır mübarizə yolu keçdi və Məhəmməd xan Təkinski, Məmməd Yusif Cəfərov, Əbdürrəhim bəy Haqverdiyev, Fariz bəy Vəkilov və Teymur bəy Makinski kimi diplomatlarımızın adları tarixə əbədi həkk olundu.
– Bu dövrün xalqımızın qəlbində yara bağlayan ən faciəvi hadisəsi İrəvanın ermənilərə verilməsi oldu. Qədim oğuz-türk yurdu olan İrəvan nə üçün onlara verildi?
– O zaman Türkiyə ilə yenicə elan olunmuş Cənubi Qafqaz cümhuriyyətləri Batumda danışıqlara başlamışdılar. Azərbaycan liderləri Osmanlı hökumətindən real hərbi-siyasi dəstək almağa çalışırdılar. Batum konfransının gedişində “İtti­had və Tərəqqi” hökumətinin üzləşdiyi ən qorxulu məsələ isə erməni məsələsi idi. Çünki Versal konfransı ərəfəsində yeni dünya nizamının qurucuları olan ABŞ prezidenti ­Vudro Vilson və Müttəfiq Dövlətlər daşnak Ermənistanına paytaxt kimi ərazi peşkəş etmək istəyirdilər. Yeri gəlmişkən, o dövrdə beynəlxalq siyasi münasibətlər müstəvisində Vilson qatı ermənipərəst kimi tanınırdı. Azərbaycan liderlərinə İrəvanı ermənilərə güzəştə getməkdə israrla təzyiq edildi. Baxın, belə çıxılmaz vəziyyətdə qalan Azərbaycan liderləri Bakının qurtuluşu üçün İrəvanı ermənilərə güzəştə getdilər.
– Cümhuriyyət dövründə ölkə­də siyasi, iqtisadi və sosial böhran, həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmaların gündən-günə dərinləşmə səbəbi nə idi?
– Beynəlxalq münasibətlərdə proseslər o qədər sürətlə cərəyan edirdi ki, beynəlxalq arenada gedən proseslərdən geri qalmaq müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Buna görə də cümhuriyyət qurucuları çalışırdılar ki, Azərbaycanı nəyin bahasına olursa-olsun, beynəlxalq hüququn subyektinə çevirsinlər. Buna görə də Versala gedəcək Azərbaycan diplomatik heyətinin tərkibinə o dövrün Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə kimi məşhur ­ictimai-siyasi xadimləri salmışdılar. Yeri gəlmişkən qeyd edim ki, bu zaman yenicə təşkil olunmuş Azərbaycan parlamenti Avropanın ən demokratik parlamentlərindən biri idi. Bunu o dövrdə Cənubi Qafqazda olan ABŞ və ingilis hərbi nümayəndələri də etiraf edirdilər. Məsələn, 1919-cu il oktyabrın ­ 2-də ABŞ-ın Transqafqazdakı hərbi komissarı Oliver Uordrop müttəfiqlərə yazdığı məktubda qeyd edirdi ki, Nəsib bəy Yusifbəylinin qurduğu hökumət kabinəsi indi bir çox Avropa dövlətlərinə nümunə ola bilər. Parlamentdə müzakirələr çox ağır siyasi ittihamlar və gərgin münasibətlər fonunda keçirdi. Təsəvvür edin, mart soyqırımını həyata keçirən, Azərbaycanda yüz mindən artıq türk-müsəlmanı soyqırıma məruz qoyan ermənilərin siyasi xadimlərinə parlamentdə 21 yer ayrılmışdı. Yeri gəlmişkən, bu yaxınlarda akademik Ramiz Mehdiyevin redaktəsi ilə nəşr olunan “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı yeni arxiv sənədləri toplusu həmin dövrdə parlamentdə və ümumilikdə, siyasi partiyalar və təşkilatlar arasında olan kəskin ziddiyyətli münasibətləri aydın təsəvvür etmək baxımından çox dəyərlidir. Bu sənədlərlə tanış olduqca görürük ki, parlamentdəki əksər siyasi qüvvələr nəinki dövlətin möhkəmlənməsinə, hətta milli dövlətin yıxılmasına çalışırdılar.
– Elçin müəllim, bolşevik Rusiyası tərəfindən cümhuriyyət işğal olundu. Bilirik ki, xalq bunu heç də sakit qarşılamadı. Azərbaycanda üsyanlar baş ­verdi. 1920-ci illərdən başlayaraq ta sovet imperiyası dağılanadək xalqımız bu istiqlaliyyət ideyasını qoruyub saxladımı? Müstəqillik arzusu 70 il ərzində özünü büruzə verə bildimi?
– Təqib və repressiyalar elə 20-ci illərdən başlamış ta Stalinin ölümünədək davam etdi. Cümhuriyyət süqut edərkən Əlimərdan bəy Topçubaşov, Nağı bəy Şeyxzamanlı, Ceyhun bəy Hacıbəyli, Mirzəbala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli və onlar kimi yüzlərlə cümhuriyyət fədaisi ömürlərini Vətən həsrəti ilə mühacirətdə başa vurdular. Millət anlayışını indiyədək izah, şərh etməyə çalışmış filosoflar, tarixçi və sosioloqlar hər zaman qeyd etmişlər ki, milləti ayaqda tutan, məhv olmağa qoymayan və hər zaman onu qurtuluşa səsləyən tarixi şüurdur. Zamanın müəyyən çalxantılı dövrlərində müxtəlif siyasi proseslər milli tarixi şüurun oyanmasına təsir edir və bu zaman millət öz tarixi şüuraltında müəyyən istiqlal ideyalarının təsiri ilə qurtuluşa can atır və məhz bu tarixi şüur milləti əsarət girdabında məhv olmağa, itib getməyə qoymur.
Əslində, Azərbaycanda 70-ci illərdən başlayaraq türk-müsəlman dünyasının ən böyük lideri Heydər Əliyev məhz həmin dövrlərdə Azərbaycanın tarixi istiqlal salnaməsi ilə tanış idi və bilirdi ki, gec-tez bu imperiya dağılacaq və milli bir dövlət qurmaq zərurəti ortaya çıxacaq. Məhz ona görə də ümummilli lider Azərbaycanda gələcək milli dövlətçiliyin prioritet istiqamətlərində özü möhtəşəm işlər görürdü. O, Azərbaycan gənclərinin davamlı olaraq Rusiyanın ali təhsil ocaqlarında təhsil almalarını təşkil edir və bilirdi ki, bu kadrlar gələcək milli dövlətin taleyini həll edəcəklər. İki ilə qədər fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş müstəqil Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirən Heydər Əliyev deyirdi: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şərait­də, yeni bir tarixi zamanda”.
– XX yüzilliyin sonlarında sanki tarix çox oxşar beynəlxalq və daxili siyasi personajlarla təkrar olunurdu. Böyük rus sovet imperiyası dağılmış, milli dövlət quruculuğu uğrunda mübarizə başlanmış, eyni zamanda bütün xarici və daxili anti-Azərbaycan qüvvələrin fəaliyyətləri güclənmişdi. Ermənilər yenə də o dövrdə olduğu kimi Qarabağ və Naxçıvanı işğal etmək üçün xarici himayəçilərinin dəstəyindən ­geninə-boluna yararlanırdılar. Ermənilər və ermənipərəst qüvvələr beynəlxalq ictimaiyyət arasında Azərbaycan əleyhinə güclü təbliğat aparırdılar. Belə bir vaxtda ümummilli lider Heydər ­Əliyev yenidən siyasi hakimiyyətə gəlməsəydi, ikinci dəfə qazandığımız müstəqilliyin taleyi də əvvəlki kimi olmayacaqdımı?
– Bəli, XX əsrin sonlarında da həmin hadisələr təkrar olunurdu. Ermənilər Qarabağı və Naxçıvanı Azərbaycandan qoparmağa çalışırdılar. Sovet imperiyasının dağıldığı dövrdə ciddi ictimai-siyasi proseslər başlamışdı. Ulu öndərimiz Heydər Əliyevin xalqın qəti iradəsi ilə Azərbaycana rəhbərliyə gəlməsi milli iflasın qarşısını aldı, çünki o zaman başsız qalmış, xaos vəziyyətində olan ölkəmizə əsl milli lider lazım idi. Əgər ulu öndər gəlməsəydi, Qarabağ və Naxçıvanın işğalından sonra Bakı Rusiyanın quberniyasına çevriləcək, ölkəmizin müxtəlif bölgələrində kiçik qurama muxtariyyətlər yaranacaqdı. Qafqazda Azərbaycan milli dövlətinin yaranmasına imkan verməmək üçün çox qorxulu planlar hazırlanmışdı. Dahi şəxsiyyət Naxçıvana gələndən sonra Vətənimizi xilas edəcək böyük bir missiyanı həyata keçirməyə başladı. Heç bir nizami hərbi qüvvəsi olmayan Naxçıvanın işğalının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi, Türkiyə ilə siyasi-iqtisadi əlaqələri möhkəmləndirdi, Moskva və Qars müqavilələrini Türkiyənin siyasi gündəminə gətirdi, Naxçıvanın qurtuluşu, müvəqqəti iqtisadi təminatı üçün Türkiyədən yüz milyon manat əvəzsiz kredit aldı. Eyni zamanda ümummilli liderimiz tərəfindən muxtar respublikada milli dövlətçiliyimizin sütunları yaradıldı.
– Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ölkəmizdə Azərbaycançılıq təfəkkürünün möhkəmləndirilməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə edilməsinə xidmətin göstəricisidir.
– Cümhuriyyət tarixinin dərindən araşdırılması, televiziya və müxtəlif mətbuat orqanları vasitəsilə təbliği bundan sonrakı nəsillərin də Azərbaycançılıq təfəkküründə yetişdirilməsi üçün çox mühüm bir amildir. Çünki Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspıralı, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlər düzgün milli qurtuluş yolunu dünyəvi və türk-müsəlman dəyərlərinin sintezində görürdülər. Onların qoyub getdiyi mənəvi-siyasi irs bütöv nəsillərin dünyəvi və milli dəyərlər əsasında yetişməsi üçün əvəzsiz mənbədir. Məsələn, Əlimərdan bəy Topçubaşovun İstanbul və Parisdən Azərbaycan hökumətinə göndərdiyi məktublar hər zaman diplomatik müstəvidə araşdırmalar üçün ciddi mənbə olaraq qalacaq.
Onu da qeyd etmək yerinə düşərdi ki, ulu öndər Heydər Əliyevin siyasi irsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti Azərbaycan gəncliyinin milli dövlətçilik və daim yeniləşən dünyəvi-demokratik ruhda böyüməsində əsaslı rol oynayacaq.
– Elçin müəllim, bugünkü müstəqil Azərbaycan dövlətinin sələfi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında maraqlı müsahibə üçün sağ olun.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4454921
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11540
19453
66444
118962
4454921

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter