25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Yolların da “dərdi” var

...Yollara baxımsızlıq xroniki xəstəlik şəklini almışdır. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, əksər kəndlərimizin ayağından başına getmək, yaxud bir məhəllədən o birinə keçmək üçün mütləq palçığa batmalısan. Bu da onu göstərir ki, yolların da “dərdi” var. Babək rayonunun Qaraxanbəyli, Cavidabad, Tumbul, Vayxır, Xal-xal və digər kəndlərinin yolu baxımsızlıq üzündən yararsız hala düşmüşdür.

Teyvaz, Ərəfsə, Ləkətağ, Gal və Şurud kəndləri Culfa rayonunun şəfalı guşəsində, uca dağların, yalçın qayaların qoynunda yerləşir. Amma nə fayda? Həmin kəndlərin yolu bərbad vəziyyətdədir.
Ordubad rayonunun Biləv, Tivi, Bist, Nəsirvaz kəndlərinə gedən yolun da vəziyyəti ürəkaçan deyil. Neçə illərdir ki, həmin yollara maşınlarla qum-çınqıl daşınıb tökülür. Ancaq nə olsun. Min bir əziyyətlə daşınan qum-çınqılı yağış-qar suları yuyub aparıb. Ordubad-Naxçıvan yolunun da bir hissəsi bərbad vəziyyətdədir. Belə misalların sayını artırmaq da olar.
...Kənd yolları bizi isti ocağımıza, nağıllı dünyamıza, xeyirə, bərəkətə aparan yoldur. Odur ki, gəlin yolların abad və rahat olmasına hamılıqla cavabdeh olaq...

“Şərq qapısı” qəzeti
10 mart 1992-ci il

Müasirliyin, mədəniyyətin, rahatlığın
simvolu yollar

Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən avtomobil yolu təsərrüfatı müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirərək dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirib. Ötən müddət ərzində ölkəmizin avtomobil yolları şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib, yol örtüyünün keyfiyyəti müasir dünya standartlarına uyğunlaşdırılıb, yollara xidmətin səviyyəsi yüksəldilib.

Dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət pro­qramlarına uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Pro­qramına daxil edilmiş layihələr də uğurla icra edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yol infrastrukturunun əhəmiyyətindən bəhs edərək demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir…”

Regionumuzun əvvəlki yolları

Yollardan söz düşəndə gözlərim qarşısında müstəqillik illərindən əvvəlki yollar canlanır. Sovet imperiyasının əsarətinə məruz qalan 15 müttəfiq respublikadan biri olan Azərbaycanda abad yolu yalnız mərkəzi şəhərlərdə görmək olardı. Rayon, qəsəbə və kəndlərimizin digər infrastrukturu kimi, yolları da miskin bir vəziyyətdə idi. İnsanlara gözəl həyat, bolluq, firavanlıq vəd edən rus imperiyası, əslində, onların heç birini həyata keçirmək fikrində belə, deyildi. Bunu həmin dövrdə bugünkü qədər dərk etmirdik sanki. Müasir həyat tərzimizdən bir anlıq o illərə qayıdarkən bu, açıqca görünür. O dövrdə yaşayan insanlar yaxşı xatırlayarlar, övladlarımız uçuq-sökük məktəblərdə təhsil alırdı, özümüz heç bir şəraiti olmayan binalarda işləyirdik, xəstəxanalar, uşaq bağçaları bugünkülərlə müqayisəedilməz vəziyyətdə idi. Və yollarımız da eləcə. Çala-çuxur, toz-torpaqlı, bəzən keçilməz yollar onu görənlərin xatirəsindən heç vaxt silinə bilməz. Ucqar kəndlərdən rayon mərkəzlərinə, şəhərə gəlmək saatlarla vaxt aparırdı. Hələ bu yollar kəskin kontinental iqlimə malik muxtar respublikamızın dağlıq rayonlarında qış fəslində daha çox problemlər yaradırdı. İnsanlar ağır xəstələrini vaxtında həkimə çatdıra bilmirdilər. Xatırlayıram ki, neçə-neçə insan yolların keçilməzliyi ucbatından vaxtında xəstəxanaya çatdırıla bilməyib, elə yoldaca həyatını itirmişdi. O zaman əksər uşaqların xəstəxanalarda deyil, evlərdə doğulmasının, bəzən ana ölümü ilə nəticələnən fəlakətlərin bir səbəbi də yollarımız idi. Elə ki qış gəldi, avtomobil qəzalarının da sayı artırdı. Neçə insan yol infrastrukturunun aşağı səviyyədə olması səbəbindən qəzaların qurbanı olmuşdu. Ucqar kəndlərimiz var idi ki, qışda oraya günlərlə marşrut işləmirdi. Çünki yolların qarı təmizlənmirdi. Həftələrlə onsuz da kasad olan mağazalara ərzaq gətirmək mümkün olmurdu. İnsanlar ehtiyacları olan ərzağı ala bilmirdilər. Əlacsız qalıb öz aralarında pul yığıb, siyahı tutub bir nəfəri səhər obaşdan aşağı kəndlərə yola salırdılar ki, zəruri ərzaqları aldırsınlar. Axşamçağı isə bir neçə nəfər kəndin ayağına gedib, müxtəlif qoşqu vasitələrilə ərzağı köməkli olaraq kəndə gətirirdilər. Kimsə kənddən xəstəxanaya, nə isə bir iş dalınca Naxçıvana, Bakıya getməli idisə, yay, qış, hökmən bir gün əvvəl evindən çıxıb Naxçıvan şəhərinə gəlməli, həmin gecəni orada bir qohum evində qalmalı idi ki, tezdən vaxtında işinin dalınca gedə bilsin.
Qışda eyibi bir qədər örtülən yolların elə ki yaz gəldi, qar əriməyə başladı, gəl, halını gör. Palçıq, necə deyərlər, dizə çıxırdı. Rayon mərkəzində işləyənlər, şəhərə, bazara gedənlər kənddə avtobus dayanacağına qədər köhnə ayaqqabılarla gəlib orada təzəsi ilə dəyişərək avtobusa əyləşirdilər. Ailələrdə ən çox vəsait ayaqqabı alınması üçün ayrılırdı. Çünki gündə dəfələrlə yuyulan ayaqqabılar keyfiyyətini itirir, yararsız vəziyyətə düşürdü. Bir toy, yas mərasimi olanda insanlar nə qədər əziyyət çəkirdilər, bunu görənlər bilir. Adam gələn qonaqlardan da utanırdı. Elə o dövrdə yaşayanların toylarının videokasetləri də ozamankı yollarımızın vəziyyətini təsdiq edən faktlardan biridir. Bu kasetlər övladlarımıza keçmiş gün-güzəranımız haqqında çox məlumatlar verə bilər.
Elə ki yay oldu, yollardan maşın keçərkən qalxan toz-dumandan göz gözü görmürdü. Bu toz-torpaq evlərimizi, üst-başımızı bərbad vəziyyətə salmaqla yanaşı, həm də nəfəsimizlə ciyərlərimizə dolurdu. Rayon, qəsəbə, kənd­lərin palçıq, toz-torpaq ucbatından çirkli görüntüsü isə heç vaxt onu görənlərin yaddaşından silinə bilməz.
Beləcə illər ötür, yollarımız isə ildən-ilə daha da bərbadlaşırdı. İnsanların min bir çətinliklə üzləşməsi isə heç kimi əsla narahat etmirdi. Sanki onlar bu həyat tərzinə məhkum olunmuşdular.

Keçmişdən bu günə

Haqqında söhbət açdığımız yollarımızın acınacaqlı vəziyyətindən bizi təxminən 30 ilədək bir zaman fasiləsi ayırır. Yollar barədə tez-tez söhbət açılır. O dövrləri yaşayanlar yollarımızın nə vaxtsa bugünkü vəziyyətini xəyallarına belə, gətirə bilmədiklərini, gənclərsə bu yolların keçmişi barədə söhbətlərə inanmaq istəmədiklərini söyləyirlər. Təbii ki, bu gün muxtar respublikamızın ən ucqar kəndlərindən tutmuş rayon mərkəzlərinə, qəsəbə və şəhərlərədək uzanan abad, yaraşıqlı yolları görən gənc həmin yolların vaxtilə keçilməz olduğuna necə inana bilər? Lakin bu bir reallıqdır ki, uzun illərdir, yollarımızın abadlaşdırılması, müasir standartlara cavab verməsi üçün ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda yol tikintisi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb... Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir... Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək”.
Muxtar respublikanın qonşu ölkə­lərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yolların yenidən qurulması istiqamətində son illər bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurulub. Ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boy­əhməd, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi və Düylün-Çənnəb-Üstüpü-Məzrə avtomobil yolları yenidən qurularaq istismara verilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol istismar idarələrinin kollektivləri ötən il Şərur rayonunun Aşağı Aralıq, Ordubad rayonunun Sabirkənd, Culfa rayonunun Dizə, Kəngərli rayonunun Qarabağlar, Babək rayonunun Payız, Şıxmahmud, Gərməçataq və Şıxmahmud-Xəlilli yaşayış məntəqələrini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolunda, Uzunoba çimərliyi ətrafında, Naxçıvan-Şahbuz magistralında, Sədərək Rayon Mədəniyyət Evi istiqamətindəki avtomobil yolunda müxtəlif təyinatlı əsaslı təmir işləri aparıblar. Həmçinin adıçəkilən rayonların hər birinin daxili yolları da nəzarətdə saxlanılıb, ehtiyac olan hissələrdə lazımi işlər görülüb. Artan tələbata uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorundan səmərəli istifadənin nəticəsi olaraq 2017-ci ildə muxtar respublikamızda 70 kilometrlik yeni asfalt yollar salınıb, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub. Qış aylarında, xüsusilə ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmin edilməsi, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat, qum ehtiyatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilib, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş paltarları ilə təmin olunublar.
Ümumilikdə, 12 avtoqreyder, 29 özüyükboşaldan avtomaşın, 8 buldozer, 1 qumsəpən avtomaşın, 3 ekskavator, 5 avtoyükləyici, 2 qarkürəyən və 1 qartəmizləyən maşın muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib. Həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikamızda mövcud olan 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr isə yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyi tam təmin olunub.
Yollarımızda uzun illərdən bəri görülən işlər muxtar respublika iqtisadiyyatının inkişafının göstəricisi, müasirliyin ən yüksək səviyyədə olmasının və region sakinlərinin rifahının təzahürüdür.

Son söz

Abad yollara baxarkən bir zamanlar bərbad olan yollarımız xatırlanır. Yol mədəniyyətdir, – deyiblər. Bu, həqiqətən, belədir. Kiçik bir kənddən tutmuş böyük şəhərlərədək hər biri haqqında ilkin məlumatı onun yolları verir. Həm yaxşı, həm də pis mənada. Bu gün muxtar respublikamızın hansı rayonuna, qəsəbəsinə, kəndinə üz tutsaq, bizi abad yollar qarşılayıb digər abad ünvanlara aparacaqdır. O ünvanlarda bir insanın layiq olduğu, mükəmməl həyat tərzi üçün nə lazımdırsa, hamısı nəzərdə tutulub və tətbiq olunub. Kilometrlərlə uzanan yol kənarlarına illər öncə iməciliklər yolu ilə əkilmiş fidanlar böyüyüb bir-biri ilə qol-boyun olaraq yollarımızda gözəllik, kölgəlik yaradıb. Yol kənarlarına əkilən güllər bura gələnlərdə Naxçıvan onları güllə-çiçəklə qarşılayır hissini yaradır. Bu günlərdən çox da uzaq olmayan keçmişə nəzər salan insanlar gözlərinə inanmaya bilərlər. Çünki 70 ildə arzulayıb görə bilmədikləri 30 ilə yaxın bir dövrdə həyata keçib. İndi Naxçıvan MDB məkanında ən çox inkişaf etmiş regiondur. Qonaqlarımızı alnı­açıq qarşılayıb, fəxrlə kəndlərimizi, şəhərlərimizi gəzdirdiyimiz, böyük qürur hissi ilə yola saldığımız məmləkətimizdir Naxçıvan. Bunları görən hər birimiz dünənimizlə bu günümüz arasında “körpü” olmalıyıq. Övladlarımıza ətraflarında gördüklərinin hər birinin dünənini söyləməklə muxtar respublikamızın hansı inkişaf yolu keçdiyini aşılamalıyıq. Elə yollarımız kimi.

Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6914411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2834
20122
119131
451149
6914411

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter