26 Aprel 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Daha bir uğurlu il tariximizə öz izlərini yazdı. Bu izləri muxtar respublikamızın bütün bölgələrində görmək olar. Ona görə də yurd, torpaq təəssübünü hər şeydən üstün tutan hər bir naxçıvanlının ötən ilin göstəricilərinə sevinməsinə mənəvi haqqı çatır. Və o da qürurvericidir ki, belə uğurların qazanılmasında bölgələrimiz sanki bir-birilə, yaxşı mənada, rəqabətə giriblər. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa da bu sıradadır. Bu gün bölgədə insanların maddi rifah halı xeyli yaxşılaşıb, onların məşğulluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Zəhmətdən çəkinməyən, torpağı daimi iş yerinə çevirən culfalılar doğma yurd yerinin bugünkü büsatından fəxarət hissi keçirirlər. Bu həm də onunla bağlıdır ki, həmin bölgəyə qonşu İran İslam Respublikasından keçməklə çoxlu xarici turistlər gəlir. Onlar da qədim yurd yerimizin bugünkü büsatını, culfalıların yaşayış tərzini görür, bu rayon mərkəzinə göstərilən dövlət qayğısının şahidi olurlar. Qısası, Culfa bu gün müasir Azərbaycan rayonudur. Və daha xoş sabahlara doğru inamla addımlayır.

 Hər qaranlıq gecənin bir işıqlı gündüzü var və ya yeni

quruculuq ünvanları

Qədim tarixi olan bu yurd yerinin yaxın keçmişinə qayıdaraq o dövrü xatırlayanlar bugünkü inkişaf və tərəqqi müstəvisində keçmişlə müqayisə apara bilməzlər. Çünki sovet dönəmində burada barmaqla sayılası həcmdə iş görülmüşdü. Baxmayaraq ki, Culfa o vaxt hərbçilər və dəmiryolçular şəhəri kimi tanınırdı. Buraya bir ucu Vladivostokdan, bir ucu Kamçatkadan, Sibirdən qonaqlar gəlirdi. Ovaxtkı Culfa Rayon Partiya Komitəsinin, Gömrük İdarəsinin və “İnturist” mehmanxanasının binaları dövrün yeni tikililəri olsa da, ənənəvi layihələrdən seçilmirdilər. Digər tikililər də cansıxıcı görkəmilə insanlara darıxdırıcı, üzücü təsir bağışlayırdı.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bu bölgənin də üzünə gün doğdu. Rayonda həyat canlanmağa başladı. Culfa şəhərində və kənd yaşayış məntəqələrində yeni tikililər həyata vəsiqə aldı. Çox təəssüf ki, 1988-ci ilin sonlarından başlanan hadisələr bu rayonu da iflic vəziyyətə saldı. Ancaq hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanan culfalılar çətinliklərə dözdülər. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da yeni inkişaf dövrünə qədəm qoydu.
Son 22 il ərzində rayonun siması tamamilə dəyişib. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililəri saymaqla qurtarmaq olmaz. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunub. Tarixə qovuşan ötən ildə bu tədbirlər müxtəlif istiqamətlərdə davam etdirilərək rayonun quruculuq xəritəsinə yeni ünvanlar yazıb.
Məlumat üçün bildirək ki, 2017-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 2016-cı illə müqayisədə 0,6 faiz çox olmaqla, 39 milyon 110 min manat investisiya yönəldilib. Bu dövrdə rayonda tikinti­-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi əvvəlki illə müqayisədə 1,8 faiz artaraq 36 milyon 479,3 min manat olub.
Bəhs olunan dövr rayon üçün çox əlamətdar hadisələr, yeniliklərlə yadda qalıb. Belə ki, yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib.
“Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək.
Su anbarlarından təmizlənmiş su Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Anbarlardan rayonun mərkəzinə qədər çəkilmiş boru xətti daxil olmaqla, layihə çərçivəsində diametri 400 millimetrdən 63 millimetrə qədər borularla 59,7 kilometr daxili su şəbəkəsi çəkilib, 3438 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində bir təzyiq azaldıcı, 23 yanğın hidrantı tikilib.
Culfa şəhərində diametri 500 millimetrdən 200 millimetrə qədər borularla 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib. Bununla da Culfa şəhərinin və Gülüstan kəndinin 25 min 700 nəfər sakini təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə 24 saat təmin edilib.
Ötən il Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib. Bəhs olunan dövrdə tikinti-qurucu­luq tədbirlərindən rayonun Dizə kəndinə də pay düşüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhər­salma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin inşaatçıları tərəfindən Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa edilərək ötən ay istifadəyə verilib. Kənddə 8,9 kilometr uzunluğunda yol yenidən qurularaq asfalt salınıb, 5,8 kilometr yol isə hamarlanıb, genişləndirilib, su keçidləri qoyulub, beton kanal çəkilib.
Kənd mərkəzinin binası isə ikimərtəbəlidir. Bu binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, klub, tibb məntəqəsi, Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri, poçt şöbəsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Birmərtəbəli xidmət mərkəzi də yeni obyektlər sırasındadır. Bu mərkəz sakinlərin ərzaq və təsərrüfat mallarına olan tələbatlarının ödənilməsinə imkan verir.

Aqrar sahədə qazanılan uğurlar ürəkaçandır

Dağlıq və dağətəyi zonada yerləşən bu bölgədə müxtəlif sahələrin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı culfalıların bir sıra uğurlara imza atmalarına şərait yaradıb. Bu cəhətdən iqtisadiyyatda öz aparıcı mövqeyini qoruyan kənd təsərrüfatı sektorunun inkişafı 2017-ci ildə də diqqət mərkəzində saxlanılıb. Əlverişli iqlim və torpaq şəraiti, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən davamlı dövlət qayğısı rayonda əkinçiliyin inkişafında başlıca stimul olub. Yola saldığımız ildə 6557 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 17 min 507 ton məhsul yığılıb. 4 min 831 hektar sahədən 12 min 821 ton buğda, 1217 hektar sahədən 3 min 52 ton arpa, 509 hektar dənli­-paxlalılar əkini sahəsindən isə 1634 ton məhsul tədarük edilib. Cari ilin məhsulu üçün ötən ilin payızında 5 min 966 hektar sahədə payız şumu qaldırılıb, 5 min 963 hektar sahədə əkin keçirilib.
Kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılıb, 275 hektar sahədə kartof əkilib, 2 min 970 ton kartof yığılıb. Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafını təmin etmək məqsədilə qəbul edilmiş dövlət proqramının icrası diqqətdə saxlanılıb.
Meyvə bağlarından 3 min 209, üzüm bağlarından 5 min 962 ton məhsul yığılıb ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Bəhs olunan dövrdə 339 hektar tərəvəz bitkiləri əkilmiş sahədən 5 min 709 ton məhsul tədarük olunub.
Qeyd edək ki, heyvandarlıq da rayonun iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə çevrilib. Bu sahədə də ötən ilin rəqəmləri uğurludur. Belə ki, bəhs olunan dövrdə rayonda 3 min 818,5 ton ət, 9 min 594 ton süd istehsalına nail olunub.
Ekoloji tarazlığın qorunmasında müstəsna rola malik yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər nəticəsində ötən il 13,4 hektar sahədə yeni yaşıl­lıqlar salınıb, 23,6 hektar mövcud­ yaşıllıq sahəsində bərpa işləri aparılıb, 12 min 115 ədəd meyvə və 3 min 820 ədəd meşə ağacları, eləcə də 1966 ədəd həmişəyaşıl ağac, 860 ədəd müxtəlif növ çoxillik gül və 300 ədəd üzüm tingi əkilib.

Enerji təminatı və rabitə xidmətləri qənaətbəxşdir

Rayonun iqtisadiyyatının dinamik inkişafına paralel olaraq enerji təminatının yaxşılaşdırılması ötən il də davam etdirilib. Bəhs olunan dövrdə 3 ədəd müxtəlif güclərdə yeni transformator yarımstansiyası, 26 ədəd örtülü tipli şit quraşdırılıb, 28 ədəd transformator yarımstansiyası təmir edilib, 2 ədəd aşağı güclü transformator yarımstansiyası yuxarı güclü transformator ilə əvəz edilib. 2,2 kilometr yeraltı kabel xətti, 1,3 kilometr yüksəkgərginlikli, 3,8 kilometr aşağıgərginlikli yeni hava xətti çəkilib.
Bölgədə əhalinin təbii qaz və istiliklə təmin olunması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Culfa şəhərində və kənd yaşayış məntəqələrindəki orta və aşağı təzyiqli qaz xətlərində cari təmir işləri görülüb. İl ərzində ­68 abonentə yeni qaz xətti çəkilib, 108 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub.
Rabitə və informasiya texnologiyaları sahəsində də mühüm işlər görülüb, əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, 2017-ci ildə Dizə kəndində aparılan tikinti-quruculuq işləri çərçivəsində 384 nömrə tutumlu ATS yeni tikilmiş kənd mərkəzinə köçürülərək montaj edilib. Rayonun bütün yaşayış məntəqələrinin internet şəbəkəsindən istifadəsi təmin olunub. İl ərzində 330 abonentə yeni telefon xətti çəkilərək ümumi abonentlərin sayı 6 min 564-ə çatdırılıb.
2017-ci ildə əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilib. Bu sahədə aparılan islahatlar aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilib.
Bu gün tarixi keçmişi ilə müasirliyi qovuşduran Culfa muxtar respublikanın 22 illik inkişafında öz yerini tutan, ölkəmizin günü-gündən gözəlləşən bölgələrindən biridir. Rayonda həyata keçirilən tikinti-quruculuq işləri buraya müasir görkəm verməklə yanaşı, əhalinin maddi rifah halının yüksəlməsinə də şərait yaradıb. Bütün bunlar muxtar respublikada mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin göstəricisidir.

Culfalılar 2017-ci ildə qazandıqları uğurları son hədd hesab etmirlər. Ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və Gənclər Paytaxtı statuslarını daşıması cari ildə daha böyük töhfələr qazanılmasına stimul olacaqdır. Culfalılar 2018-ci ilə məhz belə istək və yüksək ovqatla qədəm qoyublar.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2282285
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5501
5634
22222
149347
2282285

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter